“Ağrılı illərin işıqlı sənəti…” – Ziyadxan Əliyev

100 Baxış

Ziyadxan_aliyev3

Sovet İttifaqında 20-ci illərin sonuna və bütün 30-cu illərə təsadüf edən hadisələr kütləvi repressiyalar dövrü kimi bəşər tarixinə həkk olub. Sovet rejiminin əleyhinə söylənilən sözə görə şərləmə, böhtan yolu ilə ölkənin ən işıqlı simaları həbsxana barmaqlıqları arxasına göndərilirdi. Belə adamlar “xalq düşməni” damğası “qazanmaqla” ya güllələnir, ya da SSRİ-nin çox soyuq və yaşayış üçün çətin olan ucqar yerlərinə sürgün edilirdi. Gələcəyinə böyük ümidlər bəslənən gənc Azərbaycan rəssamı Ələkbər Rzaquliyev həmin illərdə repressiyanın qurbanına çevrilmiş çoxsaylı yaradıcılardan idi.

Taleyinə yazılan ömür payının çoxunu sürgündə keçirən Ələkbər Rzaquliyev (1903-1974) “pantürkizm” ideyalarının yayıcısı kimi əvvəlcə 6 illiyə Arxangelskə, azad olunandan sonra isə dərhal yerli kommunist liderlərindən olan R.Axundovun təkidi ilə uzaq Solovkiyə, ən nəhayət Altay vilayətinə sürgün olunmuşdu. 20 ildən çox ağır sürgün həyatı keçirən Ələkbər Rzaquliyev yalnız Stalinin vəfatından üç il sonra Azərbaycana dönə bilmişdi. Vətənə qayıdan və bədxahlarına özünün mənəvi gücünü və mübarizliyini sərgiləyən rəssam qalan ömrünün gecəsini-gündüzünü ürəyində donub qalan sənət arzularının gerçəkləşdirilməsinə həsr etmiş və çox qısa müddətdə ərsəyə gətirdiyi “Köhnə Bakı” qrafik silsiləsi ona əsl sənətkar şöhrəti qazandırmışdi. 1964-cü ildə bənzərsiz yaradıcılıq uğurları ilə sovet ideoloqlarını belə heyrətlənməyə məcbur edən rəssama “Əməkdar rəssam” fəxri adı verilmişdi. O, haqlı olaraq keçmişimizin bədii mənzərəsini yaradan ən yaxşı sənətkarlardan sayılır…

Təəssüf ki, bu xoşagəlməz taleyüklü təzyiqə tuş gələn təkcə o deyildi. Rəssamlardan Həsən Haqverdiyev, Hüseyn Axundov, valideynlərinin “antisovet fəaliyyəti”nə görə isə Azər Rəsulzadə, Tahir Salahov, Toğrul və Vidadi Nərimanbəyovlar, Oqtay və Toğrul Sadıqzadələr də otuzuncu illərin günahsız qurbanlarından olmuşlar. Daxili “düşmən” axtarışına sürüklənən cəmiyyətin öz əli ilə çox işıqlı simalarına, o cümlədən də gözəllik aşiqi olan rəssamlara qənim kəsilmələri mahiyyətinə görə heç şübhəsiz təzadlarla dolu tariximizin heç nə ilə yuya bilməyəcəyimiz qara ləkəsidir desək, həqiqəti söyləmiş olarıq.

Doğrudan da həmin illər özünün ağrılı-acılı hadisələrinə görə çox da uzaq olmayan keşməkeşli keçmişimizin heç vaxt unudulmayacaq səhifələrindən birini təşkil edir. Belə ki, həmin qanlı-qadalı illərdə Vətənini, millətini varlığı qədər sevən neçə-neçə yurddaşımız evindən-eşiyindən pərən-pərən salındı, uzaq-uzaq ellərə sürgün edildi. İşıqlı əməl sahibləri olan bu adamların çoxunun günahsız olduğu təəssüf ki, yalnız çox-çox sonralar üzə çıxdı və onlar haqlı olaraq bəraət də aldılar.

Taleyinə məcburi didərginlik yazılanların sırasında Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin ailəsi də vardı. İş elə gətirdi ki, repressiya dalğası səngisə belə, bu ailə sonralar da bir yerdə ola bilmədi. Ölkəsini müstəqil görmək istəyən atanın ömür yolu – işıqlı arzulara köklənmiş həyatı uzaq Almaniya, Polşa və Türkiyədə, oğlu Azərin məşəqqətli günləri isə Azərbaycandan kənarda – Qazaxıstan torpağında keçdi…

Azər Rəsulzadə (1920-1993) Qazaxıstanda ailə həyatı qurdu və ömrünün axırına kimi də burada yaşadı, rəssamlıqla məşğul oldu. O, sürgündən əvvəl Bakı Rəssamlıq Texnikumunu bitirmişdi. Təhsildən sonrakı illərdə Qazaxıstanda yaşayan Azər Rəsulzadə oradakı orta məktəbdə uşaqlara rəsmxətdən dərs deyib, böyük həvəslə onlara rənglər vasitəsilə gözəllik yaratmağın sirlərini öyrədib. O, sonralar Qaraqanda şəhərində Bədii Fondda rəssam işləyərkən sənət aləmi ilə daha dərindən təmasda olub, özünəməxsusluğu ilə seçilən əsərlər yaradıb və hamıya realizmin bədii ifadə ənənələrinin nəhayətsiz olduğunu əyani göstərməyə nail olub. Müxtəlif janrlarda çəkilmiş həmin lövhələrı Qazaxıstanda təşkil olunan ayrı-ayrı sərgilərdə uğurla nümayiş etdirib. Azərbaycan sənətsevərləri isə yalnız 1994-cü ildə Bakıda təşkil olunmuş sərgidə Azər Rəsulzadənin və onun Azərbaycanda yaşayan oğlu Rəisin yaradıcılığı ilə tanış ola biliblər.

Azər Rəsulzadənin portret və mənzərə janrlarında işlədiyi tablolarda yuxarıda qeyd etdiyimiz kimi onu əhatələyən gerçəkliyə real bədii münasibət mövcuddur. O, müasirlərinin (“Avtoportret”, 1950; “Həkim Əbdürrəhman Hüseynov”,1951) obrazlarına, xüsusilə təbiət motivlərini (“Yol”,1960; “Yay motivi”,1962) Vətən həsrəti ilə bələməyə nail olmaqla, onların duyulası təsirliliyini əldə edə bilmişdir. Rəssamın görüntüyə gətirdiyi obrazlara xas incə və səciyyəvi cizgiləri rənglərin dili ilə ifadə edə bilməsini ilk növbədə onun insan psixologiyasına bələdçiliyinin nəticəsi saymaq olar. Onun mənzərələrində də bədii görkəm almış təbiət motivləri rəng tutumuna görə kifayət qədər duyğulandırıcıdır. Bunu isə Azər Rəsulzadənin dərin müşahidə qabiliyyəti ilə yanaşı, müşahidə etdiyi real görüntüləri poetik ovqat daşıyıcısına çevirə bilmək istedadının cəlbedici nəticəsi saymaq olar…

Azər müəllimin oğlu Rəisi Qazaxıstandan Azərbaycana qaytaran onun rəssam olmaq istəyi oldu. Ancaq o, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini 1969-cu ildə bitirsə də, təzədən Bakıdan geri – Qazaxıstana qayıtmadı. Rəis Rəsulzadənin yaradıcılığı elə o vaxtdan bu günə kimi Azərbaycanda keçdiyindən sənətsevərlər rəssam kimi onun imzasını müxtəlif sərgilərdən yaxşı tanıyırlar. Onun müxtəlif miqyaslı sərgilərdə göstərilən tablolarını milli təsviri sənətimizin inkişafına verdiyi layiqli töhfə saymaq mümkündür. Uzun illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyən Rəis müəllimin gənc kadrların yetişdirilməsində xidməti əvəzsizdir desək, həqiqəti söyləmiş olarıq. İstedadlı fırça ustasının ən müxtəlif janrlarda çəkdiyi əsərlərdə dünyanı fərqli bədii şərhlə ifadə etmək istəyinin uğurlu nəticəsini görmək mümkündür. Tarixi abidələrin, qədim yurd yerlərinin təsvirləri (“Naxçıvan dağları”, “İçərişəhərdə”, “Şamaxı dağları”) irili-xırdalı əsərlərdə dəyişkən və cəlbedici rəng həlli ilə açıqlanıb.

Onun işlədiyi müxtəlif tutumlu tablolarda (“Şərq natürmortu”, “Metro inşaatçıları”, “Gizlində”, “Yorğun əsgər”) psixoloji yozumlar və ovqat ifadəsi (“Rəssam Qadir Süleymanovun portreti”, “Balıqçının portreti”) fərdi müəllif yaşantıları ilə qoşalaşdığından çox düşündürücüdür…

R.Rəsulzadə müstəqillik illərində Azərbaycan təsviri sənəti sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. Qeyd edək ki, noyabrın 4-də onun 70 illiyi münasibətilə “Yeni qalereya”da akvarel işlərindən ibarət sərgisi açılıb.

Görkəmli yazıçı, otuzuncu illərdə repressiyaya uğramış Seyid Hüseynin ailəsində böyümüş Oqtay və Toğrul Sadıqzadələrin də özünəməxsus sənət dünyası vardır desək, yanılmarıq. Xalq Rəssamı Oqtay Sadıqzadənin real biçimli portretləri (“Şairə Natəvanın portreti”, “Müğənni F.Qasımovanın portreti”), onun kiçik qardaşı Toğrul Sadıqzadənin (1926-1995) janr və ovqat genişliyi ilə seçilən yaradıcılığı (“Yeddiliyin səhəri”, “Neft dağı”, “Xirosima”, “Mahnı”) Azərbaycan rəngkarlığının maraqlı səhifələrindən birini təşkil edir…

Sərhəd rayonlarından birində raykom katibi işləyən Teymur Salahovun otuzuncu illərdə repressiya qurbanı olması oğlu Tahirin də gələcək həyatını puç edə bilərdi. O, Bakıda rəssamlıq məktəbini bitirəndən sonra Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərindəki iki ali məktəbə uğurla imtahan versə də, ona tələbə adını qazanmağa imkan verməmişdilər. Əvvəlcə, İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, sonra isə V.Muxina adına Ali Rəssamlıq-Sənaye Məktəbində mövcud olan “Hərbi kafedra”lar rəssamın bioqrafiyasında atasının repressiyaya məruz qalmasını ona bağışlanılmaz irad tutaraq sovet ali təhsil ocağında oxumasına qadağa qoymuşdular. Yalnız 1951-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna imtahan verən T.Salahov burada arzuolunmaz hərbi kafedranın yoxluğu üzündən tələbə adını qazanır. 1957-ci ildə “Növbədən qayıdanlar” adlı diplom işi ilə dünya təsviri sənətinə “sərt üslub” kimi bədii üslub bəxş edən rəssam, sonrakı səmərəli yaradıcılığı ilə Azərbaycan incəsənətinin şöhrətlənməsinə duyulası xidmətlər göstərib. Onun “Səhər qatarı” (1958), “Qara Qarayevin portreti” (1960), “Təmirçilər” (1960), ”Abşeron qadınları” (1967), “Yeni dəniz” (1970) və digər əsərlərinin milli təsviri sənət xəzinəmizin inciləri olması birmənalıdır…

Görkəmli fırça ustası Toğrul Nərimanbəyov və onun böyük qardaşı Vidadi Nərimanbəyov da vaxtilə Fransada təhsil almış ataları Fərman bəyin repressiya qurbanı olmasının ağrısını çəkməli olmuşlar. Repressiya nəticəsində ata həbs edilərək Rusiyanın soyuq Kolım şəhərinə, ailə üzvləri – həyat yoldaşı İrma xanım, oğlanları Vidadi və Toğrul Özbəkistana sürgün edilmişlər. Yalnız sonralar Fərman bəyin bəraət alması övladlarının təhsil almalarına imkan vermiş və onların hər ikisi rəssamlıq sahəsində mükəmməl təhsil almışlar. Ancaq bu iki qardaşın “yaradıcılıq nağılı” bir-birindən çox fərqli olmuşdur. Xalq Rəssamı Vidadi Nərimanbəyov sənətsevərlərin yaddaşında daha çox hərbi mövzuda əsərlər (“Müharibə uşaqları”, “Xatirə”) çəkən bir rəssam kimi qalıb. Yaxınlarının “qayğısı” nəticəsində məzarı bu gün də Vətən həsrəti çəkən Toğrulun sənətinin miqyası yaşca ondan böyük olan qardaşından qat-qat yüksək olması danılmazdır.

Ötən il Parisdə dünyasını dəyişən və arvadının hikkəsi və inadkarlığı nəticəsində elə orada dəfn olunan Toğrul Nərimanbəyov isə sözün əsl mənasında XX əsr Azərbaycan təsviri sənətini dünyaya tanıdan yaradıcılardan biridir. Onun dəzgah və monumental rəngkarlıq, kitab qrafikası və teatr-kino sahəsində yaratdığı sənət nümunələri özündə ilk növbədə dünyaya çox fərqli “Toğrul baxışı”nı yaşadırlar. Onun “Muğam” (1965), “Göyçay bağlarında” (1965), “Tarla düşərgəsində” (1967), “Payız bazarı” (1976) lövhələri, Kukla Teatrını, keçmiş “Moskva” mehmanxanasını, Milli Məclisi və s. yerləri bəzəyən bənzərsiz monumental divar rəsmləri məhz bu qəbildəndir…

Professional rəssamlıq sahəsində ilk təhsil alan azərbaycanlı qadın – Qeysər Kaşiyeva-Seyidbəyli (1893-1972) Tiflisdə – Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907-1908) öyrəndiyi bədii vərdişlərin ifadəsi olan çoxsaylı qrafika işlərinin müəllifidir. O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Otuzuncu illərdə ərinin “xalq düşməni” adı altında güllələnməsindən sonra özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Onun bizim dövrə gəlib çatmış əsərləri Bakıda – Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Nə qədər “gözəllik işığına” bələnsə də, əslində kifayət qədər ağrılı olan bu qeydlərimizi ruhları Vətənsizliyin ağrısını çəkməyə qatlaşan və hər zaman onun müstəqil olmasını arzulayan böyük vətənpərvərlərin xatirəsinə həsr etdik. Ən azı olub-keçənlərin unudulmaması üçün… Yaxşı haldır ki, rəsmi səviyyədə də xalqımızın incəsənət tarixində önəmli rol oynamış bu adamlar artıq vaxtaşırı dəyərləndirilməkdədir. Başqa sözlə desək, Azərbaycanda böyük keçmişi olan “ölülərdən qorxmaq” kimi xoşagəlməz tarixi-siyasi ənənəyə son qoyulub. Bu yazını da əski tariximizi öz real tutumu ilə qiymətləndirməkdə bir qədər gecikən xələflərin sələflərindən üzrxahlığı hesab edirik…

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

Mənbə: AZƏRTAC

KÖŞƏ YAZARLARI
TOP 10