Ağzını açıb iki kəlmə söz danışmağa izn vermirlər

73 Baxış

abdullaSenet.az Abdulla Şaiqin 1958-ci ildə qələmə aldığa Firudin bəy Köçərli haqqında xatirələrini təqdim edir:

 

Köhnə müəllimlərimizdən olan ədəbiyyatşünas F.Köçərli zəmanəsinin ən savadlı, mədəni, alicənab ziyalılarından biri idi. Biz onunla ilk dəfə qiyabi surətdə tanış olmuş, lakin uzun müddət məktublaşmışıq.

F.Köçərlinin mənə yazdığı məktublar o qədər mənalı, səmimi hisslərlə dolu olardı ki, ondan məktub aldığım günlər mənim üçün toy-bayrama çevrilərdi. F.Köçərli öz məktublarında təkcə mənim və ailəmizin əhvalını soruşmaqla kifayətlənməz, eyni zamanda poçta ilə ona göndərdiyim yeni əsərlərimi təhlil edər, onların müvəffəqiyyət və nöqsanlarını göstərər, nədən və necə yazmaq haqqında öz mülahizələrini bildirər, Azərbaycan, rus və Avropa yazıçılarının əsərlərindən gətirdiyi gözəl nümunələrlə fikirlərini daha möhkəm əsaslandırardı. Bu cür məktublarında o, yeri gəldikcə öz zəmanəsindən də ağır-ağır şikayətlənərdi. Qori şəhərindən yazdığı 8 yanvar 1912-ci il tarixli məktubunda F.Köçərli ürək yanğısı ilə deyirdi: “İşlər bu qərar ilədir ki, bizim bu əsri-şumda ağzını açıb iki kəlmə söz danışmağa izn vermirlər… Görək bir vaxt olar, bizim də ağzımız açılar, dərdi-dilimizi açıq söyləyərik”.

Belə cansıxıcı bir dövrdə yaşadığımıza baxmayaraq, F.Köçərli gözəl, yaxşı bir gələcəyə inanar, o zamanın mənim kimi gənc yazıçılarını fəaliyyət göstərməyə, xalqın gözünü açıb onu əsrlərin cəhalət qaranlığından xilas etmək üçün yazmağa, həm də yaxşı yazmağa çağırardı. Biz də bundan həvəslənər, mümkün qədər daha yaxşı yazmağa səy edər və əsərlərimizi onların ilk tənqidçisi olan F.Kö-

çərliyə göndərərdik. Şəxsən mən “Tülkü həccə gedir”, “Yaxşı arxa” , “Tıq-tıq xanım”, “Köç” və s. əsərlərimi ilk dəfə F.Köçərliyə göndərmişəm. 26 may 1911-ci il tarixli yenə də Qoridən yazdığı başqa bir məktubunda F.Köçərli yetişməkdə olan nəslin inkişafında bədii ədəbiyyatın oynadığı çox mühüm roldan danışır, uşaqlar üçün mütləq sadə yazmağın lüzumundan dönə-dönə bəhs edir, Puşkinin və Zakirin uşaqlar üçün yazdıqları əsərləri bir növ müqayisə edir və sadə yazmağı bu şairlərdən öyrənməyi tövsiyə edirdi. Təkcə məktublarında deyil, məqalələrində də F.Köçərli həmişə ədəbiyyatda realizmin atəşin müdafiəçisi kimi çıxış edərdi. Mənə göndərdiyi həmin məktubunun bir yerində F.Köçərli yazmışdı: “Hekayələrdə məhəl və zamanın övzası və əhvalını eynilə yazmaq çox gözəl qaydadır… Bu qaydanın ümdə şərti budur ki, açıq dildə yazılsın və yazılan hal və övza həqiqətə müğayir olmasın”

. O zamanlar bizim ədəbiyyatşünaslıqda “realism” sözündən bir istilah kimi istifadə edilmədiyini nəzərə alsaq, görmək çətin deyil ki, F.Köçərli burada məhz realizmi nəzərdə tutmuşdur.Uzun müddət belə yazışdığım və görmək həsrəti ilə çırpındığım F.Köçərli ilə, nəhayət, 1914-cü ildə ilk dəfə olaraq görüşdüm. Bu görüşümüz Gürcüstanın Manqlisi yaylağında istirahət edərkən oldu. Manqlisidə qaldığım müddətdə mən F.Köçərlinin ziyadə çalışqan, zəhməti, ədəbiyyatımızı və dilimizi sevən bir adam kimi yüksək keyfiyyətlərə malik olduğunu müşahidə etdim. O, yorulmaq nə olduğunu bilmədən çalışır, “Azərbaycan ədəbiyyatı tarixi materialları”nı tərtib edirdi. Bu əsərini F.Köçərli Azərbaycanda sovet hakimiyyəti qurulmasından xeyli əvvəl bitirdiyinə baxmayaraq, mərhum onu öz sağlığında çap etdirə bilməmişdi. Çox pulpərəst mətbəə sahibləri olan Orucov qardaşları “Ədəbiyyat tarixi Materialları”nı dərc etməyin onlar üçün gəlirsiz olduğunu duyduqları üçün müxtəlif bəhanələrlə həmin kitabların nəşrindən boyun qaçırır, çoxlu qazanc əldə etmək üçün bir-birinin ardınca macəracu dini kitablar buraxırdılar. Məlum olduğu kimi, F.Köçərlinin bu əsəri XX əsr Azərbaycan yazıçılarını əhatə etmir. O vaxt Manqlisidə F.Köçərli mənə XX əsr ədəbiyyatımız haqqında xüsusi bir əsər yazmaqda olduğunu söylədi və həmin əsərin hazır olan hissələrindən bəzi nümunələr ilə də məni tanış etdi. Lakin müəllifin vəfatından sonra bu əsərin əlyazmalarının necə olduğunu, təəssüf ki, heç birimiz bilmirik. Həmin əsərini yazmaq üçün F.Köçərli o dövrün bütün yazıçı və şairlərinə, vəfat etmiş müəlliflərin isə oğul və nəvələrinə, həmçinin tanıdığı çoxlu ziyalılara, keçmiş tələbələrinə məktublar yazıb onlardan kömək istəmişdi. F.Köçərlinin şəxsən özünün bu sahədə aparmış olduğu çox böyük elmi-tədqiqat işi ilə yanaşı olaraq, müxtəlif mənbələrdən aldığı bu məktublar da işdə xeyli səmərə vermişdi. F.Köçərli mənim qəlbimdə həssas bir insan, qərəzsiz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır.

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10