Ah İstanbul… – Pərvin

23 Baxış

showpic_el100

Yanında hüzur, rahatlıq, dinclik tapdığın sevgili kimidi İstanbul.

Zahirən gözəldi, çox gözəl… Daxilən zəngindi, çox zəngin! Sözlü, musiqili, nəğməlidi. Amma bircə çatışmayan cəhəti odur ki, uzaqdı, çox uzaq. Bəlkə elə bu uzaqlıqdandı ki, İstanbula hər gediş nağıllar aləminə səyahət kimi gəlir adama. Dəfələrlə gəzdiyin küçələri, dörd gözlə baxdığın görməli yerləri, nəfəs dərmədən seyr elədiyin dənizi, içdiyin acı tam verən qara çayı, yediyin qəribə adlı şirniyyatları, daddığın lokumları həmişə təzədi, tərdi. Hər halıyla maraqlıdı bu şəhər. Səhər erkən minarələrdən ucalan azan səsi bir cür sehrləyir insanı, gecəyarısı restoranlardan qalxan musiqili hay-küy ayrı cür. Bilmirsən qədimlərdən gələn tarixə, təkrarsız memarlıq abidələrinə  heyrətlənəsən, ya elə üzünü yana çevirincə gördüyün əsrarəngiz təbiət mənzərələrinə. Bir sözlə, İstanbul adamı nəhəngliyi və qeyri-adiliyi ilə, qədimliyi və zənginliyi ilə çaşdıran şəhərdi… Ən müxtəlif hissləri oyatması, qüruru sevincə, heyrəti sevgiyə heyranlığa qatması ilə düşündürəndi.

Hələ neçə il əvvəl İstanbula ilk dəfə getməyim yadımdadı… Litvanın paytaxtı Vilnusda “Gənclər və Sosial media” konfransına qatılmışdım. Geriyə dönüşüm İstanbuldan olmalı idi. Hava limanına çatanda məlum oldu ki, uçuşu təxirə salıblar və təxminən 12 saatdan çox zaman var. Bu fürsəti əldən verməkmi olardı?! Az qala yeniyetmə həyəcanı ilə tez metroya minib şəhər mərkəzinə gəlmişdim. Şeirlərdən, kitablardan, dostlarımın söhbətlərindən tanıdığım şəhəri bir neçə saatlıq da olsa görmək, yollarını addımlarımla yormaq istəyirdim. Təcrübəsiz olduğumdan heç iri çemodanımı da saxlama dolabına verməmişdim. Elə hara gedirdimsə qaraçı uşağı kimi dartırdım dalımca bu ağır yükü…

Və qəribədi ki, o zaman gəzdiyim məkanlar mənə ilk dəfə gördüyüm yer təsiri bağışlamamışdı. Bəlkə türk şairlərinin şeirlərindən, ümumiyyətlə türk ədəbiyyatından, tarixindən bu şəhər haqqında çox oxuduğum üçün, bəlkə 90-cı illərdə türk melodramlarında İstanbulun ən gözəl yerlərini gördüyümüz üçün, bilmirəm. Amma onu bilirəm ki, Taksimdə satılan qovrulmuş şabalıd qoxusu da nədənsə məni valideynlərimin uşaqlığına, yeniyetməliyinə aparmışdı. O zamanlar Bakıda da küçələrdə qovrulmuş şabalıd satılırmış… Atam bu qoxunun şəhərə ayrı bir ab-hava gətirməsindən, qovrulmuş şabalıdın gənclərin sevimli “muşqulat”ı olmasından o qədər şövqlə danışmışdı ki, məni də o illərin sakininə, o gənclərin yaşıdına çevirmişdi. Hə, elə İstanbulda da özümü bu şəhərə ilk dəfə gələn gənc kimi yox, gəncliyini şabalıd qoxulu Bakıda keçirən adam kimi hiss etmişdim. Həm də bu qısa görüşümüzdən elə zəngin təəssüratlarım qalmışdı ki…

Nazım Hikmətin “Yedi tepeli şehrimde burakdım qonça gülümü”, Yəhya Kamalın “Sana dün bir tepeden bakdım aziz İstanbul”, Orxan Vəlinin “İstanbulu dinliyorum, gözlerim kapalı” misralarını “zümzümə” edə-edə axı bu boyda səadəti necə əldən buraxmaq olar, düşündüyüm də yadımdadı. Bəzi avropalı turistlərin əlindəki şəhər xəritəsinin üzərində hələ də Konstantinopol yazılması da mənə sağalmaz yaranın, böyük itkidən doğan təəssüfün ifadəsi, işarəsi kimi görünmüşdü.

Şopinq Festival… Alış-veriş, yoxsa SƏNƏT? 

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, əziz dostumuz, gerçək bir ədəbiyyat sevdalısı İrfan Çiftçinin İstanbul Şopinq Festivalına qatılmaq təklifindən əvvəl təəccübləndim. Axı adətən ədəbiyyat, mədəniyyət tədbirlərinə, kitab təqdimatlarına getməyə alışmışıq! Amma yenə də gərgin iş həftəsinin sonunda azacıq da olsa, qayğılardan qaçmaq perspektivi, üstəgəl sevimli şəhərimlə növbəti görüş imkanı bu təklifi son dərəcə səmərəli etdi məndən ötrü. Amma elə festivalın ilk günündən anladım ki, çox yaxşı təşkilatçı və işinin bilicisi olan İrfan bəy söz adamlarını, jurnalistləri bu tədbirə göndərməkdə yanılmayıb. Məsələ burasındadır ki, artıq 7-ci dəfə düzənlənən festivalın bu dəfəki şüarı “tasarım”, yəni dizayndı… Və təşkilatçılar məğzi, mənası alış-veriş olan bu tədbirə ayrı bir rəng, ovqat qatmaq üçün sənətə, musiqiyə, ədəbiyyata da müraciət ediblər. Bir sözlə, burda hər kəs öz maraq dairəsinə uyğun nə isə tapa, görə bilər.

Festivalın açılış mərasimi Qapalı Çarşıda nəzərdə tutulub. Hələ mərasim başlamazdan öncə Çarşıda gəzib dolanırıq. O qədər qeyri-adi aurası var ki, buranın. Müxtəlif ədəvaların qoxusu Şərq ab-havası yaradır, elə uzaqdan gəl-gəl deyən türk şirniyyatları dietada olan adama kaloriləri ilə hədə-qorxu gəlirlər, ən müasir Avropa brendlərindən olan çantalar, ayaqqabılar isə bu mühitə uyuşmurlar elə bil… Hələ üstəlik xalçalar, əl işləri olan parça üzərində tikmələr və s. Bir sözlə, ayrıca bir sənət əsəridir Qapalı Çarşı. Elə açılış mərasimindəki çıxışında da Fatih bələdiyyə başqanı Mustafa Demir Qapalı Çarşının həm dünyanın ən qədim alış-veriş mərkəzi, həm də statistik göstəricilərə görə dünyada ən çox turistin ziyarət etdiyi məkan olmasından danışır. Qapalı Çarşını gəzdikcə düşünürəm bu statistik məlumatlar buranın sadəcə zəngin bir bazar olması ilə bağlı deyil. Sənətin müxtəlif növlərini özündə bu cür sadə, rahat bir şəkildə birləşdirən məkana heç bir turist biganə qala bilməz. Hələ üstəlik dil-dil ötüb müştəri cəlb edən koloritli satıcılarla söhbət etmək, millətin psixologiyasını, adət-ənənələrini bir də burda öyrənmək, müşahidə etmək imkanın varsa… Bir sözlə, Qapalı Çarşı türk ruhunu, düşüncəsini özündə ən çox ehtiva edən məkanlardandır.

Hələ açılış mərasimi başlamazdan öncə əsas girişin önündə davulçular, musiqiçilər Osmanlıların marşlarını, qələbəyə çağıran musiqilərini ifa edirlər. Burda nağıl qəhrəmanlarını xatırladan milli geyimlərdə artistlər, sirk ustaları, animatorlar da iştirak edir. Musiqi kollektivi öndə, qonaqlar da ardınca Çarşının dolanbac yollarını gəzirik. Sonra açıq hava altında kiçik bir məkanda açılış nitqləri söylənir. İstanbul Ticarət Odasının rəhbəri, Şopinq festivalın təşkilat komitəsinin başçısı İbrahim Çağlar,  Fatih bələdiyyə başqanı Mustafa Demir,  İstanbul Böyükşəhər Bələdiyyəsinın baş katibi Hayri Baraclı və başqaları çıxış edərək 7-ci İstanbul Şopinq Festivalın həm ölkə turizminin inkişafında, həm də ümumiyyətlə mədəniyyətin, sənətin təbliğində, tanıdılmasında xidmətini vurğulayırlar. Bu dəfə festivala 16 ölkədən 40 nəfərdən çox media mənsubu qatılıb.

Çağdaş zamanın kriterilərinə, fərqli sənətlərin sintezi prinsiplərinə uyğun gələn festivalın əsas özəlliyi müxtəlif alış-veriş mərkəzlərində konsertlərin təşkili, fərqli brendlərin sifarişi ilə mağazalarda söz, musiqi saatlarının keçirilməsidir. Yəni onsuz da maraqlı, əyləncəli olan alış-verişi həm də bu cür rəngarəng, türklər demiş “keyfli” etmələri ayrıca bir hadisədir. Həmçinin, jurnalistlərin tarixi məkanlara aparılması, şəhərin keçmişi, bu günü haqqında məlumatların verilməsi də son dərəcə faydalı oldu.

Sultan Əhməd… Aya Sofya… Topqapı…

İstanbulun qədim bölgəsinə, Sultan Əhməd adlanan hissəsinə yollanırıq. Yol boyu son dərəcə səbrli və işinin bilicisi olan Sabih Cangil bəy şəhərin tarixindən danışır. Deyir ki, Konstantinopolun fəthinə qədər təxminən 20 dəfə müxtəlif yadellilər şəhəri ələ keçirməyə çalışıblar. Yəni 1453-cü ilə qədər ayrı-ayrı zamanlarda avarlar, ərəblər, avropalılar və türklər tərəfindən hücuma məruz qalan şəhər möhkəm qala divarları və yunan odu sayəsində bu cəhdlərin qarşısında duruş gətirə bilib. Şəhəri fəth edən II Məhmət Fatehə qədər I Bəyazid, Musa Çələbi, II Murad kimi sultanlar da İstanbulu almağa çalışıblar, amma cəhdləri boşa çıxıb. Nəhayət, 1453-cü ildən İstanbulun fəthi ilə Bizans imperiyası çöküb, Osmanlı dövləti isə imperiyaya çevrilib.

Sabih bəy bütün bu tarixi məqamları o qədər həvəslə danışır ki, Sultan Əhməd bölgəsinə nə zaman yaxınlaşdığımızın fərqinə belə varmırıq. Amma bir məsələ var ki, turistlərin çoxluğundan maşınları, avtobusları yaxına buraxmırlar, xeyli aralıda düşüb piyada getməliyik. İstanbulun 45 dərəcəyə çatan istisində qəmbərlik yollarla getmək kələyimizi kəsir, birtəhər Sultan Əhməd Camisinə çatıb rahatlıq tapırıq. Amma bu sadəcə qızmar günəşin istisindən xilas olmağın, kölgəyə çəkilməyin gətirdiyi rahatlıq deyil. Sultan Əhməd məscidində qəribə bir hüzur tapır insan. Məscidin həyətinə girişdə baş örtükləri, açıq-saçıq geyimli turistlər üçün uzun ətəklər təklif olunur. Daha doğrusu, təklif olunmur, məscidi ziyarət etmək istəyən adamların bunları geyinməsi məcburidir. Çünki bura sadəcə muzey, ya tarixi abidə deyil. Hər gün minlərlə adamın üz tutduğu, Allaha əllərini açıb dualar etdiyi məkandır.

Sultan Əhməd Camisi 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə doldurulduğu  üçün avropalılar məscidi “Mavi Cami”, yaxud “Göy Məscid” adlandırırlar. Cami şərti olaraq iki hissəyə bölünüb, sadəcə ziyarətçilər və namaz qılanlar üçün olan hissələrə. Ən fərqli dillərdə danışan, müxtəlif millətlərdən olan adamların anlamadığımız sözlərlə əl açıb dua etmələrini, pıçıltılarını eşitmək o qədər təsirlidir ki…

Elə bu ovqatla Sultan Əhməddən ayrılıb Aya Sofyaya gedirik. Aya Sofyanı dünyanın 8-ci möcüzəsi adlandıranlar da var. Məbədin inşasına 532-ci ildə başlanılıb,  tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınıb. İlk əvvəl, yəni hələ Bizans dövründə məbəd provoslav kilsəsi olub. Daha sonra Osmanlılar dövründə imperiya  məscidinə çevrilib. 1935-ci ildə Mustafa Kamal Atatürkün qərarı ilə muzey statusu alıb və hal-hazırda da muzey kimi fəaliyyət göstərir. Elə ona görə də Aya Sofyada hər iki dinin, hər iki mədəniyyətin izlərini görmək olar. Bir tərəfdə Məryam ananın rəsmi, bir yanda ərəb hərfləri ilə quran ayələrinin əksi… İnsanın beyninə süzülən rahatlıq!

Topqapı sarayında isə qürur hissi bütün digər duyğuları üstələyir. Bax bu böyük mədəniyyət, sarsılmaz gücü ifadə edən möhtəşəmlik sənin millətinə, türklərə aiddir. Bu düşüncə elə böyük güc verir ki, insana… Həm də sadəcə pafoslu qürur yox, sarayı otaq-otaq, qapı-qapı, xanə-xanə gəzərək, kimliyini dərk edərək keçirdiyin fərəh təkrarsızdır.

Sultan İkinci Mehmedin dövründə inşa edilən saray 400 il ərzində Osmanlı sultanlarının iqamətgahları olub. Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4000-dən çox insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edir. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir. Osmanlı memarlığının ən gözəl nümunələrini özündə birləşdirən sarayda geyim, odlu silah, zireh, qalxan, Osmanlı miniatürləri, İslam əlyazmaları və divar rəsmləri, həmçinin Osmanlı xəzinəsinə aid olan zinət əşyaları nümayiş olunur.  Bunların hamısını görmək, addım-addım kəşf etmək üçün uzun-uzun saatlar kifayət etməz. Ona görə qısa zamanı dəyərləndirməyə çalışırıq, imkan daxilində gəzib baxırıq. Xoş bir yorğunluq gətirən, qarışıq duyğular oyadan ekskursiyadan sonra saray həyətindəki kafelərdən birində əyləşmək, boğaza açılan əsrarəngiz mənzərəyə tamaşa etmək, hələ üstəlik Osmanlı şərbəti adlanan darçınlı, zəncəfilli sərin içkidən dadmaq da ayrı bir zövqdür…

İstinye Park, Kanyon, Zorlu… 

Hələ bir neçə il öncə ilk dəfə Moskvaya gedəndə bələdçimiz “Sizə hansı Moskvanı göstərim? Moskva-tarix, yoxsa Moskva-qadını?” – soruşmuşdu. Sualdan çaşdığımızı görən xanım bir az aydınlıq gətirmişdi dediyinə… Moskva-qadın deyəndə mağazaları, ticarət mərkəzlərini nəzərdə tutduğunu söyləmişdi. Axı doğrudan da, bu alış-veriş məsələləri daha çox qadına aid işdir. Mağaza gəzməyi, pal-paltar axtarmağı sevən kişi nadir hallarda olar. Amma qadının xislətində var bu, axtarmaq, almaq, geyinmək, bəzənmək… Təşkilatçılarımız da bizi İstanbul-Qadınla tanış etmək, festival çərçivəsində Mallarda, ticarət mərkəzlərində olan yeniliklərlə tanış etmək istəyirlər. Şəhərin ən məşhur AVMlərindən olan İstinye Parkı, Kanyonu, Zorlunu gəzirik. Bu alış-veriş mərkəzləri həm də festivalın sponsorlarıdır. Ona görə satış menecerləri qonaqları qapıda qarşılayıb özləri haqda geniş məlumat verir, fürsətdən yararlanıb reklam edirlər. Elə əsas giriş önündə sərgilərdə müxtəlif qida məhsulları, geyim, zinyət əşyaları nümayiş olunur. Bir yanda da yerli və xarici musiqiçilər ifalarını edib, qonaqları əyləndirirlər.

Reklam menecerləri Avropa səviyyəli türk brendlərindən danışırlar. Bu yerdə türklərin təəssübkeşliyi, yerli firmalara fayda vermək istəkləri son dərəcə xoşdur. Avropa markaları ilə rəqabətə girən və hətta bəzi şeylərdə onları üstələyən Vakkodan, Netvörkdən, Mustafa Kığılıdan uzun-uzun danışırlar.

İstanbulda hər cibə uyğun mağazalar olsa da, bu gəldiklərimiz əsasən qalın ciblərə hesablanmışlardandı deyəsən. Bapbalaca bir çantanın üzərindəki qiyməti, daha doğrusu yan-yana düzülmüş sıfırları görüb gülümsəyirəm. Görəsən, bunların qələm adamlarının qazancından xəbəri varmı – düşünürəm. Amma əgər o məbləği qazanmaq sadə olsa belə, kiçicik bir çantaya bu qədər xərclənməyi anlamıram. Əgər eyni məbləğlə 3-5 adamı sevindirmək, ya da göz deşən bir brend adını qoltuğunda gəzdirmək seçimi verilsə, əlbəttə birinci hamısından sərfəlidir… Çünki mənə görə insan sevinci heç vaxt itməyən, devalvasiyaya, iflasa uğramayan kapitaldır!

İki qitə bir şəhərdə…

Proqramımızda İstanbulun Asiya tərəfini də gəzmək var. Amma bundan əvvəl Qalata körpüsünün altındakı balıq restoranlarından birində nahar edirik. Bu həmin körpüdür ki, burda aclıq aksiyası elan etmiş Nazım Hikmətin anası, artıq yaşlı vaxtı, gözləri tutulmuş Cəlilə xanım oğlunun azad olunması üçün imza toplamışdı… İndi bu körpünün altında oturub firuzəyi sulara baxıram və Cəlilə xanımı düşünürəm, Nazımın həsrətini “məni o limana çıxaramazsın” – deyib həzin-həzin nalə çəkməsini fikirləşirəm. Bütün böyük sevgilər əlçatmaz olanda ağrıya, əzaba çevrilir görünür. Fərqi yoxdu, vətən sevgisidi, ya… Bu məqamda yuxarıdan suya qarmaq atıb bəxtini sınayan balıqçılar da elə qəribə görünürlər ki… Tutduqları balaca balıqları yuxarı dartanda adama elə gəlir ki, bu balıqlar qanad açıb uçurlar.

Bosfor kənarında bir gəmiyə minib qarşı tərəfə üzürük. Ətrafdakı mənzərələrin əsrarəngizliyi, üstəgəl göz yaşı kimi dumduru su. Bir sözlə, burda bütün günün yorğunluğu çıxır canımızdan. Martı quşları suya baş vurub yemək əldə edirlər, yenidən qanad açıb göy üzünə qalxırlar. Bütün bunlar sənədli filmi xatırladır insana. Sanki Bosfor haqqında çəkilmiş bir televiziya filminə baxırıq. Bələdçimiz Sabih bəy – “Siz heç Avropadan Asiyaya bircə dəqiqəyə keçdinizmi? Bax, bu, İstanbulda mümkün olur!” – deyir…

Şəhərin Asiya tərəfini də gəzib dolaşırıq, burdakı ticarət mərkəzlərinə baxırıq. Axşamüstü bir italyan restoranında xüsusi hazırlanmış kofedən dadırıq. Geriyə, otelimizin də yerləşdiyi Avropa tərəfinə qayıdanda artıq hava qaralıb. Bələdçimiz “bir dəqiqədən sonra gözlərinizi yumun, bu bir dəqiqədə Asiyadan Avropaya keçmiş olacaqsınız” – deyir. Və mənim bir vaxtların məşhur müğənnisi Yasəmin Qumralın mahnısı yadıma düşür:

Nə olacaq bu halımız belə bilməm, Əriyirəm, bitirəm həsrətindən İki qitə İstanbulda körpülərlə qovuşdu Mən sənə qovuşamadım… 

Bax, İstanbulun belə birləşdirici, qovuşdurucu “funksiyası” müxtəlif sənət adamlarını ilhamlandırıb, şəhərdən ruhlanıb əsərlər yazıblar, şeirlər qoşublar, mahnılar bəstələyiblər… Böyük türk şairi Yəhya Kamal Bayatlı isə “Ankaranın nəyini sevirsən?” – sualına, “İstanbula dönüşünü” – deyə cavab veribmiş…

Əlbəttə, dünyada İstanbuldan da başqa maraqlı şəhərlər var, ondan gözəlləri də var, şübhəsiz. Amma bütün şəhərlərin İstanbula dönüşü də gözəldi!

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10