Ahmet Kayanın Türkiyəyə son məktubu

133 Baxış

kayaKamran Süleyman

 

Ahmet Kayanın Türkiyəyə son məktubu:

“Bütün susanlar getdi”

Bütün susanlar getdi…

Tanrı yağışı payıza bağışladı o il.

Təqvim yarpaq – yarpaq

saraldı

yarpaqların palçıqlı arzularında…

Bir şəhər sığındı gözlərimin içinə

bütün küçələri sevgi,

bütün yolları ayrılıq qoxan.

Mənimsə səndən başqa baxacağım bir küçə,

gözləyəcəyim bir yol yox idi o il…

Bütün susanlar getdi…

İndi baxmağa gözlərim yoxdu,

toxunmağa əllərim…

Əynimdə nimdaş ayrılıq

ayaqlarımda bir cüt ölüm var.

İnsanın təkliyiymiş yaşadığı,

unutduğu hər nə varsa…

Qısacası

səni gözləmək çox soyuq oldu o il…

Bütün susanlar getdi…

Payız küçələrə, insanlara, yarpaqlara

tanıtdı özünü.

Səsin də uzaqlaşdı səninlə birgə.

Bütün musiqilərdə əsir düşdü

eşq.

Və səni özləmək qaldı yalnızca mənə…

Yağışdan başqa bürünəcəyim heç nəyim olmadı o il…

 

 

Səs

Bir heykəlin qaldı

ürəyimin tam mərkəz meydanında.

Bir də saçlarımdakı ağlağan külək.

Neçə vaxtdı

özümü unutmaqla məşğulam

yalnızam güzgülərtək…

Ən sonuncu işıqda öldü

yağışın səsi…

Günəşi çətirlə qarşılayır səma

indi ölməyə tələsir hər ümidin övladı.

İndi daha çox yaxınam

sənin uzaqlığına…

 

 

Keçən əsrdəki qadın 

Biraz qəhvə dadı…

biraz göz yaşı

Biraz inqilab var sükunətində.

Bir qadın qədərdir

dünya savaşı,

Kişi bədəninin şimal şərqində…

Mən ümid itirdim

düşün bir əsgər

Savaşda ayağın itirən kimi.

Cənnətdən qovuldum

o ilk peyğəmbər,

İblislə birlikdə qovulan kimi…

Biraz səni sevdim

biraz aldatdım,

Lap elə məkkəli müşriklər kimi.

Sonra da bir yığın söz təkrarladım

Namazsız, orucsuz möminlər kimi…

Biraz da Həvvanın intiqamı var,

Mənim göz yaşımın qarışığında.

Mənə deyən gərək

“bax nə işin var,

Cənnətdə olarkən alma bağında?”

Kim deyir özünü

öldürmək asan,

Min ildir asılıb boynum kəndirdə.

Mən ölüm de, görüm

indi hardasan?

Səni axtarıram keçən əsrdə…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10