Ahmet Yıldız. Dörd adam – HEKAYƏ

29 Baxış

ahmet  Gözətçinin, bütün gözətçilərdə rast gəlinən bir az bizə, bir az da idarəyə görə səsini yalandan qalınlaşdırıb adlarımızla bizi çağırmasına təəccüblənmədik. Həbsxana müdiri və özündən çox müştəbeh kapitanın önündə –səbəblərini indi saya bilmədiyim– uğursuzluğa uğramış aclıq aksiyamızın qurbansız ötüşmeyeceyini hamımız bilirdik.

Saralmış yataq örtüklərindən naşı əllə tikdiyimiz hər an çıxışa hazır torbalarımızı çiyinlərimizə  salaraq, əslində çox acınacaqlı, amma, o hissləri yaşamayan insanın çox da anlayamayacağı bir qəhrəmanlıq duyğusuyla üzləri ve saqqaları uzanmış, uzun sürən aclıqdan əriyib çöpə dönmüş dostlarımızla vidalaşıb əsgərlərin müşayəti ilə çölə çıxdıq.

4 nəfər idik. Kapitana görə bütün işləri qurub-quraşdıran, ara qarışdıran başçılar da elə biz idik.

Çöldə təmiz hava var idi. Axşamla bərabər qaralmağa başlayan dağlardan əsən soyuq külək burunlarımızı yandırır, qəribə bir sərxoşluq hissi verirdi. Ancaq bunlar ayrılıq və  məğlubiyyətin verdiyi məyusluğun yanında əhəmiyyətsız idi.

İçəridə (həbsxanada) həyat və yaşamaq üçün lazım olan ziddiyətlər yaratmışdıq. Sonra bu ziddiyyətləri həll ediridk. Beləcə, həbsxana idarə heyətilə aramızda olan münaqişə və razılaşmalar arasında vaxt keçirdi.

İndisə, hər zaman olduğu kimi, başqa bir həbsxanaya aparıldığımızı güman edirdik. Amma zəncirlə bir birimizə bağlanmış şəkildə, aclıq ve soyuqdan kildilənmiş mədələrimizlə eşikdə əsməyimiz çox çəkmədi. Məzar adlandırdığımız zirzəmidəki geniş, amma iynə ucu qədər işıq düşməyən daş hücrəyə atıldığımız zaman əsl həqiqəti anladıq.

Zindan gözətçisi suyumuzu gətirirdi. Sidik bidonumuz hələ  dolmamışdı, nəcis vedrəsi isə boş idi. Çünki gündəlik yeməyimiz bir loğma çörək və bir kasa kələm suyundan ibarət idi.

Bir neçə gün sonra kapitan hirsini gizlədə bilmədiyi səs tonuyla bizdən ne istədiyini bir neçə sözlə dilə gətirdi. Üzr istməklə bu zillətdən qurtulub yoldaşlarımızın yanına dönə bilərdik.

Qətiyyətlə  rədd ettik və  uzun müddət kimsə bu mövzunun üstünə bir daha gəlmədi.  Amma günlər keçdikcə vəziyyət ağırlaşırdı. Qışın ortasında daş zindanda, döşəksiz, qidasız və işıqsız idik. Cılız döş qəfəslərimiz sanki gündən-günə  çürüyürdü. Bir gecə –bəlkə  də gündüz idi– qaranlıqda kəsik öskürüklər arasında dostumuzun titrəyən səsini eşitdik:

- Üzr istəməkdə nə qəbahət var? Heç nə itirmərik. Bu xarabadan çıxdıqdan sonra yenə  istədiyimizi oxuya bilərik, dediklərini yerinə yetirməyə bilərik. Sağlamlıq daha vacibdir. Özümüzü gərək qoruyaydıq…

Məcburiyyət və çarəsizlik ən güclü şəxsiyyətləri belə diz çökdürə bilir – bu bəlli həqiqətdir. Müqavimət gücünün tükəndiyini hesab edən dostlarımızdan biri də bu fikri dəstəklədi. Ancaq üçüncü dostun titrəyən və cansız səsi eşidildi:

- Tarixi bir qarşıdurmanın zirvəsindəyik. İndi verəcəyimiz qərar tarixin istiqamətini dəyişə bilər, ikiüzlülük bizə yaraşmaz. Zamanın bu sınağından başıuca, üzüağ çıxmalıyıq.

Uzun sürən alovlu mübahisədən sonra səsvermədə iki-ikiyə qaldıq. Bir qərara gələ bilmədik, fəqət günlər də amansızcasına keçirdi. Daş döşəmə  və  soyuq, sözün əsl menasında sümüklərimizi gəmirməyə başlamışdı. Hftələrcə  su dəyməyən əllərimiz və  dərimiz qabıq bağlayırdı. Sidik bidonu və nəcis vedrəsindən çıxan zəhərli hava ilə  nəfəs alırdıq.

Hər şeyin sonu olduğu kimi bu acı günlərin də sonu yetişdi –  qurtulduq. Yoldaşlarımız vəziyyəti öyrəniblərmiş. Uzun şəkən aclıq aksiyasından sonra bizi xilas etdilər.

***

Hər şey yaşanar və keçər. İllər sonra qəlb rahatlığı və könül xoşluğu ilə bunu deyirəm:

‘‘Ömrüm boyu hər sahədə yuxarıdakı kimi ziddiyətlərlə  üz-üzə  gəldim və həmişə ikinci yolu seçərək qalib gəldim. İnanıram ki, azsaylı diqqətli oxucum da yaşanan bu hekayədə ikinci seçimin doğru olduğu qənaətindədir.’’

 

  Azərbaycan türkcəsinə Samir İlqaroğlu çevirib

“Yazı” dərgisi

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10