Akademik Milli Dram Teatrı yeni mövsümün açılışına “Qarabağnamə” tamaşası ilə başladı

9 Baxış

1

Akademik Milli Dram Teatrı yeni mövsümün açılışına  “Qarabağnamə” tamaşası ilə başladı. Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən məlumata görə, mövsümün açılışına həsr olunan tədbirdə çıxış edən teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemət bildirib ki, tamaşaçılara həm dünya klassikası, həm də Azərbaycan klassikasından tamaşalar təqdim olunacaq.

“Akademik Milli Dram Teatrının kollektivi uğurla yeni əsərlər üzərində çalışır. Yeni mövsümdə maraqlı tamaşalarla sizin qarşınızda olacağıq. Kollektivimiz Şəki Beynəlxalq Teatr Festivalında “Ölülər” tamaşasını uğurla nümayiş etdirib, bu gün teatrımızda yeni səhnə əsərləri üçün hazırlıqlar görülür”, – deyə o vurğulayıb.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova və Günel İmanova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

Bölmə : Teatr