Aktrisanı öldürən yazıçı – Qatil yoxsa qurban?

45 Baxış

aktrisa

Senet.az “Ustad” dərgisində yayımlanan Nuranə Abbasovanın “Azərbaycan filminin uğuru – “Aktrisa” məqaləsini təqdim edir:

 

Azərbaycan filminin uğuru – “Aktrisa” 

 

“Həyat bir səhnədir, biz isə onun aktyorları”

(Şekspir)

2011-ci il istehsalı olan bu film Azərbaycan kinematoqrafiyasının ən uğurlu işlərindən biri hesab oluna bilər. İstər mövzu, istər obrazlar, istərsə də dinamika baxımından tamaşaçı bu ekran əsərini böyük maraqla izləyəcək. Maraqlı ssenari güclü rejissor işi və peşəkar aktyor oyunu ilə birləşdikdə ortaya məhz “Aktrisa” kimi filmlər çıxır…

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə İlqar Fəhminin eyniadlı romanı və ssenarisi əsasında Rövşən İsaxın rejissorluğu ilə çəkilib. Kriminal-dram janrında olan ekran əsərinin xronometrajı 97 dəqiqədir. Baş rollarda mərhum xalq artisti Fuad Poladov, belarus aktrisa Alesa Kaçer və aktyor İlham Hüseynov çəkilib. Yeri gəlmişkən, bu, İlham Hüseynovun film sahəsində ilk debütüdür.

 

Mövzusu

 

Film bir-biri ilə əlaqəsi olan 3 qətlin üstünün açılması üçün müstəntiq Eldar Əfəndiyevin yazıçı Rüfət Hüseynzadənin (İlham Hüseynov) noutbukundakı sənədin şifrəsini axtarması ilə başlayır.

İlk qətlə yetirilən 57 yaşlı bankir Vaqif Fətəliyevdir. O, evində suvenir xəncərlə ürəyindən vurulmuş halda tapılır. Qətldə bir neçə şəxs şübhəli bilinir: Vaqif Fətəliyevin müavini Səməd Orucov, 26 yaşlı həyat yoldaşı Lalə Fətəliyeva və Vaqif Fətəliyevin ilk nikahdan olan oğlu Süleyman.

Əslində, hər bir şübhənin ciddi əsasları var. Səməd vaxtilə Laləni sevib. Üstəlik, bunu VEF bankda hamı bilir. Lalə ilə də Vaqifi tanış edən elə Səməd Orucovdur. Vaqif Fətəliyevin varidatına sahib olmaq üçün düşünülmüş əla plandır… Elə qətlin törədilməsi üçün də…

Süleyman bağban qızına aşiqdir və atasının ikinci nikahdan övladının doğulması və var-dövlətə sahib olmasından qorxur… Bu qorxu və aralarında yaranan mübahisə atsını öldürmək istəməsi üçün bəs edər…

Lalə isə ərinin ölümüdən sonra özünü çox qəribə aparır. Soyuqqanlı gənc qadının, əslində, qatilin kim olduğunu bildiyi, ancaq bunu nədənsə gizlətdiyi hiss olunur.

Ancaq daha sonra Lalənin də qətlə yetirilməsi hər şeyi alt-üst edir. Həyəcan pik nöqtəyə çatır.

Elə bu zaman Rüfətin qonşuluqdakı evin zirzəmisində asılmış vəziyyətdə cəsədi tapılır.

Bütün hadisələrin bir-biri ilə əlaqəsinin olub-olmamasını və qatilin, yaxud qatillərin tapılması üçün Rüfətin noutbukundakı şifrələnmiş faylı açılmalıdır.

Uzun axtarışdan sonra müstəntiq Eldar Rüfətin gündəliyini açıb oxumağı bacarır. Əslində, şifrə çox bəsitmiş: “Lalə”. Hadisələr də elə bundan sonra aydınlaşır…

 

Obrazlar

 

Çoxları vaxtilə hər nə qədər Fuad Poladovu filmdəki roluna görə qınasalar da, korifey sənətkarın filmdəki ustalığı bir daha özünü göstərir. Vaqif Fətəliyev (Fuad Poladov) varlı, təmkinli, eyni zamanda 57 yaşında sevən biridir.

“Mən həyatımı cəza müddəti kimi yaşamaq istəmirəm. (Fuad Poladovun öz ifadəsidir, ssenaridə yoxdur). Mən öz evimə darıxaraq getmək istəmirəm, mən öz evimə tələsərək getmək istəyirəm” – illər əvvəl atası tərəfindən dostunun qızı ilə evləndirilən Vaqif Fətəliyevin etirazıdır bu sözlər. Var-dövlət, yüksək mövqe, dost-tanış – heç bir şey Vaqif Fətəliyevin 57 yaşında aktrisa Laləyə aşiq olmasının qarşısını kəsə bilmir. Ömrünün qalan illərini sevdiyi qadınla yaşamaq istəyən Vaqif Fətəliyev elə o qadının “oyunu”nun qurbanı olur…

Lalə Fətəliyeva teatr aktrisasıdır. O, öz sənətini sevsə də, ərinin istəyi ilə səhnədən gedir. Ancaq ürəyində teatr, səhnə həvəsi, arzusu hər zaman od tutub yanır. Günlərin birində onun üçün əla fürsət yaranır. Qonşuluqdakı yazıçı Rüfət Hüseynzadə onun yeganə tamaşaçısına və qurbanına çevrilir. Ancaq sonra elə özü də Rüfətin qurbanı olur. Rüfətin onların yataq otağını güddüyünü görən Lalə sonuncu tamaşasını oynamaq qərarına gəlir və əri ilə yersiz davalar salaraq Rüfəti “yazıq və məhkum edilmiş qadın” obrazına inandıra bilir. Əslindəsə, hər şey heç də Rüfətin göründüyü kimi deyildi. Lalə öz yaşlı əri ilə çox xoşbəxt idi. Lalənin həyatı teatraldır. Onun üçün yalnız bir amal var: aktrisalıq. Lalə Rüfət tərəfindən qətlə yetirilərkən də öz peşəsini icra edirdi: əsl aktrisa kimi davranırdı…

Rüfət Hüseynzadə obrazı filmin əvvəlində bir qədər darıxdırıcı görünsə də, sonda məşhur, sakit təbiətli bir yazıçının iki nəfərin qatilinə çevrilməsi tamaşaçını təəccübləndirə bilir. Rüfət “əri tərəfindən işgəncə görən” Laləni xilas etməyə çalışır. Onu hörümçək torunda çabalayan kəpənəyə bənzədir. Ancaq sonda özü o tora düşərək Lalənin həm qurbanına, həm də qatilinə çevrilir. Vaqif Fətəliyevi öldürdükdən sonra “yazıçı Rüfət” obrazı tamamilə başqa ampluada qarşımıza çıxır. Obrazın daxili psixoloji aləmi bütün çılpaqlığı ilə özünü büruzə verir. Rüfət başqasının həyat yoldaşına meyil salır, ancaq bunu qəbul edə bilmir. Vaqif Fətəliyev tərəfindən bu həqiqət açıq-aydın söyləndikdə isə, onu öldürmək məcburiyyətində qalır.

 

Yenilik

 

Filmdə tamaşaçı üçün yeni olan ehtiraslı tanqo rəqsinin olduğu səhnədir. Alesa Kaçerlə Fuad Poladov izləyici qarşısına peşəkar rəqqas kimi çıxır və heç də pis alınmır. “Lalə” roluna yerli aktrisaların çəkilməmə səbəbi də, rejissorun dediyinə görə, çimərlik geyimində hovuz səhnəsinin olması olub.

Filmdən fərqli olaraq, əsərdə Lalənin aktrisalıqdan Vaqif Fətəliyevin təkidi ilə yox, öz istəyi ilə getdiyi yazılıb.

Ekran işində səhnələr keçid, kadrlar arasında uyğunluq, düzgün paralellər aparılması rejissor işinin uğurudur. R.İsax “Aktrisa”nı ekranlaşdırmaq istəyini belə izah edir: “Əslində, ssenari münbit bir material idi, nə əksən bitəcəkdi. Mən İlqar Fəhminin xəbəri olmadan ssenari üzərində 3 il işləməyə başladım. Obrazın üçünə də – Vaqif, Lalə və İlhama vurulduğum üçün bu filmi çəkdim”.

“Aktrisa”nı Azərbaycan kinematoqrafiyasında son illər çəkilmiş ən uğurlu, hətta prestijli işlərdən saymaq olar. Sadəcə izləmək qalır…