“Al-yaşıl pişnamaz” – Tural Türksoy

39 Baxış

sablon ustad paylasim

28 May istiqlal qurbanlarının əziz ruhlarına ithaf olunur.

“(Ey Peyğəmbər!) görəcəyin işlər barədə onlarla məsləhətləş”.

(Qurani-kərim, Ali-İmran surəsi, 3/159)

“O kəslər ki, işləri barədə öz aralarında məsləhətləşir”.

(əş-Şura surəsi, 42/38)

“Ey iman gətirənlər! Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!”

(Ali-İmran surəsi, 3/103)

 

 1919-cu ilin yazı idi. Təxminən bir il öncə Azərbaycanda cümhuriyyət elan edilmişdi. Bəli, xalqların öz müqəddəratını həll etməsi üçün yaranan münasib fürsətdən yerindəcə istifadə edən xalqımız bir əsrdən çox davam edən məkrli Rusiya istibdadından qurtularaq, necə deyərlər, öz halal müstəqil dövlətini qurmuşdu və bu, xalqın vərdiş etdiyi ənənəvi sülalə monarxiyası deyil, parlament respublikası idi; burda iqtidar bir nəfərin və ya ailənin yox, xalqı təmsil edən parlamentin əlində idi. Bu gənc respublika öz müstəqilliyindən gen-bol yararlanaraq bir il ərzində müxtəlif sahələrdə çoxsaylı islahatlar həyata keçirmiş, Rəsulzadənin dili ilə desək, az zamanda məmləkətdə çox böyük işlər görmüşdü. Bilikli və ləyaqətli gənclərimiz müxtəlif siyasi cərəyan və ideologiyalara qoşulsalar da, başqa sözlə, siyasi mənsubiyyətcə bir-birlərindən fərqlənsələr də, amalları eyni idi: dövlətə və xalqa xidmət. Bu halı ilə Azərbaycan toxunmaqda olan rəngarəng bir xalını xatırladırdı: toxucuların hərəsi ona bir rəngdə ilmək vururdu. Bəli, bir sözlə, xalqımız əldə etdiyi istiqlalın dadını çıxarır, xoş günlər görürdü.

Vaxtilə Zaqafqaziya şeyxülislamı, sonralar isə Gəncə Cümə məscidinin pişnamazı kimi fəaliyyət göstərən Molla Məhəmməd Pişnamazzadə babası Mövlana Hüseyn kimi yeniliksevər, maarifçi və tərəqqipərvər bir şiə ruhanisi idi. O, təkcə dini elmlərə dərindən yiyələnmiş kamil imanlı və gözəl əxlaqlı əməlisaleh bir müsəlman deyil, həm də mürtəce ruhanilərdən fərqli olaraq, vaxtilə təsis etdiyi “Məktəbül-xeyriyyə”də dünyəvi elmlərin tədrisini təşkil edən, müsəlmanların maariflənməsi və müdafiəsinə, təhsildə islahatların keçirilməsinə önəm verən dürüst əqidəli və həqiqətpərəst bir ziyalı idi. Məhz bu işıqlı fəaliyyətinə görə çar məmurları tərəfindən bir neçə dəfə həbs və sürgün edilən Pişnamazzadə Azərbaycan Cümhuriyyətinin elan edilməsi xəbərini böyük sevinclə qarşılamış, müstəqilliyin yaratdığı imkanlardan müsəlmanlara daha yaxşı xidmət etmək üçün istifadə etməyə başlamışdı. Onun ən önəmli xidmətlərindən biri də Zaqafqaziya müftisi Mustafa Əfəndizadə ilə birgə “Məşyəxati-islamiyyə” adlı yeni ruhani idarə təsis etməsi idi. Həm sünni, həm də şiə ruhanilərinin daxil olduğu bu idarənin yaradılması ilə Zaqafqaziya müsəlmanlarının dini işlərinin vahid orqandan aparılması təmin edilmiş oldu. Təxminən üç aydan sonra Pişnamazzadə vəzifəsindən istefa verib məsciddə pişnamaz kimi fəaliyyət göstərməklə kifayətlənsə də, bu, onun region müsəlmanlarının vəhdətə yetişməsi naminə atdığı faydalı addımlardan hesab edilməlidir.

Bir neçə vaxtdır Bakıdan − “Məşyəxat”dan şəhərlərin cümə imamlarına məktublar göndərilir və bu məktublarda imam-xətiblərə respublika quruluşu, başlıca liberal-demokratik dəyərlər yığcam şəkildə izah olunur, cümə namazlarının xütbələrində pişnamazlardan dindarları bu mövzularda maarifləndirmək və onları vəhdətə çağırmaq xahiş edilirdi. Çünki ruhanilərin müsəlmanlar arasında nüfuzu böyük idi: sözləri eşidilir, fitvalarına əməl edilirdi. Bu dəfə növbə Gəncəyə, yəni Pişnamazzadəyə çatmışdı: ona göndərilən məktubda keçmiş həmkarları adı çəkilən mövzuları qəhrəmanımıza izah etməyə lüzum görmədən – çünki o, bu dəyərlər barədə məlumatlı idi və onları ürəkdən dəstəkləyirdi − təkcə teleqrama bənzər bu beş cümləlik kiçik mətnlə kifayətlənmişdilər: “Bismillahir-rəhmanir-rəhim! Əziz və möhtərəm şeyximiz! Sizdən acizanə təvəqqemiz budur ki, bu cümə namazında müsəlman qardaş və bacılarımıza al dəyərlər və yaşıl vəhdət haqqında ziqiymət bir xütbə irad edəsiniz. Dualarınızda bizi də yad edin, lütfən. Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!”

Qeyd edilən xahişin müxatəbi bu cümlələri seminariyada təhsil alan oğlundan məktub alan ata kimi həyəcanla gözdən keçirmiş, oxuyandan sonra isə mübarək çöhrəsinə sevinc dolu peyğəmbəranə təbəssüm yayılmış və xütbəni deyilən məzmunda hazırlamağa başlamışdı.

            Pişnamazzadə cümə günü Günəşin zenitə qalxmasına − azanın verilməsinə yarım saat qalmış evindən çıxıb dodağının altında zikr və dua mızıldana-mızıldana məscidə yol aldı. Əlində xütbə yazılmış dəftərçə vardı: baxan deyərdi ki, məscidə yox, mədrəsəyə dərs keçməyə gedir. Yaz yenicə girsə də, hava yay havasını andırırdı; Günəş əjdaha tək od püskürür, başqa vaxt səxavəti ilə ad çıxaran təbiət xəfif mehi belə əsirgəyir, ağaclar isə vüsal məqamına çatıb Allahın camalını müşahidə edərək heyrətdən heykələ dönən sufilər kimi hərəkətsiz dayanmışdı. Altmış beş yaşını haqlamış bu çalsaqqal nurani qocanın tükü tökülmüş başındakı ağappaq araqçın onu, necə deyərlər, istinin şərindən qoruyurdu. Yolboyu rastına çıxan adamlar əllərini sinələrinə qoyub hökmdarın qarşısında baş əyən tək baş əyib salam verir, ona sonsuz ehtiramlarını bildirir, bircə səcdə qılıb yer öpməkləri qalırdı. Bəli, Pişnamazzadə gəncəlilərin nüfuz və hörmətini məhz onlara göstərdiyi xidmətlə qazanmışdı. Hörmət-izzət göstərənlərin övladları vaxtilə “Məktəbül-xeyriyyə”də onun tədris və tərbiyəsindən keçməmişdilərmi?..

            Xütbədə bəyan ediləcək mətləbləri dindarların anlaması üçün ürəyində Rəbbinə dua edə-edə irəliləyən qəhrəmanımız “Niyyətin hara, mənzilin ora!” deyimini niyyətinə − duasına təzəcə calamışdı ki, mənzilə − məscidə çatdı, ayaqqabılarını çıxarıb içəri addım atmağı ilə azanın verilməsi bir oldu: “Allahu əkbər! Allahu əkbər!” Azan verildikcə Peyğəmbərin sünnəsinə uyaraq onun cümlələrini təkrarlayan bu ağsaqqal pişnamaz azan bitincə ayağa qalxıb minbərə yönəldi, tutacağın başlığından asılmış ağ əba və əmmaməsini götürüb geyindi, tutacaqdan tuta-tuta, dua edə-edə aramla minbərə qalxdı: təqvasından titrəyirdi, qan-tərin içində idi, elə bil bu pillələrlə minbərə yox, Allahın dərgahına qalxırdı. Bu, təsadüf deyildi və o, ilk dəfə bu hala düşmürdü. Çünki imanlı pişnamazımız minbərə qalxıb xütbə oxumağın Peyğəmbərimizdən qalan mənəvi miras olduğunu çox yaxşı bilir və məsuliyyətini layiqincə dərk etməyə çalışırdı. Minbərə qalxan Pişnamazzadə nəfəsini dərib xütbəyə başladı:

            − Əuzu billahi minəş-şeytanir-rəcim! Bismillahir-rəhmanir-rəhim! Əlhəmdülillahi Rəbbil-aləmin! Vəs-salatu vəs-salamu əla seyyidina Muhəmmədin və alihit-tahirin və əshabihil-məyamin! Əmma bəd… Möhtərəm müsəlmanlar! Bu cüməmizin xütbəsi al dəyərlər və yaşıl vəhdət barəsində olacaq.

            Bunu deyib fasilə verdi, sonuncu cümlənin mənasını anlamaqda çətinlik çəkən camaatın çaşqın nəzərlərini görməkdən xoşlanıb gülümsədi. Yerdən orta yaşlı bir adam soruşdu:

− Ağayi-pişnamaz, başına dönüm, al nəmənədi, yaşıl nəmənədi? Heç nə qanmadıq.

“Ağayi-pişnamaz” cavab verdi:

− Əzizlər, al və yaşıl rəng adları olsa da, burda siz bildiyiniz mənada deyil, rəmzi mənadadı. Əvvəl başlayaq aldan. Deməli, al rəng müasirliyin, Avropa dəyərlərinin rəmzidi. Bəs Avropa dəyərləri hansılardı? Məsələn, cümhuriyyət üsul-idarəsi – ki, buna Avropada “respublika” deyilir − demokratiya, parlaman, seçki, insan haqları, azadlıqlar və s. Narahat olmayın, indi bunların mənalarını sizə bir-bir bəyan edəcəm, inşallah. Əziz nasir və dramnəvisimiz Mirzə Cəlil düz bundan iki il əqdəm bu barədə “Cümhuriyyət” adında məqalə yazıb. İndi ordan bəzi hissələri sizə oxuyacam, beləcə, hər şey sizə aydın olacaq… Əvvəlcə deyin görüm, heç Mirzə Cəlili tanıyırsız?

Bayaqkı kişi cavab verdi:

− O qəzetə çıxaranı deyirsiz, ağa?

− Bəli.

− Eşitmişik, başına dönüm. Amma onu da eşitmişik ki, həddini aşıb müsəlmanları təhqir eləyir, ağzına gələni yazır. Allah bəlasını versin onun! – qəzəblənib qışqırdı, sanki Aşura mərasimində Yezidi lənətləyirdi.

− Yaxşı, özünü ələ al, qardaş. Bu barədə başqa vaxt danışarıq. İndi isə məqalədən bəzi hissələri sizə oxuyum, siz də pür diqqətlə dinləyin. Məncə, asanlıqla başa düşəcəksiz. Çünki Mirzə digər qəzetçilərdən fərqli olaraq İstanbul ləhcəsində yox, sadə, arı-duru və şipşirin ana dilimizdə yazır. Deməli, ağayi-Mirzə Cəlil, − dəftərçəsinə baxıb oxumağa başladı, − buyurur: “Cümhuriyyət, yəni latınca “respublika” elə hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadı. Cümhuriyyət üsul-idarəsi təzə deyil: qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar. Burda məmləkətin idarəsi camaatın öz ixtiyarındadı. Camaat dedikdə vətənin sahibidi. Dəxi heç bir kəsin ixtiyarı yoxdu ki, özünə padşah adı qoyub, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridi. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir. Cümhuriyyətlərin bəzisində vəzirlər məhz prezidentə tabedilər, bəzi cümhuriyyətlərdə vəzirlər məclisi-məbusana tabedi. Bəhərhal, xah vəzirlər, xah bunların rəisi hesab olunan prezident millətin yanında cavabdehdilər”… Bura qədərki hissəylə bağlı sualı olan var? – deyə imam-xətib azacıq fasilə verib üzünü camaata tutaraq soruşdu.

Bu dəfə nisbətən gənc və mədrəsə təhsili görmüş bir oğlan ayağa qalxıb etirazını kəskin şəkildə bildirdi:

− Ağa, necə yəni məmləkətin idarəsi camaatın öz ixtiyarındadı? Haşa! Əstəğfürullah! Biz Əli şiələrinin etiqadınca, məmləkətin idarəsi, cümlə hakimiyyət on ikinci imamımız imam Zaman ağa əccəlallahu fərəcəhuş-şərifin ixtiyarındadı, − o şövqlə belə deyincə camaat solisti müşayiət edən xor kapellası tək bir ağızdan ucadan salavat gətirdi. – Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd! – Biz şiələr onun mübarək zühurunun intizarındayıq! Onun hakimiyyətini kimsə qəsb edib taxtında otura bilməz! – deyə özündənrazı oğlan səs tonunu qaldıraraq ehtirasla, əl-qolunu ölçə-ölçə fikrini tamamladı.

Pişnamazzadə onunla dialoqa girməyi lazım bilib dedi:

− Bəs Səfəvilər kim idi?

− Onlar zalım, fasiq və qasib idilər, İmamın hakimiyyətini ələ keçirmişdilər. Allah onlara lənət eləsin!

− Yaxşı, cavan oğlan! Bəs İmam zühur edənəcən necə yaşayaq? Əlimizi qoynumuza qoyub oturaq, ingilislər, firənglər, ya da qeyriləri gəlib başımızda ağalıq eləsinlər? Bir dövlət qurmalıyıq, ya yox?

− Orasını bilmirəm, − deyə pərt olan oğlan susdu, elə bil nitqi batdı.

− Otur, başa salım… Əziz müsəlmanlar, bu cavan doğru deyir: hamımız İmamın zühuruna müntəzirik. Amma o zühur edənəcən başımıza bir çarə qılıb dövlət qurmalı, özgəsinin ağalığını qəbul etməməliyik. Dövləti də ki, bir il bundan əqdəm qurmuşuq, sadəcə, mən cümhuriyyət üsul-idarəsi haqqında sizə məlumat verirəm. Mirzə Cəlilin sözlərini başa düşdüz yəqin ki. Çünki o, mətləbləri çox sadə şəkildə izah edir. Bu mətləbləri qısaca xülasə edim, keçək başqa məsələlərə. Deməli, cümhuriyyətin padşahlıqdan əsas fərqi budu ki, burda xəlqin sahibi padşah deyil, xəlqi padşah idarə eləmir, əksinə, xəlq özü-özünün sahibidi və özü-özünü idarə eləyir, təbii ki, millət vəkilləri vasitəsilə. Millət vəkillərindən təşkil olunan ali məclisə parlaman deyilir. Millət vəkillərini xəlq özü seçir. Bəs nə cür seçir? Bunu bilmək üçün gəlin Mirzənin məzkur məqaləsini oxumağa davam edək: “Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərtləri var: əvvəlincisi ümumilikdi, yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkiyə iştirak etməlidi bilatəfavüti-sinif, cins, din; yəni açığı budu ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də, müsəlman da, xan da və rəiyyət də durmalıdı: ikincisi seçkinin müsavi olmağıdı, yəni səslərin bərabərliyi; məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdi, sən çoban və rəiyyətsən, sənin də səsin birdi; üçüncüsü seçkinin düzbədüzlüyüdü, yəni hər bir kəs seçkiyə duranda düzbədüz istədiyi vəkilə səs verməlidi; dördüncüsü seçkinin gizli olmağıdı, yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi. Çünki aşkardı ki, çox adam var ki, utanmağı və ya qorxunu mülahizə edib, ürəyi istədiyi adamı qoyur kənara, istəmədiyinə rəyi verir”, − başını qaldırıb camaata baxdı. – Burasını da başa düşdüz, camaat?

− Etirazım var, ağa! – bayaqkı gənc dedi. Camaat susmuşdu, təkcə o dil-dil ötürdü, sanki onların səlahiyyətli nümayəndəsi və başbiləni idi.

− Buyur, oğlum!

− Erməniylə müsəlman necə müsavi ola bilər? Axı biz, əlhəmdülillah, müsəlmanıq, onlar isə məsihi. Biz haçandan bərabər olduq?

− Bilirsən necədi, oğlum, dünyəvi dövlətdə din dövlətdən müstəqildi, yəni dövlət şəri qanunlar, müctəhidlərin fitvaları əsasında yox, parlamanın hazırladığı və təsdiq elədiyi qanunlar əsasında idarə olunur. Odu ki, bu cür dövlətdə müsəlmanla qeyri-müsəlman arasında fərq qoyulmur, hamı bərabərdi və ümumən dövlət məscidlərin, kəlisaların və qeyri-məbədlərin işinə qarışmır.

− Əcəbdi, vallah! – deyə gənc heyrətini ifadə etdi.

− Əzizlər, izninizlə Mirzənin son sözlərini oxuyub xütbənin əvvəlinci hissəsini bitirim: “Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdı. Bu azadlıq da neçə qismdi. Əvvələn, etiqad azadlığı; yəni hər bir fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib qeyri bir dini qəbul etməyə azaddı. İkincisi yığıncaq azadlığı; yəni camaatın bir yerə cəm olmağına heç bir surətdə maneçilik ola bilməz. Üçüncüsü birləşmək azadlığıdı. Dördüncüsü çap eləmək, beşincisi danışmaq, altıncısı siyasi partiyalar düzəltmək və yeddincisi dilbir olub həmtədbir olmaqdı”. – Möhtərəm müsəlmanlar, bu yerdə Mirzənin cümhuriyyət üsul-idarəsi haqqında fikirləri, demək olar ki, bitir. Allah onun qələminə qüvvət versin!.. İndi isə keçək xütbəmizin ikinci qisminə. İkinci hissədə sizə yaşıl vəhdətdən danışacam, inşallah. Bir də deyirəm, yaşıl rəng burda rəmzi mənadadı; yaşıl islamın rəmzidi, deməli, “yaşıl vəhdət” ibarəsiylə müsəlmanların vəhdətini qəsd edirəm.

− Danış, ağa! Dilinə qüvvət! – yerdən biri dedi.

− Camaat, özünüz bilirsiz ki, vəhdət ərəb sözüdü, birlik, həmrəylik, ittihad deməkdi, – deyə, möhtərəm pişnamazımız bu dəfə dəftərçəyə baxmadan xütbəyə başladı. – Qeyri-müsəlmanların başımızda ağalıq etməsini, bizi bir-birimizə qırdırıb zəiflətməsini istəmiriksə, onda parçalanmamalı, ixtilafdan qaçmalı, vəhdət içrə olmalıyıq. Bax, sünnilər də müsəlmandı, bizim qardaşlarımızdı. Onlar bizdən əskik deyillər. Madam ki onlar da bizim inandığımız Allaha, Peyğəmbərə və Kitaba inanırlar, deməli, bizim kimi müsəlmandılar və odu ki, biz onlarla qardaş olmalı, düşmənçiliyə son qoymalıyıq. Unutmayın, “La ilahə illallah! Muhəmmədun rəsulullah!” deyən hər kəs müsəlmandı…

− Bəs “Əliyyun vəliyyullah!”? – deyə, az öncə xətibin dilinə qüvvət arzulayan kişi səbirsizlik göstərib onun sözünü kəsdi.

− Əzizlər, bu kişinin dediyi cümlə kəlmeyi-şəhadətdən deyil. Biz onu təbərrükən söyləyirik. Əslində, dini-islamda təkcə üç şeyə iman gətirmək vacibdi: Allaha, Peyğəmbərə və axirətə, vəssalam. Qalan şeylərə kim istəyir inansın, kim istəyir inanmasın. O cümlədən imamət. Biz şiələr imamətə inanırıq, amma sünnilər inanmırlar. Bu o demək deyil ki, onlar bununla islamdan çıxıb mürtəd olurlar. Haşa! Onlar yenə də müsəlman sayılır. Bizim əsas ixtilafımız imamətlə bağlıdı. Amma başqa ixtilaflarımız da var. Məsələn, biz onların təqdis elədiyi Əbubəkr və Öməri qasib, Peyğəmbərin zövcəsi Aişəni isə Cəməl vaqeəsində Əmirəlmöminin Əli əleyhissalamla döyüşdüyünə və fitnə-fəsad saldığına görə fasiq sayırıq. Biz bu etiqadımızda azadıq. Amma dilimiz dinc durmur: sünnilərin bu müqəddəslərini lənətləyirik. Belə yaramaz, camaat! Başqasının etiqadına və müqəddəslərinə hörmət qoymalıyıq. Başınızı çox ağrıtmayıb, mövlamız Əli əleyhissalamın Malik Əştəri Misrə vali kimi göndərərkən ona yazdığı məktubdan bir dəyərli cümlə ilə xütbəmə xitam verirəm: “Ey Malik! İnsanlar iki qismə ayrılır: bir qismi sənin din qardaşların, digər qismi isə yaradılış qardaşlarındı… Onlar bəzən qəsdən, bəzən də səhvən xətalara yol verirlər. Belələrini əfv elə və bağışla. Axı sən özün də Allahın əfvinə möhtacsan”. Əziz və cəlil olan Allah müsəlmanlara vəhdət, izzət və bu pak cümhuriyyətimizdən mənfəətbərdar olmağı nəsib eləsin! Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!

− Allahu əkbər! Allahu əkbər!.. – deyə azançı iqamə gətirməyə başladı.

Molla Məhəmməd Pişnamazzadə bu məşhur və yaddaqalan xütbəsindən sonra el arasında “al-yaşıl pişnamaz” ləqəbi ilə çağırılmağa və anılmağa başlandı. Bəli, ömrünü islama və müsəlmanlara xidmətlə keçirən, zahirən bir-birinə zidd görünən al və yaşıl dəyərləri öz vücudunda bir araya sığdırmağı bacaran bu uca insan Cümhuriyyət dönəmində Azərbaycan adlı xalıya al və yaşıl ilməklər vurmaqla, necə deyərlər, öz toxuculuq vəzifəsini şərəflə yerinə yetirdi. Amma qara taleyin tezliklə soyuq şimaldan vətənimizə gətirəcəyi al-qırmızı rejimdən, qırmızı inqilabdan, qırmızı ordudan və bu qırmızıların ona edəcəyi qırmızı zülm və təqibdən, axıdacağı qırmızı qanlardan “al-yaşıl pişnamaz”ın xəbəri yox idi…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10