Alber Kamyunun “Çöküş”ü – Kənan Hacı

75 Baxış

author_37

Vicdan yolunda müəmmalı qəza və ya Alber Kamyunun “Çöküş”ü.

Haradasa oxumuşdum ki, bəşəriyyətin tarixi elə insanın özünə bənzəyir. Əvvəlcə uşaqlıq çağı, keçid dövrü, sonra müdriklik və qocalıq, nəhayət, keçmişə qovuşub əriyərək itmək. Çoxları belə düşünür ki, indi bəşəriyyət qlobal şəkildə taun kimi yayılan əxlaqi böhran çağını yaşayır. Halbuki bu “böhran” əbədi bir mövzudur. İnsan cəmiyyətinin təşəkkül tapmağa başladığı çağlarda da bəşəriyyətin ən böyük qayğısı mərhəmət hissinin itməsi olub. Gələcək haqda kədər və həyəcanla düşünmək üçün həmişə səbəb tapılır.

Tanınmış filosof Karl Yaspers ötən əsrin mənzərəsini belə təsvir etmişdi: “Texnika insanı əhatə eləyən gündəlik həyatı radikal şəkildə dəyişdirib, əmək fəaliyyəti sahəsi zorən kütləvi istehsal mühitə keçib, bütün mövcud olanları hərəkətə gətirib hansısa texniki mexanizmə, Yer kürəsini isə nəhəng fabrikə çevirib. Bununla da insanı tamamən öz kökündən ayırıb, həmin vəziyyət bu günə kimi davam edir. İnsan vətəni olmayan və ənənələrini itirən Yer sakininə dönür. Xeyirxahlıq və öyrənmək əzmi zəifləyib. Dövr simasını dəyişdikcə dağıdıcı xarakter alır”.

Fransız yazıçısı və ekzistensialisti Alber Kamyunu ən çox düşündürən də bu idi. O, bütün əsərlərində insanın yadlaşmasının, özgələşməsinin fəlsəfi-psixoloji mexanizmini açmağa çalışırdı. Onu çox vaxt Əlcəzair xalqı üçün heç nə etməməkdə ittiham edirdilər. Kamyunun müasiri, fransız yazıçısı və jurnalisti Olivye Todd “Alber Kamyu. Həyat” kitabında bununla bağlı çox ciddi məqamlara aydınlıq gətirir:

“Kamyu Tələbələr Evində Stokholm Universitetinin müəllim və tələbə kollektivi ilə görüşdü. Tələbə xorunun ifa etdiyi təbrikdən sonra diskussiya başladı. Kamyu mühazirədən çox müzakirəyə üstünlük verirdi. Tələbələrin Əlcəzairlə bağlı kəskin suallarına o, belə cavab verdi:

- Mən həqiqətən bir il səkkiz ay susmuşam, ancaq bu, o demək deyil ki, mən heç nə etməmişəm. Mən həmişə demişəm ki, Əlcəzair xalqının hüquqlarını tanımaq, ona əsl demokratiya şəraitində yaşamaq üçün imkanı vermək lazımdır. Əgər biz bunu etməsək, Əlcəzair və fransız xalqları arasında nifrət o dərəcədə böyüyəcək ki, artıq ziyalıların bircə nümayəndəsi belə daha böyük ədavətə səbəb olmadan bu məsələyə müdaxilə edə bilməyəcək”.

Çıxışın sonunda Kamyu belə bir ifadə işlədir: “Mən ədalətə inanıram, lakin mən ilk növbədə ədaləti deyil, anamı müdafiə edəcəyəm”.

Məhz bu ifadə əlcəzairlilər tərəfindən yanlış anlaşıldı. Kamyu fikrini bəlkə də dəqiq ifadə edə bilməmişdi, lakin təəssüf ki, bu fikri kontekstdən çıxaranlar oldu. Olivye Todd yazır ki, Kamyu kimi adamlarda – Əlcəzair sakinlərində, cənublularda anaya bağlılıq əbədi hissdir. Ədalət isə zamandan, siyasi quruluşdan, partiya dünyagörüşündən, mövcud qanunlardan asılı olan dəyişkən anlayışdır. Kamyu öz oğulluq məhəbbətini ilk növbədə ağılsızlığa, divanəliyə qarşı qoymaq istəyirdi. Lakin bir çox əlcəzairli və “mütərəqqi” xadim bu ifadəni başqa cür yozdu: “Məni dünyaya gətirən qadının əmin-amanlığı Əlcəzairin yerli əhalisinin taleyindən vacib və əzizdir”. Bəziləri isə bunu lovğalıq hesab elədi, yəni yazıçı anasını və milyonlarla əzab çəkən əlcəzairlini tərəzinin bir gözünə qoyur.

Kamyu sonralar bu cümlənin uzun-uzadı izahını verməli olmuşdu. Bu sözləri də nə vaxtsa Kamyu yazıb və onun yanlış anlaşılması da məhz bu fikirlərin nəticəsidir: “İnsanlar hansısa insanın özünə inanmaqdansa, onun haqqında yaranmış təsəvvürə inanmağı daha üstün tuturlar”.

Kamyunun atası müharibədə həlak olmuşdu, o, uşaqlıqdan həyatın bütün acılarını görmüşdü. Dünyaya göz açandan kasıblıq və rəzalət görmüş yazıçıya acı həyatın hədiyyəsi gənc yaşında tapdığı vərəm xəstəliyi idi. Kamyu özünün dediyi kimi, azadlığın nə demək olduğunu Marksın əsərlərindən deyil, səfalətin özündən öyrənmişdi.

Bu günlərdə Kamyunun “Çöküş” romanını oxudum. Çox ağır, olduqca çətin həzm olunan əsərdir. Əsərdə süjet xətti yoxdur, şüur axını formasında yazılıb. Kamyu insanın çarəsizliyini o qədər dəhşətli ifadələrlə təsvir edir ki, bu müdhiş həqiqət önündə susmaqdan başqa çıxış yolu qalmır. Roman keçmiş vəkil Klamansın yağışlı gecədə bir qızın özünü körpüdən atmasını seyr etməsiylə başlayır, bu hadisə əsərin bütün künc-bucaqlarına işıq salır. Bu hadisənin fonunda Kamyu insanın çöküşünü təsvir edib. Bu çöküş qəfildən baş vermir, cəmiyyətin qanunları bu çöküşü qaçılmaz edir. Birinci şəxsin dilindən yazılmış əsərdə qəhrəman öz vəziyyətini bu cür izah edir:

“Məhəbbət və mənəvi təmizlikdən cana doyaraq nəhayət, qərara gəldim ki, hələ ehtiyatda əxlaqsızlıq var  – bu, əslində mükəmməl şəkildə məhəbbəti əvəz edir…”

İnsan kamil məxluq deyil. Hər bir insanın içində yaxşılıqla pislik yanaşıdı, hansının hansını üstələməsi konkret situasiyalardan asılıdır. İnsan öz mahiyyətindən qaçdıqca öz içində batır. Kamyu bunu dahiyanə şəkildə Klamansın timsalında anbaan göstərir. Klamansın faciəsi əslində bütün insanlığın faciəsidir. Bu cür ağır mətnlərdə insan həyatın ağır suallarına çox asanlıqla cavab tapa bilir.

İnsan o həddə gəlib çatır ki, artıq azadlıq, həyat, ölüm, günah hissi, bütün dəyərlər öz mənasını itirir. Bu, təkcə XX əsr insanının deyil, bütövlükdə insanın qüsurudur.

Kamyu  1946-cı ilin mart-may, 1949-cu ilin iyun-avqust ABŞ və Güney Amerika ölkələrinə səyahət zamanı apardığı qeydlərdən ibarət “Səfər gündəlikləri”ndə yazır:

“Özümü yenidən bu qədər gücsüz hiss etmənin hüznü. İyirmi beş il sonra əlli yeddi yaşım olacaq. İyirmi beş il ərzində özümü yaratmalı və axtardığımı tapmalıyam. Ardınca qocalıq və ölüm gəlir. Mənim üçün ən əhəmiyyətli olan şeyi bilirəm. Boş-boş danışmalar və qısır yoxsulluqla vaxtı yelə verməyin yollarını da bilirəm. İçimdəki iki-üç meylə hakim kəsildim. Amma mənə gərək olan bu üstünlükdən nə qədər də uzağam. İnsanlara xas istəklərim, qaynar təbiətimlə bu unuduluş dənizlərinə, ölümün sehrinə bənzəyən bu ölçüsüz səssizliklərə uyğunlaşma arzusu arasında sürətlə parçalanıb qaldım”.

Ancaq qocalıq gəlməmiş ölüm özünü yetirdi.

Kamyunun əsərlərində həm də dini ekzistensialist ( ölüm qorxusu) ruhu aydın hiss edilir. Bu da onun hələ gənc yaşlarından ağır xəstəliyə düçar olması və daim ölüm mələyinin qanadlarını öz üzərində hiss etməsi ilə əlaqədardır. Amma onun uşaqlıqdan qorxduğu ölüm mələyi ona xəstəlik vasitəsilə deyil, müəmmalı avtomobil qəzası ilə gəldi. Digər tərəfdən də dini ekzistensialistlərdən fərqli olaraq Kamyu insanı fəlakətə sürükləyən əməllərinin arxasında onun bundan həzz alması faktının olmasına diqqəti cəlb edir və bunu absurdizm adlandırır. Absurdla mübarizə üçünsə, Kamyu onun hansı şəraitdə mövcud olmasını, onun reallıq kimi qəbul edilməsinin vacibliyini söyləyir. Məsələn, Kamyu “Sizif haqqında əfsanə” əsərində yazır ki, onun mənasız qəhrəmanlığını başa düşmək üçün ruhən gərək özünü onun yerində hiss edəsən. Sizif daşı dağın başına çıxararkən çox xoşbəxtdir, ancaq zirvəyə az qalmış daşın yenidən əlindən çıxaraq geri qayıtması da onun kefini pozmur. O, xoşbəxt adam kimi yenidən zirvədən daşın dalınca qayıdaraq onu təkrar zirvəyə qaldırmaq üçün tər tökür. Ancaq yorulmur. Niyə? Ona görə ki, hökmən daşı dağın başına qaldıraraq bundan ləzzət alacağına əmindir. O, bunun absurd olduğunu və heç vaxt istədiyinə nail ola bilməyəcəyini anlamır. Ona görə də əziyyətinə baxmayaraq özünü xoşbəxt hiss edir. Kamyunun əsərlərindəki qəhramanların çoxunda da Sizif ruhu var. Onlar absurd əməllərindən ləzzət alırlar, başlarına gələn hadisələrin, onları gözləyən ölüm təhlükəsinin, yaxınlarını itirməsinin, vicdanı ilə mübarizələrinin təsiri altında hərəkət edirlər. Bununla belə onun qəhrəmanlarının taleləri oxşar deyil və bir-birinə bənzəmirlər.

Kamyunun absurdizminin zirvəsində isə cəmiyyətin güc yolu ilə dəyişdirilməsinin insanlara gətirdiyi fəlakətlər dayanır. Kamyu bunu olduqca təhlükəli sayır. Bu müstəvidə də faşizmi və stalinizmi kəskin tənqid edən Kamyu yazır: “Cəmiyyəti zorakı yollarla dəyişdirmək cəhdi qarşı tərəfin də analoji addımlar atmasına gətirib çıxarır və bu qəbuledilməzdir. Çünki zorakılıqdan zorakılıq doğur və bunun qurbanları isə günahsız insanlar olur”.

Bütün bunlar da Kamyunun bəşəri insanpərvərliyini, onun haqq və ədalətə sadiqliyini göstərir.

Onu da xatırladaq ki, Nobel mükafatı alanda Alber Kamyunun 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Alber Kamyu Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu. Gücsüzlüyün hüznü bir ömrü rahat yaşamağa Kamyuya imkan vermədi.

Bir neçə il bundan öncə İtaliyada çıxan “Corriere della Sera” qəzeti sensasiyalı məlumatla çıxış etmişdi. Qəzet kəşfiyyat məlumatlarına əsaslanaraq Kamyunun ölümünə fitvanın o dövrdə SSRİ xarici işlər naziri işləyən Şepilov tərəfindən verildiyini yazırdı. Çünki Şepilov KQB şefi ilə söhbətində ona Kamyunun Avropada apardığı antisovet təbliğatının sosializmin Qərbdə yayılmasına zərbə vurduğundan və SSRİ-nin imicinə kölgə saldığından şikayətlənmişdi. Şepilov həmçinin, Kamyunun SSRİ-nin Macarıstanda xalq hərəkatını qan içində boğmasına qarşı çıxmasından və dissident Boris Pasternakı Qərbdə güclü şəkildə müdafiə etməsindən narazılıq etmişdi.

O vaxt qəzanı araşdırmaq üçün Fransada xüsusi komissiya yaradılmışdı. Araşdırma zamanı məlum olmuşdu ki, qəzaya səbəb əyləcin tutmaması və təkərlərin gözlənilmədən boşalması olub. Halbuki əyləcin tutmaması və təkərlərin qəfildən boşalması üçün ciddi əsas olmalı idi. Çünki maşın o dövrdə ən etibarlı maşınlardan biri hesab edilirdi və üstəlik də təzə idi. O vaxt rəsmi komissiya əyləcin nə səbəbdən tutmamasının səbəbini izah etməkdə çətinlik çəkdi və bunu adi qəza kimi dəyərləndirdi. Ancaq kuluarlarda gedən söhbətlərə görə SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları öncədən əyləci və təkərləri sıradan çıxarmışdılar. Bu versiya əhali arasında indinin özündə belə dolaşmaqdadır. Ancaq bunu sübut etmək üçün əldə tutarlı fakt yox idi. Necə deyərlər, SSRİ kəşfiyyatı adətən həmişə öz işini yüksək səviyyədə həyata keçirir və iz qoymağı sevmirdi. Bu dəfə də belə olmuşdu.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10