“Aldanmış kəvakib”də ironiya – Məti Osmanoğlu

86 Baxış

author_28

Sevimli tələbəm Elnurə Pirəliyevaya ithaf edirəm.

Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” əsəri Azərbaycan ədəbiyyatı tarixində ciddi bir başlanğıcın əsasını qoymuşdur: əsər öz poetik sisteminə görə Azərbaycan nəsr düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsinin ilk mükəmməl nümunəsi (bu mükəmməl başlanğıc ədibin dramaturgiya yaradıcılığına da aiddir) kimi böyük tarixi əhəmiyyət daşıyır. Ədəbiyyatşünaslığımızda Mirzə Fətəlinin dramaturgiyası ilə müqayisədə “Aldanmış kəvakib”in poetik sisteminin araşdırılmasına nisbətən soyuq yanaşılmasının başlıca səbəbini isə əsərin dilinin ağırlığı ilə izah etmək olar: “Aldanmmış kəvakib”in dilində ərəb-fars söz və ifadələrindən daha çox istifadə edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev yazırdı: “Mirzə Fətəlinin komediyaları… Azərbaycanın el dilində yazılmış, hekayə (“Aldanmış kəvakib” nəzərdə tutulur – M.O.) isə fars əlfazının və ibarələrinin çoxluğundan lüğətsiz çətin oxunur”.

Bu da bir həqiqətdir ki, nə qədər çətin oxunsa belə, “Aldanmış kəvakib” dilimizdə yeni bir poetik təməl yaratmışdır və yeni Azərbaycan nəsri (bu nəsrin təmsilçilərindən biri də Ə.Haqverdiyev idi) həmin təməlin üzərində boy atmışdır.

“Aldanmış kəvakib”in məzmunundan danışarkən indiyədək aparılmış tədqiqatların, demək olar ki, hamısında bu əsərin süjetinin XVII əsrin əvvəllərində qələmə alınmış tarixi mənbədən – İsgəndər bəy Münşi Türkmanın “Tarixi-aləmarayi-Abbasi” – “Dünyanın yaraşığı Abbasın tarixi” salnaməsindən götürüldüyü qeyd olunur (povestin mətnində də müəllif təhkiyəsində İsgəndər bəyin salnaməsinin adı çəkilib).

Onu da deyək ki, İskəndər bəy Münşinin salnaməsi Şah Abbasla bağlı yalnız ulduzların “aldadılmasına” aid hekayədən ibarət olmayıb, on iki məqalədən təşkil olunmuş üçcildlik kitabdır və 2010-cu ildə Azərbaycan MEA-nın Tarix İnstitutu tərəfindən prof. Şahin Fazilin tərcüməsində “Dünyanı bəzəyən Abbasın tarixi” adı ilə nəşr edilmişdir.

Mirzə Fətəli Axundzadə əsərin süjetini “Tarixi-aləmarayi-Abbasi”dən konkret olaraq  Şah Abbasın taxta çıxmasının yeddinci ilinə həsr olunmuş hissəsindəki “Bu il, şəriətin qüvvətlənməsindən ötrü, qadağan olunmuş (zale) dinsiz adamların (molahede) dəf olunmalarının zikri” bölümündən götürmüşdür. Lakin iki mətn arasındakı əlaqə yalnız bu parça ilə məhdudlaşmır. “Tarixi-aləmarayi-Abbasi” əsərinin dördüncü məqaləsi bütövlükdə Şah Abbasın taleyinin ulduzlarla bağlılığına həsr olunmuşdur. Həmin məqalə “[O həzrətə verilən] sahibqranlıq rütbəsinin ləyaqəti, baş verən təhlükələrin və xoş sonluqla başa çatan səadətli qranların (ulduzların nəhslik və bədbəxtliklərindən qurtulma) zikri” adlanır. Bundan əlavə, “Aldanmış kəvakib”də Münşinin salnaməsi ilə səsləşən təsviri materiallar da diqqəti cəlb edir.

Mirzə Fətəli Axundzadənin təqdim etdiyi mətnlə özündən əvvəl qələmə alınmış tarixi-xroniki mətnin arasındakı əsas fərq bundadır ki, İskəndər bəy Münşinin salnaməsi bəlağətli  üslubda yazılmış tarixi sənəd olduğu halda, Mirzə Fətəlinin povesti bədii əsərdir. Buna görə də “Aldanmış kəvakib”in poetik sisteminə mövcud mətn əsasında işlənilmiş yeni mətn kimi yanaşmalı olacağıq və əsərə mətnlər arasındakı münasibətləri öyrənməyə imkan verən səviyyələrdən baxmaq lazım gələcək. Sırf tarixi salnamə olan, öz dövrünün ənənəsinə uyğun olaraq xronikal üslubda yazılmış “Tarixi-aləmarayi-Abbasi” ilə siyasi satira üslubunda  yazılmış “Aldanmış kəvakib”i müqayisə edərkən istər-istəməz bu suala cavab vermək lazım gəlir: “Aldanmış kəvakib”də bədiiliyi, satirik üslubu şərtləndirən nədir?

Bu sualın qoyuluşu ilə  bədii mətnin poetik nizamını nəzərdən keçirmək üçün qarşımızda iki səviyyə açılır: birincisi, mövcud mətnlə yeni yaranan mətnin münasibəti; ikincisi,  yeni mətnin oxucuya təklif etdiyi və qərar verməyi oxucunun öhdəsinə buraxdığı sətiraltı mənalar. Bunun birincisi müasir ədəbiyyatşünaslıqda mətnlərarasılıq və ya intertekstuallıq, ikincisi isə metatekstallıq termninləri ilə ifadə edilir. Qısaca onu deyək ki, metatekst müasir ədəbiyyatşünaslığın (eləcə də linqvistikanın) əsas kateqoriyalarından biri hesab edilir və hərfi mənası mətn haqqında mətn kimi izah olunur.

“Aldanmış kəvakib” əsərinin həm intertekstual (mətnlərarası) səviyyəsi, həm də metatekstual (mətnin içində mətn) səviyyəsi ironiya üzərində qurulduğuna görə konkret mətnin təhlilinə keçməzdən əvvəl üç anlayışı və onlar arasındakı münasibətləri aydınlaşdırmaq lazım gəlir:
1.İntertekstuallıq

2. Metatekstuallıq

3.İroniya

Bizim ədəbiyyatşünaslıqda yeni olan və konkret bədii əsərlərin təhlili üçün tətbiq edilməmiş intertekst və metatekst terminləri mətnlə oxucu arasındakı münasibətlərin təhlilində geniş tətbiq olunur.

İntertekst anlayışı ilə metatekst anlayışı arasındakı fərqləri bir qədər ümumi şəkildə ifadə etməyə çalışsaq, interteksti hər hansı konkret mətnin digər mətnlərlə müqayisəsində axtardığımız halda, metatekst mətnin özündə olur, onu müəyyənləşdirmək və fərqləndirmək oxucunun öhdəsinə düşür. Oxucu ictimai və estetik mövqeyindən, eləcə də mətni hansı niyyətlə oxumasından asılı olaraq metateksti öz istədiyi kimi “yarada” bilir.

Deməli, bir mətnlə başqa mətnin – indiki halda “Tarixi-aləmarayi-Abbasi” ilə  “Aldanmış kəvakib”in mətnləri arasındakı münasibətlərin təhlili intertekstuallığa (mətnlərarasılığa), əsərin mətnində yazıçının birbaşa demədikləri, oxucunun “bərpa etdiyi” mənalar, gəldiyi qənaətlər, mətnin gizli mənasını “açması” metatekstuallığa aiddir. Məsələyə həm mətnlərarası, həm də mətndaxili kontekstdən yanaşdıqda əvvəldə qoyulan sual bir daha aktuallaşır: Şah Abbas hakimiyyətinin tarixini əks etdirən, həm dünya, həm də Azərbaycan tarixşünaslıq elmi üçün mühüm və ciddi əhəmiyyət daşıyan bir mənbədən alınmış əhvalatı bədii mətnə çevirən başlıca amil nədir və burada ironiyanın rolu nədən ibarətdir?

Mirzə Fətəlinin estetik görüşlərində ironiyanın xüsusi yeri var və onun özünün dilində bu, məsxərə, rişxənd, istehza kimi sözlərlə ifadə olunur. “Kəmalüddövlə məktubları” əsərində ciddi problem kimi qaldırılmış məsələlərdən biri də saraylardakı münəccimlərin fəaliyyəti idi: “Heç kəsin iqtidarı yoxdur onlara desin: ey səfehlər, sizin padişahınızın məzacının səlamətliyi ilə ulduzların vəziyyətinin nə işi və nə münasibəti var? Nə üçün bu kimi axmaq sözləri yazırsınız və nə üçün bu kimi yalanlarla özünüzü və padişahınızı bütün aləmdə rüsvay edib bütün xalqların məsxərə alətinə çevirirsiniz?”

Buradan Mirzə Fətəlinin mövqeyi çox aydın görünür: ədib İran sarayındakı münəccimlərin söylədikləri “Bu səfər ayında ulduzların vəziyyəti padişahın mübarək məzacının (ona ruhumuz fəda olsun) səlamətliyinə dəlalət edir. Və bu rəbiüləvvəl ayında ulduzların vəziyyəti, Cəmşid rütbəli padişahın böyüklüyünün artmasına, çoxalmağına, şadlığına, onun rütbəsinin yüksəlməsinə  (ruhumuz ona qurban olsun) dəlalət edir” kimi mülahizələrin “məsxərə aləti”  olduğu qənaətində idi. Məsxərə və ya məsxərə aləti olmaq M.F.Axundzadənin yazılarının dilində iki funksiya daşıyır: birincisi, müəllif saray həyatının sivilizasiyalı dünyanın gözündə məsxərə  alətinə çevrilməsini səfehlik kimi qiymətləndirir və buna mənfi münasibət bəsləyir; ikincisi, məsxərə, istehza, rişxənd Mirzə Fətəlinin üstünlük verdiyi bədii vasitədir və ədib buna əxlaqı təmizləməyin, ictimai problemləri həll etməyin təsirli aləti kimi yanaşır. O, məktublarının birində yazırdı: “Avropanın mütəfəkkirləri, filosofları anlamışlar ki, insanların təbiətindən və tinətindən eyibləri və pis əməlləri ancaq məsxərə və istehza vasitəsilə rəf etmək olar”.

Bir maarifçi kimi bədii əsərə cəmiyyətin “işinə yaramaq” tələbi ilə yanaşan Mirzə Fətəli üçün ironiyanın bədii mətn yaratmaq funksiyası nisbətən arxa planda idi, ədib ironiyanı (və ironiyanın doğurduğu gülüşü) insanların əxlaq və davranışına  təsir göstərən ciddi tərbiyə vasitəsi hesab edirdi. Bu günün ədəbiyyatşünaslığı üçünsə ironiyanın mətndəki poetik funksiyası daha böyük əhəmiyyət daşıyır və intertekstuallıq ironiya yaratmağın əsas vasitələrindən biri hesab edilir.

Azərbaycan ədəbiyyatşünaslığında məcazın bir növü kimi göstərilən ironiya termini ilə yanaşı, kinayə və istehza da işlədilməkdədir və bu terminin izahı yalnız dərslik tərifləri səviyyəsində müəyyənləşdirilmişdir. İroniyanın bədii mətninin strukturunda oynadığı rol isə hələ kifayət qədər araşdırılmamışdır. Əlimizdəki təriflər bədii mətnin, məsələn, konkret olaraq “Aldanmış kəvakib”in o qədər də sadə olmayan poetik sistemini açmağa tam imkan vermir.

Mirzə Fətəli Axundzadə “Aldanmış kəvakib”i janr baxımından roman təcrübəsi kimi təqdim edirdi. Onun öz müasiri Mirzə Yusif xana yazdığı 8 noyabr 1875-ci il tarixli məktubunda maraqlı bir məqam var: “Roman yazmaq da, avropalıların istilahınca, dram adlanan bu kimi əsərlər növündəndir. Təəssüf ki, bizim xalqımız bu fəndən hələ tamamilə xəbərsizdir. Hətta “Cami-Cəm” kitabının mütərcimi şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman Tiflisdən keçərkən mənə dedi:

- Mirzə Fətəli, “Tarixi-aləmara”da Yusif Sərracın hekayəsi sənin yazdığın qədər müfəssəl deyildir. Sən nə üçün o qədər təfsilatı əlavə etmişsən?

Mən ona dedim:

- Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim. Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək, o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman deyirlər ki, dram sənətinin ayrıca bir növüdür”.

Mirzə Fətəlinin romanı “dram sənətinin ayrıca bir növü” adlandırması başqa bir tədqiqatın mövzusu ola bilər. Onu da deyək ki, bu məktub yazılan vaxt Mirzə Fətəlinin yaxşı bildiyi rus dilində L.N.Tolstoy və ya F.M.Dostoyevski kimi böyük söz ustaları dünya ədəbiyyatının bu gün də maraqla oxunan şedevrlərini yaratmışdılar. Ancaq görünür, roman janrı üçün hələ Azərbaycanda “ictimai sifariş” yetişməmişdi və oxucu tələbatı yox idi. Ona görə də hətta mütərəqqi ədəbiyyat adamlarını da “Aldanmış kəvakib”in necə yazıldığı, poetik məziyyətləri, ictimai problematikası, müəllifin siyasi baxışları deyil, əsərin fiziki həcmi, yaxud nə üçün salnamədəki əhvalatdan “uzun olması” maraqlandırırdı…

Mirzə Fətəlinin qeydində diqqətimizi daha çox çəkən “özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər” ifadəsidir. Dünyaya maarifçilik pəncərəsindən baxan ədib povestdə məsələyə ağıl, düşüncə, əxlaq, ən ümdəsi isə dövlət idarəetməsi səviyyəsindən yanaşaraq personajları məsxərə – ironiya hədəfinə qoymuşdu. “Ulduzların aldadılması” üçün üç günlüyə hakimiyyətə gətirilən, padşah taxtına əyləşdirilən Yusif Sərracın başı üzərində isə daha amansız bir kabus – taleyin ironiyası dolaşırdı. Saray mühitini və münasibətlərini, əslində isə dövləti idarə edən insanların həm düşüncələri və nitqləri, həm əməlləri sarkazmla təqdim olunan bu əsərdə biz müəllif-mətn-oxucu münasibətlərinin “məsxərənin” çoxfəzalı bir mühitdə hərəkət etdiyinin şahidi oluruq. Bu mühit personajlarla personajlar; personajlarla müəllif; müəlliflə mətn; müəlliflə oxucu və mətnlə oxucu münasibətlərindən təşkil olunan fərqli fəzaları bir araya gətirir. Müxtəlif fəzalar arasındakı münasibətləri tənzimləyən, onları bir-birinə bağlayan, onlara yön verən isə ironiyadır. Tarixi salnamədə mətn müəllifdən  birbaşa oxucuya ünvanlandığı halda, “Aldanmış kəvakib”də oxucuya mətnin yaranmasında iştirak etmək, ironiyanın altındakı mətni (metateksti) yaratmaq təklif olunur. Beləliklə, mətnlə oxucu arasında incə bir “oyun” qurulur və “mətndən sonrakı mətnin” yaradılması oxucunun səlahiyyətinə verilir.

Bu mürəkkəb mühiti daha yaxından görmək üçün “oyunçular” arasında “təşkiledici” rolda çıxış edən ironiyanın bədii mətndəki yerini nəzərdən keçirməyə ehtiyac var. “Əgər diskursun iki fraqmenti arasındakı əlaqə uyğunsuzluğa və ya əksliyə əsaslanırsa və danışan da məhz bunu demək istəyirsə, onun dedikləri əlavə məna – ironiya mənası qazanır, kommunikasiyanın iştirakçıları (nağıl edən, adresat və ironiyanın obyekti) arasında asimmetrik ironik münasibət yaranır”. (Bax: K.M. Şilixina. İntertekst kak sredstvo sozdaniə ironii. // Vestnik VQU, seriə: Linqvistika i mejkulğturnaə kommunikaüiə, 2008, № 3, s. 155)

“Aldanmış kəvakib”də istər obrazların özlərinin arasındakı münasibət, istər müəllifin obrazlara münasibəti, istərsə də müəllifin mətni oxucuya təqdim etməsi asimmetriya üzərində qurulmuşdur. Mirzə Fətəlinin mətni bütün səviyyələrdə “Tarixi-aləmarayi Abbas”nın əleyhinə işləyir və onun məzmunu, niyyəti və üslubu ilə əkslik təşkil edir. Bu əksliyin təqdimatında müəlliflə oxucunun oyunu daha çox diqqəti cəlb edir və dərin estetik mahiyyət daşıyır. Oxucu ilə “oyunun” ən yüksək səviyyəsi “Aldanmış kəvakib”ə qədər “Hekayəti Müsyö Jordan…” komediyasında özünü təsdiqləmişdi. Komediyada “Parisin partlaması” – Fransada inqilabın baş verməsi Dərviş  Məstəli şahın cadusu ilə eyni vaxta düşür. Dərviş oyuncaq Parisi “partladanda” bayırdan Müsyö Jordanın ah-naləsi gəlir ki, Paris dağılıb. Hatəmxan ağanın “Parisi kim dağıdıb?” sualına: “Şəyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər! Hansını deyim?” -  cavabını verir. Parisin “partlaması” – Fransada inqilabın baş verməsi Dərviş Məstəli şahın cadusu ilə sinxron baş verdiyinə görə cadu “oyununun” sifarişçiləri olan qadınlar özlərini hadisənin səbəbkarı sayırlar. Şərəfnisə qorxusundan titrəyir.

“Şahbaz bəy: Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Pariji sən buyurub yıxdırıbsan ki, mən dəxi ora gedə bilməyəm?”

Şərəfnisə xanım (titrəyə-titrəyə, nazik səsi ilə gözü dərviş gizlənən pərdədə): Yox, vallah, Quran haqqı, dayım canına, mənim heç zaddan xəbərim yoxdur, mənim heç təqsirim yoxdur!”

Həmin an Şərəfnisə xanım Allaha da, Qurana da, dayısının canına da yalandan and içir: o elə bilirdi ki, Parisi “partladan” Dərviş Məstəli şahın cadusudur və belə bir “fəlakətin” baş verməsinə görə özünü təqsirli hesab edir, “təqsiri” boynundan atmağa çalışırdı. Tarixi bilməyən, Parisdə nə baş verdiyindən xəbəri olmayan oxucu (tamaşaçı) üçün də cadu “baş tutur”. Burada oyunun iki tərəfi olduğunu görürük: birincisi, müəlliflə oxucu arasında – səhnədə Dərviş Məstəli şah xanımların arzusu ilə (xanımların başqa seçimi də var idi: onlar Müsyö Jordanın boynunun cinlər tərəfindən vurulmasını da istəyə bilərdilər!) Paris şəhərinin dağılacağını vəd edərək oyuncaq Parisi partladır və bundan dərhal sonra Müsyö Jordana Parisin dağıldığı – Fransada burjua-demokratik inqilabın baş verdiyi xəbəri gəlir. Səhnədə, tamaşaçının gözü önündə baş verən  oyunda Şahrəbanu xanımın “mayası” batmır, niyyəti həyata keçir: Şahbaz bəyin Paris səfəri təxirə düşür. Dərviş Məstəli şahın da vəd etdiyi “möcüzə” baş verir – Parisi “şeytanlar, əcinnələr, divlər, ifritələr” – üsyançı qüvvələr partladır. Bu həm də oxucu (tamaşaçı) ilə “oyunun” partlayışıdır: oyundan baş çıxartmaq, özünü məsxərənin alətinə çevirməmək oxucunun özünə həvalə edilir.

“Aldanmış kəvakib”də də müəllifin oxucu ilə oyunu müəmma kimi qurulur. Əsərin əvvəlində münəccimbaşı Mirzə Sədrəddin xəbər gətirir ki, “…novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmei-üzma yetişəcəkdir”. Münəccimbaşının Mərrix və Əqrəb bürclərinin yaxınlaşacağı və bunun təsiri ilə İran dövlətinin padşahının vücuduna böyük xəsarət yetişəcəyi barədə xəbərindən sonra saray əhli tərəfindən “ulduzları aldatmaq” oyunu qurulur. Qərara gəlirlər ki, Şah Abbası gözlənilən fəlakətdən qurtarmaq üçün Yusif Sərrac saraya gətirilsin və ulduzların bir-birinə yaxınlaşacağı müddətdə İran səltənətinin başında o olsun. “Ulduzları aldatmaq” oyununun o biri üzündə isə müəllifin oxucu ilə “oyunu” baş verir və bu oyun dahiyanə bir ustalıqla bədiiliyin xeyrinə həll olunur. Hadisələrin gedişi münəccimin əvvəlcədən xəbər verdiyi kimi olur: Mərrixlə Əqrəbin yaxınlaşdığı tarixdə – novruzdan on beş gün keçmiş İranın paytaxtı Qəzvin şəhərində üsyan baş verir, yalançı padşah qeybə çəkilir, ulduzların təhlükəsi sovuşandan sonra isə Şah Abbas öz taxtına qaytarılır…

Mirzə Fətəlinin öz ifadəsi ilə, “zahiri baməzə” əhvalat vaqe olur: münəccimin öncəgörməsi özünü doğruldur. İran sarayında üsyan baş verir, padşah taxtdan salınır…

Elə buradaca qeyd etmək yerinə düşür ki, həm “Aldanmış kəvakib”, həm də “Müsyo Jordan…” əsərindəki oxucu ilə oyunun şərtində eyni hadisə var: xalqın üsyanı. Bu üsyanlardan biri İranın paytaxtı Qəzvində baş verir, ikincisi Fransanın paytaxtı Parisdə. Hər iki partlayışın yaranma üsullarında da oxşarlıq olduğunu görürük. Qəzvindəki üsyan Mərrix ulduzunun (Mars planetinin) Əqrəb bürcünə yaxınlaşması sayəsində baş verir. Dərviş Məstəli şah isə Şahbaz bəyi Parisə getməkdən daşındırmaq üçün Mərrix ulduzunun Müsyö Jordanın boynunu vuracağını vəd edir (qadınlar bu variantla razılaşmadıqlarına görə Əqrəb bürcünün altında yerləşən Parisi dağıtmaq qərara alınır).

Bu iki mətnin intertekstual müqayisəsində Qərblə Şərqin qarşılaşdırılması vasitəsilə Mirzə Fətəli Axunzadə yaradıcılığında ironiyanın daha bir səviyyəsi ilə tanış oluruq: burada ironiyanın obyekti İslam dünyasının siyasi və mədəni geriliyi, insanların cahilliyidir. Müsyö Jordan Qərbdə inkişaf etmiş biologiya elminin təmsilçisidir, Qarabağa bitkiləri tədqiq etmək üçün gəlmişdir. Şərq isə dəyişmək bilmir: XVI əsrdə, Şah Abbasın taxtda olduğu vaxtda dövlət hansı Mərrix-Əqrəb xülyası ilə reallıqdan uzaq oyun düşüncəsi ilə idarə edilirsə, XIX əsrin sənaye inqilabları zamanında da xalq real dünyadan o qədər uzaqda yaşayır. Bu bir yana, başını qaldırıb Qərbə tərəf baxmaq istəmir.

İroniya enerjisi intertekstual (mətnlərarası) kontekstdə ən yüksək həddə çatır və tamamilə yeni bir fəza yaradır. Burada artıq ironiyanın obyekti – Şərq ictimai-siyasi mühiti gülüş hədəfinə çevrilir. “Müsyö Jordan…”da Fransada, “Aldanmış kəvakib”də isə İranda üsyan baş verir. Fransada baş verən burjua-demokratik inqilabı monarxiyanı yıxıb yerinə xalqın hakimiyyətini yaratmaq məqsədi daşıyırdı, İranda baş verən üsyanın məqsədi isə bunun tam əksi idi, taleyin istehzası ilə hakimiyyətə xalqın içindən gətirilmiş, xalqa gün ağlamaq istəyən padşahı xalq istəmirdi. “Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət olara xeyli qərib göründü. Əvvəl dedilər ki: “Görünür bu təzə padşah çox rəhmli və helmli adamdır!”

Sonra onun rəhminə və helminə bəhslər varid etdilər. Bunu süstrəyliyə və zəifülmizaclığa həml qıldılar. Bundan əlavə dəxi Yusif şahda hezar gunə özgə eyblər tapdılar. Müxtəsəri-kəlam bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zindəganlıq etmək nəhayət dərəcədə məlal-əfza göründü”.

“Aldanmış kəvakib”in mətnində ironiya sadəcə bir məcaz kimi deyil, poetik sistemin yükünü üzərində daşıyan bir platforma rolunu oynayır. Mirzə Fətəli Axundzadə intuitiv olaraq mətnin oxucu ilə ünsiyyətinin iki səviyyədə baş verməsinin fərqində idi. Bu mənada,  onun öz əsərləri haqqında maraqlı bir qeydi var: “Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər”.

Burada çox aydın görünür ki, Mirzə Fətəli yazdığı hər bir bədii mətnin iki səviyyəsinin – öz təbirincə desək, “zahiri” və “batini” səviyyələrinin olduğu qənaətində idi. Bu yanaşma isə ironiyanın təbiətindən irəli gəlir.

Mirzə Fətəlinin mətnlə oxucu arasında qurduğu oyunda maraqlı komponentlərdən biri də zamandır. XVI əsr İran sarayında baş vermiş hadisədən danışan əsər bu cümlə ilə yekunlaşır: “Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı cəng başlayalar”.

Burada söhbət əsərin yazıldığı vaxt, yəni XIX əsrin ortalarında İranla İngiltərə arasında Herat üstündə baş verən qarşıdurmadan gedir. 1856-cı ildə İngiltərə qoşunları İranın Xarq və Buşar adalarını tutmuş və ölkənin daxilinə doğru irəliləməyə başlamışdı. Lakin Hindistanda İngiltərə müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatının qüvvətlənməsi, eləcə də Fransa və Rusiyanın bu ixtilafa qarışması sayəsində İngiltərə İranla 1857-ci il mart ayının 4-də sülh müqaviləsi bağlamağa məcbur olmuşdu. (Bax: Nadir Məmmədov. İzahlar. // M.F.Axundzadə. Əsərləri, üç cilddə, 1-ci cild, səh. 276)

XVI əsrin sonunda baş vermiş hadisənin XIX əsrin ortalarına gətirilməsi isə Mirzə Fətəlinin öz müasirlərinə – XIX əsr oxucularına təklif etdiyi yeni bir oyun idi…

KÖŞƏ YAZARLARI
TOP 10