Ali təhsilimizin “tərcümeyi-hal”ı – Nizami Cəfərov

18 Baxış

112010_7jvkx23g5c

Bugünlərdə Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının birinci cildi nəşr olunmuşdur.

Və müəlliflər ona nə qədər təvazökar bir ad qoysalar da, məmnunluqla qeyd etmək lazımdır ki, hərtərəfli, fundamental araşdırmanın məhsulu olan əsər ən azı iki mühüm funksiya daşıyır: birincisi odur ki, ilk dəfə olaraq azərbaycanlıların 1920-ci ilə qədər ali təhsil alma imkanlarının vəziyyəti, miqyası və nəticələri barədə zəngin arxiv materialları əsasında olduqca mükəmməl elmi təsəvvür yaradır; ikincisi isə, Azərbaycan xalqının təhsil və ümumən ziyalılıq tarixinə ya bilərəkdən, ya da bilməyərəkdən nihilist münasibət göstərənlərə həm konkret faktlar, həm də konseptual ümumiləşdirmələrlə tutarlı cavab verir…

Əlbəttə, istər Azərbaycan MEA-nın müxbir üzvü, professor Misir Mərdanov, istərsə də professor Ədalət Tahirzadə Azərbaycan təhsil tarixi sahəsində görkəmli mütəxəssislərdir. Və Misir Mərdanovun dörd cildlik “Azərbaycan təhsil tarixi” (2011-2012) monoqrafiyası, eləcə də Ədalət Tahirzadənin bir sıra məqalələri Azərbaycan təhsilinin keçdiyi inkişaf yolu barədəki məlum təsəvvürlərimizi genişləndirməklə yanaşı, bir çox ziddiyyətli, hətta yanlış “stereotiplər”i aradan qaldırmaqla bütövlükdə milli humanitar düşüncəyə əhəmiyyətli təsir göstərmişdir.

Kitabla elə ilk tanışlıqdan aydın görünür ki, o, hər cəhətdən mükəmməl intellektual zəhmətin məhsuludur. Müəlliflər 1920-ci ilədək ali məktəblərdə təhsil almış azərbaycanlılar haqqında məlumat verərkən bizim bəzi soraq kitablarından fərqli (və metodoloji baxımdan tamamilə doğru!) olaraq oxucunu ikinci, yaxud üçüncü dərəcəli tərcümeyi-hal materialları ilə yormadan diqqəti daha çox o faktlar üzərində cəmləşdirirlər ki, ali təhsil almış ayrı-ayrı şəxslərin deyil, məhz ali təhsilimizin “tərcümeyi-hal”ı – tarixi “tale”yi barədə təsəvvür yaransın. Ona görə də əsər “ensiklopedik soraq kitabı” janr-təyinatında kənara çıxaraq yalnız informativ yox, həm də elmi-ideoloji missiya daşıyır.

Və təsadüfi deyil ki, Misir Mərdanov kitabın “Varmış millətimin xətti bu imzalar içində!” başlıqlı ön sözündə deyir:

“İnsanlar ata-babalarının şərəfini uca tutur, onların adına ləkə düşməsinin qarşısını bəzən hətta öz canları bahasına alırlar. Çünki ata-babanın şərəfi sonrakı bütün nəsillərin şərəfi deməkdir. Ulular şərəfli olduqda oğullar, nəvələr, nəticələr də başıuca, alnıaçıq gəzir, el içində qürurla “mənim babam, ulu babam filankəsdir” deyir.

Millətlər də belədir. Onlar də öz tarixləri ilə fəxr edir, qürur duyur”.

Uzun müddət “başbilənlərimiz” (məsələn, kitabda da xatırladıldığı kimi, 1920- 1922-ci illərdə Azərbaycan Xalq Maarif komissarı olmuş Dadaş Bünyadzadə sübut etməyə, daha doğrusu, milli ictimai yaddaşa yeritməyə çalışmışlar ki, “bizim Azərbaycanda əsrlər boyu heç bir iş görülməmişdir. Bu yaxınlarda biz bütün əhalini siyahıya aldıqda məlum oldu ki, cəmi 62 nəfər ali təhsili olan müsəlman vardır”... Etiraf edək ki, Dadaş Bünyadzadə xeyli insaflı olmuşdur, çünki onun “xələflər”i sonralar bir az da “irəli gedərək” yaddaşımıza hopdurdular ki, sovet dövrünə qədər Azərbaycanda bir nəfər də ali təhsilli adam olmamışdır.

Misir müəllim Dadaş Bünyadzadənin həmin fikrini şərh edərək yazır ki, bu, “başdan-ayağa yanlış idi və məqsəd azərbaycanlıların savadsız olduğunu göstərmək idi. Elə bu vaxtlar başqa bir qırmızı komissar milli mədəniyyətə xor gözlə baxaraq milli musiqimizə, milli ədəbiyyatımıza düşmən kəsilərək çəkinmədən deyirdi: “Daloy Nizamilər, daloy Füzulilər!..”

Heç şübhəsiz, bir millətin taleyi (və tarixi!) baxımından, son dərəcə maraqlı (və məntiqli) sayılmaya bilməz ki, müstəmləkə altında olan xalqın Maarif komissarı Dadaş Bünyadzadə bir-iki cümlə ilə millətin savadsızlığını, müstəqil məmləkətin Təhsil naziri Misir Mərdanov isə cild-cild kitablarla savadlılığını göstərir… Nə edəsən ki, yanlış-yalan üçün bir-iki cümlə də kifayətdir, ancaq həqiqəti ortaya çıxarmaqdan ötrü cild-cild kitablar yazmaq lazım gəlir…

“1920-ci ilədək ali müktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının birinci cildində soyadı A hərfi ilə başlayan yetmiş yeddi azərbaycanlı haqqında danışılır ki, onların arasında Adıgözəlov (Gorani) Əsgər ağa, Ağaəlizadə Axund Hacı Ağa (Zeynəlabdin), Ağayev Həsən bəy, Ağayev (Ağaoğlu) Əhməd bəy, Axundzadə Axund Hacı Mirzə Əbuturab kimi Azərbaycan tarixində görkəmli rol oynamış şəxsiyyətlər vardır… Sonrakı cildlərdə yenə də əlifba sırası ilə haqlarında məlumat veriləcək azərbaycanlı ali təhsillilərin sayı isə yüzlərlədir…

Və kitaba ikinci ön sözdə Ədalət Tahirzadə yazır:

“… 2012-ci il idi. Azərbaycanın Təhsil naziri Misir Mərdanov mərhum tarixçi alim Nərmin xanım Tahirzadənin elmi irsinin nəşri və təbliği məsələsini müzakirə etmək üçün mənimlə görüşmək istədi. Getdim. Səmərəli söhbətimiz alındı. Nərmin xanımın indiyədək rusca nəşr edilmiş və əlyazma şəklində qalmış əsərlərini ana dilimizə çevirmək və mükəmməl bir kitab hazırlamaq qərara alındı… Misir müəllim belə bir fikir irəli sürdü ki, 1920-ci ilədək ali təhsil almış bütün azərbaycanlı tələbələrin adlarını müəyyənləşdirmək, onlar haqqında dünya arxivlərində saxlanan sənədləri toplayıb Azərbaycana gətirmək lazımdır; yalnız bundan sonra sovetləşməyədək olan dönəmdəki gerçək ali təhsil tariximizi ortaya qoya bilərik. Nazir bildirdi ki, bu layihənin gerçəkləşməsi üçün hər cür şərait yaratmağa hazırdı.

… Beləliklə, hörmətli nazirin ideyası gerçək layihə şəklinə düşdü”…

Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyini böyük təntənələrlə qeyd etdiyimiz günlərdə (və görkəmli tarixçimiz, akademik Yaqub Mahmudovun redaktorluğu ilə) nəşr olunan kitabın bir ideyası azərbaycanlıların sovet dövrünə qədər də ali təhsilə (istər dini, istərsə də dünyəvi olsun!) həmişə xüsusi maraq göstərdiklərini nəzərə çarpdırmaqdırsa, ikinci (və daha mühüm!) ideyası həm sovet dövründə, həm də müstəqillik illərində bu marağın mükəmməl bir millətin intellektual xarakterinin səciyyəvi təzahürü olduğunun təsdiqidir.

Əminik ki, Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar”ın sonrakı cildləri də tezliklə nəşr olunub milli təhsil tarixşünaslığımızı keyfiyyətcə yeni mərhələyə yüksəltməklə daha dərin köklərə də metodoloji işıq salacaqdır.