Alim ömrünün mənası – Həzi Həsənli   

366 Baxış

16754170_581620408703290_363390916_n

Həyatda hər kəsin bir ömür payı var deyirlər. Əsl alim ömrü isə ən şərəfli ömürlərdən sayılır. Çünki alimlər xalqının  gələcəyi naminə yaşayıb yaradır, öz fəaliyyətlərində genişmiqyaslı elmi işləri tədqiq edir, həllinə nail olur,  nəzəri və praktik həllini göstərirlər. Bu cür alimlər intellekti, tədqiqatçılıq bacarığı, elmi potensialı, alicənablığı və xeyirxahlığı ilə elmi ictimaiyyətdə yaxşı tanınırlar.

Belə alimlərdən biri də iqtisad elmlər namizədi, dosent Əmirxan Babaşovdur. O, Borçalımıza, Faxralımıza hörmət qazandıran, millətimizin başını uca edən ziyalılarımızdandır. Onun uğur qazanması, əlbəttə, asan olmayıb. Bütün nailiyyətlərinin və uğurlarının kökündə gərgin zəhməti, yorulmaz axtarışları və böyük istedadı dayanır. Fəaliyyət dairəsi geniş, maraq dairəsi böyük olan, elimizin bu dəyərli oğlunu məşğul olduğu elmin bütün problemləri maraqlandırır. O, qanunvericilik sahəsində böyük əməyi olan tədqiqatçı alim və pedaqoqdur.

Əmirxan müəllim yaşa dolduqca müdrikləşən insanlardandır. İnsan ömrünün dəyəri yaşanmış illərin sayı ilə deyil, hər kəsin işi, fəaliyyəti, əməli  və hansı məqsədlərə xidmət etməsi ilə ölçülür. Arxada qoyduğu illər isə mənalı bir ömürdən, elmə, yüksək amallara sərf edilmiş həyatdan xəbər verir. Onun həyatı ilə yaxından tanış olduqda  ömür yolunun mahiyyətini və məramını daha aydın dərk etmək mümkündür. Onunla zaman – zaman ünsiyyətdə olduqca haqqındakı bilgilərim birə  – beş artdı. Bu nəcib insanı yaxından tanıdıqca, əsl ziyalıya məxsus uca keyfiyyətləri canında yaşatdığının şahidi oldum və bir dəfə də olsa, pedaqoji etika və ədəb – ərkan dairəsindən kənara çıxdığını görmədim. Əksinə, bütün imtahanlardan əsl  insan kimi çıxdığının şahidi oldum. O, yüksək mədəniyyət sahibidir, sözü və əməli bütöv insandır.

Əmirxan Babaşov 1947 – ci i fevralın 5 – də Ulu Borçalının ən səfalı, dilbər guşələrindən olan, uca dağlar, ucsuz – bucaqsız meşələr qoynunda yerləşən, şairləri, aşıqları, ziyalıları, alim və maarifçilik ənənələri ilə yaxşı tanınan qədim Faxralıda sadə kəndli ailəsində dünyaya göz açmışdır. Onun qəlbi doğma yurdun keçmişinə, bu gününə, gələcəyinə bağlıdır. Canındakı vətəndaşlıq duyğusu, torpağa bağlılıq, dostluqda sadiqlik də öz mayasını o dağlardan alıb. Uşaqlığı buz bulaqlı meşələrdə, sərin yaylaqlar qoynunda  keçib. İndi o, uşaqlıq  illərini xatırlayaraq deyir:

-Kəndimizdə olduğu kimi, yaylaqlarda  da binələrimizə aşıqlar gələrdi. Saz çalıb, söz qoşardılar. Gecədən keçənə qədər dastan danışar, çalıb oxuyardılar. Biz aşıqların çalıb oxumasına heyranlıqla qulaq kəsilərdik. Elə o vaxtan sazın səsi ruhumuza hopub. Sazın, qara zurnanın səsi ayrı aləmdir.

Doğulduğu yurdun el adətləri, toy – nişanı, sazı, qara zurnası, ana torpağı haqqında oğul məhəbbəti ilə danışır. O  yerlərin gözəlliklərini dilə gətirəndə qəlbini iftixar hissi bürüyür. Torpağa möhkəm köklərlə bağlı olan insanları həmişə belə görmüşük.

Çoxuşaqlı ailədə doğulub boya  – başa çatan  Əmirxan evin səkkizinci övladı idi. Hələ uşaqlıqdan ağlı, düşüncəsi, hadisələrə münasibəti ilə yaşıdlarından fərqlənər, yaşına uyğun olmayan arzularla yaşayardı. Əlbəttə, böyük arzular insanı öz üzərində yorulmadan işləməyə, daim axtarışda olmağa sövq edir.

Əmirxan Babaşov istedadı, çalışqanlığı  sayəsində Faxralı kənd orta məktəbini yüksək qiymətlərlə başa vurmuşdur. Hələ orta məktəbdə yiyələndiyi  biliklərə görə ilk növbədə Nəbi Gülməmmədov, Hüseynqulu Məmmədov kimi müəllimlərinə, eləcə də ailədə aldığı həyat dərslərinə görə öz valideynlərinə borclu olduğunu sevə – sevə dilə gətirir. Deyir:

-Valideynlərim mənim ilk həyat dərslərimi çox yaxşı veriblər. Mən onların özündə də, sözündə də həmişə təmizlik, saflıq gördüm. Onların halal zəhmətlə qazandıqları çörəklə böyüdüm. Ata – anamdan aldığım öyüdlərin işığında bu məqama gəlib yetişdim. Hələ kiçik yaşlarımdan valideynlərim məni işə, zəhmətə alışdırdılar. Bizim  böyük heyvandarlıq təsərrüfatımız vardı. Məktəbdə oxuduğum illərdə, dərsdən sonra həmişə ata – anama kömək edərdim, bir əlimdə kitab, birində çomaq olardı.

 Əmirxan Babaşov haqqında bir övlad kimi danışanda onu dünyaya gətirən ata – anasından söhbət açmamaq mümkün deyil. Atası Mehrəli dayı çoban, anası Hava xala isə evdar qadın idi. Onlar həyatın acısını da, şirinini də dadıb, övladlarını böyüdüb ərsəyə çatdırmaq üçün min bir əziyyətə qatlaşıb və dünyadan köçüblər .

Əmirxan Babaşov 1965 – ci ildə ata – anasının xeyir – duası ilə sənədlərini S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlər Universiteti) iqtisad fakültəsində qəbul imtahanlarını müvəffəqiyyətlə verib, Əmtəəşünaslıq və ticarətin təşkili ixtisası üzrə bir il orada oxumuşdur. 1966 – cı ilin sentyabrında isə iqtisad fakültəsi yeni yaradılan D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) verilmişdir. Həmin İnstitutda Əmirxan Babaşovun çalışqanlığı, dərslərə ciddi hazırlaşması qısa  zamanda müsbət nəticəsini verdi və ali məktəb yollarında daha məsuliyyətli və ciddi olmağa zəmin yaratdı.

Ömrün qanad açan tələbəlik illəri gənc Əmirxanı adlı – sanlı alimlərə, görkəmli proffesor – müəllim heyətinə yaxşı tərəfdən tanıtdı və onu öz tələbə yoldaşlarına  sevdirdi. Hamı bu mehriban, səmimi gəncdə olan hafizəyə, çalışqanlıq qabiliyyətinə heyran qalırdı.  İnstitutun keçirdiyi ümumrespublika müsabiqəsinə qatılaraq yazdığı elmi işinə görə, qalib yer tutub pulla mükafatlandırılması da onun fərqli və üstün xüsusiyyətlərindən irəli gəlirdi. Ümummiyyətlə, onun müəyyən bir problemlə bağlı yeni söz deməsi, tutarlı təhlillər aparması müəllimlərinin diqqətindən kənarda qalmırdı və onları sevindirirdi.  Onun qaynar tələbəlik illəri də beləcə ilk uğurları ilə yadda qaldı.

O,  şöhrətpərəst insan deyil, amma tələbəlik illərindən bu yana  qazandığı uğurlardan  böyük məmnunluqla söz açmağı  sevir. Deyir ki, mən auditoriyada tələbələrimlə söhbət apararkən özümün tələbəlik illərimdən də örnəklər gətirirəm. Çünki gənc nəsil üçün həyat yenicə başlayır. Həyatın yolları enişli – yoxuşludur. Bu yolda  onları çox sınaqlar gözləyir.

Əmirxan müəllim danışdıqca hiss edirsən ki, ömrünün yetmiş ilini arxada qoysa da, qəlbində hələ  gənclik çağlarından, tələbəlik illərindən danışmaq həvəsi böyükdür. O illərin  xatirələrini elə fərəhlə danışır, elə sevinc hissi keçirir ki, istər – istəməz sən də bu sevincə qoşulursan.

İnstitutu 1969 – cu ildə fərqlənmə diplomu ilə bitirən Əmirxan Babaşov təyinatla Respublika Ticarət Nazirliyinə göndərilmişdir. Amma sonra təyinatını Dövlət Plan Komitəsinin  nəzdindəki Elmi Tədqiqat İnstitutuna dəyişdirib kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Elmi araşdırmalara böyük maraq göstərdiyinə görə, institutun direktoru Mədət Allahverdiyev ona əyani aspiranturaya daxil olmağı məsləhət görüb.

1972 – 1975 – ci illərdə Ə. Babaşov Dövlət Plan Komitəsinin Elmi -Ttədqiqat İqtisad İnstitutunun  aspiranturasına daxil olur və SSRİ Plan Komitəsi nəzdində İqtisadiyyat Elmi – Tədqiqat İnstitutuna ezam olunur, orada əyanı aspiranturada təhsilini davam etdirir. Aspiranturanı bitirdikdən sonra yenidən öz doğma institutuna qayıdır. Orada kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, şöbə müdiri vəzifələrində çalışır. Həyatının ən gərgin və unudulmaz illəri isə Milli Məclisdəki işi ilə bağlı olub. O, 1994 – ildən təqaüdə çıxanadək  Milli Məclisdə ekspert, böyük məsləhətçi, baş məsləhətçi kimi 20 ildən artıq    qüsursuz fəaliyyət göstərib, dövlət qulluğunun baş müşaviri olub. Milli Məclisin iqtisadi qanunvericilik bazasının yaradılmasında fəal iştirak edib və 70 qanun layihəsinin hazırlanmasında işçi qrupuna rəhbərlik edib.

Əmirxan Babaşov keçmiş SSRİ dövründə komsomol mükafatı laureatı olmuş, 2008 – ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilmişdir. Onun xidmətlərindən biri də dövrünün dəyərli mütəxəssislərinin hazırlanmasına xüsusi diqqət ayırması ilə bağlıdır. O, müxtəlif illərdə  Neft və Sənaye Universitetində, Azərbaycan  Dövlət İqtisad Universitetində bakalavr və magistrlərə iqtisadi məsələlərdən dərs demişdir.

Hazırda Memarlıq və İnşaat Universitetində çalışır. Öz yetirmələrinə böyük inam bəsləyir. Bu da elmi problemlərin həllində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında onlara böyük kömək olur. Əmirxan müəllim gənclərin elmi  tədqiqat işlərinə cəlb olunmaları və onların yaxşı alim, tədqiqatçı kimi yetişmələri üçün səy göstərir, dinclik axtarmadan, rahatlıq bilmədən, yorulmadan çalışır. İllər keçəndən sonra da tələbələrinin taleyinə biganə qalmır, həyatın yollarında onların necə irəliləməsinə, inkişaf etməsinə nəzər yetirir.

 Xeyirxahlığı, alicənablığı, qayğıkeşliyi onu ətrafındakılara sevdirən ən mühüm keyfiyyətidir. Bu insan saf, ülvi hisslərlə yaşayır. Ehtiyacı olanlara mənəvi cəhətdən dayaq durmaq, kömək göstərmək, alicənablılıq, səxavətlilik kimi keyfiyyətləri özündə cəmləşdirmişdir. Bir qayda olaraq tələbələrə və aspirantlara qayğı göstərir, ehtiyacları ilə maraqlanır və onlara hər cür yardım edir. Onun  müəllimə xas olan nəcib insani rəftarı çoxları üçün ən yaxşı nümunədir. Doğrudan da Əmirxan müəllimin yaxşı alim olmasının bir mənası da yaxşı insan olmağındadır. Əbəs deməyiblər ki, yaxşı alim olmaq asandır, yaxşı insan olmaq çətin.

Faxralı Borçalının ən böyük kəndlərindən biridir. Bu kəndin üzdə olan adamları da çoxdur. Faxralıdan qıraqda yaşayan, üzdə olan adamlar kəndə gələndə səs – sədası tez yayılır. Elə Əmirxan müəllimin də hər dəfə kəndə gəldiyindən bütün el – oba xəbər tutur. Çünki o, kəndin ictimai işlərində, bayram tədbirlərində, xeyir –şər məclislərində yaxından iştirak edir. Onun təşəbbüsü və yaxından iştirakı ilə  Faxralıda Novruz və Qurban bayramları da təntənəli sürətdə keçirilir. Hər il Novruz bayramı ərəfəsində kənddə atların cıdır yarışlarının keçirilməsinin təşəbbüskarlarından biri də Əmirxan müəllimdir. Bu keyfiyyətləri də onun yaxşı bir el adamı olduğundan xəbər verir. O, həmyerlilərinin siyasi – iqtisadi problemlərinin həllində də öz köməyini  əsirgəmir.  Alim – ziyalı kimi mənalı ömrünün xarakterik xüsusiyyətlərindən biri də budur və onun geniş diapazona malik olmasından xəbər verir.  Alim ömrünün mənasını dərindən duyaraq yaşayan insan və daim axtarışda olan xoşməramlı alim Əmirxan Babaşovun həyatı insanlığın və ziyalılığın vəhdətindən qaynaqlanır.

Əmirxan Babaşov yeddi kitabın, 70 – dən çox elmi  və onlarca publisistik məqalənin müəllifidir. Onun keçmiş SSRİ – nin ayrı – ayrı respublikalarının nüfuzlu elmi jurnallarında, eləcə də Azərbaycanda dövri mətbuatda bir – birindən maraqlı elmi məqalələri çap olunmuşdur. Bu qədər elmi məqalənin müəllifi olması onun elmi – nəzəri irsinin mühüm və qiymətli tərkib hissəsindən xəbər verir. Onun kitabları içərisində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimovun rəhbərliyi və məsul redaktorluğu ilə toplayıb tərtib etdiyi “İlham Əliyev və müasir aqrar siyasət” ( Bakı -  2013, 936 səh.)  və “Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını işləyən ilk tədqiqat institutu – 50” ( Bakı – 2014, 534 səh.) kitablarını xüsusilə qeyd etmək lazımdır.

Namizədlik dissertsiyası üçün tədqiqat obyekti kimi Azərbaycan Respublikasında sosial qrupların həyat səviyyəsinin yaxşılaşdırılması probleminin iqtisadi təhlili və planlaşdırılması mövzusu da müəllifin elmi yaradıcılığında mühüm yer tutur.

O, tanınmış alim olmaqla bərabər, həm də gözəl ailə başçısıdır. Mənim düşündüyüm qədər əsl ziyalı ailəsi elə belə olur. Ömür – gün yoldaşı, Əmirxan müəllimlə həyatın çətinliklərindən qoşa çıxan, Faxralı kəndində adlı – sanlı bir ailənin qızı olan Sona xanım  Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasında müəllim işləyir. Onun atası Əli Əliyev  Faxralı  kəndində “Qələbə” kolxozunun və Bolnisi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş,  öz el –  obası üçün, rayondakı soydaşlarımız yaşayan kəndlər üçün çox önəmli işlər görmüşdür. Yerişi – duruşu və  əməlləri ilə mərdanəlik təlqin edən Əli Əliyevin adı zaman – zaman xoş xatirələrlə Borçalıda yaşayan soydaşlarımız tərəfindən anılır.

Əmirxan müəllimin ömrünə sevinc gətirən, ümidlərini doğruldan övladları və arzularının qönçələrinə bənzəyən nəvələri var. Dörd övladının hər biri ali təhsil almışdır. Böyük oğlu Etibar Türkiyədə Ankara Universitetini, böyük qızı Aytən Dövlət Neft və Sənaye Universitetini, kiçik qızı Aynur Bakı Dövlət Universitetini, sonbeşikləri Mehrəli isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Oğlanları magistr, qızları Aytən və Aynur isə müvafiq olaraq kimya və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışlar. Övladlarının hamısı ölkə iqtisadiyyatının müxtəlif sahələrində ləyaqətlə çalışırlar.

Əmirxan müəllim hər yay ömür – gün yoldaşı Sona xanımla birlikdə övladlarını və nəvələrini də başına yığıb Faxralı kəndindəki ata evinə dönür. Bax, ata ocağının istisi, yurd yerinin nəfəsidir onu el – obaya bağlayan. Kəndimizdəki ata evinin ruhudur Əmirxan müəllimi Vətən eşqi ilə yaşadan. Bu şeir parçası da Əmirxan müəllimin yurd sevgisi ilə üst – üstə düşür:

“… Bir parça torpağa verib könül, can,

Yaşar bu dünyada bir ad, bir ünvan.

…Tapdım bir əbədi səcdəgah yeri…

Bir ata ruhu var, bir ana mehri;

Yaşar bu divarda, yaşar bu daşda.

Bu oda, ocağa bağlandı könlüm;

Atam – anam üçün ərköyünlüyüm

İndi də oturar yuxarı başda.”

Azərbaycanın tanınmış iqtisadçı alimlərindən biri olan, bu sahədə illərdən bəri  öz mövqeyini  qoruyub saxlayan, bütün qəlbi ilə iqtisadiyyat elminə bağlanan, yorulmaz fəaliyyəti ilə el – obamıza şərəf – şan və başucalığı  gətirən  Əmirxan Babaşovun  bu günlərdə 70 yaşı tamam olmuşdur. Onu bu münasibətlə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı  və elmin çətin yollarında uca zirvələr fəth etməsini arzulayırıq.

Bölmə : OxucuKlubu, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10