Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürəkmi var?!

134 Baxış

Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:mehemmed

Layihənin ilk 11 yazısı:

Layihənin 12-ci yazısı:

 

Bir dəfə şair M. Hadi yarı keflənmiş vəziyyətdə qəbiristanlıqdan keçirmiş. Uçuq qəbirlərdən birində dişləri ağaran kəlləni görmüş, onun dirilərə güldüyünü zənn edib, dərin fikrə qərq olmuş, həzin-həzin söyləmişdir:

 

Bu matəmgahi-dünyaya gülürdü sanki ölmüşlər,

Yer üstündə bəşər ağlar, gülər xakə gömülmüşlər.

 

***

M. Hadinin yaxın dostlarından biri də A.Şaiq idi. O, dostu Hadinin içkiyə aludə ol-duğunu söyləyib, dostcasına tənqid etdikdə, şair mütəəssir bir halda:

− Eh, Şaiq, həyatı başdan-başa faciələrlə keçmiş bir bədbəxtdən nə gözləyirsən! – söyləmiş və acı-acı ağlamışdır.

 

***

Şeirlərində qadın azadlığını ehtirasla müdafiə edən Hadi, ömrü boyu evlənməyə laqeyd münasibət bəsləmişdir. Şair qohumlarından biri­nin qızına vurulmuş, qız isə başqasına ərə getmiş­di. İlk eşqi Hadinin qəlbində sağalmaz iz bu­rax­mışdır. Evlənmək haqqında söhbət olanda, şa­ir deyərmiş:

− Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürəkmi var?!

 

***

Hadi məğrur şəxsiyyət idi. O, hələ tələbə ikən mollalığa hazırlaşdığı halda, mövhumata qarşı ciddi çıxışlar edirdi. Bir gün mübahisə vaxtı, bəziləri şəhərin, bəziləri isə kəndin şərafətli olduğunu söyləyir. Bir nəfər deyir:

− Kənd şərafətlidir, çünki şeyxlərin hamısı kənddən çıxır.

O zaman şeyxlərin çox vaxt kəndlərdən çıx­dığını, təriqətçiliyin əsasən, kəndlərdə yayıldığını bilən Hadi bu hadisələrə işarə edərək, həmin bir nəfərə ikibaşlı cavab vermişdir:

− Bəli, şeyx dediyin kəs kəndlərdən çıxır, onun şəhərlərdə nə işi var?!

 

***

Bir gün Hadi ilə A.Şaiq küçədə gedərkən, Hadi dayanır, üst-başına diqqətlə nəzər salıb Şaiq­dən soruşur:

− Şaiq, üstümdə lüzumsuz nə var?

Söylədiklərindən bir şey başa düşməyən Şaiqin heyrətləndiyini görən Hadi sualını təkrar edir:

− Diqqətlə bax, lüzumsuz heç bir şey görmürsənmi?

− Yox, görmürəm.

Hirslənmiş Hadi dostuna acıqla baxır:

−Siz də həyatın giyudatına o qədər bağ­lan­mısınız ki, gözləriniz lüzumlunu lüzumsuz­dan seçə bilmir, – deyə əli ilə jiletini çəkərək: – Bu mən­im nəyimə lazımdır? – söyləyir.

Şaiq məsələni anlayır. Pul təklif etsə də, Hadi qəbul etmir. Evə qonaq dəvət etdikdə, getmir.

− Yox, qardaşım, bu gün öz səmalərimdə uçaraq, günəşimin ziyalarını örtən buludları parçalayıb dağıtmaq istəyirəm, xudahafiz, – deyə dostundan ayrılır.

 

***

Hadi çox vaxt, xüsusən kefli vaxtlarında vərəqələrdə çap olunmuş şeirlərini özü satarmış. Bir gün sərxoş halda Şaiqə rast gəlir, “Hərarətli şeirlərim” adlı mənzuməsini ona uzadır:

− Al, beş manat ver!

Şaiq cibində olan on manatı ona verir. Hadi on manat verəni diqqətlə süzdükdə, Şaiqi tanıyır, pulu geri qaytarıb, onu qucaqlayır, gözləri yaşarır; mütəəssir halda deyir:

− Şaiqciyim, bağışla, tanımadım.

 

***

Məhəmməd Hadi demişdir:

− Həyatın pək qərib fəlsəfəsi də vardır. Ölülərə kəfən və məzar bulunduğu kimi, vəfat edən şairlərin də əsərlərinə çox-çox naşir, çox-çox müştəri bulunur. Fəqət zavallı şüəranın həyatında əsərlərinə naşir və müştəri qəhətliyi təbiidir. Böylə deyilmi, ey möhtərəm oxucularım?!

 

Varlıqda olurlar hədəfi tiri-bəlanın,

Öldükdə əyan olmada fəzli şüəranın.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10