Allah sözübütöv, vədinə sadiq varlıqdır

108 Baxış

motherTural Türksoy

 

 

                                                                            Mübadilə

-Gecdir. Xəstə artıq keçinib. Həkimi vaxtında çağırmaq lazımdır,-tövşüyə-tövşüyə içəri girib ürək xəstəliyinə tutulmuş qızı qısa müayinədən keçirən ağ xalatlı təcili yardım həkimi dedi. Özü də ehtiyatla, yana-yana yox, az qala bütün həkimlərin ortaq cəhətinə və, ümumiyyətlə, həkimliyin ən bariz əlamətlərindən birinə çevrilmiş soyuqqanlılıqla dedi. Elə bunu demişdi ki, ətrafda mərəkə qopdu; xəstənin uzandığı çarpayını, fəth edəcəkləri qalanı mühasirəyə alan əsgərlər kimi hər tərəfdən əhatə edən və həkimin yardımına ümid bağlayaraq bərəlmiş gözlərini, şəklənmiş qulaqlarını, irəli uzanmış boyunlarını və həyəcanla döyünən ürəklərini ona yönəldən, dərin intizarla cavab gözləyən camaat-qızın kişili-qadınlı yaxın qohumları, qonşuları və rəfiqələri tədricən ucalan səs tonunun müşayiətilə onu qınaq atəşinə tutdular:
-Heç utanırsınız? Belə sözü ananın yanında dəyərlər?
-Lovxəbər köpəkoğlu! Ağzınız yumulsun sizin! Qara xəbər vermək elə köhnə adətinizdir.
-Ay başınıza dönüm, bu xarabanın yiyəsi yoxdur da! Yarım saat əvvəl çağırmışıq, indi gəlib-çıxıb, hələ utanmaz-utanmaz deyir ki, həkimi vaxtında çağırmaq lazımdır.
-Dilin qurusun, ay həkim, Allah bəlanı versin bu qara xəbəri çatdıran yerdə! Dilin necə gəldi bunu deməyə!..
Həkim etiraz aksiyasını xatırladan və səngimək bilməyən bu səs-küyə öz əzəmətli bas səsi ilə qısa müddətə də olsa son qoyaraq dedi:
-Ay camaat, burda mənim günahım yoxdur. Hamımız bir gün öləcəyik. Bu, təbiətin qanunudur. Tibdə soyuqqanlılıq vacibdir… Allah səbir versin! İndi isə icazə verin, gedim, işim çoxdur.
Camaat həkimin bu qısa şablon nitqinə qəzəbli və çığırtılı nidalarla qarşılıq verdi:
-Cəhənnəmə get!
-Salamat getməyəsən heç!
-Qıçın-qolun qırılaydı! Get, dalınca qara daş getsin, sağgəlməmiş!
Həkim etinasızlıqla nidalara arxa çevirib, “aksiya iştirakçıları”nın arasından sivişərək çıxdı, bir neçə saniyədən sonra sürətli ayaq taqqıltıları blokun pillələrində eşidilməyə başladı.
Xəstənin çal saçlı anası yana-yana ağlayır, sevimli qızını oxşayır, dizinə-başına döyür, yanıqlı bayatılar söyləyirdi: “Can bala! Məni niyə tək qoyub getdin! Yazıq balam, cavan balam! Ay Allah, bu sütül balama necə qıydın! Taleyim necə qaraymış, ay ellər! Ay bala, heeey! Hara getdin, ay bala! Ay bala! Vay bala!..

Analar yanar, ağlar,
Dərdini sanar, ağlar,
Dönər göy göyərçinə,
Yollara qonar, ağlar”…

Kim idi bu cavan bala? Bu cavan qız Bakı Dövlət Universitetinin filologiya fakültəsindən yenicə məzun olmuş və bir neçə aydan sonra yaxınlıqdakı orta məktəbdə dil-ədəbiyyat müəlliməsi işləməyə başlayacaq iyirmi üç yaşlı Leyla idi. Leyla dörd il öncə ali məktəbə qəbul imtahanı verdikdən sonra qorxu və həyəcandan ürək xəstəliyinə tutulmuş, tələbəlik illərini bu xəstəliklə birtəhər başa vurmuş, indi isə məhkum olduğu əcəl onu yaxalamışdı…
Balasını itirmiş ananı sakitləşdirmək üçün camaat onu dövrəyə alaraq təsəlliverici sözlər söyləyir, üz-gözünə su çiləyir, ürək-dirək verirdisə də, ana gurlayıb axan çay kimi dayanmır, toxdamır, elə hey bayatılar, oxşamalar yağdırır, çal saçını yolub yelə verir, üz-gözünü cırıb al-qana boyayırdı… Bütün bunlara baxmayaraq insan yorulan, gücdən düşən, enerjisi tükənən varlıqdır. Ana da təbiətinə sadiq qalaraq bir müddətdən sonra yoruldu, usandı, azca sakitləşdi. Camaat onun bu toxdaqlığını qızının ölümü ilə barışmasına yozdu. Amma, heyhat, ana Leylanın qara taleyi ilə barışmamışdı, sadəcə, yorulmuşdu.
Bir az keçdi… Qəflətən ana qalxdı, ucadan: “Yox!”-deyib otaqdan çıxdı. Elə hövlnak qalxdı ki, elə bil mətbəxdə qaz pilətəsini keçirməyi və ya yataq otağında ütünü şəbəkədən çıxarmağı unutmuşdu. Amma ananın otağı tərk etməsinə səbəb nə qaz pilətəsi idi, nə də ütü. Ana nə mətbəxə keçdi, nə də yataq otağına, sadəcə, dəstəmaz alıb otağa qayıtdı, üzünü qibləyə çevirib diz çökdü, əllərini göyə açıb hönkürtü qarışıq hayqırtı ilə Allaha yalvardı: “İlahi, Sənə yalvarıram, Səndən kömək istəyirəm. Səni and verirəm Öz varlığına, birliyinə, qüdrətinə, əzəmətinə, canı-cana dəyiş. Sən hər şeyə qadirsən! Balama can ver, nəfəs ver, dirilt, əvəzində mənim ömrümü kəs, əcəlimi yetir, öldür, talelərimizi dəyişdir. Talelər Sənin əlindədir, bütün qüvvət və qüdrət Sənə məxsusdur. Duamı qəbul elə, ya Rəbbim!” Ana yalvarışını bitirib əllərini üzünə çəkərək salavat oxudu, nisbətən sakitləşdi, divara yayxanaraq büzüşüb oturdu, duasının nəticəsini görmək üçün gözlərini gül üzlü qızının gözlərinə dikdi. Əhatəsindəkilər də hər biri nəfəsini içinə çəkib bir cüt gözünü eyni nöqtəyə zilləmişdi… Bir neçə dəqiqə keçdi; səbirlər aşıb-daşdı, əsəblər gərildi. Sanki dəqiqə zaman vahidi olaraq artıq altmış yox, üç min altı yüz saniyədən ibarət olmuşdu… Bir az da keçdi. Birdən…
Birdən gözlənilməz bir hadisə baş verdi; yavaş-yavaş Leyla göz qapaqlarını tərpətməyə başladı. Ana bu mənzərəni görüb heyrətlə öz-özünə pıçıldadı: “Aman

Allah! Mən yuxumu görürəm?.. Yox! Yox, yuxuya oxşamır. Görəsən, bu, həqiqətdir, yoxsa səhrada görünən ilğım kimi aldadıcıdır?” Ana yanılıb-yanılmadığını dəqiqləşdirmək üçün camaata mat-mat baxdı, gördü ki, onlar da qızı heyrətlə seyr edirlər. Belə olduqda cəsarətləndi, üzünə xəfif sevinc çökdü, gözlərindən kədər dumanı çəkildi, sanki gözlərində günəş doğuldu, qığılcımlar oynadı, gözləri, türklər demişkən, aydınlandı. Diqqət kəsilincə qızının tədricən gözlərini açdığını, çaşqın-çaşqın ətrafını seyr edərək qalxıb oturduğunu, nəhayət, əhatəsinə toplaşanları tanıyaraq çöhrəsinin gülümsədiyini gördü. Leyla canı qədər sevdiyi anasına sevinclə səsləndi: “Anacan!” Ananın sevincdən gözləri yaşardı, heyrətdən tükləri biz-biz oldu, “Şükür Sənə, ya Rəbbim, duamı eşitdin!”-deyib qızını “Can ana! Anan sənə qurban!” nidaları ilə qucaqlamağa tələsdi, duasının ikinci hissəsinin yerinə yetəcəyindən qorxdu. Qorxmalı idi də. Çünki duanın ilk hissəsi icra edilmişdi, deməli, ikinci hissəsinin də icrası labüd idi; Allah insanlardan fərqli olaraq işini yarımçıq yox, kamil şəkildə görən, sözübütöv, vədinə sadiq varlıqdır. O, ananın duasına uyğun olaraq qızının canını qaytarıb onun öz canını alacaqdı, beləliklə də, can mübadiləsini həyata keçirəcəkdi. Mübadilə iki mərhələli prosesdir. Lap iki seriyalı film kimi. Filmin birinci seriyasını çəkməklə kifayətlənmək olarmı?..
Ana qızını qucaqlayar-qucaqlamaz: “Bala, haqqımı sənə halal eləyirəm”,-dedi və onun qolları arasında keçindi. Leyla anasının müqəvvaya bənzər cəsədini özündən aralayıb təəccüblə baxdı, öldüyünə əmin olduqdan sonra bağrına basıb hönkürdü: “Anacan!.. İlahi, bu nə bəladır düşdüm! Mənə kömək ol!” Camaatın az öncə yenicə cücərməyə başlamış sevinci kədər beli ilə biçildi, kökündən qoparılıb atıldı. Kədər sevincə acımasızca hücum çəkdi və onu beşiyindəcə boğdu. Yenə ağlaşmalar, oxşamalar, əzizləmələr, qəmli bayatılar otağı başına götürdü. Aman Allah! Bu can mübadiləsi necə qəribə, heyrətamiz proses idi: birinci hissəsi sevinc, ikinci hissəsi kədər qoxuyurdu. Eynilə birinci seriyası sevincli, ikinci seriyası kədərli sonluqla bitən film kimi…
Hamı ağlaşırdı. Leyla isə həm yana-yana ağlayır, həm də oxşayır, dizinə-başına döyür, qəmli bayatılar söyləyirdi: “Can ana! Məni niyə tək qoyub getdin! Yazıq anam, can anam! Ay Allah, anama necə qıydın! Ay ana! Vay, ana!

Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.
Ana, yetir özünü,
Yaman çağımdı mənim!”…

 

 

 

 

 

Bölmə : Bölməsiz, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10