Allahın barmağı yoxdur ki… – Zülfiyyə Sadiqova

155 Baxış

18579059_10210297987778463_1556307983_n

Senet.az oxucularına Zülfiyyə Sadiqovanın yazıçı Şəmil Sadiqin “Yuxu Maşını” əsərinə yazılmış qeydləri təqdim edir.

“Yuxu maşını” kitabını oxudum. Təsirli əsər idi. Ən çox xoşuma gələn cəhəti müəllifin sadə dil-üslub xüsusiyyəti, həyatda olan hadisələrdən məqsədəuyğun şəkildə gözəl yararlanmaq bacarığıdır. Düzdür, qeyri-adi, heç rast gəlmədiyim bir mövzu deyil. Amma fantastik əsər olmasına baxmayaraq, hekayənin real heyatla möhkəm bağlılığı olduğunu gördüm. Hadisələr şişirtmə, qeyri-real deyildi. Əksinə, oxuduqca düşünürsən ki, bunlar mümkün olan şeylərdir, hər şey həyatidir. Bəzən adi məişət üslubunda yazdığı sözlərlə dodağımıza gülüş qonduran yazıçı bir də baxırsan, Tanrı, Yaradan, dünya, qadın-kişi münasibətləri haqqında elə fəlsəfi fikirlər söyləyir ki, insanı düşünməyə, çox halda da razılaşmağa sövq edir. Xüsusən də, “Tanrı evləri”, dini ayrıseçkiliyin olmadığı bir məkan, insanın Tanrını vicdanında axtarması fikirləri mənim də düşüncələrimlə üst-üstə düşdü.

Obrazlar da təbii yaradılmışdı. Ən çox xoşuma gələn elə Bilgənin özü idi. Vicdanlı və səmimi adamdır. Yazıçının bu obraza rəğbətlə yanaşması və hər addımda ona bəraət qazandırmaq istəməsi aşkar görünür. Sevgisi atəşli də olsa, içinə düşdüyü şəhvətli və çirkin hisslər bu sevgini tam anlamağa, ehtiram bəsləməyə mane olur. Özü etdiyi səhvi başqasında, əsas da Aycanda axtarması və bu düşüncə ilə yatarkən elə bir çirkin yuxu görməsi onu fəlakətə aparır. Ehtiras və maraq axtarması onun bütün dəyərli işlərinin yarımçıq qalmasına səbəb olur. Necə deyərlər, Allahın barmağı yoxdur ki…

İnsan qazdığı quyuya bir gün mütləq düşür, gec və ya tez. Yeganə xoşladığı qeyri-adi yataq fantaziyaları onu əski sevgisindən cismən və vicdanən uzaqlaşdırır. Hər kəsdən çox etibar etdiyi xanımından belə şübhələnməyə başlayır. Yəni onu da öz arşını ilə ölçür. Bu da o mənhus yuxunu görməyə və həyatını alt-üst etməyə gətirib çıxarır.

Bir şey maraqlıdır, görəsən, Aycan onun xəyal etdiyindən xəbər tutsa idi, Bilgəni bağışlayardımı? Əsərdən görürük ki, yoldaşında son zamanlar meydana gələn dəyişikliyi belə qeyri-adi qüvvələrlə bağlayır. Bilgə haqqında bir dəfə də olsun, pis düşüncələrə düşmür. Amma Bilgəəə…

O vicdanı ilə ehtirasının arasında qaldı. Vicdanı qalib gəlsə də, ehtirası bu böyük adamın səhvinə səbəb oldu. Bunu oxuyan hər kəs, məncə, özünə yaxşı bir dərs ala bilər.

KÖŞƏ YAZARLARI
TOP 10