Alman kilsəsi

82 Baxış

afaqmesuAfaq Məsud

- Günah məndədi. – Mən dedim və hiss elədim ki, boğazımı qəhər tutur. Sözlərin qalanını dodağım büzüldüyündən, axırını yeyə-yeyə dedim deyə, direktrissanın üzü təəssüflə əyildi. – Mənim ağlıma belə gəlməzdi ki, bu uşağın musiqi qabiliyyəti ola bilər. Axı onun heç adi dərslərə, nəğmə oxumağa belə həvəsi yox idi?!.. – Sözümü, axır ki, qəhərdən boğula-boğula da olsa, tamamlaya bildim.

Direktrissa qaşlarını qaldırıb yüngülcə pörtə-pörtə:

- Nahaq özünüzü belə üzürsüz. Burda günahkar axtarmağın yeri yoxdu, – dedi, – bilmək istəyirsinizsə, dahi musiqiçilərin çoxunun musiqi təhsili olmayıb. Əgər uşağın qabında həqiqətən bir şey varsa… Mənsə əminəm ki, var, özü də kifayət qədər, o, özünü biruzə verəcək.

Rəna nəhəng royalın arxasında həmişəki kimi, kürəyini əyib oturmuşdu, direktrissa danışdıqca şübhə dolu nəzərlərlə gah mənə, gah da direktrissaya baxırdı. Belədə o həmişə mənə balaca buzovu xatırladırdı. Mən onu bəzən elə belə çağırırdım: “Bu-zov…”

Direktrissa mənimlə üzbəüz qalmaqdan canını qurtarmaqdan ötrü ayağa qalxıb royala sarı getdi, Rənanın barmaqlarını əllərinin içinə alıb xəmiri yoğuran kimi yoğurdu.

- Siz bir buna baxın, barmaqlar royal dilləri üçün yaranıb, – dedi, sonra qızın əllərini royalın dilləri üzərinə buraxıb məlahətli səslə:

- Bayaqkını bir də çal, qızım, – dedi.

Rəna gözlərini döyüb belini dikəltdi, balaca, yumru barmaqlarını gərə-gərə Motsartın mürəkkəb akkordlu Rekviyemini çalmağa başladı. Musiqinin ecazkar dalğaları otağa doldu. Direktrissa arxasını royala çevirib gözlərini yumdu, sağ əlini havada gəzdirə-gəzdirə “Rekviyem”ni hansısa görünməz klaviaturada Rənayla birgə çalmağa başladı. Bir qədər sonra gözlərini açıb sağ tərəfimdə oturan müəllimlərə:

- Təsəvvür edirsiz? Siz bir qulaq asın. Bunu bircə notu belə tanımayan, musiqi təhsili olmayan on dörd yaşlı uşaq çalır, – dedi.

Rəna bu sözləri eşitməsə də, getdikcə çaldığından ilhamlanır, balaca barmaqlarını daha çevik işlədə-işlədə, sanki, öz ustalığı ilə otaqdakıların heyranlığına bəraət qazandırmağa çalışırdı.

Əsər sona yetəndə direktrissa artıq öz yerində idi, əllərini çənəsinə vurub gözlərini otağın məchul nöqtəsinə zilləyərək, fikrə dalmışdı.

- Düşünürəm, qızınızın musiqi sferasına daxil olması üçün yeganə yol – uşağı vokal üzrə hazırlamaqdır, – bunu müəllimlərdən biri – gözündəki eynəyin çərçivəsi yanağının dərin qırışlarında batan yaşlı, arıq bir qadın dedi və çönüb mənə baxdı. – Burda ifa texnikasından söhbət gedə bilməz. Barmaqlar sıfır səviyyəsindədir. Bəli, – o, direktrissanın nə isə demək istədiyini duyub onun sözünü havadaca kəsdi – …sizinlə tamamilə razıyam ki, barmaqların müəyyən plastikası var, lakin onlar dilləri tanımır, onların üzərində balerina dırnağı üstə dayanan kimi dayanmaq əvəzinə, yayxana-yayxana gəzişir. Bir sözlə, qatar ötüb. Ona görə də cuhudlar erkən yaşlarından uşaqlarını musiqi, balet, idman və sair sahələrdə sınayırlar ki, sonradan bu sayaq kazuslarla üzləşməsinlər.

Müəllimə sözünü bitirib qalibiyyət dolu üzü ilə yenə mənə baxdı.

Müəllimənin bu sözündən ürəyim sıxıldısa da, özümü o yerə qoymadım çönüb saxta təbəssümlə Rənaya gülümsədim.

Rəna royalın arxasında dünyadan xəbərsiz buzov sifətiylə oturub mənə və müəllimlərə elə baxırdı, elə bil deyilənlərin onun üçün yaxşı, ya pis olduğunu anlamırdı.

…Biz küçəyə çıxanda musiqi məktəbinə əlləri müxtəlif ölçülü musiqi alətləri qutularıyla dolu bir dəstə uşaq daxil olurdu. Rənanın onların ardınca gizli həsrətlə baxmağından əsəbiləşib kürəyini dümsüklədim: – Belini düzəlt, – dedim. Rəna paltosunun yaxalığını qaldırıb dinməz-söyləməz yanaşı addımlayırdı. Onun nə düşündüyünü anlamaq çətin idi. Olsun ki, o, son iki ili saatlarla, günlərlə barmaq-barmaq yığıb öyrəndiyi Rekviyemə görə çəkdiyi əziyyətləri barədə düşünürdü. Mənsə, onun uşaqlıq illərini xatırlayır, məktəbə, musiqiyə, kitaba olan laqeydliyini, şirniyyata və yatmağa olan meylini yadıma salır, canımı beləcə bugünkü qəzanın    baiskarlığından qurtarmağa çalışırdım.

Əslində isə hər şey iki il bundan əvvəl, ciddi musiqidən çox-çox uzaq bir ərazidə, öz sadəlövh uşaq aləmində yaşayan Rənayla Alman kilsəsinə – şəhərin mərkəzi küçələrindən birində, izdihamlı səkidən bir addım geriyə çəkilən tək, bozarmış kol-kosun, sarımtıl gül alleyasının arasında gizlənən, az qala, buludlara dirənən qaramtıl qülləsi isə lap uzaqlardan görünən qədim tikiliyə getdiyimiz gündən başlamışdı… Həmin gecə skripkaçılardan ibarət yığcam orkestr Baxın, Motsartın, Vivaldinin əsərlərini ifa etdikcə Rənanın ovsuna düşən tək, hərəkətsiz qaldığını, hardansa, hansısa ilahi yüksəkliklərdən zala dolmağa başlayan musiqinin onu getdikcə qəribə bir çəkisizliyə saldığını hiss edəndə, hələ mən bu gözlənilməz təəssüratın nə ilə nəticələnəcəyindən, bu sənət əsərinin onun balaca, uşaq qəlbində hansı dəyişikliklər yaradacağından xəbərsiz idim. Teatr və konsert salonlarında adəti üzrə üfürülmüş qarğıdalı və çips yeyən, kino- zallarda mürgüləyən Rənanın burda nəyinsə izinə, ya içinə düşmüş kimi, hansısa sirli dərinliklərə endiyi, orda nələrəsə toxunduğu onun, musiqinin təsirindən irilən bəbəklərinin hardasa, səhnədən kənarlarda – naməlum ərazilərdə gəzişdiyindən anlamaq olurdu. Konsertdən evə gələn axşam Rəna pianonun arxasına keçib ayrı-ayrı dilləri danqılldatdı. Səhəri gündən başlayaraq isə saatlarla piano arxasından durmadı. İlk əvvəllər 10 dillərin üzəriylə bataqlıq üzərində gəzən tək, ehtiyatla, barmaq-barmaq gəzişən Rənanın cəmi bir neçə aydan sonra ustalıqla çaldığı Rekviyemi eşidəndə gözlərimə, qulaqlarıma inanmadın.

Çox keçmədi ki, Rəna barmaq-barmaq yığa-yığa öyrəndiyi “Rekviem”i tezliklə iri akkordlarla, getdikcə daha mükəmməl çalmağa başladı. Səhərlərimiz – otaqların divarlarını lərzəyə gətirən “Rekviem”in möhtəşəm sədalarıyla açılır, axşamlarımız həmin hüznlə başa çatırdı. Bir müddətdən sonra mən bu musiqinin evimizdə nəyisə dəyişdiyini, ayrı-ayrılıqda hər birimizə sirli olan nə isə təlqin etdiyin hiss etdim. Bizlərdə və evdə nəyin dəyişdiyini dəqiq müəyyən edə bilməsəm də, evimizə hakim kəsilmiş bu musiqinin Rənanın Alman kilsəsindən gətirib gəldiyi həmin məşhur Rekviyem olmadığı dəqiq idi… Bu, nə vaxtdan bərisə evimizin hansı küncündəsə soluxub qalmış, indi isə musiqiylə ətə-qana dolub şahə qalxan insana, ruhabənzər dəhşətli bir dalğa idi… – Bilirdim belə olacaq, – Rənanın qolundan tutub maşın yolunu keçirə-keçirə, sükutu pozmaq xatirinə dedim. Rəna dinmirdi, üzü matəm dolu əzablardan kölgəli idi. O, mənimlə yanaşı addımlayır, addımlarını qəsdən ləngitməsindən məndən geriyə qalmağa çalışdığı bilinirdi. Mən, mövzunu dəyişib, bütün yeniyetmələr kimi, Rənanı da qarşıda gözləyən işıqlı gələcəkdən danışır, yiyələnə biləcəyi digər peşələrin üstünlüyünü, onun bu sahələrdə qazana biləcəyi uğurları sadalayırdım. Rənanın gözlərinin altı qaralmış, burnu uzanmışdı. Belədə onun üzü qədim yunan filosoflarından hansı birininsə üzünü xatırladırdı…

…Həmin günün axşamı Rəna pianoya yaxın getmədi, otağına çəkilib orda divanda üzü divara uzanıb qaldı. Rənanın matəmindən o axşam işıqlarımız söndü və səhərəcən yanmadı. Bütün gecəni böyük qızımla mətbəxdə, şam işığında keçirməli olduq. Bütün gecəni Rənanın qaranlıq zülmətə qərq olmuş otağında sovrulan faciəvi burulğanların titrəyişini biz uzaqdan- uzağa mətbəxin soyuq qaranlığında hiss eləyirdiksə də, o tərəfə keçməyə cürət eləmirdik. …Səhər naharında Rənanın gözlərinin altı yenə kölgəli idi. Bənizi solmuş, üzü bircə gecənin içində nazilib uzanmışdı. O özünü o yerə qoymur, məğlubiyyət kədərindən batmış səsi ilə indi də dünyanın məşhur opera əsərlərindən, opera sənətinin əbədiliyindən, opera müğənnilərinin bədən quruluşunun hansı tələblərə cavab verməli olduğundan və sairədən danışa-danışa hey nə isə çeynəyirdi. Mənsə onun bütün gecəni kursunu dəyişmək məcburiyyətində qalmış gəminin aqibətini yaşadığını, “Rekviem”in ərazisinə qərq olmaqdan ötrü, uğursuzluğa düçar olmuş pianoçuluqdan vokala kökləməklə məşğul olduğunu anlayır, bütün gecəni onun qaranlıq, səssiz otağında sovrulan burulğanların mənasını dərk edirdim… Həmin gündən Rekviyemin piano variantı, onun daha dəhşətli növü ilə – opera variantı ilə əvəz olundu. Rekviyerm’i indi Rənanın hansısa musiqi mağazasından alıb gətirdiyi vahiməli qadın xoru oxuyurdu…

Bu, təxminən, bizlərə qarşı qurulmuş xalq məhkəməsini andıran müdhiş, möhtəşəm xorun ittiham marşı    idi. Bəzən mən nəhəng bir kimsənin səsiylə oxuyan bu təkəbbürlü qadınları görürdüm də. Bu, üzlərinə şəffaf örtüklər salınmış, dolu bədənli, hündürboylu, acıqlı rahibələr idi… Onlar “Rekviyem”i əllərində tutduqları nəhəng notlara baxa-baxa oxuyur, oxuduqca boyları, sanki, bir az da uzanır, başları evimizin tavanına dirənirdi… Xoru dinlədikcə Rənanın bənizinin ağardığını, gözlərinin böyüyüb onu hansısa qədim, nəhəng balığa oxşatdığını müşahidə etdikcə hamılıqla mütəəssir olur, bu binəva qızcığazın böyüyüb boya-başa çatdığı öz evindəcə, doğmalarının arasındaca düşdüyü uçurumun çıxılmazlığından qurtara bilmirdik… Belə məqamlar Rənanı dindirmək, yaxud olduğu yerlərin yaxınlığından ehtiyatsız ötüşmək – ağır işgəncələrdən sonra şirin yuxuya dalmış adamı yuxudan oyatmaq, bütün vücudunu narahat eləmək qədər günah bir işə çevrilmişdi. Bəzən biz ürəklənib, otaqları gərən, döşəməni titrədib, divarları çatladan bu musiqini kəsməkdən ötrü müxtəlif bəhanələr tapır, Rənanı musiqiyə bu ifrat aludəliyinə görə məzəmmət edirdiksə də, onun solğun bənizindən, gözlərinin dərinliyinə çökmüş lal kədərindən nədəsə səhv etdiyimizi, nəyisə axıracan anlamadığımızı başa düşürdük.

Uzaq əsrlərdə, Almaniyada dünyaya gəlmiş bu musiqinin balaca qızcığazı bizdən aldığını, gözümüzün qabağında ola-ola, hansısa sirli ərazilərdə saxladığını anlamaq nə qədər asan idisə, onu oralardan qoparıb geriyə qaytarmaq bir o qədər çətin idi… Musiqi bitən məqamlar Rənanın artıq həmin o «geridə» yaşaya bilmədiyi, öz otağına – sakit tənhalığa çəkilib ordan harasa, daha ayrı sakitliklərə sığınmaq ehtiyacı onun bizlərdən tamamilə ayrıldığından, daha əvvəlki həyatı ilə yaşaya bilməyəcəyindən xəbər verirdi. Günlər beləcə keçib gedirdi. Mən hər axşam işdən evə dönərkən evimizi yadelli işğalçılar tərəfindən zəbt edilmiş kimi, tanış matəm içində tapır, tələsik soyunub özümü Rənanın otağına salır, onu rinqdə nakaut almış boksçunun vəziyyətində – üzüqoylu divana atılmış halda tapırdım. Böyründə əyləşib ehtiyatla saçlarını tumarlayır, üzgüçü çiyinlərini andıran əzələli çiyinlərini öpür, ürəyini almaqdan ötrü fikirləşib, hər dəfə yeni bəhanələr tapırdımsa da, Rənanın vəziyyətində heç nə dəyişmirdi. Bir gün isə Rəna, axır ki, üzünü mənə çevirdi, ağlamaqdan şişmiş gözlərini üzümə dikib: – Mənə oxumaq da olmaz. – Dedi. – Səs tellərim zəifdi. Yuxarı nota qalxanda qırılır… O axşam mən evdə olan bütün kasetləri bağlamaya yığıb dəhlizin aşağı başındakı divar şkafının əlçatmaz bir küncünə atdım. Səhəri gün isə, ümumiyyətlə, bu «yoluxucu» bağlamadan birdəfəlik qurtulmaq məqsədi ilə onu evdə saxlamamaq qərarına gəldim, bağlamanı işə aparıb, orda köhnə kitabların arasında gizlətdim. Kasetlərdən sonra evimizə sakitlik və əmin-amanlıq çökdü və biz bir müddət – «Rekviyem»in izlərini yuyub təmizləməklə, onun çalxalayıb zədələdiyi, nəyinsə yerini, nəyinsə mahiyyətini dəyişib tanınmaz hala saldığı mənzilimizi əvvəlki halına qaytarmaqla məşğul olduq. İlk əvvəl musiqinin olan-qalan izlərini yuyub aparmaqdan ötrü xadimə çağırıb bütün otaqları döşəməsindən tavanınacan yudurtduq, Rənanın otağını böyük qızın otağıyla dəyişdik, evin ümumi ovqatını təzələməkdən ötrü hər axşam yeni-yeni maraqlı macəra filmlərinin, komik filmlərin kasetlərini alıb gətirir, istirahət günləri gəzintilərə çıxır, ailəvi şam yeməkləri təşkil edir, «Rekviyem» barədə hamılıqla susurduq.

Rəna uzun, ağır xəstəlikdən sonra bədəninin müqavimətini büsbütün itirmiş halsız xəstəyə bənzəməyə başlamışdı. O, heç nə yemir, üzü, demək olar ki, gülümsəmir, suallarımıza qısa, küt cavablar verir, musiqi barədə kəlmə belə kəsmir, piano olan otağın qapısından, dərin uçurumun kənarından ötən tək, tələsik addımlarla ötüşür, daha yunan filosofuna bənzəmirdi… Bir müddət hər şey beləcə öz qaydası ilə getməyindəydi. Mən xoşbəxt idim. Arxada qalan iztirab və həyəcan dolu günlər məndə klassik musiqiyə anlaşılmaz bir xof yaratmışdısa da, bunun fərqinə varmır, o barədə fikirləşməməyə çalışırdımsa da, hansısa gizli toxumamla, başımızın üstünü almış sirli təhlükənin tam sovuşmadığını, evin hansısa gizli bucaqlarına çəkilib gizləndiyini, necəsə, hiss edirdim. Hisslərim məni aldatmamışdı… Günlərin biri işdən evə dönərkən həyətimizi başına götürən Rekviyemin sədaları məni binanın girəcəyindəcə ildırım kimi vurdu… Mən əlimdəki zənbillərin ağırlığını unudub pillələri iki-iki qalxdıqca, içi musiqi tufanıyla dolub-daşan otaqların ən axırıncısında, tənha divanında, nəfəssiz halda üzüqoylu uzanan Rənanı təsəvvürümə gətirdikcə, nəfəsimin 12 itdiyini, sinəmin ortasına kəsici tikə kimi ilişmiş sıxıntının boğazıma dirəndiyini, nəfəsim təngidikcə boğulduğumu hiss edirdim. Qapını açarla açıb özümü hövlnak içəri saldım… və dəhşətdən ildırım vurmuş kimi dəhlizin ortasında dayanıb qaldım…

O, yenə burda idi… Öz ürəküzən çalarlarıyla dəhlizimizin divarları arasında gərilib tavana dirənir, yenə qapıları titrədirdi… Xorun səsi getdikcə yüksəlir, tembr diapazonu məni divara sıxıb sanki çölə itələyirdi… Biləklərim, dizlərim süstləşib boşaldı, gözlərim qaraldı… Zənbilləri qapının ağzındaca yerə buraxdım, heysiz ayaqlarımı ardımca sürüyə-sürüyə özümü Rənanın otağına çatdırdım. Qapını açıb içəri daxil oldum və quruyub qaldım… Rənanın üzüqoylu uzanmalı olduğu divan bomboş idi… Özümü hövlnak o biri otaqlara, sonra mətbəxə atdım… çarpayıların altını, şkafların içini yoxladım… Rəna yoxa çıxmışdı… Sanki qeybə çəkilmişdi. “Rekviem”in iti şimşəyi andıran çaxıntılarını kəsmək üçün maqnitafonu axtardımsa da, tapmadım. Maqnitafon da sirli halda yoxa çıxmışdı… Mən qəlbləri intiqam və məkr dolu qəzəbli rahibələrin arasında idim… Onların hardan, evin hansı bucağından oxuduğunu anlaya bilmir, Rənanın hara gedə biləcəyi barədə düşünməkdən üzülür və Alman kilsəsinin buludlara dirənmiş qaramtıl qülləsini xatırlayırdım…

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10