Alman kralının adaşı, “tanrını öldürən” filosof

154 Baxış

friedrichnietzsche-620x387Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche) 1844-cü ildə Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röken kəndində anadan olub. Atası Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi (1813–1849), anası isə Fransiska Nitsşe (1826–1897) evdar qadın idi. Ömür boyu din əleyhinə mübarizə aparan Nitşenin hər iki valideyni protestant ailəsindən idi.

Nitşe 1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümündən sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk məktəbdə- Burgerschuledə təcrid olunmuş, tənha hiss üçün, şagirdlərə qaynayıb-qarışmadığı üçün onu özəl məktəbə oxumağa göndərirlər.

1854-ci ildə Hamburqdakı Dom gimnaziyasına daxil olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858-1864-ci illərdə Şulpforta internat məktəbində təhsil alır. Çalışqan bir şagird olur, antik ədəbiyyatla maraqlanır, şeir yazır və musiqi bəstələyir.

Atasız böyüyən bir yeniyetmə üçün yaşlı şair Ernst Ottlepp (1800-1864) bir ata kimi onun şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.

1864-1865-ci illərdə Bonn universitetinin klassik filologiya və ilahiyyat fakültəsinə daxil olur, lakin “Gənc Hegelçilər”in əsərlərini oxuduqdan sonra oranı tərk edir və 1865-1866-ci illərdə filoloqiya üzrə Leypsiq universitetinə daxil olur. Bu dəfə o, “Gənc Hegelçilər”dən uzaq duran Artur Şopenhaur və Fridrix Albert Langenin əsərləriylə tanış olur. 1867-ci ildə könüllü olaraq Prussiya ordusunda bir illik xidmətə gedir. Lakin 1868-ci ilin mart ayında at çaparkən atdan yıxılıb ağır zərbə alır və ordudan kənarlaşdırılır. Geri qayıtdıqdan sonra da təhsilini davam etdirir.

1868-ci ildə Rixard Vaqnerlə tanışlığı Nitsşenin həyatında önəmli hadisələrdən bir sayılır. Könüllü olaraq qatıldığı 1870-ci ildə alman-fransız müharibəsində keçirdiyi xəstəliklərin xeyli artmasıyla, universitetdəki vəzifəsindən təqaüdə çıxaraq, sağlamlığını qorumaq üçün qışda İtaliya sahillərində, yayları İsveçrə dağlarında yaşayır və özünü tamamilə yazılarına həsr edir.

1883-cü ildə, bir il əvvəl tanış olduğu Rus əsilli qadın şair Lou Salomenin dəstəyi ilə, “Belə Buyurdu Zərdüşt”ün ilk kitabını yazır. Bundan sonra 1885-ə qədər “Belə Buyurdu Zərdüşt”ün ikinci, üçüncü və dördüncü kitablar ilə yanaşı “Yaxşı və Pisin hüdudlarından kənarda” (1885) və “Əxlaqın Şəcərəsi” (1887) kitablarını yayımlayır.

“Belə buyurdu Zərdüşt” əsərindən sonra Nitsşe çox məhsuldar işləyir və bir-birinin ardınca kitablar yazır.Ən məhsulda ili isə 1888-ci il hesab olunur. Həmin il ardıcıl olaraq “Vaqner Hadisəsi”, “Bütlərin qürubu”, “Antixrist”, “Ecce Homo” adlı əsərlərini qələmə alır.

1889-cu ildə yeiyetməlikdə yoluxduğu siflis xəstəliyi nəticəsində psixoloji durumu tamamən pozulur və Nitşe dəli olur. 1900-cü ildə  Nitşe ağır xəstəlikdən sonra vəfat edir

Yaradıcılığı

Nitsşenin yazılarının böyük bir hissəsi anarxizmə qarşı olduğu halda anarxistlərin çoxusu  ondan xeyli dərəcədə təsirlənib.Spencer Sunshine yazır ki,  “Nitsşedə anarxistlərin diqqətini çəkən çox şey var: Onun dövlətə nifrəti, “sürü”lərin düşüncəsiz hərəkətinə nifrəti, onun “anti-xristian” düşüncəsi,və onun “üstinsan” yaratmaq arzusu…”

Emma Qoldman, Emil Armand, Renzo Navator, Rudolf Roker, kimi anarxist və post-anarxist filosof və yazarlar Nitsşedən təsirlənib və onun fikirlərinin təsiri altında olub.

Nitsşedən təsirlənmiş ən böyük hərəkat faşizm hərəkatı olub.  Adolf Hitler Nitsşenin bacısı Elizabetlə yaxşı münasibətdə idi. Elizabet isə Nitsşenin əsərlərini faşizm ideyalarına uyğunlaşdıraraq onun faşist ideoloqu olmasına çalışmışdı. Faşistlərdə Nitsşe marağının səbəbi onun “üstinsan”ı arzulaması idi. Elizabet Hitleri inandırmışdı ki, Nitsşe “üstinsan” deyəndə üstün irqi, almanları nəzərdə tutub. Hitıer buna inanırdı və Nitsşenin əsərləri onun ilham mənbəyi sayıla bilər.

Karl Yunq, Alfred Adler və Ziqmund Froyd kimi alimlər psixoanaliz təlimini inkişaf etdirərkən Nitsşedən xeyli dərəcədə təsirləniblər.

Nitsşenin yaradıcılığına ən böyük ziyanı bacısı Elizabet vurub. Əri intihar etdikdən sonra Nitsşeyə daha çox diqqət ayıran bu qadın, qardaşının bir çox əsərlərini istədiyi kimi təhrif və ixtisar edib. Məsələn, “Antixrist”in 35-ci bölümü uzun illər əsərin heç bir nəşrinə salınmayıb.

 

Cəlil Cavanşir

KÖŞƏ YAZARLARI
TOP 10