Almaniyanın Bielfeld şəhərində “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “İşğalçı dövlətə qarşı sanksiya” layihəsi çərçivəsində “Müharibə zonalarında miqrant problemi, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi” mövzusunda tədbir keçirilib.
Layihənin həyata keçirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi də yaxından dəstək verib. Tədbir Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilati dəstəyi ilə Atatürk Düşüncə Dərnəyinin ofisində keçirilib.
Bielfeld Bələdiyyəsinin Əcnəbilər bölməsinin rəhbəri, Atatürk Düşüncə Dərnəyinin sədri Mehmet Ali Ölməz Dağlıq Qarabağ müharibəsinin ağrılı nəticələrini, erməni terrorunu hər zaman xatırlamağın zəruriliyini vurğulayaraq, “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin layihəsinin təqdimatı ilə tədbir iştirakçılarına müraciət edib.
Təqdimatdan sonra “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Rəsmiyyə Babayeva “Müharibə ərazilərində qaçqınlar problemi, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatı əks etdirən slaydşou nümayiş etdirilib.
Məruzədə Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın törətdiyi cinayətlər, xüsusilə də əsir və itkin düşmüş, girov götürülmüş insanlar haqqında informasiyalar dinləyicilər tərəfindən maraqla dinlənilib. Məruzədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində məlumatlar diqqətə çatdırılıb: 2015-ci il 1 iyul tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4013 nəfər təşkil etdiyi, işğal edilmiş ərazilərdə ermənilərin narkotik maddələr becərməsi, mədəni irsi məhv etməsi qeyd olunub.
Tədbirdə Bielfeld Bələdiyyəsinin əməkdaşları, siyasi partiyaların nümayəndələri, Alman –Azərbaycan Cəmiyyətinin, Atatürk Düşüncə Dərnəyinin ,Türk Tələbə Gənclər Təşkilatlarının və diaspora təşkilatlarının nümayəndələri iştirak ediblər.
Məruzədən sonra Rəsmiyyə Babayeva əsir və itkin düşmüş, girov götürülmüş insanlar, xüsusilə uşaqlar haqqında informasiyaları diqqətlə dinləyən iştirakçıların çoxsaylı suallarına cavab verib.
Tədbirin ikinci hissəsində alman dilində “Ağdam – Qafqazın Xirosiması” filmi nümayiş etdirilib.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva “İşğalçı dövlətə sanksiya!” layihəsinin əsir və itkin düşmüş, girov götürülmüş insanlarla bağlı mövzuya diqqəti cəlb etməsinin əhəmiyyətli olduğunu söyləyib.
Tarixçi-araşdırmaçı Nizaməddin Onk və başqaları da bu tədbirdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında dəyərli informasiyalar öyrəndiklərini söyləyibklər.
Tədbirdə “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin əcnəbi müəlliflərin alman və ingilis dillərində yazdıqları kitabların elektron variantı, alman dilində “Ağdam – Qafqazın Xirosiması” filminin CD və DVD-ləri, Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif xarici ölkələrdə alman və ingilis dillərində nəşr edilmiş kitablardan ibarət “Qarabağ guşəsi” nümayiş etdirilib.