Amalı və əməli bütöv insan – Həzi Həsənli

1329 Baxış

hezihesenli

Senet.az oxucularına Həzi Həsənlinin, Çərkəz Qurbanlı haqqında yazıdğı “Amalı və əməli bütöv insan” yazısını təqdim edir.

Çərkəz Qurbanlı (Qurbanov Çərkəz Hüseyn oğlu) 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948-1959-cu illərdə həmin kənd orta məktəbində alıb. 1960 – cı ildə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsinə daxil olub və təhsilini 1965 – ci ildə başa vurub.

Daha sonra,1965-1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib. 1966-cı ildə M. F. Axundov adına APDİ-də (indiki Azərbaycan Dillər Universiteti – ADU) pedaqoji fəaliyyətə başlayıb. 1973-cü ildə həmin institutda Alman dili kafedrasında baş müəllim vəzifəsində çalışıb. 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və filologiya  elmlər namizədi elmi dərəcəsini alıb. 1986-cı ildə Tərcümə kafedrasının müdiri vəzifəsinə keçib və sonradan həmin kafedranın  dosenti olub.

Çərkəz Qurbanlı 1993-cü ildə Tərcümə fakültəsinin dekanı, daha sonra yenidən Tərcümə və axşam təhsili fakültəsinin dekanı olub. O, 1993-1994-cü illərdə, həmçinin I prorektor əvəzi vəzifəsində çalışıb. 2000-ci ildəADU-nun Alman dilinin leksikası və üslubiyyatı kafedrasına müdir seçilib. 2004-2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb. 2011-ci ildə Alman dilinin leksikası və üslubiyyatı kafedrasında professor vəzifəsini tutub. Bununla yanaşı, 2009-2014-cü illərdə ADU-nun nəzdində bir sıra dil laboratoriyalarında aparıcı elmi işçi kimi də çalışıb. ADU-nun Müasir Alman dili kafedrasının professoru idi.

Tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən “Əli və Nino” romanını alman dilindən Azərbaycan dilinə tərcümə edib. Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş alman dilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb. O, bir müddət Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb.Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi.

2014 – cü ilin may ayında vəfat etmişdir.

 …Mənim könlümün dərdə qalanan vaxtlarında  onun təsəlli üçün dediyi sözlər içimdəki sönən işığı yandırdı sanki. Çərkəz müəllimin o yumşaq, həzin səsi hələ də qulaqlarımdadır. Bu, onunla ünsiyyətdə olduğumuz anların ən təsirlisi idi. Oğlum Yılmazın itkisi məni yandırdığı kimi, onu da ağrıdırdı. Dərindən köks ötürüb : – O uşaq Tanrının mələk payı idi… Başınız sağ olsun, Allah səbr versin, – dedi.

…Tale elə gətirdi ki, bir neçə il sonra Çərkəz müəllimin əziz oğlu Elçin Qarabağda şəhid oldu. Ona üz verən bu itkinin ağırlığını bütün varlığımla hiss edirdim, amma deməyə bir söz qalmamışdı. Çünki Çərkəz müəllim Şəhidlər Xiyabanındakı dəfn mərasimində özünün yaxınlarına, doğmalarına oğlu Elçinin şəhidlik zirvəsinə ucaldığını deyirdi. Bax, həmin anda o qürurlu atanın – Çərkəz müəllimin üz – gözündə vüqarlı bir qəm gördüm. Elə düşünürdüm ki, həmin anda onun gözlərindəki kədəri mənim qədər duyan olmamışdı.

Heç bir odun – ocağın istisi insan nəfəsi qədər qəlbi isitmək gücündə deyil. Onun nəfəsindən qopub gələn bu isti sözlər hamımız üçün bir təsəlli oldu. O sözlər mənim üçün bu gün də öz təravətini itirməyib. O, nurlu insan idi, nuranilərə xas xüsusiyyətləri yaşadırdı canında. Qəlbi nəcib hisslərlə döyünürdü. Orada örnək götürüləsi çox şeylər vardı.

Ümumiyyətlə, Çərkəz müəllimlə söhbət edərkən Vətən sevdalısı, Göyçə – Qarabağ həsrətlisi olduğunu duymamaq mümkün deyildi. O, həmişə haqqın yanında olan adam idi.Haqsızlıqla heç vaxt barışmazdı. Haqsızlara qarşı qəzəblə, hiddətlə danışardı, şan – şöhrət azarına tutulanları qınayardı. Bəlkə elə buna görə “Haqq yolu” adlı qəzet təsis etmiş və onun baş redaktoru olmuşdu. Həmin qəzet  bir müddət fəaliyyət göstərdi və oxucu sevgisi qazandı.

Çərkəz Qurbanlı deyirdi ki, biz intellektual və elitar qəzet olmaq iddiasındayıq. Bu gün Azərbaycanda qəzet boldur. Amma mənim aləmimdə oxucunun arxasınca sürünən qəzet qəzet deyil. Qəzet oxucunu çəkib gətirməlidir. Ola bilsin ki, biz çox az adam tərəfindən qəbul olunaq. Amma heç vaxt bulvar qəzeti səviyyəsinə enməyəcəyik. Bizim “Haqq yolu” qəzeti Azərbaycanda intellektin ehtiyacını təmin edəcək.

“Haqq yolu” qəzetində haqqın yolu  halallıqdan keçəcək. Mən mömin və dindar adamam. Bizim məqsədimiz haqq yolu ilə gedib, oxucularla birgə bu yolun yolçusuna çevrilməkdir.

Onun nəcib siması indi də gözümün önünə gəlir. Yaxşılıq etməkdə əvəzi yox idi. Çox qohumcanlı, dostcanlı insan idi. Canında  böyük insansevərlik yaşadırdı. Həyatın min cür keşməkeşlərini görsə də, üzündən nur gülüşü əskik olmazdı. Ötən günlərinə boylanmaq üçün çiyni üstən uzaqlara baxmağı vardı. Heç vaxt maddi qayğıları özünə dərd eləmirdi, hər şeydə işıq axtarırdı. Elinə – obasına möhkəm tellərlə bağlı insan idi. Buna görə də el – obasının adamları Çərkəz müəllimin xətrini əziz tuturdu.

O, təkcə öz ailəsinin deyil, qohumlarının da qayğısına qalır, onların problemlərindən xəbərdar olur, çətinliklərini hiss edir və hamısının dərdinə qalırdı. Elə bil,  insanın dərdinə şərik olmaq istedadı da var idi…

Tanrının ona verdiyi ömür payını gözü – könlü tox yaşayıb köçdü bu dünyadan.Ömrünün ən gözəl, ən mənalı çağlarını elm, maarif işinə, yaradıcı işə həsr etmişdi. Ömrünün son günlərinə qədər çalışdığı Azərbaycan Dillər Universitetində də Çərkəz müəllimi xoş xatirələrlə yad edirlər. O, həmin təhsil ocağında xüsusi hörmət – izzət sahibi kimi tanınırdı. Universitetinmüasir alman dili kafedrasının professoru, tanınmış tərcüməçi-alim idi. Amalı və əməli bütöv ziyalı  olduğuna görə yaddaşlarda yaşamağa layiq oldu.

O, hələ 1990 – cı ilin yazından “Şəhidlərdən – şəhidlərə” yol getmişdi. Alma – Atadan, Tiflisdən sonra Bakı da quduz imperiyanın işğalına məruz qalmışdı. O zaman Çərkəz müəllim Novruz Məmmədovla ( hazırda Prezident Administrasiyası rəhbərinin müavini)  birgə Tiflisə piyada yürüş etmişdilər. Çərkəz müəllim həmin yürüş zamanı xatirələrini mənimlə bölüşərkən demişdi:

İlk əvvəl qərara gəlmişdik ki, bu aksiyanı Bakıdan Tiflisə qədər əl – ələ tutmaqla, yol boyu insanlarla birgə keçirək. Və hər rayonun əhalisi yollara çıxmalı, əl – ələ tutub  düz Tiflisə gedib çıxmalı idi. Sonra aksiyanı özümüz  həyata keçirdik, on beş günə Tiflisə çatdıq. Meydana çatanda  insan axınının bizi necə qarşıladığı  hələ də gözlərim önündən getmir. Bizimlə uzun illərin həsrətlisi kimi görüşürdülər.Həmin müddət ərzində  artıq bu aksiyadan bütün dünya xəbərdar olmuşdu. Bu, SSRİ tarixində görünməmiş bir etiraz idi. Sonra “Azərbaycanfilm” kinostudiyasının rejissoru Xamis Muradov bu haqda kinofilm də çəkmişdi.

Çərkəz Qurbanlı ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər siyasətlə məşğul olmuşdu. Sonralar sırf yaradıcılıqla məşğul olmağa başladı.

O, bədii tərcümə ustası kimi  ədəbi aləmdə də yaxşı tanınırdı. Yadıma gəlir, görüşümüz ərəfəsində Kafkanın “Qəsr” əsərini dilimizə çevirdiyinə görə Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən  mükafatlandırılmışdı. Sonradan Əsəd Bəyin iki romanını tərcümə etdi. Həm o romanlar, həm də tərcümə etdiyi digər povest və hekayələr də geniş oxucu kütləsinin marağına səbəb olmuşdu.

Ünsiyyətimiz zamanı  saz – söz sənətimizdən, folklorumuzdan o qədər maraqla danışırdı ki, günün necə gəlib keçdiyindən xəbərimiz olmurdu. Pənbək mahalında görüb gəldiyiel adətlərindən, ən çox da o mahalın yallı havasından elə şövqlə danışar, elə təsvir edərdi ki, elə bilirdim mən də o yallını oynayanların sırasında olmuşam.

Pənbək mahalı Qərbi Azərbaycan ( indiki Ermənistan Respublikası) ərazisində tarixi bir mahal kimi tanınır və Saral, Arçut, Qursalı, Hallavar, Qızılörən kimi kəndləri özündə birləşdirir.

Çərkəz müəllimin zəngin kitabxanası vardı. Hərdən o kitablardan mən də faydalanırdım. Demək olar ki, günü o kitabların arasında keçirdi, hər günyazıb oxuyurdu. Səhhətində nasazlıq yaranandan sonra yaradıcılıq işlərinə qismən ara vermişdi.

…Dünyanın düz vaxtı  üç övladları – Elçin, Erkin və Nərgizlə birgə xoşbəxt yaşayırdılar. Vəfalı və cəfalı ömür – gün yoldaşı Səlminaz xanım indi şəhid oğlu Elçinin və Çərkəz müəllimin həsrətilə yaşayır, onlarsız qərar tuta bilmir. Oğlu Elçin şəhid olduqdan sonra ən böyük təsəlli  verəni də  Çərkəz müəllim idi. O, rəhmətə gedəndən sonra dərdinin üstünə dərd gəldi Səlminaz xanımın. İndi Çərkəz müəllimsiz udduğu hava da, içdiyi su da həsrət tamındadır. Ötən il bir qohum toyunda görüşəndə hiss etdim ki, üzündəki solğun sevincdən heç əsər – əlamət də qalmayıb. O, bütün həyatını, sevinc və kədərini Çərkəz müəllimlə bölüşürdü. Həyatının ən gözəl anları Çərkəz müəllimlə keçib.Səlminaz xanımın ürəkləri yandıran kədəri Elçinin şəhid olmasından sonra başladı. Sonra da Çərkəz müəllim həyatdan köçdü. Elçinin də, Çərkəz müəllimin də ömrü sanki Səlminaz xanımın ömründən ayrıldı.

 Sağlığnda Çərkəz müəllimdən Elçin haqda soruşanda demişdi:

-Xatirimdədir ki, Elçin qış imtahan sessiyasında iştirak etmək üçün hərbdən məzuniyyət götürüb Bakıya gəlmişdi. İmtahanlarını qurtaran günün səhərisi yenidən cəbhəyə qayıtdı.

Kamandirlərinin dediyinə gorə, həmin vaxt ona  on günlük məzuniyyət verilibmiş. Elçinsə həmin məzuniyyət müddətini Bakıda qala bilməmişdi.Lələtəpəuğrunda gedən döyüşlərə tələsmişdi. Elə o döyüşdə də əsgər dostlarıyla birlikdə şəhid olmuşdu.

…Elçin cəbhəyə könüllü getmişdi. Macarıstanda həqiqi hərbi xidmət keçmişdi. Orada serjantl kursunu bitirmişdi. Hərbi raket hissəsində qulluq etmişdi. Yaxşı əsgəri təcrübəsi vardı. Ona görə də mərhum prezidentimiz Heydər Əliyevin məlum müraciətindən sonra könüllü cəbhəyə getmişdi.

Elçin heç evdə valideynləri ilə məsləhətləşməmiş bu addımı atmışdı. Sadəcə oradan telefon açaraq bildirmişdi ki, cəbhə bölgəsindədir. Yaşasaydı, yaxşı mütəxəssis kimi də tanına bilərdi. Şəhid kimi tanındı.

Elçin həmin dövrlərdə İqtisadiyyat Universitetinin sonuncu kurs tələbəsi idi. Fizika elmini, kompüteri, bankçılıq işini çox gözəl bilirdi. Ölkənin banklarından birində müdir müavini işləyirdi. Vətənin dar günündə ancaq Vətən haqqında düşünürdü. Elə Vətən uğrunda da həlak oldu. Şəhidlik zirvəsinə ucaldı.

Çərkəz Qurbanlı 1994 – cü ildən 26 yaşlı şəhid oğlu Elçinin nisgilini ürəyində gəzdirirdi. O, bu dünyadan nisgilli köçdü. Amma düşünürəm ki, Nərgizin söhbət zamanı qardaşı Elçin haqqında mənə dediyi sözlər Çərkəz müəllimin ruhuna həqiqətləri elə belə də  pıçıldayacaq:

-Elçin 1994 – cü il yanvarın 6 – da Qarabağda, Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Düz 22 il sonra – ötən ilin aprel döyüşlərində Lələtəpə işğaldan azad edildi. Düşünürəm ki, qardaşım Elçin kimi neçə – neçə şəhidlərimizin qanı alındı. Elçinin adının bir mənası var; El üçün. Elə el üçün, Vətən üçün yaşadı və Vətən uğrunda da şəhid oldu. Atam Lələtəpənin işğaldan azad olunduğu günü görməsə də, bu, onun ruhu üçün bir rahatlıq deməkdir. Əziz atam, rahat uyu, şəhid oğlunun qanı yerdə qalmadı, Lələtəpə düşmən işğalından azad olundu!..

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10