Aman Allah, dünya necə şirindi – Zəlimxan Yaqub

38 Baxış

zelimxan yaqub

 

Senet.az oxucularına xalq şairi Zəlimxan Yaqubun şeirlərini təqdim edir.

 

AMAN ALLAH,

DÜNYA NECƏ  ŞİRİNDİ

Bu dünyadan doymaq olmur, İlahi,

Aman Allah, dünya necə şirindi.

Fəsil gözəl, həftə  gözəl, ay gözəl,

Aman Allah, dünya necə şirindi.

 

Kim bəxtindən, taleyindən yarıdı,

Kimin bəxti axıracan sarıdı.

Dünya çiçək, insan oğlu arıdı,

Aman Allah, dünya necə şirindi.

 

Göylərə bax, göyü günlü, yağışlı,

Yerlərə bax, yeri güllü, naxışlı.

Gözəlləri tülək tərlan baxışlı,

Aman Allah, dünya necə şirindi.

 

Baxmaq üçün bərəsi var, bəndi var,

Gəzmək üçün  şəhəri var, kəndi var.

Şəkəri var, pətəyi var, qəndi var,

Aman Allah, dünya necə şirindi.

Səsli gələn səssiz ölmək istəmir,

Heç bir canlı  ölüb itmək istəmir.

Hamı gəlir, gələn getmək istəmir,

Aman Allah, dünya necə şirindi.

GÖZƏLLƏR

Gözəllər də  buz bulaqlar kimidi,

Öpüldükcə gözəlləşir, durulur.

Vurulanlar elə-belə  vurulmur,

Bir könüldən min könülə vurulur.

 

Gözəllər də  göy yaylaqlar kimidi,

Çəməni var, çiçəyi var, ətri var.

Sevənlərin ürəyində, ruhunda,

Sevilənin dağlar boyda xətri var.

 

Gözəllər də  gül dodaqlar kimidi,

Ləzzəti var, nəğməsi var, sözü var.

Yer üzünə  neçə insan gəlibsə,

Hamısının dodaqlarda gözü var.

 

Gözəllər də  gur ocaqlar kimidi,

İstisi var, işığı var, odu var.

Ürəkləri, könülləri isidən,

Damaqlardan heç  getməyən dadı var.

 

Gözəllər də  oyuncaqlar kimidi,

Aldanan var, aldadan var, atan var.

Gözəlliyin qiymətini bilməyib,

Dünyasını  beş qəpiyə satan var.

 

ARZU

Dolandıqca hey dolanam təbiəti,

Yola çıxam, bu yollarda izim ola.

Qayalardan sərtlik dərsi ala biləm,

Yoxuşlarda bükülməyən dizim ola.

 

Fərhad kimi dağlar yaram, qaya çapam,

Ucalmaqçün ucalıqla bir dil tapam.

Dağ başında bir dağılmaz qala yapam,

Zirvələrlə  görüşməyə üzüm ola.

 

Bülbül gərək dost bağında ötmək üçün,

Ürək gərək arzulara yetmək üçün.

Torpaq altda canı  sulu getmək üçün,

Can verəndə  canında bir dözüm ola.

 

Qollarıma qüvvət verə dostum, yarım,

Ürəyimi üşütməyə qışım, qarım.

Qalxan günü  Allah ola xilaskarım,

Enən günü  düzəngahım, düzüm ola.

 

Yer də, göy də  sağ-salamat durmaq üçün,

Qurduğunu sevdiyintək qurmaq üçün,

Yüz illərə, min illərə varmaq üçün,

Bizdən sonra dünya yenə bizim ola!

 

ŞAİRLİK

Bulaqların dilində  kövrək, həzin nəğmədi,

Yarpaqların dilində  pıçıltıdı şairlik.

Yaralı gövdələrdə  ağrıdı, göynərtidi,

Xəzəllərin dilində sızıltıdı şairlik.

Çəmənlərin dilində  çiçəklərin rəngidi,

Çiçəklərin içində təravətdi şairlik.

Yerlərin yaraşığı, göylərin ahəngidi,

Babalardan bizlərə  əmanətdi şairlik.

 

Çayların axarında nərədi, hönkürtüdü,

Sellərin dodağında şırıltıdı şairlik.

Göyləri silkələyər hirsi, qəzəbi tutsa,

Şimşəklərin dilində gurultudu şairlik.

 

Cəmiyyət ağlayanda ondan qabaq ağlayır,

İztirab, hıçqırtıdı, göz yaşıdı şairlik.

Böyüklərin qisməti edam, ya dar ağacı,

Ölümsüz bir ölümlə yanaşıdır şairlik.

 

Gözünə duz basıblar, heç azalmır ağrısı,

Heç zaman sağalmayan bir yaradı şairlik.

İnsanların dərdini o çatdırır Allaha,

Allah bəndə  arası bir aradı şairlik.

 

MƏN OLSAM DA, OLMASAM DA

Dünya hər gün tikiləcək,

söküləcək,

Dəniz hər gün qabaracaq,

çəkiləcək,

Bu dünyada mən olsam da,

olmasam da.

 

Göylər hər gün  ələk kimi

ələnəcək,

Torpaq hər gün bərəkətə

bələnəcək,

Bu dünyada mən olsam da,

olmasam da.

 

Günəş hər gün paylayacaq

öz nurunu,

Dağ tutacaq şaxlığını,

qürurunu,

Bu dünyada mən olsam da,

olmasam da.

 

Çətinləri qoy çevrilsin,

asand olsun,

Bu dünyanın hər bir işi

avand olsun,

Bu dünyada mən olsam da,

olmasam da.

 

DÜNYA VƏ MƏN

Dayanmışıq yanaşı,

Dünyayla üz-üzəyəm.

Mən deyirəm, o deyir,

Dünyayla söz-sözəyəm.

 

Yeri yandırır, yaxır,

Göyü gurlayır, çaxır.

Mən baxıram, o baxır,

Dünyayla göz-gözəyəm.

 

Hey dalırıq xəyala,

Eh, kim ölə, kim qala.

O anadı, mən bala,

Dünyayla diz-dizəyəm.

 

GÖZƏLLİK

Nə nurludu, nə parlaqdı, nə gözəldi,

Nur payıdır insanların  ən gözəli.

Aydan alır, Gündən alır işığını,

Baş tacıdır vicdanların ən gözəli.

 

Uzun sürən  “Vətən-Qürbət dastanı” var,

Qəhrəmanlıq, sevgi, həsrət dastanı var.

Hər ürəkdə  bir məhəbbət dastanı var,

Məhəbbətdi dastanların  ən gözəli.

 

Gözəllikdi halal şöhrət, halal maya,

Şükür olsun yaradandan gələn paya.

Suyu öpür gözəlləşir sahil, qaya,

Dalğa doğur tufanların  ən gözəli.

 

Qoca dünya dadlı  olur, şirin olur,

Bir misaldı, axar sular sərin olur.

Dənizlərdən, dəryalardan dərin olur,

Göz yaşıdır  ümmanların ən gözəli.

 

Həyat orda, ən işıqlı  gün ordadı,

Nəğmə orda, səs ordadı, ün ordadı.

İnsaf orda, iman orda, din ordadı,

İnsanlıqdı irfanların ən gözəli.

 

BORCUM VAR MƏNİM

Yaxşılıq görmüşəm yaddan, yaxından,

Yaxına, uzağa borcum var mənim.

Ruhumu uyudan, laylamı  çalan,

Beşiyə, qundağa borcum var mənim.

 

Bu palıd ağacı, bu məğrur cökə,

İstəyir həmişə nazımı çəkə.

Sığallı gövdəyə,  şirəli kökə,

Meyvəli budağa borcum var mənim.

 

Hər barlı bağçaya, hər əlvan bağa,

Hər dolu sünbülə, hər yaşıl tağa,

Çəmənə, çiçəyə, ota, yarpağa,

Günəşə, torpağa borcum var mənim.

 

Zirvədi, ətəkdi, bənddi, bərədi,

Hər görüş cənnətdən bir mənzərədi.

Vurğunu olduğum dağdı, dərədi,

Hər elə, oymağa borcum var mənim.

 

Haqqın yaratdığı  rəngə, naxışa,

Buluda, şimşəyə, mehə, yağışa,

Alovlu ürəyə, odlu baxışa,

Nəğməli dodağa borcum var mənim.

 

Verdim öz  ömrümü  hissə, duyğuya,

Yaşadım dünyanı  mən duya-duya.

Udduğum havaya, içdiyim suya,

Öpdüyüm bulağa borcum var mənim.

 

Hər söz bir mətləbə, mənaya bağlı,

Hər daş bir guşəyə, xanaya bağlı.

Allaha, ataya, anaya bağlı,

Müqəddəs ocağa borcum var mənim.

 

ANA DÜNYA

Anamın yanına gəlmişəm Allah,

Bircə gün anasız eyləmə məni.

Ömrümün mənası varlığındadır,

Heç zaman mənasız eyləmə məni.

 

Zəhməti, cəfanı, dözümü görrəm,

Qaşımı, üzümü, gözümü görrəm,

Onun güzgüsündə  özümü görrəm,

Güzgüsüz, aynasız eyləmə məni.

 

O uca bir dağdı, mən kiçik təpə,

O coşqun dalğadı, mən həzin ləpə.

Anasız ömürlər dəyməz bir çöpə,

Zərrəyəm, dünyasız  eyləmə məni.

 

Zirvənin ağı var saçın qarında,

Eşqin meyvəsi var bağça-bağında.

Üzmək istəyirəm ağ sularında,

Damlayam, dəryasız eyləmə məni.

 

Oğul ana üçün bəydi, paşadı,

Ananın eşqiylə  oğul yaşadı.

Analı ömürlər toy-tamaşadı,

Toysuz, tamaşasız eyləmə məni.

KÖŞƏ YAZARLARI
TOP 10