Amerika dramı ilə Amerika ailəsinin xilası

5 Baxış

stevedore-IV_800Bir-birilərinə və ölkələrinə yadlaşan amerikalılar millət olma xüsusiyyətlərini get-gedə itirirdilər. XIX əsrin ikinci yarısından sonra bütün sahələrdə sürətlə inkişaf edən Amerikada cəmiyyətin, ədəbiyyatın da təkmilləşməsi prosesi başlayırdı. Amerika xalqı köçlərlə qurulmuş, qarışıq bir cəmiyyətdir. Ki, yeni ümidlərin izi ilə Avropadan köçən işçilər, əkinçilər hətta Afrika zənciləri ümidlərini yeni qitəyə gətirmişdilər. Birbaşa olaraq Amerika cəmiyyətinin problemlərini sənət və ədəbiyyatında əks etdirirdi. Təbii ki, teatr da bundan öz payını alırdı.

Dramaturgiya sahəsində ilk böyük nəfəs Yucin O’Nildir (Eugene O’Neil). O’Nilin ardınca Tennessi Vilyams (Tennessee Williams) və Artur Miller, daha sonra Tornton Vaylder, Corc S.Kaufman, Edvard Albi, Sam Şeppard gəlirlər. Amerika öz dramının kamilləşməsinə görə məhz Yucin O’Nilin pyeslərərinə minnətdardır.  Nobel mükafatlı O’Nil naturalizm və ekspressionizm texnikalarını birləşdirərək dramaturgiyada istifadə etmiş və bundan ilhamlanan dramaturqlar əsərlərində azadlıq (greater freedom) ideyasından istifadəyə başlamışlar.

İlk yazılan pyeslərdə ticarət, sənaye cəmiyyəti olma yolunda insanların səyləri və fərdin həyatı ön plandadır. Bu pyeslərdə fərdlərin böyük xəyalı olan ferma, əkinçilik həyatı cənnət həyatına bərabər görülür. Köçəri xalqların oturaq həyata keçmə istəyindən doğan  bu “american dream” bir çox pyeslərdə, xüsusən də Yucin O’Nilin pyeslərində ana xətt kimi ortaya çıxır və sağlam ailənin bərpa olunmasını hədəfləyir. Birinci dünya müharibəsindən sonra ortaya çıxan sənət cərəyanları Amerika dramaturgiyasına da təsir edir. Amerika yazıçıları digər sənətlərdəki kimi dram əsərlərində də nihilizmə yaxınlaşırlar. Birinci müharibənin ardınca gələn İkinci Dünya müharibəsi Amerikadakı iqtisadi-siyasi-mədəniyyət tarazlığını alt-üst edir. Və bu dəyişikliklər ailəni təməldən sarsıdır, cəmiyyət əxlaqını mübahisəli hala gətirir. Birbaşa olaraq iqtisadi böhran ailə üzvlərini bir-birindən uzaqlaşdırır. Fərdlərdə şəxsiyyət problemi artır. İşinə, olduğu vəziyyətə mütləq itaətlə bağlı olan Amerika sürətli dəyişikliklərə başlayır. Şəxsi münasibətlərdə pul və maddiyyat ön plana çıxır. İnsanların qlobal yox, şəxsi istəkləri artır və ətraf üçün zərərvericiyə çevrilir. Və mövcud olan durumun gələcək nəsil üçün təhlükəli olduğunu dərk edən amerikalı yazıçılar hərəkətə keçirlər. Düşünməyə başlayırlar. Dəyişikliklərin səbəbi iqtisadi çatışmazlıqlar, yoxsa taledir? Bütün bunlar periodikdir, yoxsa gələcəyimiz müəyyənləşir? Tennessi Vilyamsa görə bütün xilas ümidi insanoğlunun əlindən alınıb, lakin Artur Millerə görə gələcək nəsil düşünür və xilas olacaq. Yucin O’Nil tale və təbiəti qarşısıalınmaz güclər hesab edir və onların insanla birgə münasibətini qələmə alırdı. O’Nilə görə statusundan asılı olmadan hər kəs tale ilə mübarizə apararaq  şərəfini qorumalıdır.

Müharibələr, köçlər nəticəsində sarsılmış Amerika ailəsini yenidən qurmaq məsələsi Amerika dramaturgiyasının qarşıya qoyduğu əsas öhdəlik idi. Yucin O’Nil problemin qaynağını modern həyat tərzində görürdü. Yazıçının fikrincə içki, pul, cinsiyyətin hakim olduğu modern həyat tərzini insanlar bir ehtiras halına gətirdikləri anda bu ehtirasın altında əzilir və mübarizə gücünü itirirlər. Daha sonra xəyallarda təsəlli tapırlar. Xəyal motivi Amerika ədəbiyyatında aparıcı motivlərdən biri idi. Məsələn, Edvard Albi “Kim qorxur Vircinia Vulfdan?” əsərində sığındığı xəyalların atmosferindən çıxa bilməyən ailəni təsvir edir və Amerika ailəsinin xoşbəxtliyinin sadəcə illüziyalardan ibarət olduğunu göstərirdi. Xəyalları gerçəkləşməyən insanlar depressiyaya düşür və inanclarını itirirlər. İnanclarla bərabər sosial dəyərlər alt-üst olur. Ailələrdəki bu tükənişin başlıca səbəbi dövrün irəliləyən texnologiyayla tərs mütənasib olaraq mənəvi dəyərlərini itirmələridir. Mənəvi dəyərdən məhrum olan ailə də uçuruma doğru gedir, ailə dincliyi pozulur, qadınların pula, şöhrətə düşkünlüyü həm qadını, həm ailəni məhv edir. O’Nilin qəhrəmanları da adətən qadınlar olur. Qadınlar tale ilə mübarizə aparır ya da boyun əyirlər. Mübarizəni seçən qadınlar da xoşbəxt deyillər. Müəllifə görə, analıq duyğusu qadını ehtiraslı, mübariz və insafsız edir. O’Nil  “Gеcəyə çеvrilən uzun gün” dramında Taysonların timsalında öz ailəsinin həyatını qələmə almışdı. Dramdakı ana obrazı Meri yazıçının öz anasıdır. Meri 35 ildir əvvəllər aktyor olan Tayson ilə evlidir (O’Nilin atası kimi). Heç xoşbəxt deyil. Böyük oğlu atasının istəyi və basqısına görə aktyor olub, digəri isə kollecdən qovulduqdan sonra avara həyat keçirib və sağlamlığını itirib, vərəmdir (O’Nilin Özü kimi). Merinin atası da vərəmdən ölüb, Meri özü də eyni xəstəlikdən əziyyət çəkib. Tayson çox xəsis adamdır. Həyatları qazandıqları səviyyədə deyil. Kimsəylə görüşmürlər, çünki Tayson ailəsini xeyirxah insanlardan uzaq tutub, xəsisliyini hər yerdə üzə çıxarıb. Buna görə də Meri oğullarının yaxşı böyümədiyini və avara olduqlarını deyir.

Dramda “ev xəyalı” məsələsi ortaya qoyulub. Belə ki, Tayson həyatını barlarda, klublarda keçirərkən Meri həyatını otel otaqlarında yalnızbaşına onu gözləməklə keçirib. Merinin bu ev həsrəti, əslində, dağınıq, bir araya gələ bilməyən Amerikanın və Amerika ailəsinin birlik həsrəti idi. Meri ikinci övladını dünyaya gətirən zaman xəstələnir və əri onu ucuz bir həkimə aparır, həkim də ağrıları kəssin deyə ona narkotik verir. Nəticədə Meri narkotik aludəçisinə çevrilir (O’Nilin anası kimi). Merinin ikinci uşağı diqqətsizlikdən ölür (O’Nilin qardaşı kimi) və Meri digər övladlarına da analıq edə bilmir. Meriyə görə, içimiz ölür, amma ruh kimi yaşamağa davam edirik, zamanın insanları necə əzdiyini görməmək üçün sərxoş olmaqdan başqa çarə yoxdur. Bu düşüncə səbəbiylə O’Nilin əsərlərində içki aludəçisi insanlar üstünlük təşkil edirlər. O’Nil sonda izləyiciləri katarsis fikri ilə baş-başa buraxır.

O’Nilin gerçəklərinə görə heç bir insan sadəcə pis və ya yaxşı ola bilməz, eyniylə də heç bir obraz digərindən daha yaxşı və ya pis olmamalıdır. Eyni fikrə Tennessi Vilyamsın pyeslərində də rast gəlirik. Vilyams pyeslərində insanların ruhi dəyişimlərini incələyir, insanın iç dünyasının problemlərindən yola çıxaraq sosial problemlərə təmas edir. Ona görə “Dünya həqiqətən də tamlıqdan yoxsul, qarışıq bir yığıntıdırsa, insan öz tamlığını qorumağı necə düşünə bilər?” Geriyə iki seçim qalır: ölmək, ya da ölümə qədər yaşamaq, ümidsizlik içində sürünmək.Yazıçıya görə, insanlar ümidsizliyin son nöqtəsinə qədər getməlidirlər. Tennessi Vilyamsın  dramlarındakı hər bir detal simvolizm yükü daşıyır. Məsələn, “İquana gecəsi” adlı dramında insanlar məhkum iquanalar kimidirlər. “Şüşə heyvanxana” adlı pyesində Lauranın şüşə heyvan fiqurlarından ibarət kolleksiyası, əslində, onun incik ruhunu simvolizə edir. Onun qadın qəhrəmanları kişilərə nisbətən daha bədbəxtdirlər, kişilər duyğusallıqdan uzaqdırlar. Qadın qəhrəmanların məntiqlərini də duyğuları idarə edir, bu da onları hüznlü bir həyatın içinə atır, lakin kişilər duyğusallıqdan kənardırlar.

“Şüşə heyvanxana” pyesində təsvir olunan ailə iki uşaqlı, əri tərəfindən tərk edilmiş ana Amanda, ev xərclərini təkbaşına ödəyən oğul Tom, axsaq ayağına görə bütün həyatı özündən utanaraq keçmiş, öz dünyasında yaşayan qız Lauradan ibarətdir. Amanda evlənmə yaşı keçən qızına elçi gəlməməsinə görə çox kədərlidir və buna görə qızını günahlandırır. Çünki Laura özü kimi deyil, passiv həyat tərzi keçirir. Amanda qızını bir müddət məktəbə yazdırıb, lakin Laura  həmişə onu aldadaraq məktəbdən və işləməkdən boyun qaçırır. Əslində, Amandanın övladları üçün səyləri yaxşı hal kimi görünür, lakin ananın əsl məqsədi heç də övladlarının xoşbəxtliyi deyil, Amerika ailəsini məhvə sürükləyən puldur. Müəllifin qəhrəmanları adətən dünyadan qopmuş, öz dünyalarına qapanmış yaşayırlar və öz həqiqətləri ilə üzləşməkdən qorxurlar. Bu qorxudan qaçmaq üçün hobbilərinə sığınırlar. Məsələn, Tom özünü yazıçılığa verir, baxmayaraq ki, anası onun kitablarını evdən tullayır və bunların pul gətirmədiyini düşünür.

Amerika ədəbiyyatında aparıcı mövzulardan olan nəsilarası boşluqlar burada da özünü göstərir. Laura isə pyesə adını vermiş, xüsusi rəfdə saxladığı şüşə heyvan fiqurlarına sığınır. Bu fiqurlar öz dünyasından kənara çıxmayan Lauranı simvolizə edir. Amanda qızının topallıqla özünə ər tapa bilməyəcəyini düşünür və Tomdan Laura üçün öz iş yoldaşlarından kimisə tapmağını tələb edir. Tom iş yoldaşı Cimi evə dəvət edir. Cim təsadüfən  təkbuynuzlu at heykəlinin buynuzunu sındırır, daha sonra Cimin nişanlı olduğu ortaya çıxması ilə Laura da heykəl kimi qırılır. Sonda bütün fiqurları dağıdan Tom atası kimi evi tərk edir, amma heç vaxt vicdan əzabından xilas ola bilmir.

Bu pyes bədbəxt evliliklərin uşaqlara da necə təsir etdiyini göstərir, halbuki ailə xoşbəxtliyi uşaqlarda davam etməlidir və bu, valideynlərin borcudur.

Pyesdə Pablo Pikassonun “Gernika” əsəri və ispan müharibəsi də xatırlanır və müəllif bir növ ailələrin sarsılma səbəblərinə işarə etməyə çalışır.

Artur Miller İkinci Dünya müharibəsindən sonrakı Amerika toplumunu belə təsvir edir: “Amerika xalqı, düşünməklə işi olmayan, nə etdiyini bilməyən, bilmək də istəməyən bir topluma çevrilib”. Artur Millerə görə bu vəziyyətdən xilas olmaq üçün insan bu səhvləri əvvəlcə özü ilə hesablaşaraq aşmalıdır. Əks halda fərd öz tragediyasını yaradacaqdır. Yazıçı pyeslərində irəli sürdüyü məsələlərdə Amerika xalqını öz vicdanlarında mühakimə edir və onlara doğru yolu tapmaqda kömək edir. Müharibələrin gətirdiyi iqtisadi böhran cəmiyyətə də mənfi təsir edib və yazıçı ailələrdəki çatışmazlıqları bu böhran ilə izah etməyə çalışır. Artur Millerin öz ailəsi də eyni səbəbdən parçalanıb, zəngin bir ailədən gələn yazıçı 1929-cu ildəki böhran zamanı ailənin bütün sərvətini itirərək çöküşünə şahid olur, bu çöküş də bütün pyeslərində öz əksini tapır. Millerə görə, böhran zamanı ailələrin dağılma səbəblərindən biri də qadınlardır. Çünki qadınlar çətin anlarda ailəyə dəstək olmaq əvəzinə, ondan üz döndəriblər. Eyniylə Millerin anasının etdiyi kimi. Buna görə də Millerin qadınlara baxışı mənfidir və ideal qadın olmadığı iddiasını irəli sürür. Cəmiyyətdəki pozuntular, təhsil nöqsanlarında qadınların təsiri olduğunu deyən yazara görə, qadının vəzifəsi xoşbəxt etməkdir, halbuki qadınlar kişiləri bədbəxt etməkdədirlər. Çünki instinktləri ilə hərəkət edirlər. Övladları olduqdan sonra ərləri ikinci plana keçir və onları sadəcə pul qazanma maşını kimi görürlər.

Dövrün pyeslərində təsvir olunan ailələrin bir ortaq cəhəti də ailə üzvlərinin bir-birini dinləməməsi problemidir. Hər kəsin öz qəbul etdiyi həqiqətlər var və heç kim yeni fikirlərə açıq deyil. Bu səbəbdən tamaşalarda obrazlar tez-tez bir-birinin sözünü kəsir və ailə üzvləri arasında böyük uçurum yaranır.

Millerin əsərlərində aparıcı fikirlərdən biri də “Amerikada təmiz pul yoxdur” fikridir. Müəllifə görə “müxtəlif yollarla zəngin olan insanlar bütünlüklə modernləşmək istəyirlər, amma bu mümkün olmadığı üçün gülünc vəziyyətə düşürlər”. Millerin “Hamısı mənim oğlum idi” adlı pyesində hadisələr müharibə vaxtı Co Kellerin ailəsində baş verir. Ailənin hər iki oğlu Amerika ordusunun əsgəri olub və onlardan biri qırıcı-təyyarəçi Larri itkin düşüb. Bütün ailə Larrinin ölümünü qəbul etsə də, ana hələ də onun yolunu gözləyir. Ailənin başçısı Co Keller həmişə varlanmaq eşqi ilə yaşayıb və nəhayət müharibə ona bu imkanı verir. Co Keller xırda əyalət  fabrikantı kimi cəbhəyə silindr başlıqlar göndərməyə başlayır və bir gün ortağı zəng vuraraq başlıqların çatlaq və istifadəyə yararsız olduğunu deyir. Co isə xəstə olduğunu bəhanə edir və ona xarab başlıqları cəbhəyə göndərməyi tapşırır. Nəticədə bir təyyarə qəzaya uğrayır və Larrinin də o təyyarədə olub-olmaması fikri həmişə hamının başında fırlanır. Ana obrazı Ket uşaqlarına bağlı olsa da, ərinə qarşı çox soyuqdur və sadəcə onun qazandığı pullarla maraqlanır. Hətta Conun qanunsuz işlərinə belə göz yumur. Lakin valideynlərdən fərqli olaraq övladları narahat edən səbəblər başqadır. Atasının cinayətini öyrənən oğlu Kris ondan tələb edir ki, özünü polisə təslim etsin, amma atanın həyata baxışları tamam fərqlidir: “Əgər mənim pullarım çirklidirsə, onda bütün Amerikada bir sent də təmiz pul yoxdur. Əgər Amerikada müharibə üçün bir nəfər havayı işləyən olsaydı, mən də havayı işləyərdim. Hərb və sülh dollarlar, sentlər deməkdir. Burada təmiz nə ola bilər? Tək mənim yox, lənətə gəlmiş Amerikanın tən yarısının yeri türmədir”.

Ortaya çıxan nəticə budur ki, sənayeləşən cəmiyyətin dəyişkən dəyərləri qadını və ailəni də dəyişdirmiş, fərdi xoşbəxtlik və zövq ailə dəyərlərini üstələmiş, texnoloji inkişaf insanları eqoistləşdirib, ailənin təməli olan qadını azadlıq adıyla küçəyə gətirmişdir. Mənəvi dəyərlərin görməzdən gəlinməsi Amerika cəmiyyətinin gələcəyini düşünməyi vacib etmişdir. Bütün dramaturqlar gələcək nəsil üçün gözlənilən təhlükənin qarşısını almağı, qadının və kişinin psixoloji quruluşunu incələməyi diqqət mərkəzinə gətirmişlər.

Aydın olur ki, valideynlərin ruhundakı xüsusiyyətlər birbaşa olaraq uşaqlara keçir və sonunda uşaqlar da eyniylə valideynləri kimi olurlar. Yaxud da yaşadıqları mühit fərdləri ovucuna alır və istədiyi kimi yönəldir. Dramaturqlar  isə səhv yönləndirilmələrdən xilası ailə içində sevgini və adətləri qoruyub saxlamaqda görürlər.

“Ustad” jurnalının 5-ci sayından

Bölmə : Redaktorun seçimi