Ana dilimizə qəlbən bağlananda… Fariz Yunisli

57 Baxış

Azerbaycan dili-kitab

Rahilə Qaybalıyevanın “Azərbaycan dili” adlı dərs vəsaiti haqqında söz

“Rahilə Qaybalıyevanın “Azərbaycan dili” adlı dəyərli dərs vəsaiti ilk növbədə müasir Azərbaycan dili ilə bağlı məsələlərə müəllifin kompleks şəkildə və yeni yanaşması, çeşidli mövzuları bir kitabda yerləşdirə bilməsi ilə diqqəti çəkir…”.

Bu fikirlər AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun Culfa rayon Rəqib Quliyev adına Boyəhməd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Qaybalıyevanın işıq üzü görən dərs vəsaitinə yazdığı ön sözdə yer alıb.

Naxçıvan şəhərindəki “Əcəmi” nəşriyyatında çapdan çıxan “Azərbaycan dili” kitabının elmi redaktoru AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əbülfəz Quliyevdir. Nəşrə akademik Möhsün Nağısoylu, professor Akif İmanlı, dosentlər Arif Ağalarov və Ramiz Qasımov rəy verib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə çap olunan tədris vəsaitində mövzular yeddi bölmədə qruplaşdırılıb. “Ana dilinin tədqiq tarixi” adlı ilk bölmədə “Dastani-Əhməd Hərami” poeması, Xətib Təbrizi, Hinduşah Naxçıvani, Mahmud Kaşğarlı və Mirzə Kazım bəy haqqında məlumat verilir. Burada ana dilimizdə ilk epik bədii nümunə haqqında söz açılır, adıçəkilən mütəfəkkir alimlərin dilçilik elminin inkişafındakı müstəsna xidmətlərinə nəzər salınır.

Müəllif “Fonetika” bölməsində fonem və danışıq səsi, orfoepiya, orfoqrafiya, intonasiya və vurğu anlayışları haqqında bəhs edir. Bu sahələrin hər biri konkret nümunələrlə izah olunur.

“Leksika” bölməsində sözün tərkibi, sözün leksik mənası-təkmənalılıq, çoxmənalı sözlər, alınma sözlər və heca anlayışına nəzər yetirilir. Rahilə Qaybalıyeva bu anlayışların daha yaxşı qavranılması üçün müvafiq sxem yaradıb. Bu sxem sözün leksik məna zənginliyini optimal şəkildə çatdırmağa xidmət edir.

Dərs vəsaitinin “Morfologiya” bölməsində qrammatikanın sahələri, dilin qrammatik quruluşu, qrammatik kateqoriyalar, ismin hallanması zamanı ortaya çıxan mübahisəli məsələlərə aydınlıq gətirilir. Bu bölmədə həmçinin şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feillər, feili sifətlərin zamanla əlaqəsi, təsriflənməyən feillərin sintaktik vəzifələri və s. məsələlərdən bəhs olunur.

Feili tərkiblərin sinonimliyi, cümlə üzvləri, söz birləşmələri və cümlələrdə tabelilik, həmcins üzvlərdə tabesizlik əlaqəsi, budaq cümlənin növləri və s. nəşrin “Sintaksis” bölməsində təqdim edilir. Bu bölmədə eyni zamanda yazı və onun mənşəyi probleminə də toxunulur.

Bədii təsvir vasitələri, epitet, bədii ifadə vasitələri, metafora, eləcə də metafora və metonimiyanın oxşar və fərqli cəhətlərinə kitabın “Üslubiyyat” bölməsində yer verilib.

Nəhayət, dərs vəsaitinin sonuncu, yeddinci bölməsində “Müqəddəs ana dilinə sevgi və ehtiramla” başlığı altında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Cəlil Məmmədquluzadə və başqa şair, yazıçı və mütəfəkkirlərin söz haqqında, dil barədə aforizmləri təqdim olunur. Kitabın sonunda Rahilə Qaybalıyevanın “Ana dilim” adlı şeiri yer alıb. Bu bədii nümunədə uzun illərdir Azərbaycan dilinin doğmalığını, müqəddəsliyini öz şagirdlərinə aşılayan müəllifin ulu dilimizə sevgisi öz təzahürünü tapıb. Təsadüfi deyil ki, akademik Möhsün Nağısoylu kitaba yazdığı ön sözün sonunda bu nəşri “Azərbaycan dili ilə bağlı müxtəlif mövzuları əhatə edən və onlar haqqında yığcam məlumat verən dəyərli vəsait” kimi səciyyələndirib, müəllifin ana dilimizə münasibətini yüksək qiymətləndirib.

Qeyd edək ki, 1980-ci illərdən bədii yaradıcılıqla məşğul olan Rahilə Qaybalıyevanın şeirləri müxtəlif mətbuat orqanlarında, ədəbi almanaxlarda işıq üzü görüb. Elmi və publisistik məqalələri “Söz” və “Yurd” jurnallarında nəşr olunub. Həyat yoldaşı mərhum Heydərəli Novruzovun və özünün şeirlərinin yer aldığı “Qoşa bulağın qoşa zümzüməsi” kitabı 2013-cü ildə Bakıda “Elm və həyat” nəşriyyatında çapdan çıxıb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10