Ana dilimiz… – Nəriman Qasımoğlu

6 Baxış

1c

Bu arada dilimizlə bağlı bəzi xatirələrim dilə gəlir ki, bizi də, necə deyərlər, “qələmə al”.

Azərbaycan ədəbi dilinin qorunması və inkişafına yönəlik dövlət qərarlarının, tədbirlərinin, əlbəttə, xüsusi önəmi var. Ümid edirəm, dövlət dəstəyi çox şeyi həll etdiyi kimi bu sahədə də ciddi irəliləyişlərə yol açacaq, TV-lərdə ədəbi dilimizin son yüzillikdə gəlişmiş gözəl ahənginə xələl gətirən aparıcıların ləhcələrinə, tələffüzlərinə düzəlişlər gətirəcək, ümimiyyətlə, dilimizə yoluxmaqda olan nöqsanların yayılmasına  getdikcə son qoyulacaq.
Bu  arada dilimizlə bağlı bəzi xatirələrim dilə gəlir ki, bizi də, necə deyərlər, “qələmə al”.
… 80-ci illərin ortaları idi. EA-nın Şərqşünaslıq İnstitutunda işləyirdim. Ədəbiyyat İnstitutundan fərqli olaraq bizdə elmi işlər rusca yazılır, yaradıcılıq müzakirələri, kargüzarlıq əsasən  rusca gedirdi. Ruscanın bu elmi-tədqiqat institutunda üstün mahiyyətdə işləkliyinə hamı bir növ öyrəncəli idi.
Bir dəfə komsomol iclasında çıxış üçün mənə söz verilir. Nitqimi öz dilimizdə edirəm. Bir azərbaycanlı qız mənə yerindən nümayişkəranə söz atır ki, onun anladığı dildə, yəni rusca danışım. Kürsüdən elan edirəm öz dilimdə danışmağı kim mənə qadağan edə bilər axı?! Elə bunu deyib nitqimə davam  etmək istəyirəm, bu zaman başqaları da həmin əməkdaşımızın səsinə səs verib əleyhimə küy salırlar. Məcbur qalıb Azərbaycan SSR-in 1978-ci ildə yenilənmiş konstitusiyasında ana dilimizin dövlət dili statusuna dair müddəasına istinad edirəm və səs-küy qaldıranları (səs-küyçülər KQB çuğulçularının siyahısına müsbət mənada düşmək üçün həqiqətən canfəşanlıq edir, biri-birinə aman vermirdilər!) dövlət dilinə hörmət qoymağa çağırıram. İclasda iştirak edən partiya komitəsinin katibi başını bulayaraq zalı tərk edir. İclas pozulur…
Yeri gəlmişkən, o zaman istinad etdiyim konstitusiya müddəasının maraqlı tarixi var. Məsələ burasındadır ki, 1977-ci ildə SSRİ-nin yeni konstitusiyası qəbul ediləndən sonra müttəfiq respublikalar üçün hazırlanan konstitusiya layihələrində yerli dillərə dövlət dili statusu nəzərdə tutulmamışdı. Tbilisidə çıxan “Zarya Vostoka” qəzetində 1978-ci ildə Gürcüstana aid dərc edilmiş bu layihə o zaman sovetlər üçün görünməmiş bir hadisə ilə nəticələnmişdi. Gürcü ziyalıları paytaxtlarında doğma dillərinə dövlət statusu verilməsi tələbi ilə həmin ilin 14 aprelində kütləvi mitinqlər təşkil etmişdilər. Kremli çaş-baş qoyan kütləvi etiraz onunla nəticələnir ki, Moskva güzəştə getməyə məcbur olur. Gürcülərə güzəşti ört-basdır üçün Kreml Baltikyanı və Zaqafqaziya respublikalarında da yerli dillərin dövlət statusunu konstitusiya müddəası kimi təsdiq edir, amma Orta asiyalıları bu statusdan məhrum edir. Hazırda Gürcüstan 14 aprel gününü ana dili günü kimi hər il bayram edir.
Azərbaycan SSR-də də dil davasının şərəfli tarixi var. Bu tarix gürcü ziyalılarının qeyd etdiyim kütləvi etirazlarından 20 il əvvələ gedib çıxır. Ancaq həmin dövrə aid milli dil mücadiləsinin gürcülərdə olduğu kimi, çoxsaylı qəhrəmanları deyil, bir qəhrəmanı olub: görkəmli ədibimiz Mirzə İbrahimov.
Tarixçilər bu barədə yetərincə yazıblar. Təkrarən də olsa, qeyd edim ki, M.İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində ikən onun təşəbbüsü ilə Azərbaycan dilinə dövlət dili statusu verilməsi 1956-cı ilin avqust ayında Ali Sovetin üçüncü sessiyasında Moskvanı məlumatlandırmadan, sovet rəhbərliyinin başı üzərindən müzakirə edilərək xüsusi qərara salınır.  M.İbrahimov bundan sonra vəzifəsi ilə vidalaşmalı olur, dövlət səviyyəsində millətçilikdə suçlanaraq ittihamlara tuş gəlir. Azərbaycan KP MK-nın 1959-cu il plenumda əvvəlcədən hazırlanan ssenari üzrə səslənən çıxışlar bu yığıncağı onun bir növ məhkəməsinə çevirir.
Həmin plenuma “Ədəbiyyat qəzeti”nin redaktoru qismində sıravi iştirakçı kimi çağırılan Qasım Qasımzadə mənə danışırdı ki, M.İbrahimov bütöv bir siyasi elitanın amansız hücumları qarşısında qürurunu itirmədi. İclas bitincə yanında bir nəfər də qalmamışdı, hamı bu “yıxılan”dan uzaq durmağa çalışırmış. Qasım müəllim M.İbrahimovu tək qoymur, onun qoluna girib dənizkənarı bulvara dəvət edir və söhbətlərinin də, necə deyərlər, “mübtədası-xəbəri” yenə bu dil məsələsinə aid olur…
M.İbrahimovun ana dili cəbhəsindəki fədakarlığı xatirələrdə dərin iz buraxmışdı. Yaxınlarda Q.Qasımzadənin arxivində bir sənədə rast gəldim. Bu, ana dilimizin qeyrətini çəkməyi hər zaman özünün həyat amalı bilən qocaman jurnalist Rəmzi Yüzbaşovun ona 70 illik yubileyi münasibətilə ünvanladığı məktubdur. Bir nüsxəsini tanışlıq üçün Qasım müəllimə göndəribmiş. Yazır:
“Anadan olmağınızın 70 illiyi münasibətilə aldığınız dəbdəbəli, nəşəli təbriklərdən sonra belə bir məktub almaq, əlbəttə, arzu ediləcək hal deyil… Lakin mən Sizi arif, düşüncəli bir şəxs kimi tanıdığımdan bu məktubu yazıram. Mənim 76 yaşım var. 1921-1922-ci illərdə N.Nərimanovun respublikamıza rəhbərlik etdiyi dövrdə mən bir xalq komissarlığında kargüzar vəzifəsində çalışırdım. Orada yazı işləri ana dilində gedirdi. Mən bu əllərimlə dövlət bankına assiqnovkanı Azərbaycan dilində yazmışam. Bu yol Lenin milli siyasətinin tətbiq yolu idi. Siz də bu yolla getmək istədiniz. Baş tutmadı. Görünür, yol dəyişmişdir.
İndi ana dilini unutmaq alçaqlıq deyil, yüksək mədəniyyət və Lenin partiyasına sədaqət nümunəsi sayılır. Bu dövrdə baş verən Sizin 70 illik bayramınızı təbrik edir və Sizə uzun ömr arzu edirəm.
Hörmətlə, müharibə və əmək veteranı Rəmzi Yüzbaşov”.
Sonrakı dövrlərdə isə dilimizin sovet gerçəklikləri müstəvisində dövlət qayğısı ilə əhatə olunması, əlbəttə, bilavasitə, ulu öndər Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Bu barədə çox yazılıb, deyilib. Qocaman jurnalist Rəmzi Yüzbaşovun bir nüsxəsini Qasım müəllimə göndərdiyi və H.Əliyevə ünvanladığı məktub da bu qəbildən xatirələrimizi bir növ sənədləşdirir:
“Hörmətli Heydər yoldaş!
Televizorun qabağında iki nəfər bir-birinə çox təəccüblə baxdı. Ali Sovetin iclası. Bu nə işdir? Bəlkə danışan Nəriman Nərimanovdur. Yox, belə deyildi. Danışan Siz idiniz. Həm də gözəl Azərbaycan dilində. Bu baxımdan Sizə respublika rəhbəri demək çətindir. Çünki 60 ildə biz belə şey görməmişik. Keçmiş bütün birinci katiblər Azərbaycan xalqının dilində danışmağı bəlkə də özlərinə həqarət sanmışlar. Dinlədik. Sizi dinlədik. Evdəki uşaqlar da sevinirdi. Bu xoş dəqiqələri Siz bizə bəxş etmişdiniz. Qoy həmişə belə olsun…
Yoldaş Heydər! Əslində Sizin bu cəhdiniz çox böyük siyasi gözüaçıqlıq olub, başqaları üçün də vacibdir.
Dünyagörmüş qocalar adından əmək və müharibə veteranı Rəmzi Yüzbaşov. Bakı 30 mart 1980″.
Haşiyə çıxaraq qeyd edim ki, Rəmzi müəllim vətəndaşlıq “kargüzarlığı”nı təkcə dil məsələsi ilə məhdudlaşdırmır, erməni millətçilərinin soydaşlarımız əleyhinə əməllərinin ifşasına da həsr edirdi. Sovet rəhbərlərinə ünvanladığı belə məzmunlu məktublarının surətlərini də Qasım müəllimə göndərirdi. Həmin yazılarından bir nüsxəni də 1986-cı ildə “gözüaçıq şairimiz Nəriman Qasımzadəyə çatacaq” bildirisilə “Ulduz” jurnalının redaksiyasına yollamışdı. Bu, həm də jurnalda “Ocaq” kitabının müəllifi Zori Balayanı hədəfdə tutan “Zorbala ilə İsanın nağılı” şeirimə onun münasibətinin ifadəsi idi…
1974-cü ildə dörd cildlik “Müasir Azərbaycan dili” adlı ali məktəb dərsliyinin müəlliflərinə Dövlət mükafatı verildi. Azərbaycan ziyalıları o zaman aydın dərk edirdillər ki, bu təltif ana dilimizə dövlət səviyyəsində himayədarlıq edən Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdi.
…Təxminən 80-ci illərin əvvəlləri olardı. Dövlət televiziyası hansısa ümumrespublika müşavirəsini translyasiya edirdi. Moskvadan gəlmiş bir rəsmi şəxs öz çıxışında rus dilinin yerlərdə zəif öyrənilməsinə, ruscanın təbliğində nöqsanlara toxunaraq paytaxtdan kənar bölgələrimizdə əhalinin ruscanı yaxşı bilməməsindən gileylənirdi. Bu zaman operator kameranı ara-sıra rəyasət heyətində əyləşmiş H.Əliyevə yönəldirdi. Qələmi ilə kağız üzərində iti-iti öz qeydlərini aparan ölkə rəhbərinin tövründən açıq görünürdü ki, səslənən tənqidlərdən heç də məmnun deyil. İndiki kimi yadımdadır, yüksək çinli sovet məmuru çıxışını bitirəndən sonra H.Əliyevin izahlı, qınaqlı cavabını eşitməli oldu. Azərbaycan rəhbərinin dediklərinin ümumi məzmunu belə idi ki, əyalətlərin təsərrüfat işlərində, gündəlik fəaliyyətlərində nailiyyətlər qazanan azərbaycanlılara ruscanı zəif bilmələrini irad tutmağın yeri yoxdur. Əksinə, onların ehtiyacı var ki, danışdıqları doğma dillərini ədəbi dilimizin qaydalarına uyğunlaşdırıb inkişaf etdirsinlər. Sovet dövründə yüksək tribunadan bunları eşitmək bizə həqiqətən də olduqca xoş idi.
Ölkəmiqyaslı belə tədbirlərdən başqa birinin də yaddaşımda iz salmasının səbəbi yenə ana dili ilə bağlıdır. Aparıcılığını etdiyi yığıncağın sonunda Heydər Əliyev çıxış üçün, əslində isə, mən deyərdim, bu mötəbər məclisin “son akkordunu” vurmaq üçün sözü Sabir Rüstəmxanlıya verir. Şair də sürəkli alqışlar altında  “mənim ürəyimin antenaları təkcə Azərbaycan dilinə tuşdu” misrası keçən “Sağ ol, ana dilim” şeirini oxuyur.
Yeri gəlmişkən, bunu da qeyd edim ki, ana dilimizin sovet dövründə  işlədilməsi, tətbiqi və inkişafının yarıtmaz vəziyyəti Azərbaycan yazıçılarını zaman-zaman narahat edib. Ötən əsrin 80-ci illərində Qasım Qasımzadə “Dil cəbhəsinə əsgəri borc” başlıqlı məqaləsində yazırdı: “Hələ otuzuncu illərdə Səməd Vurğun vəzifə başçılarını istehza hədəfinə çevirmiş və daxili qəzəbini boğa bilmədən dil cəbhəsinin əsgəri kimi hücuma keçmişdi:
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisiylə…
Bu mənhus adətdə böyüklükmü var?
Həmin misraları bir daha xatırlarkən Tbilisidə Qalaktion Tabidzenin yubileyində Əziz Nesinlə bu mövzuda söhbətimiz yadıma düşdü. Yığıncaqlarda, mitinqlərdə, küçələrdə danışıqlar gürcücə gedirdi. Təntənəli gecədə Əziz bəylə yanaşı əyləşmişdik. O soruşdu: “Sizdə, Bakıda neçin boylə deyil?”. Mən haqlı suala haqsızın bəraət cəhdi ilə cavab verdim ki, “Bakı beynəlmiləl şəhərdir, bu baxımdan Tbilisidən çox fərqlidir”. O razılaşmadı: “Hayır, canım, – dedi. – Sizinkilər odalarında kəndi sevgilisi ilə də rusca konuşuyorlar”. Düz sözə nə deyəsən. Vaxtilə Səməd Vurğun yuxarıdakı misralarında elə bu həqiqəti etiraf etməmişdimi?
Başqa bir ədəbi fakt. Rəsul Rza rəsmi tədbirlərdə Azərbaycan dilinin sıxışdırılmasına ayrıca bir şeir həsr etmişdir (“İti yazan qızlar”). O, millətin varlığını danmaq dərəcəsinə gələn vəziyyətin hər gün şahidi olduğumuz adiləşmiş bir faktın timsalında görün necə yana-yana qələmə alıb:
Salon adamla dolu,
Naxışlı xalıyanıyla döşənib
prezidiumun yolu.
Kiçik masa arxasında oturdu
itiyazan qızlar.
Masa üstündə ucu qəddənmiş
neçə qələm,
neçə varaq kağız.
Natiqlər qalxdı kürsüyə,
natiqlər düşdü kürsüdən.
Qızlardan ikisi yazdı
alnında damcı-damcı tər.
Biri oturdu bekar
qarşısında yonulmamış qələm,
yazılmamış vərəqlər.
Saatlar keçdi yeyin-yeyin,
saatlar keçdi ağır-ağır.
Qızlardan ikisi
yazdı, yazdı, yazdı.
Biri gözü natiqlərdə
əsnədi, əsnədi, əsnədi.
Bu, rüsvayçılıq deyil,
bəs nədi?
Həqiqətən də rüsvayçılıq idi. Bu rüsvayçılığı hələ o vaxtlar B.Vahabzadə “Latın dili” və “Ana dili” şeirlərində də damğalamışdır. Bu rüsvayçılığın, yəni ali məclislərdə ana dilində danışıqları yazan stenoqraf qızların bekar dayanması və s. halların tamamən aradan qalxdığını demək çətindir…”
Ana dilimizin işləkliyi zərurətini hər fürsətdə car çəkən Azərbaycan yazıçılarının məişət səviyyəsində sərgilədiyi nümunələr də maraqlıdır. Biri bu idi ki, yazıçılarımızın demək olar hamısı övladlarını Azərbaycan məktəblərində oxutdururdular. Hərçənd, o zamanlar karyera pillələrində irəliləmək üçün rus dilini mükəmməl bilmək həlledici tələblərdən sayılırdı. Bir dəfə Qasım müəllimlə bunu müzakirə edirdik, səbəbini dilə gətirib dedi, onsuz da bu siyasət sovetlərdə gedir, qətiyyən imkan verə bilmərik ki, ruslaşma ailələrimizin içinə də sirayət etsin.
EA Ədəbiyyat İnstitutunda çalışmış unudulmaz Xəlil Rza Ulutürkdən qalma məzəli bir xatirə var ki, bu da ana dilimizə həssas münasibət aşılamaqla bağlı idi. İşlədiyi ədəbi əlaqələr şöbəsinin əməkdaşlarından kimsə Azərbaycan dilində danışarkən təsadüfən rusca kəlmə işlədirdisə, şair həmin şəxsi məcbur edirmiş özünün qoyduğu cərimə qutusuna pul salsın.
Dilimizin qorunmasına məişət səviyyəsində həssaslıq göstərməklə bağlı digər məzəli əhvalatları da qeyd etməyə bilmərəm. Azərbaycan ailələrinin içinə ruscanın sirayət edilməsi əleyhinə Qasım müəllimin sərgilədiyi tövrü nəvəsi Türkərin hərəkətlərində də ara-sıra ifadə olunurdu. İndi bu olub-keçənləri təbəssümlə xatırlayırıq. Deməli, aşağı siniflərin əlaçı şagirdi Türkər bir dəfə məktəbdən evə qayıdanda anası onu balkondan görür və səsləyir ki, evə qalxmasın, dükana gedib çörək alsın. Sonra da ardınca dərslərindən hansı qiymət aldığını soruşur. Türkər aşağıdan yuxarıya – beşinci mərtəbəyə ucadan səslənərək fəxrlə deyir “ikiii!” və imkan vermir anası ondan soruşsun ikini hansı fəndən alıb, dərhal əlavə edir “rus dilindən”. Ana-balanın dialoqunu seyr edən balkon qonşumuz bəstəkar Xəyyam Mirzəzadə uğunub gedir ki, görən bu uşaq ruscadan aldığı iki qiymətini aləmə niyə belə fəxarətlə çar çəkir. Ertəsi gün gülə-gülə məndən soruşanda ki, nə məsələdi, olmaya bu uşağı da millətçiliyə-filan yoluxdurmusunuz, məcbur olub mətləbi anladıram. Və Türkərin “millətçiliyini” yıxıram anasının üstünə. Danışıram ki, Türkərin hələ təzə-təzə dil açan vaxtları imiş. Bir gün anası Ziya Gökalpın “Türkçülüyün əsasları” kitabının açıq səhifəsində görübmüş ki, “Rusiya dağılıb viran olacaq, Türkiyə böyüyüb Turan olacaq” ifadəsini Qasım müəllim üç nida ilə işarələyib. Babasını bir növ əyləndirsin deyə bu sətirləri Türkərə öyrədibmiş və tez-tez ona dedirtdirirmiş. Türkər də böyüdükcə elə bilirmiş böyüyüb Turan olan Türkiyə deyil, onun özüdür… Xəyyam müəllimə Türkərin dilimizlə bağlı başqa macəralarından söz salmıram ki, bunları lətifəyə çevirməsin. Birinin də yeri var buradaca yazım. Deməli, ailəmizin dil “qeyrəti”nin qoruyucusu missiyasını üzərinə götürən, mütaliəsi yaşına görə xeyli dərin olan azyaşlı Türkər anasını rusdilli qohumlarımızla hər dəfə rusca danışan görəndə dümsükləyirmiş ki, öz dilində danış. Bir dəfə anası onu C.Məmmədquluzadənin “Anamın kitabı” pyesinin tamaşasına aparır. Tamaşanın bir məqamında Türkər yerindən dik atılıb  anasının qarşısına keçir, teatrda tamaşaçı sükutunu pozaraq ucadan deyir: “Gördün, sənə deyirdim də, rusca danışma…”
Təbəssümlü bu məişət xatirələri öz yerində, ancaq indi görəndə ki, ingilis dilində təhsil almış gənclərimiz ana dilində danışanda kəlməbaşı ingilis sözlərini, rus təhsillilərimiz rus sözlərini işlədirlər, İranda təhsil görmüş din adamlarımız fars avazı ilə danışırlar, Türkiyə seriallarının əsiri gənclərimiz dillərini serial qəhrəmanlarının danışıq ahənginə uyğunlaşdırırlar, təbəssüm-filan yox olub gedir. Özümü “Anamın kitabı” pyesinin sakit-səmirsiz seyrçisi qismində görürəm. Tamaşaçı sükutunu isə uşaqlar yox, böyüklər pozmalıdır. Böyüklər deyəndə ki, söz yenə də güvənc yeri bildiyim yazıçılarındır.

Mənbə: edebiyyatqazeti.az
KÖŞƏ YAZARLARI
TOP 10