Ana körpəsini qundaqda öldürdü

85 Baxış

aleksiyevicSenet.az f.ü.f.d. Nərgiz Cabbarlının tərcüməsində “XAN” nəşriyyatının “Çağdaş nobelçilər” silsiləsində işıq üzü görən 2015-ci il ədəbiyyat üzrə Nobel mükafatçısı, Belarus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” romanından parçanı təqdim edir.

 

 

 

 

 

Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük…

                                                                               Hər şey haqqında ancaq kitablarda oxumuşduq.

 

Senzorla söhbətdən:

 

– Bu cür kitablardan sonra döyüşməyə kim gedər? Siz qadını primitiv naturalizm vasitəsilə alçaldırsınız. Qəhrəman qadını. Gözdən salırsınız. Onu adi qadına çevirirsiniz. Adi dişiyə. Halbuki onlar bizim üçün müqəddəsdirlər…

– Bizim qəhrəmanlığımız sterildir, o nə fiziologiya, nə də biologiya ilə hesablaşmaq istəmir. Ona inana bilmirsən. Halbuki təkcə ruh deyil, bədənlər də sınaqdan keçirilirdi. Maddi örtüyümüz…

– Bu fikirlər sizdə hardandır axı? Yad fikirlər… Sovet fikirləri deyil bunlar… Siz qardaşlıq məzarlarında olan adamları ələ salıb gülürsünüz. Remarkla başınızı xarab eləmisiniz, deyəsən… Bizdə remarkizm işə keçmir… Sovet qadını heyvan deyil…

 

***

 

“Bizi kimsə satmışdı… Almanlar partizan dəstəsinin dayanacaq yerini öyrənmişdilər. Meşəni də, məntəqəyə aparan yolları da mühasirəyə almışdılar. Vəhşi cəngəllikdə gizlənmişdik… Bizi düşmənlərimizin girə bilmədiyi bataqlıqlar xilas edirdi. Bataqlıqlar… Onlar insanları da, texnikanı da bir anın içindəcə özünə çəkirdi. Günlərlə, hətta həftələrlə boğazımıza qədər suyun içərisində qalırdıq.

Bizimlə birlikdə bir radist qadın var idi, yenicə doğmuşdu. Uşağı ac idi. Əmmək istəyirdi. Ananın özü də ac olduğu  üçün südü qurumuşdu; uşaq isə dayanmadan ağlayırdı. Faşistlər yaxınlıqda dolaşırdılar… İtlərlə… İtlər səsi eşitsələr, hamımız məhv olduq. Bütün qrup – otuza yaxın adam. Sizə aydındır? Bir qərar alınır. Heç kim komandirin əmrini qadına çatdırmağa ürək eləmir, amma ananın özü hər şeyi başa düşür. Uşağın qundağını suya salır və uzun müddət orada saxlayır…

Uşaq artıq qışqırmır… Bir cıqqırtı belə yoxdur. Biz isə başımızı yerdən qaldırıb kimsənin üzünə baxa bilmirik… Nə ananın, nə də bir-birimizin”…

“Biz əsir götürdükdə onları dəstəyə gətirirdik…. Güllələmirdik, bu, onlar üçün həddindən artıq ucuz ölüm olardı; donuz kimi şişlə öldürür, hissə-hissə parçalayırdıq. Mən bütün bu mənzərəyə tamaşa etmək üçün gedirdim. Gözləyirdim… Uzun müddət gözləyirdim ki, görüm ağrıdan nə zaman gözləri partlayacaq… Bəbəkləri… Siz bu haqda nə bilirsiniz ki? Onlar mənim anamla kiçik bacılarımı kəndin ortasındaca ocaqda yandırmışdılar…”

“Müharibədən yadımda nə itlər, nə də pişiklər qalıb, amma siçovullar xatirimdədir… Böyük-böyük siçovullar…. Sarı-göy gözləri vardı… Onlar saysız-hesabsız idilər. Mən yaralandıqdan sonra sağalmağa başladığım vaxt hospitaldan geri, öz hissəmə göndərilmişdim… Hissəmiz Stalinqrad yaxınlığında – səngərlərdə yerləşirdi.

Komandir əmr etdi: “Onu qızların qazmasına aparın”. Qazmaya girəndə ilk olaraq ona heyrətləndim ki, içəridə heç bir əşya yox idi. İynəyarpaqlardan hazırlanmış boş yatacaqlar idi, vəssalam. Heç kim heç bir xəbərdarlıq da etmədi. Mən çantamı orda qoydum və çıxdım, yarım saat sonra geri qayıtdığımda o, yox idi… Əşyalarımın, da-rağımın, qələmimin – heç bir şeyin izi-tozu belə qalmamışdı. Sən demə, bir neçə dəqiqənin içində siçovullar gəmirmişdilər. Səhər isə mənə ağır yaralıların siçovullar tərəfindən gəmirilmiş əllərini göstərdilər. Heç bir qorxulu filmdə görməmişdim ki, siçovullar bombardmandan qabaq şəhərdən necə qaçırlar. Bu, Stalinqradda olmamışdı. Vyazma yaxınlığında olmuşdu. Səhər-səhər bütün şəhərin küçələri siçovulla dolu idi, onlar çöllərə doğru qaçırdılar. Ölümün qoxusunu almışdılar. Minlərlə idilər. Qara, sarı… İnsanlar adamın içini ürpərdən bu mənzərəyə dəhşət içində tamaşa edir və sığınmaq üçün evlərinə üz tuturdular. Məhz onların gözlərimizdən itdiyi anda şəhər atəşə tutuldu. Təyyarələr başımızın üstünü aldı. Evlərin və zirzəmilərin yerində toz-torpaq qaldı”.

“Stalinqrad döyüşlərində o qədər ölü var idi ki, artıq atlar onlardan qorxmurdular. Halbuki adətən qorxurlar. At heç vaxt ölmüş adamı tapdalayaraq üstündən adlamaz. Biz öz ölülərimizi toplamışdıq, amma alman meyidləri hər yerə səpələnmişdi. Donmuşdular. Buz bağlamışdılar. Mən o zaman sürücü idim, artilleriya mərmiləri ilə dolu yeşikləri daşıyırdım; almanların kəllə sümüklərinin təkərlərin altında qalıb necə xırçıldadığını eşidirdim. Sümük səsləri… Və mən xoşbəxt idim…”

 

P.S. Oxucular bu romanı Kitabevim.az kitab mağazasından əldə edə bilərlər.

 

 

 

svetlana

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Nəsr, Ədəbiyyat