Ana südü

194 Baxış

YUSIF125Fəlsəfə doktoru Yusif Alı Afşar

 

Qədir axşamdan ağrıları başlayan arvadını səhər tezdən doğum evinə gətirdi. Deyəsən vaxt tamam idi. İçəri girən Sonanın sancıları daha da şiddətlənmişdir. Az keçməmiş xoş xəbərin muştuluğunu qapıçı Sara xala gətirdi:

- Ay oğul, muştuluq, bir pəhləvan oğlun oldu.

Doqquz ay boyunca Allaha yalvararaq “oğlum olsun” deyən Qədir sevincindən uşaq kimi atılıb düşdükdən sonra Sara xalaya xoş xəbərin nəmərini verdi. Sara xala Qədirdən aldığı nəməri – 30 manatı, qatlayıb çulqusunun başına qoyub “kabinet”inə keçdi. Sara xalanın arxası ilə dabanbasmaraq qapıya çıxan mamaça-doktor Minəxanım Kələşova Qədiri içəri çağırdı. Qədir dəhlizə girəndə qulağına gələn qarmaqarışıq qışqırıq səslərindən utanıb kürə kimi qızardı. Doktor Kələşova dəhlizin ortasındakı sanitar otağına girdi. Onun arxası ilə özünü zorla sanitar otağına salan Qədir cəld qapını örtdü ki, dəhlizdən gələn səsləri eşitməsin. İçəri girən kimi doktor Kələşova Qədirə baxaraq:

- Adə, hazırlıqlısan?

Həyəcandan ayaqları titrəyən Qədir:

- Hə doxtur, hazıram. Keçən bazar qara danamı bazara çıxardıb satmışam. Nə qədər verəjəm, sizə?

Kələşovanın Qədirin dediyi sözlərdən xoş olmadığı iri, ətli dodaqlarını büzməyindən bəlli idi. Bunun fərqində olmayan, ürəyində Tanrıdan doktorun ürəyinə mərhəmət diləyən Qədirin əli cibində, gözləri isə doktorun ağzında qalmışdı. “Görəsən nə qədər istəyəcək? Ay Allah, kaş az pul istəyəydi. Allah, mənə kömək ol!”. Qədiri bu düşüncələrdən Kələşovanın kişi səsi kimi gərilmiş səsi oyatdı:

- Doğuş çətin keçdi. Zalım qızı elə bil həftələrlə ac qalıb. Gücləndirmə iynəsi vurduq ki, uşaq çanaqda boğulmasın. Cift də uşağın boğazına dolanmışdı. Boğulma ilə doğuldu.

Eşitdiklərindən abır-həyalı Qədirin olan-qalan dili də tutuldu.

- Doxtur, Allah balalarını saxlasın. Çox şükür ki, mənim balamı sağ salamat bizə verdin. İndi de göröm mən nə qədər verəjəm?

Qədirin dualarından xoş olmayan, üz gözündən təkəbbürlük yağan Kələşova:

- 200 manat baş həkimə, 300 manat mənə, iki tibb bacısının hərəsinə 100 manat, sanitarkaya 50 manat, palata sanitarkasına da 30 manat.

Kələşovanın dilindən çıxan məbləğləri beynində cəmləyən Qədirin cibi artıq onun üzünü qara etmişdi. Qədirin cibində vur-tut 630 manat pul var idi. Bəs 780 manatı necə verəcəkdi. Qədir yenə də ürəyində doktordan rəhm gözlədiyi üçün:

- Doktor, qurban olum sizə, mənim buna heç gücüm çatmır. Bir az aşağı edin, xahiş edirəm.

Əsəbləri gərilən Kələşova gözlərini bərəldərək:

- Bura bax, bura bazar zaddır bəyəm, aşağı yeri də olsun? Yaxşı, görürəm imkanın yoxdur, mənə də 200 manat verərsən, başqalarından heç nə kəsə bilmərəm. Yoxsa mənim özümü də atarlar çölə.

Həkimin insafa gəlməsini səhərdən Allaha etdiyi dualarla bağlayan sadəlövh Qədirin qızarmış üzünə təbəssüm gəldi və sevincək dilləndi:

- Doktor, Allah sizdən razı olsun. Sizə qurban olum, nə yaxşı insansız siz. Doktor indi mən sizə 500 manat verim, uşağı çıxardanda da qalan 180 manatı verərəm.

Qədirin bu sözlərindən xoş olmasa da, doktor Kələşova heç də pis olmayan bu şərtlə razılaşıb Qədirin cibindən çıxan, çoxu 10, 20 manatlıq olan əskinazları səliqə ilə yığıb 500 manat edərək, qatlayıb qar kimi dümağ olan ağ xalatının iri cibinə qoydu.

Otaqdan sevincək dəhlizə çıxan Qədir sanki bayaqkı Qədir deyildi. Artıq o dəhlizdən gələn səsləri də eşitmirdi. Qədir həyətə çıxdıqda anası Gülnavad nənə və qayınanası Fatma xalanı görüb sevincək “ay ana, ay Fatma xala, muştuluq, oğlum olub” dedi. Hər ikisi də sevinərək irəli gəlib Qədiri öpüb, xeyir dua verdilər:

- Böyük oğlan olsun. Gözü dolusu görəsiz. Tanrı qardaş, bacılarını yetirsin.

Sən saydığını say, gör fələk nə sayır deyib atalar. Yazıqların sevinci iki gün belə çəkmədi. Yox-yox, uşaqa bir şey olmadı, nə də anaya. Sadəcə olaraq Qədir yoldaşı və uşağının səhhəti haqqında həkim Kələşovadan məlumat almaq istəyərkən  həkim çölə çıxdı və doğum evinin qarşısında anası və qayınanası ilə dayanan fağır Qədirə baxıb:

- Adə, bu nə arvaddır almısan?

Yazıq Qədir yenə də qorxuya düşüb dili kəkələyə-kəkələyə:

- İ-i-in-di  nə olub, ay do-o-xtur?

Bu sözdən daha da hiddətlənən doktor Kələşova:

- Hələ bir sorşursan ki nə olub. Day bunnan artıq nə olacaq, zalım qızının bir damcı südü yoxdur ki, uşağa versin. Uşağın acından bağrı  yarılır. Başqa anadan da süd çəkmir ki, bir az başımız sakitləşsin.

Kələşovanın bu sözlərini eşidən Gülnavad nənə qudası Fatma arvada:

- A Fatma, budu bax “Teksun”la, “Bakuş”la saxlayıb, böyütdüyün uşaq. Sonu belə olajeydı da. İndi mən başıma haranın daşını salem? Nə verəjəm bu uaşağa. Səndə yox, məndə yox…

Fatma arvad sanki böyük günah işlətmiş kimi sakitcə donqar belini daha da əyri büküb susmuşdu. Ürəyində isə zəmanəni asıb kəsirdi. Kim bilir onun dərdi nə dərd idi. Dörd yetimi təkbaşına bir qarını ac, bir qarını tox böyütmüşdü. Gözü ilə nə odlar ayaqlamışdı. Ömür-gün yoldaşı, uşaqların atası Rasim əmi 1992-ci ildə müharibənin qızğın vaxtında Ağdərədə şəhid olmuşdu. Elə o vaxtdan ailənin yükü gözəl-göyçək, ağbəniz Fatmanın çiyinlərinə düşüb onun şux qamətini ikiyə qatlamışdı. Sakit halda matdım-matdım qapıda dayanan, hör-hör hörüldəyən doktor Kələşovaya və onun keçmişini qınağa çevirən Gülnavad arvada baxırdı. Utandığından Qədirin üzünə baxa bilmirdi.

Bayaqdan bunlara qulaq asan doktor Kələşova Qədirə uca səslə:

- Adə, qaç get aptekdən ana südü əvəsi bir qutu yemək al gətir verək uşağa. Bir də, bir nömrə uşaq bezi al, 10-15 dənə.

Gülnavad nənə üzünü həkimə tutub, yarı əsəbi halda:

- Ay doxtur, dərdin alem, irəli vaxtlar ananın südü olmayanda inək, keçi südü vererdik. İndi olmazmı ki, yenə də elə elliyək?

Kənd adamlarını heç sevməyən doktor Kələşova bu iradı da eşidən kimi bağıra-bağıra, yuxarıdan aşağı Gülnavad arvada:

- Bura bax ay arvad, belə çoxbilmişsənsə bura nəyə gəlmisiz? İnək sudu çox ağırdır, o körpənin mədəsində çoxlu selik əmələ gətirər və qusmalar, qarın işləmələri yaradar. Həm də heyvan südlərində bruselyoz xəstəliyi olur. Bütün dünya indi ana südü əvəzi qablaşdırılmış yeməklərdən istifadə edir. Özünüz bilin, istəyirsiz uşağınız acından ölsün.

Bir anlıq qulaqlarında yeni doğulmuş oğlunun səsini eşidən və eşitdiklərindən dəhşətə gələn Qədir bir göz qırpımında qaça-qaça yolun o biri tərəfindəki Aptekə girdi. Aptekçiyə yaxınlaşıb ana südü əvəzi olan bir qutu yemək qarışığı istədi. Aptekçi kiçik bir kağıza 23 manat yazıb kassaya ödəməsini xahiş etdi.

Kassaya yaxınlaşıb qəbzi kassırə uzadan Qədir:

- Ay bajı, bilməzsən, bu bir qutu yemək uşağa neçə gün gedər?

- Ən yaxşı halda iki gün!

Kassirdən “iki gün” sözünü eşidən Qədirin dizləri qatlandı, beli büküldü.  Sanki azacıq ümidi qalan Qədir yenidən kassirə:

- Ay bajı, qurban olum sənə, bəs bu yeməyi neçə ay vermək lazımdır uşağa.

Gözünü Qədirin titrəyən dodaqlarına zilləyən kassir:

- Ən azı üç-dörd ay.

Qədir ” üç-dörd ay” sözünü eşidən kimi, az qaldı ki, dəli kimi ucadan bağırsın. Doqquz ay səbrsizliklə gözlədiyi, hələ üzünü də görmədiyi, adını belə fikirləşib tapmadığı oğlunu necə böyüdəcəyini düşünürdü. Düşündükcə də az qalırdı ki havalansın. Çünki olan-qopan var dövləti tövlədəki 6 qoyun, 1 inək, 1 eşşəkdən ibarət olan Qədir hələ “doğuş haqqı” üçün satdığı qara dananın yerinə bir boğaz da bağlamamışdı. Hələ üstəlik 180 manat da borclu qalmışdı həkimə. Üstünə gedəcək, qolundan tuta biləcək elə bir qohum-əqrabası da yox idi.

Suyu süzülə-süzülə doğum evinə dönən Qədir beynində üç-dörd ay irəlini fikirləşirdi. Tövlədəki mal-qaranın hamısını satsa da ancaq ki iki ay bu aptekdən yemək və bez ala bilər… Bəs sonra? Yoxsa eşşəyidəmi satsın? Bəs sonra meşədən odunu, otu, içməyə suyu nə ilə gətirəcək?

Baş verən hadisələr Qədiri həyatının hansı hissəsində səhv etdiyini düşünməyə vadar etdi. “Axı ana varsa, niyə onun uşağı ana südü əmməsin” sualı onun fikrinə hakim kəsildi. Ümidi hər yerdən kəsilən Qədir sonda orta məktəb illərindən sevib seçərək evləndiyi Sonanı qınadı. Kaş ki heç onunla evlənməyəydim, dedi…

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10