Anamı istəyirəm

216 Baxış

letifcim

Lətif Şüküroğlu

Senet.az avtobioqrafik xarakter daşıyan, müəllifin uşaqlıq və gənclik xatirələri əsasında yazılan “Taleyin izləri” kitabından bir hissəni təqdim edir. 

Anam bizdən ayrılanda cəmi 3 yaşım vardı. O məni və böyük qardaşımı bağrına basıb, ona “Qardaşından muğayat ol, qoyma kimsə incitsin”, deyə bərk-bərk tapşırdı. Bizi kimsənin incidəcəyinə inanmasa da, nədənsə belə deyirdi. Yanındakılardan birinin, yəqin xalalarımdan hansınınsa “Necə alıb aparırlar, qoy elə də saxlasınlar”, deməsi qulaqlarımda indiyədək qalıb. Həmin günün hadisələri də indi baş verirmiş kimi gözlərimin qabağındadır. Adamlar öz aralarında nəsə pıçıldaşırdılar. Onlardan biri, yəqin qonşu idi “Yazıqlar yetim qaldılar”, dedi. Düzü, bu sözün mahiyyətini tam dərk etməsəm də, atamın da, anamın da sağ ola-ola onun bizə yetim deməsinə bərk acığım tutdu. Ürəyimdə, “yetim özünsən, uşaqlarındır”, dedim. Anam bizi bacardıqca yanında çox saxlamaq, çöldə gözləyən yaxın qohumlarımıza vermək istəmirdi. Ancaq artıq nəsə etməsi mümkün deyildi. Bizim öz razılığımızla atamın yanında qalacağımız barədə məhkəmə qərarı çıxarılmışdı. O bizi daha bir neçə saatdan artıq ləngidə bilməzdi. Məncə, o da elə bunu edirdi. Hələ bir yaşı olan bacım da bizim harasa hazırlaşdığımızı görüb, nəsə duymuş kimi ucadan ağlayır, az qalırdı çatlasın. Nə qədər çalışsalar da, onu sakitləşdirə  bilmirdilər. Anamın isə başı bizə qarışmışdı. Elə hey qucaqlayıb başımızdan, üz-gözümüzdən öpür, rabitəsiz sözlər deyərək ağlayır, bacımla məşğul olmağa vaxt tapmırdı. Bir az da keçsə, bacımın ağlamaqdan az qala huşunu itirəcəyini görən anam: “Ay qız, biriniz onu kiridin də. Mənim evim yıxılıb, ocağım sönüb, sizə nolub?” deyə bacılarına təpindi.

Elə bil, bu sözləri eşidəndə bacım səsinə bir az da güc verdi. Onu birinci qucağına alan xalam sakitləşdirə bilməyəndə, içəridən bizim paltarlarımızı yığışdıran yaşca daha böyük olan xalam Mənzəri cağırdılar. Bacım həmişə onun qucağında rahatlıq tapırdı. Doğrudan da, onun qucağına gələn kimi xalamın adını qışqıra-qışqıra bir az da ağlayıb sakitləşdi. Hamı bizi öpüb, vidalaşdıqdan sonra anam hər ikimizi bir də bağrına basıb göz yaşı axıtdı. Sonra da ağlamağına ara vermədən əlimizdən tutub çölə çıxardı. Burada bizi qohumlar və tanımadığımız başqa adamlar gözləyirdilər.

Anam həmin adamlara: “Siz allah, zəif uşaqdır, yolda yorulsa, qucağınıza alarsınız”, – dedi. Məni nəzərdə tuturdu.

Biz həmin adamlarla bərabər əmimgillə birgə qaldığımız evə gəldik. Mən bu yolu yaxşı tanıyırdım. Bir neçə dəfə anamın yanından bura, buradan da geriyə qaçıb gəlmişdim. Bu yolu isə mənə qardaşım tanıtmışdı. Onunla birlikdə bir-iki dəfə gedib-gəldikdən sonra yolu yadımda yaxşı saxlamışdım. İndi bu yol bizi həmişəlik anamızdan ayırırdı. Bacımla bərabər qalan və bir müddət sonra bizim kimi ondan da həmişəlik ayrı yaşayacaq anamdan. Doğrudur, mən onda bunu tam başa düşmürdüm. Ancaq adamların üzündəki, baxışındakı kədərdən, qardaşımın başını aşağı salıb gözlərini hamıdan gizlətməyə çalışmasından, anamın dərdli-dərdli ağlamasından heç nəyin daha əvvəlki kimi olmayacağını duyurdum. Bu fərqli həyatda artıq bizsiz necə yaşayacağını bilməyən anam olmayacaqdı. Başqa yol da yox idi. Artıq nəyisə geri qaytarmaq, həyatı əvvəlki axarına salmaq mümkün deyildi. Çünki atam ikinci dəfə ailə həyatı qurmuşdu. İndi bizim başqa anamız olacaqdı və o artıq bir aya yaxın idi ki, əmimgillə eyni evdə yaşayırdı. Bu başqa ana bizim doğma anamızı əvəz edə biləcəkdi, ya yox?! Bunu gələcək göstərəcəkdi. Ancaq bir şey qaçılmaz idi. Biz “yazıq uşaqlar, yetim qaldılar” sözlərini hələ çox eşitməli olacaqdıq və bu qəlbimizi parçalayacaqdı.

… Analığımız bizimlə mehriban davranır, bütün istəklərimizi yerinə yetirməyə çalışırdı. Əlbəttə, 3 və 8 yaşın içində olan uşaqların “bunu yemirəm”, “onu istəmirəm”, “mənə ondan, ya bundan ver” və digər buna bənzər  şeylərdən başqa nə istəkləri ola bilərdi. Öz anamız bizim nədən xoşlanıb-xoşlanmadığımızı yaxşı bildiyindən, əksər hallarda ona nəsə deməyə ehtiyac qalmırdı. Analığımız isə bütün bunları indi öyrənirdi və insaf naminə, tədricən də olsa, bizi yaxından tanımağa çalışır, şıltaqlıqlarımıza dözürdü. Doğrudur, yazıb-oxumaq bacarmadığından böyük qardaşıma ev tapşırıqlarında kömək edə bilmirdi. Buna görə da qardaşımın dərsləri ilə əksər hallarda işdən gec və yorğun gələn atam məşğul olurdu. Bəzən gecə düşənə qədər davam edən bu proses özü demiş, “səhərdən axşama qədər rol bulayan” atamın yorğunluğunu daha da artırır, rahatlığını pozurdu. Əsasən də riyaziyyat və rus dili dərslərini qardaşım atam gələnə saxlayırdı. Çünki, bu fənlərin öhdəsindən əmim və Bəyim nənə də gələ bilmirdilər.

Bizə ayda 2 dəfə anamla görüşmək icazəsi verilsə də, o,  hər həftə bizimlə görüşmək üçün evimizin arxasına gəlir, Bəyim nənə də bizi ora göndərirdi. Analığım atamın xəbər tutacağı qorxusu ilə bizim əlavə görüşlərimizdən narazı qalsa da, ürəyimizə toxunmaq  istəmədiyindən bir söz deyə bilmirdi. Ümumiyyətlə, o, bizə bacardığı qədər diqqət yetirir, ancaq ürəyimizdən nələrin keçdiyini axıra qədər başa düşə bilmirdi. Doğrudur, bu daha çox onun xarakteri, dünyagörüşü ilə bağlı idi. Onun nəzərində uşağın yaxşı yeməyi, geyimi varsa, sağlamdırsa, ona başqa şey lazım deyildi. Ona görə də işdən qayıdan atama bizim haqqımızda, gün ərzində nə etməyimiz barədə verdiyi məlumatlarda bir qayda olaraq nə yediyimizi, nə qədər yatdığımızı və s. bu kimi şeyləri çatdırırdı. Uşaq vaxtı tez-tez xəstələndiyimdən atam mənim vəziyyətimlə ayrıca maraqlanırdı. Bir dəfə yaramazlıq etdiyimə görə analığım mənim üstümə bərk acıqlananda mənim: “Atam gələndə görərsən”, deməyim onu lap hövsələdən çıxardı. Məni vurmaq üçün üstümə yumruq qıcadı. Ancaq nəsə fikirləşib əl saxladısa da, sifətinin qəzəbli ifadəsi dəyişmədi. “Buna bax, indi də məni atası ilə qorxudur, hələ qoy bir gəlsin, nə iş tutduğunu deyim, sən də gününü gör”, dedi. Ancaq Bəyim nənənin: “Aaz uşaqla prinsip aparırsan. Nə tənbehin var, özün gör də. Daha atasına şikayət etmək nədi?”, deməsi onun sanki dərdini tərpətdi. “Ay bacı, mən neyləyim axı, sözə baxmır, səhərdən axşama qədər bir yerdə durmur, sonra xəstələnəndə də atası deyir, uşaqları yaxşı saxlamırsan. Mən başı daşlı neyləyim?”.

“Sözlə başa sal, onu indiyə qədər vuran olub ki, sən də vurasan?”.

Əlbəttə, Bəyim nənənin bizi hər vasitə ilə müdafiə etməsi onun xoşuna gəlmir, bunu özünə qarşı inamsızlıq kimi qəbul edirdi. Halbuki o bizə bacardığı qədər diqqət yetirir, hər vasitə ilə özünü doğmalaşdırmağa çalışırdı. Bir neçə il sonra belə də oldu.

Analığımın bibimlə münasibətləri daha yaxşı idi. Əslində, anamın ayrılmasında bəzilərinin nahaq yerə günahkar hesab etdiyi bibim atamın ikinci dəfə belə tez ailə qurmasının təşəbbüskarı olmuşdu. Sonralar qohumlardan eşitdiyimə görə, anamın peşimançılıq çəkdiyini, barışmaq istədiyini bilən bibim əvvəl atamı barışmağa, üç uşağını anasız qoymamağa çağırmış, bu baş tutmadıqda isə (atam buna qəti razı olmamışdı) analığımızla evlənməyə yola gətirmişdi. Bununla da, hansısa barışıq məsələsi birdəfəlik aradan qalxmışdı.

… Mən anamın yoxluğu ilə gec barışdım. İlk vaxtlar daha çox sussam da, sifətimin rəngindən, gözlərimin tez-tez səbəbsiz yerə dolmasından, iştahsızlığımdan narahat olan atam hey məni sorğu-suala tuturdu:

“- Bir yerin ağrımır ki, niyə heç nə yemirsən? Ürəyin nə istəyir?”.

Sonuncu sual gözlərimin daha da dolmasına, ürəyimin daha da sıxılmasına, az qala sinəmi yarıb çıxmasına səbəb olurdu. Ancaq bütün sualları cavabsız buraxıb, israrla “heç nə” deyirdim. Anamı istədiyimi, bacımı istədiyimi dilimə gətirməsəm də, atam bunu bilirdi. Ancaq mənim dilimdən eşitmək istəyirdi. Bəlkə gizlətməyib vaxtında desəydim, ailə yenidən birləşər, hamımız bir yerdə olardıq. Bəlkə atam bu addımı bizə, mənim və qardaşımın istəyinə görə atardı. Mənə elə gəlirdi ki, dilinə gətirməsə də, o da bizim kimi anamın qayıtmağını istəyərdi. Öz əli ilə dağıtdığı ailəsini, vaxtı ilə özü sevib-seçdiyi, indi isə ayrıldığı qadınını geri qaytarmaq üçün birinci addımı atmağı kişilik qüruruna sığışdırmayan atam. Həyatının acı günlərinin geridə qaldığını düşünərkən, indi də onu canından artıq sevdiyi uşaqlarının ana həsrəti ilə parçalanan qəlbini, buludlar tək dolan gözlərini görüb, bütün bunları dərd kimi ürəyinə yığan atam. Ancaq nə o, nə də tərslikdə heç də geri qalmayan anam inadından dönüb, “ailəni dağıtmaqda səhv etmişəm”, deyib bağışlanmasını diləməyi özünə sığışdırmadı.

İki insanın qüruru sınmadı, ancaq sınan talelər oldu. Həm özlərinin, həm də övladlarının taleləri. Bir-birini kimsənin təsiri olmadan seçib evlənmiş iki nəfər ayrıldı. Anadan yetim qalan uşaqların isə sanki, Əli Kərim demiş, oyunlarını götürüb, sadəcə, oyuncaqlarını verdilər. Sevincləri gözlərindən, xoşbəxtlikləri qəlblərindən çalındı. Hər şeyləri o gündən yarıya bölündü, heç vaxt bütövləşə bilmədi. Ən şad günlərində də nəsə çatmadı.

Bir necə ay sonra tez-tez təkrarladığım sözlərin atamı necə sarsıtdığı, onun qəlbini parçaladığı indiyədək yadımdan çıxmayıb. Məndən niyə kədərli olduğumu, nə istədiyimi soruşduqda artıq susmur, eyni şeyi təkrarlayırdım: “Belə deyirəm ki, belə deyirəm ki, bax belə…” bu sözləri təkrarlayıb, əllərimi qəribə şəkildə havada hərəkət etdirir, sanki nəyəsə işarə edirdim. “Axı nəyi deyirsən?”- deyə  atam soruşurdu. “Nə istəyirsən, edək”. Mənsə yenə eyni sözləri təkrarlayırdım: “Belə deyirəm ki …”

Neçə dəfə soruşurdular, nə istədiyimi öyrənmək üçün üzümdən öpür, başımı sığallayır, az qala yalvarırdılar. Ancaq mən yenə nəsə demir, eyni cavabı verirdim. Mənim nə istədiyim bu qədərmi anlaşılmaz, qaranlıq idi? Əlbəttə, yox. Başqaları bir yana, atam ki nə istədiyimi bilirdi. Elə başqaları da demək istədiyim, ancaq deyə bilmədiyim sözlərin mənasını yaxşı başa düşürdülər. Ancaq heç kəs  bunu dilinə gətirmir, nə istədiyimi sonadək özümün deməyimi gözləyirdilər. Mən isə tutuquşu kimi eyni şeyi təkrarlamaqdan yorulmurdum. Zəif olduğuma görə üstümdə əsən atam fikir çəkməkdən daha da arıqladığımı görüb çox narahat olurdu. “Yeməyinə yaxşı fikir verin, uşaq bir dəri, bir sümük qalıb”, desə də məsələnin yeməklə bağlı olmadığını yaxşı bilirdi. Bilirdi ki, mən anamın fikrini çəkirəm. Buna son verməyin yeganə yolu isə atamın öz qərarını dəyişməsi və anamın evimizə qayıtması idi. Bir neçə il sonra bu istəyimin baş tutmasının, dağılmış ailənin bərpasının artıq mümkünsüz olması qətiləşəndən və mən bu reallığı qəbul etmək məcburiyyətində qalandan sonra həmin sözləri unutdum. Bəlkə də, dilimə gətirməyi özümə qadağan etdim desəm, daha düzgün olar. Başlıca səbəb isə artıq anamın da yeni ailə qurması idi. Bunu qonşu arvadlardan birinin söhbətindən eşitmişdim. Bakıya köçmüş anam fabrikdə işə düzəlmiş və atamdan üç il sonra ailə qurmuşdu. Bu hadisədən sonra anamla əlaqələrimiz tamam kəsildi və mən onu bir də, orta məktəbi bitirəndən sonra gördüm.

Ardı var….

Bölmə : Nəsr, Ədəbiyyat