Anamı zirzəmidə tapdım

160 Baxış

 haciSenet.az Kənan Hacının “Özgə qapılarında” silsiləsindən IV hekayəni təqdim edir:

“Özgə qapılarında” silsiləsindən I yazı

 “Özgə qapılarında” silsiləsindən II yazı

“Özgə qapılarında” silsiləsindən III yazı

Mən əsgərlikdən qayıdıb  gələndə o mülk artıq yox idi, iki mərtəbəli binanı son daşına qədər söküb yerə qoymuşdular. Yerində hansısa bağ sahibi özünə villa tikdirirdi. Anamla birlikdə ot-alağını təmizləyib tərəvəz əkdiyimiz həyətdən əsər-əlamət qalmamışdı, ortalığa taxta-şalban tökülmüş, ətrafda sement kisələri qalaqlanmışdı.

 

Axtarıb anamı kəndin kənarında yerləşən köhnə ikimərtəbəli bir binanın xəfə, rütubətli, taxta qapısını həyasız siçovullar gəmirən zirzəmisində tapdım. Onun mənə yazdığı sonuncu məktubda başqa ünvan yazılmışdı, məktubu açmamış qanım qaraldı, ağlıma min cür fikir gəldi. Görəsən niyə qaldığı yerdən köçüb? Bəlkə hansısa bir hadisə baş verib? Anamın didərginliyində özümü günahkar sayırdım və bu hiss doymaq bilməyən qurd kimi içimi gəmirirdi, gecələr yerimin içində bu ağrıdan qıvrılırdım, yata bilmirdim. İndinin özündə də,aradan neçə illər keçməsinə baxmayaraq günah hissi içimi didir, virus kimi canımdan əl çəkmir. Bilirəm ki, bu əhvalatları yazandan sonra da rahat olmayacağam. Axı bütün bu əhvalatlar baş verməyə də bilərdi. Amma həyatda elə həqiqətlər var ki, o həqiqətləri müəyyən yaş dövrünə çatdıqdan sonra dərk edirsən. Evimizin satılmağını, kitabxanamdakı kitabları satmağımı, yazı-pozudan, mütaliədən uzun müddət uzaq düşməyimi heç vaxt özümə bağışlamayacağam. Əlbəttə, sonralar o kitabların bir qismini kitab alverilə məşğul olan Vahid dayı özümə qaytardı. “Kitablarını satan jurnalist” adlı yazımda bu haqda təfərrüatı ilə yazmışam. Dəhşətli dərəcədə peşman olmuşdum, o kitabların əksəriyyəti anamın kitabxanasından idi. Bir daha kitab satmayacağıma and içdim. Onda hələ əsgərliyə getməmişdim. Gedəndə anamdan xahiş etmişdim ki, kitablarımı, əlyazmalarımı qorusun. Anam demişdi ki, bir adama imkan vermərəm sənin kitablarına toxunsun.

 

Anamın məktubu hərbi hissəyə gəlmişdi, uşaqlar gətirib hospitalda mənə çatdırdılar. Əllərim əsə-əsə təzə ünvandan gələn məktubu açdım. Anam yazırdı ki, başqa yerə köçmüşəm, məktub yazanda konvertin üstündəki ünvana yaz. Həmin vaxt mən Naxçıvan şəhərindəki hərbi hospitalda, fizioterapiya şöbəsində yatırdım. Avqust ayında ölümcül halda məni hospitala gətirdilər, artıq nəfəs ala bilmirdim, sən demə, ciyərimə su yığılıbmış. Qeyri-vərəm mənşəli ekssudativ plevrit diaqnozu qoyuldu, sağ qabırğamın altında şprislə üç litr su çəkdilər. Bu ağır xəstəliyə düçar olduğumu anama yazmağa əlim gəlmədi. Bundan əvvəl də qış vaxtı ayağımda qanqrena yaranmışdı və hospitalda ayağımdan əməliyyat olunmuşdum, anam bundan da xəbərsiz idi. Başıma gələnləri kənddə tək, kimsəsiz qalmış anama yazsaydım, o, bunlara dözməyəcəkdi. Uzaq Naxçıvana, yanıma gələ bilmirdi. Bu da onun üçün ağır dərd idi. İyrənc xəstəliklər isə yaxamdan əl çəkmirdi. Bu dəfə də ciyərlər…

 

Birini qoyub birini danışım. Mən əsgərliyə gedəndən sonra anam düz dörd ay mənim harda olduğumdan xəbərsiz qalıb. Yazıq qadın! Dörd ay oğlundan xəbər tuta bilməyib. Bir-iki dəfə evə məktub yazsam da heç bir cavab almadım. Anamdan ötrü hədsiz dərəcədə narahat idim, nigarançılıq məni üzüb əldən salırdı. Sanki sonuna heç vaxt gedib çıxa bilməyəcəyim qaranlıq tuneldə idim. Bütün gücüm tükənmişdi, qəlbimin dərinliyində iynə ucu boyda görünən ümidın işartısına sığınmışdım. Əsgər yoldaşlarımdan biri evə məktub yazanda ondan xahiş etdim ki, bizim qaldığımız evin nömrəsini də yaz, bizə zəng vurub anamdan xəbər bilsinlər. Allah eləməmiş, birdən anamın başına bir iş gələr. Ola bilməz ki, anam məktublarıma cavab verməsin. Bəlkə ona nəsə olub? Bəs niyə mənə xəbər vermirdilər? Səbirsizliklə əsgər yoldaşıma gələcək cavabı gözləyirdim. Əsgər yoldaşımın adı Əhməd idi, balacaboy, qarayanız, istiqanlı oğlan idi, Qaradağ rayonunun Ələt qəsəbəsindən idi. Nəhayət, Əhməd evdən məktub aldı, elə sevinirdim ki, sanki məktubu mənim anam yazmışdı. Birlikdə açıb oxuduq, Əhmədin anası yazırdı ki, sən yazdığın nömrəyə bir neçə gün dalbadal zəng vursaq da dəstəyi götürən olmadı, qohumlardan, tanışlardan başqa bir adamı varsa, onlardan birinin nömrəsini desin, zəng vuraq. Bərk həyəcanlandım, qorxu hissi bütün varlığıma hakim kəsildi. Neyləmək lazım olduğunu bilmirdim, özümü itirmişdim. Bölük komandiri hədsiz narahatlığımı görüb məni yanına çağırdı. Ona vəziyyəti izah etdim. Narahat olma, imkan yaradaram, özün evinizə zəng vurarsan, – dedi.

 

Bizim hisslərimiz ağır fiziki əməyin altında əzilirdi, heç bir şey haqqında düşünə bilmirdik. Boz səma qurğuşun tavan kimi yerin üzərində asıldığı zaman bizlərdən biri yorğun at kimi ağır nəfəs alır və ürəkdəki ağırlığı yüngülləşdirən həzin bir mahnı oxumağa başlayırdı. Hərbi hissədə hamı mənim jurnalist olduğumu bilirdi, bloknotlarını gətirirdilər ki, bizə sevgi şeirləri yaz. Bəziləri hətta evə məktub da yaza bilmirdi, onların da xahişini yerinə yetirirdim. Bir sözlə, əsgərlər üçün mirzəlik edirdim. Goranboy rayonundan bir oğlan vardı, adı Şair idi. Gülərüz, mehriban bir oğlan idi, mənə deyirdi ki, şair mən deyiləm e, sənsən. Sən dokumentalnı şairsən, deyirdim.  Utana-utana mənə yaxınlaşmağından bilirdim ki, yenə evə məktub yazdırmaq istəyir. – Ay Qoca, sən Allah, bağışla. Sənə də hər dəfə əziyyət verirəm. Sağ-salamat xidməti başa vuraq, gələrsən Goranbaya, sənin xəcalətindən elə çıxacam ki!  – deyib dil tökürdü. Ünvanını da mənə vermişdi, amma heç vaxt onu itirib-axtarmadım. Goranboya dəfələrlə yolum düşsə də Şairi axtarmaq ağlıma gəlməyib. Bir-iki il bundan öncə Yevlax televiziyasına çəkilişə getmişdim. Ordan çıxıb üzü Gəncəyə yola düşdüm, avtobus Goranboydan keçirdi. Yaşıl düzənlikləri, uzaqda narın dumanın içində seçilən təpəlikləri seyr edərkən qəfildən Şairin gülər çöhrəsi gözlərim önündə canlandı. Ürəyimdən onu görmək keçsə də ünvanını bilmirdim.

 

Bir gün Şair səhər yeməyinə gedərkən mənə dedi ki, Qoca, gecə yuxuda görürəm ki, anan yanına gəlib, tezliklə ondan yaxşı xəbər alacaqsan. Elə bildim özündən uydurur, fikir çəkməyimi istəmir. Baxışlarımdan hiss elədi ki, ona inanmadım.

– Qoca, gör mən deyən olur ya yox. Bax da, sənə söz dedim, – dedi və əlini kürəyimə vurdu.

 

Möcüzə ondaydı ki, elə həmin axşam mən hərbi hissədən evə zəng vurdum,  dəstəyi yenə qaldıran olmadı, “otboy” vermək istəyirdim ki, qəfildən qulağıma qadın səsi gəldi. Hərbi xidmətin dördüncü ayında ilk dəfə anamın səsini eşitdim. – Mənəm, mama, Kənandı… – deyəndə anam telefonda hönkürdü. Daha başqa heç nə yazmağa gücüm çatmır. Sən demə, uzun müddət evdəki telefon işləməyibmiş. Sevindim ki, anam sağ-salamatdır. Axşam Şair məni uzaqdan görən kimi əlini yellədi: – Hə, Qoca, mən deyən oldu, ya olmadı?  Oldu, dedim, anamla danışdım. Sən mənim yuxuma bax də! – dedi və məni qucaqladı.

 

İndi də qaldığı yeri dəyişmişdi. Səbəbi mənə məlum deyildi. Sonralar biləcəkdim ki, həyəti bizə etibar edən qadın dünyasını dəyişib və onun qızı həyəti satıb. Həyəti satarkən anama otuz “şirvan” pul verib ki, başqa yerə köçə bilsin. Bir də mənim içinə kitablarımı yığdığım dolabı da anama hədiyyə edib. Mən əsgərlikdən gəlib anamı başqa bir yerdə, ikimərtəbəli binanın zirzəmisində tapdım. Anam həmin kitab dolabını də özüylə götürmüşdü və mənim bütün kitablarım, əlyazmalarım səliqə ilə onun içinə düzülmüşdü. Hərbi xidmətdən oktyabr ayında qayıtmışdım, anam o biri həyətdən saxladığı bir salxım üzümü boşqabda gətirib qabağıma qoydu. İki aydı səninçün qoruyub saxlamışam, dedi. Anam büzüşüb bir əlcə olmuşdu, mən olmadığım dövr onun üçün çox ağır keçmişdi, üzündəki qırışlar bunun əyani sübutu idi. Səhərisi günü qollarını çirməyib o zirzəmidə badımcan dolması bişirdi. Dayım qızı və dayım gəlinindən savayı məni görməyə bir kimsə gəlmədi. Anam dedi qaldığımız yeri tanımırlar, köçəri quş kimi gündə bir yer dəyişirik, heç kimi qınama. Zatən, kimisə qınamaq heç ağlımın ucundan da keçmirdi.

 

Biz yaşamağı bacarmırdıq, sanki alın yazımızın zülmətində vurnuxurduq. Həyat bütün gücünü bizim məhv olmağımız üçün səfərbər etmişdi. Bu zirzəmidə 10-15 gün qaldıqdan sonra anama dedim ki, mən burda yaşaya bilmirəm, çıxıb gedəcəm Urusetə. Anam dinmədi, xeyli danışdım, yenə dinmədi. Sən demə, özlüyündə mənə verəcəyi cavabı ölçüb-biçirmiş. Gəlib mənimlə üzbəüz dayandı və dedi:

 

-O biri həyətdən çıxanda həyətin yiyəsi mənə otuz “şirvan” pul vermişdi, o pula toxunmamışam. O pulu sənə verirəm, götür get, məndən də qəti nigaran qalma! Get, özünə gün-güzəran qazan.

 

Bu sətirləri yazarkən qəhər boğazıma dirəndi. Anam səssizcə ağlayırdı, göz yaşları yanağı boyu axırdı, özünü unutmanın son həddindəydi. “Get, – deyirdi, – get, burda qalıb heç-puç olacaqsan, bala. Mən ürəyimə daş bağlayıb dözərəm”. Bu sönük baxışların arxasındakı dibsiz uçurum bütün varlığımı sarsıtdı. Bir qadın üçün bu qədər əzab həddən artıq çox idi. Daha onun təkliyə dözümü qalmamışdı. Onu günün günorta vaxtı siçovullar oynaşan bu zirzəmidə tək-tənha qoyub gedə bilməzdim. Bir dəfə siçovul əl boyda səməni halvasını stolun üstündən çırpışdırıb yuvasına daşımışdı. Gecələr səksəkə içində yatırdıq ki, birdən siçovul bizi yuxuya verib burnumuzu, qulağımızı gəmirib qoparar. Ziyanvericilər səhərə qədər həyasızcasına ciyildəşirdilər. Gündüzlər bura işıq düşmürdü, hospitaldan yenicə çıxmış xəstə adam bu rütubətdə, nəmişlik şəraitində necə yaşaya bilərdi? Anam özündən çox məndən ötrü bərk narahatlıq keçirirdi. Yerimizi dəyişmək haqda fikirləşirdik. Zirzəminin küçəyə açılan şüşəli dəmir darvazası vardı, şüşələr o qədər kirli idi ki, küçədən keçən adamları seçmək olmurdu. Vaxtilə bura ərzaq anbarı kimi istifadə olunmuşdu, sonra bir müddət mağaza oldu. Çatma tavanlı zirzəminin döşəməsi torpaq idi, anam yerə linnolium atmışdı. O qədər alçaq idi ki, ayaq üstə duranda başın tavana dəyirdi.

 

Belə bir vəziyyətdə anam inadla mənə “get!” deyirdi.

 

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10