Anar-80 – Yubiley

24 Baxış

108077_9sl8v5rtch

İstanbulda yubiley tədbirləri

Xəbər verildiyi kimi, martın 28-də İstanbulda Türk Ədəbiyyatı Vəqfində və “Yeni Yüzil” Universitetində Xalq yazıçısı Anarın 80 illiyiylə bağlı yubiley tədbirləri keçirilib. 

Vəqfin yeni təsis etdiyi və iki ildən bir təqdim olunacaq “Yaşayan Dədə Qorqud” mükafatına ilk layiq görülən Azərbaycan yazıçısı Anardır. Vəqfin bu barədə açıqlamasında deyilir: “Yaşayan Dədə Qorqud” ödülünü təqdim etdiyimiz Anar həm Dədə Qorqud haqqında yapdığı çalışmaları, həm də yazdığı əsərləriylə bu ödülə layiq görülmüşdür. Bu gün Türk dünyasının ağsaqqalı mövqeyində olan Anar hekayə, roman və esselərində həm Türkiyənin, həm də Türk dünyasının məsələlərini qaldırmış, gələcəyə yönəlmiş fikirləri ortaya qoymuşdur. Türk ədəbiyyatı vəqfi olaraq xidmətlərindən dolayı böyük bir minnətdarlıq və şükranla kəndilərinə bu ödülü təqdim edirik”

Vəqfin ədəbi orqanı “Türk ədəbiyyatı” dərgisinin mart sayında yazar, tərcüməçi İmdat Afşarın və gənc yazıçı, tədqiqatçı Pərvinin Anarla geniş müsahibələri dərc olunub.

TÜRKSOY təşkilatı isə yazıçının “Çağdaşlarım” adlı kitabını nəfis şəkildə nəşr edib. Kitaba Anarın müxtəlif illərdə yazdığı və böyük qismi türk mətbuatında çap olunmuş esseləri daxildir.

“Siyasi portretlər” adlanan birinci bölümdə yazıçının Atatürk və Heydər Əliyevdən başlayaraq Süleyman Dəmirəl, Bülənt Ecevid, Nursultan Nazarbayev və başqalarına aid yazıları verilib. “Ədəbi portretlər” adlanan ikinci bölümdə Mevlanə Cəlaləddin Rumi, Yunis İmrədən bu gün yaşayan şair və yazıçılara qədər bir çoxları haqqında esselər yer alıb.

Kitab TÜRKSOY-un baş katibi Düseyn Kaseinovun təqdimatıyla açılır. D.Kaseinov yazır: “Çağdaşlarım” səmimiyyəti və qüvvətli intellektual səviyyəsiylə diqqəti çəkməkdədir. Bu kitabda toplanan esselər fərqli insanlar haqqında yazılmışdır. Amma Anara görə bu insanlar arasında görünməz bir könül birliyi, ruh bağlılığı var, onların hamısı bir-birinin müasiridir. “Böyük insanlar, şairlər, yazıçılar hansı dövrdə yaşarlarsa yaşasınlar bir-birinin çağdaşlarıdırlar”. Anar onları belə görür. Əslində, yazıçının məqsədi həyatda bir dəfə belə olsun görüşməyən, tanış olmayan, müxtəlif əsrlərdə yaşamış sənətçiləri birləşdirməkdir. Bu anlamda “Çağdaşlarım” kitabının oxucuları Anarın bələdçiliyiylə Türk dünyasına səyahət edəcək, haqqında bəhs olunan şəxsiyyətlərlə görüşəcəklər”.

Kitabı Türkiyə türkcəsinə İmdat Afşar çevirib, Ön sözün müəllifi Pərvindir.

Anara ünvanlanan təbriklər

Azərbaycan Yazıçılar İttifaqının sədri Xalq yazıçısı Anara Macarıstan Yazıçılar İttifaqının sədri Yanoş Sentmartoninin adından yubiley təbriki ünvanlanıb. Təbrikdə deyilir:

“Hörmətli cənab Sədr!

İnanmaq olmur ki, 5 il keçib. Son dəfə sənin 75 illiyin münasibətiylə təbrik göndərərək Macarıstan və Azərbaycan Yazıçılar təşkilatlarının dostluq əlaqələrini qeyd etmişdim. 2014-cü ildə sənin Budapeştə gəlməyin fürsətiylə şəxsən görüşdük. Bu, bizimçün böyük şərəf idi, çünki sənin simanda biz XX əsr Azərbaycan ədəbiyyatının yeniləşməsinin pionerlərindən birini, dünyanın bütün ağırlığını çiyinlərində daşıyan, öz taleyinin əsiri olan sadə adamları dərin rəğbətlə təsvir edən görkəmli yazıçını salamlayırdıq.

Biz yaradıcı adamlar bu dünyanı yalnız əks etdirə və ən yaxşı halda formalaşdıra bilərik.

Arzu edirəm ki, qələmindən çıxan yazılar vaxtdan uca dursun və bütün nəsillərə təsir göstərsin.

Hətta o nəsillərə ki, gələcəyin tamam başqa dünyasında yaşayacaqlar və o dünyanı biz bu gün bəlkə heç təsəvvür belə edə bilmirik.

80 illiyin münasibətiylə sənə möhkəm can sağlığı, təntənəli yubiley və yaxın, doğma adamlarının arasında səmimi bayram arzulayıram”.

80 illiyi münasibətiylə Anarın ünvanına gələn çoxsaylı teleqram və məktubların sırasında Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoralın, Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kidiralının, Qazaxıstan Yazıçılar İttifaqının, Türk Dünyası araşdırmalar Vəqfinin Baş katibi Gözxan Yazqanın (mərhum Turan Yazqanın oğlu), yazıçı Çingiz Hüseynovun da səmimi təbrikləri var.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10