Anarın tərcümələri “Dünya ədəbiyyatı”

17 Baxış

106863_qeiyrkw0wv

DƏRGİNİN BUGÜNLƏRDƏ ÇIXAN XÜSUSİ SAYI XALQ YAZIÇISININ TƏRCÜMƏ YARADICILIĞINA HƏSR OLUNUB

“Dünya ədəbiyyatı” dərgisinin 2018-ci ildəki ilk sayı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın tərcümə yaradıcılığına həsr edilib. 

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan dərginin bu sayında Anarın uzun zaman ərzində 90-a qədər müəllif və mənbədən çevirdiyi əsərlər, fərqli növ və janrları əhatə edən tərcümələri toplanıb. Xalq yazıçısının tərcüməsində təqdim olunan mətnlər dünya ədəbiyyatının ta qədimdən günümüzədək – minilliklərlə ölçülən böyük tarixini son dərəcə maraqlı və dolğun şəkildə əks etdirir. Dərginin bu sayının üz qabığında Anarın qrafik portreti (müəllifi İsmayıl Məmmədov), arxa qapaqda isə əsərlərini tərcümə etdiyi müəlliflərin fotolarından ibarət kollaj verilib.

Nəşrdəki təqdimat yazısında Anar bədii tərcüməçilik fəaliyyətinin tarixçəsi haqqında söz açaraq bildirir: “Ardıcıl olaraq tərcüməylə məşğul olmamışam. 1961-ci ildə böyük hind yazıçısı Rabindranat Taqorun yubileyi münasibətilə “Azərnəşr” onun “Bağban” adlı kiçik kitabını buraxdı. Kitabı rəhmətlik Araz Dadaşzadəylə mən çevirmişdik”.

Tərcümə üçün mətn seçimi, bu istiqamətdəki amal və məqsədi barədə isə Xalq yazıçısı bunları qeyd edir: “Bu mətnləri müxtəlif vaxtlarda özümçün çevirirdim. Məqsəd – fərqli epoxaların bir-birindən çox fərqli dil, üslub, təhkiyə vasitələrinin dilimizdə necə səslənməsini, hər cəhətdən bizdən çox uzaq yazıların Azərbaycan türkcəsində ifadə edilməsi üçün dilimizin hansı imkanlara malik olduğunu müəyyənləşdirmək idi. Əlbəttə, yazıların mövzusu, mənası da önəmli idi. Tərcümə üçün mənə bu ya digər cəhətdən maraqlı və əhəmiyyətli görünən mətnləri seçirdim”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Anarın tərcümə yaradıcılığı haqqında bəhs edərkən iki mühüm məqamı önə çəkir: “Əvvəla, sovet dövründə yazıb-yaratmış olan bütün böyük ədiblərimizdə öz ölkələrində imperiyanın ucqarında, əyalətdə mühacirətdəymişlərkimi yaşamaq duyğusu olmalıydı, varıydı. Bu duyğu, dünya mədəniyyəti, ədəbiyyatı ilə münasibətdə bizi mezalyans vəziyyətinə salırdı və Anar kimi böyük ədibimiz, əlbəttə ki, bunu bütün aydınlığı ilə hiss edirdi. İkinci məsələ, daxili sifariş məsələsi idi ki, şəxsiyyətin bütünlüyü və daxili azadlıq göstəricisi olan bu məsələ olduqca vacib məqamdı”.

S.Babullaoğlunun fikrincə, Anar tərcümələrilə, xüsusən mətnləri öz daxili sifarişi ilə müəyyən etməklə həm yazıçı, həm də tərcüməçi kimi özüylə mətnlərini çevirdiyi ö böyük ədiblər arasında, eyni zamanda, Azərbaycanla o vaxtkı azad dünya arasında bir bərabərlik işarəsi qoymağa çalışıb və buna nail olub: “Oktavio Pas yazır ki, tərcümə etmək ən dərin mütaliə və anlama prosesidir. Yazıçı Anar, həm çağdaşlarını, həm də sələflərini ən dərin şəkildə anlamış və mütaliə etmiş, anladıqlarını, hiss etdiklərini ən rasional və duru Azərbaycan dilində gələcəyə ötürən böyük Azərbaycan yazıçısıdır”.

Yazıçı və ədəbiyyatşünas Pərvin Xalq yazıçısı Anarın tərcümələrinin oxuculara sözügedən dərginin xüsusi bir sayı kimi təqdim olunmasının məqsədəuyğunluğunu vurğulayır: “Çünki polifonikliyi, mövzu və janr rəngarəngliyi ilə seçilən toplu oxucuya həm tərcüməçi, həm də mətnləri çevrilmiş sənətkarlar haqqında zəngin informasiya verir”.

Pərvin qeyd edir ki, Anar təkcə özüylə, ovqatıyla, ideyalarıyla bağlı mətnləri deyil, həm də Azərbaycan oxucusunun bədii-estetik zövqünü formalaşdıra biləcək əsərləri dilimizə çevirib. Burda həm də bəyəndiyi, sevdiyi əsərləri oxucuları ilə bölüşmək arzusu hiss olunur: “Əlbəttə, tərcümələrin yazıçının bədii yaradıcılığı ilə bu və ya digər şəkildə bağlılığından savayı digər məziyyətlərini də qeyd etmək lazımdır. Həm rus, həm də Azərbaycan dilində təhsil alan, hər iki dildə yazan, hər iki dilin spesifikliyinə bələd olan yazıçı tərcümələrində son dərəcə dəqiqdir; istər mətnlərin mövzusunu, məzmununu, istərsə də dilin axıcılığını, rəvanlığını, mətnin ritmini, melodiyasını çatdırmaq baxımından”.

Dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirib ki, “Dünya ədəbiyyatı”nın Anarın tərcümələrindən ibarət xüsusi buraxılışı 300 səhifəlik zəngin, sanballı, nəfis bir nəşrdir: “Elə bilirəm, dərginin bu sayını Xalq yazıçısı Anarın 80 illiyinə bizim mütəvazi bir təbrikimiz, töhfəmiz də saymaq olar. Orijinal bədii yaradıcılığına görə ədəbiyyatımızda müstəsna bir mövqe tutan Anarın tərcümələri də əhatə dairəsinin genişliyinə, seçilən müəlliflərin sanbalına, mətnlərin keyfiyyətinə, aktuallığına görə çox qiymətli nümunələridir. Əvvəllər də həm ayrılıqda, həm bir arada nəşr edilmiş bu tərcümələrin “Dünya ədəbiyyatı” dərgisində toplu halda işıq üzü görməsi ədəbiyyatımız, tərcümə işimiz baxımından önəmlidir. Odur ki, “Dünya ədəbiyyatı” dərgisinin “Anarın tərcümələri” xüsusi sayı sadəcə yubiley nəşri kimi deyil, Azərbaycanda tərcüməçilik işinin, bu sahədəki nailiyyətlərin mühüm, vacib bir tərkib hissəsinin sistemli, kompleks təqdimatı olması baxımından da ciddi əhəmiyyət kəsb edir”.

Cavid QƏDİR