Anarın Xəlil Rzanın həbsdən azad olunması üçün SSRİ Baş prokuroruna yazdığı tarixi məktub

28 Baxış

116311

SSRİ-nin can üstə olduğu bir vaxtda son nəfəsini toplayıb əsarətində saxladığı Azərbaycana ağır bir yara vurdu. 1990-cı ilin qanlı yanvarı kimi tarixə düşən bu il gələcək nəsillər tərəfindən unudulmayacaq, düşmənə nifrət hissi ilə yad ediləcək. İmperiya onun bu qudurğanlığına qarşı dirənən xalqın öndə gedən ziyalılarını da həbslərə atmaqla mübarizə əzmlərini qırmağa çalışırdı. Həmin ziyalıları Moskva zindanlarında saxlayır, onlara mənəvi-psixoloji təzyiqlər edirdilər. Bu ərəfədə Azərbaycanın digər ziyalıları həbsdə olan hənkarlarının azadlığını təmin etmək üçün müdafiə komitələri yaradır, imperiya başbilənlərinə məktublar göndərərək onların günahsız olduqlarını qeyd edirdilər. Belə məktublardan biri də yazıçıların 24 iyul 1990-cı il tarixli ümumi yığıncağının qərarı ilə yazılaraq Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayevin adından SSRİ Baş prokuroru Suxaryovun adına Moskvanın Lefortovo zindanında həbsdə olan Xəlil Rzanın müdafiəsi üçün göndərilir. Senet.az 25 noyabr 2017-ci il tarixli “Ədəbiyyat qəzeti”ndə yayımlanan həmin məktubu təqdim edir:

“SSRİ Baş prokuroru yoldaş Suxaryova

Məlum olduğu kimi, yanvarda həbs edilmiş şair, filologiya elmləri doktoru, Əməkdar incəsənət xadimi Xəlil Rzanın (Xəlilov Xəlil Rza oğlu) işi ilə bağlı istintaq başa çatır. Biz həmkarımızın taleyinə biganə qala bilmərik. Bildiyimizə görə, onu xalqlararası ayrıseçkiliyi alovlandırmaqda ittiham edirlər. Halbuki əksinədir, Xəlil Rzanın bütün yaradıcılığı və tərcüməçi fəaliyyəti mədəniyyətlərin və xalqların yaxınlaşmasına xidmət edib. Xəlil Rzanın respublikaların suveren hüquqlarının bərpası uğrunda, erməni millətçiləri və ekstremistlərinin ərazi iddialarından irəli gələn qanlı zorakılığına, insan ölümünə qarşı ümumxalq hərəkatında iştirakı onun fəal vətəndaş və vətənpərvər mövqeyini göstərir. Ola bilsin ki, mitinqlərin coşqusu içərisində Xəlil Rza emosional adam kimi bir qədər həddini aşıb, düşünülməmiş ifadələr işlədib. Amma indi ölkənin demokratiya və humanizm yoluna qədəm qoyduğu, hüquqi dövlətin yarandığı bir vaxtda hər bir insan taleyinə xüsusilə həssas yanaşma tələb olunur. O ki qaldı etnik ayrı-seçkiliyin təşviqinə, bu nanəcib işdə bizim qonşularımız təkcə mitinqlərdə yox, Yerevan Teatr meydanında, mətbuat səhifələrində, ədəbi əsərlərdə (Zori Balayanın zooloji nifrətlə və türkdilli xalqlara, azərbaycanlılara şovinist nifrətlə yoğrulmuş “Ocaq”ını xatırlamaq yetər) ciddi “müvəffəqiyyət” qazanıblar. “Ocaq” kimi həcvin müəllifinin provakasion və dağıdıcı ədəbi fəaliyyətini davam etdirdiyi bir vaxtda, Qarabağ hərəkatının liderlərindən biri, cinayətkar kimi həbs olunan A.Manuçarovun azad edildiyi bir zamanda, yeni silah-sursatla təmin olunmuş erməni terroristlərinin hər gün zorakılıq etdiyi, insanları öldürdüyü və DİN qoşunları tərəfindən sərbəst buraxıldığı bir vaxtda öz həmvətənlərini rus, ukrayn, özbək, tatar şairləri ilə, Ovanes Şirazın, Paruyra Sevakın, Silva Kapitukyanın poeziyası ilə tanış edən  Azərbaycan şairi həbsxanada çürüyür. Biz hətta istintaq təcridxanasında da qələm-kağızdan ayrılmayan, Puşkini (xalqların fitnə-fəsadı unudub böyük ailədə birləşəcəyi zamanı arzulayan şairi) doğma dilinə tərcümə edən şair və alim Xəlil Rzanın taleyini həll edəcək hər kəsi deyilənləri nəzərə almağa, humanizmə çağırırıq.

(Yazıçıların 24 iyul 1990-cı il tarixli ümumi yığıncağında qərara alınmışdır.)

Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev”

Təqdim etdi: Rəşad Sahil 

KÖŞƏ YAZARLARI
TOP 10