Anasının soyadını daşıyan dahi dirijor

12 Baxış

Niyazi Tağızadә-Hacıbәyov Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. O, valideynləri qastrolda olarkən dünyaya gəlib.

Anası Böyükxanım ixtisasca həkim, atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən olub. Tağızadə Niyazinin anası Böyükxanımın soyadıdır. Yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olub. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib.

Məşhur Hacibəyovlar nəslindən olan Niyazi, Azərbaycan incəsənət tarixində Maestro Niyazi adı ilə qalıb. Bəlkə də, onun Üzeyir Hacıbəyovun qardaş oğlu olduğunu da çox adam bilmir. Əmisi Niyazinin yaradıcılığını həmişə yüksək qiymətləndirər, onu dəstəkləyərdi.

Maestro Niyazi Üzeyir Hacıbəylinin qardaşı Zülfüqarın oğludur. Görkəmli dirijor, ictimai xadim, xalq artisti, beynəlxalq mükafatlar laureatı Niyazinin musiqiçi kimi formalaşmasında ailə mühitinin böyük təsiri olmuşdur. Çingiz Hacıbəyli isə Niyazinin qardaşıdır. Azərbaycanın əməkdar incəsənət xadimi və istedadlı dirijor olub. Yaradıcılıq fəaliyyəti əsasən Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin Simfonik Orkestri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur.

Niyazi tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır. Əlindəki dirijor çubuğu ilə sanki musiqinin xəritəsini cızırdı. Maestro böyük dirijor olmaqdan əlavə, həm də bənzərsiz bəstəkar idi. Yaratdığı “Çitra” baletinə görə Niyazini Hindistanda beynəlxalq Nehru mükafatına layiq görmüşdülər. Azərbaycan milli peşəkar dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır, o, 26 yaşında məşhurlaşmışdır. Milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası onun dirijorluğu altında dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. XX əsrin 70-80-ci illərində maestro Niyazinin təşəbbüsü ilə həmişə sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi.

Həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürmüş, onların ailə həyatı bir sevgi dastanına çevrilmişdir. Həcər xanım əslən iranlı olduğu üçün, ailəsi ilə birlikdə İrana köçməyə məcbur olur. 1933-ci ildə Niyazi ilə Həcər xanım qaçıb gizlicə evlənmək qərarına gəlirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-ci ildə rəsmiləşdirilir.

Maestronun böyük şövq və məhəbbətlə bu möhtəşəm teatrımızda tamaşaya hazırladığı “Nərgiz” (M.Maqomayev), “Vətən” (Q.Qarayev və C.Hacıyev), “Sevil” (F.Əmirov), “Qaratoxmaq qadın” (P.Çaykovski), “Knyaz İqor” (A.Borodin), “Karmen” (J.Bize)… operaları, “Gülşən” (S.Hacıbəyov), “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev)… baletləri incəsənət tariximizin yaddaqalan səhifələridir. Maestro ən yüksək mükafatlara layiq görülmüşdür. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunmuş, Tbilisinin fəxri vətəndaşı seçilmişdir.

Bölmə : Manşet, Musiqi, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10