Ankara yolçuluğu – Azad Qaradərəlinin “Türkiyə notları” – FOTOLAR

89 Baxış

11008987_775736462508905_273537419_n(  2-ci yazı )

İstanbuldakı görüləsi işləri yarımçıq qoyaraq Ankara səfəri barədə düşünürəm. Qələm dostum Ahmet Yıldızla görüşməkçün gerçəkdən  darıxıram. Hələ “Sincan istasyonu” ədəbiyyat dərgisinin baş redaktoru, şair Abdulqadir Budakla da görüşümüz var. Nə ilə və necə getmək məsələsi müzakirə olunarkən artlq yazının əvvəlindən tanıdığınız gənc doktorlar birmənalı sürət qatarının (burada hızlı tren deyirlər) üstündə dayanırlar. Ahmet bəyə zəng vurub ilk müstəqil cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin qəbrinin ziyarətini də nəzərdə tutmağını xahiş edirəm.

Səhər saat 6-30-da İstanbuldan sürət qatarıyla yola düşürəm.

Çox istərdim, bu qatar haqqında bir az bilgi verim. Təsəvvür edin ki,  yerlə gedən uçağa minmisiniz. Sürət 100-350 arası, bəzən də artıq ola bilir. Tez-tez çay, qəhvə təklif olunur.

Vaqonun salonuna göz gəzdiririm: kitab-qəzet oxuyan, bilgisayarda nəsə yazan, telefonla qurdalanan da var. Mən də kitab oxumaq istəyirəm, amma Anadolunun içiylə ildırım kimi şütüyən bu sürət qatarının pəncərəsindən şəhərləri, kəndləri seyr etmək  kitab oxumaqdan daha önəmlidir bu anda. Elə bu düşüncədəykən qatarın  xanım diktoru incə bir səslə elan edir: “Sayın yolçular, hızlı trenimiz şu anda Eskişehrə  yaklaşmakdadır.”

Qarşımda gözəl bir şəhər açılır. Dəmiryol xəttinin ikiyə böldüyü bu şəhəri Türkiyənin ən böyük şəhərlərindən bilmişəm bu anda. (Amma sonradan öyrənəcəm ki, bura Türkiyənin 25-ci şəhəriymiş!) Hə, onu da deyim ki, sürət qatarının Ankaraya qədərki yolunda dayandığı üç durakdan biri Əskişəhərdir.

Qatar sürətini artırır və mən yol boyu kənd evlərinin damındakl (əksərində vardı) nehrəyə oxşayan ağ çəlləkləri və onların yanındakı dəmir şiferə oxşayan nəsnəni maraqla seyr edirəm. Əcəba, nəymiş bu? (Sonradan bunu da öyrənəcəyəm: karbohidrogen ehtiyatıyla zəngin olmayan ölkə vətəndaşları bu sadə alətin vasitəsilə istədikləri vaxt günəş enerjisindən isti su ala bilirlər.)

Gözüm bir də sadə türk kəndlisinin səliqəli bağ-bağatını tutdu. Ara-sıra qoyun sürüləri də görünürdü.

Beləcə, gözümü yumub-aşdım, cəmi üç saat yarıma Ankaraya çatdıq. (Ankaradan əvvəl Sincan istasyonu – Sincan dayanacağıymış. Çində uyğur qardaşlarımızın yaşadığı muxtar vilayətin də adı belədir, sadəcə çinlilər bu adı Sinziyan şəklində yazırlar. Hə, biz bu barədə ayrıca danışacağıq – axı bu adda bir ədəbiyyat dərgisi var ki, bizim “Yazı” ilə ilişkilər qurmaq istəyindədir.)

 

                QƏDİM QALATA  -  MÜASİR ANKARA

 

10966860_775736652508886_641537331_nDostum Ahmet bəy öz maşınıyla məni qarşılamaqçün dəmiryol vağzalına gəlib. Uzun illərin dostları  kimi görüşüb  onun gilənar rəngli maşınına əyləşr, birbaşa Ankara qalasına  yönəlirik. Maşın qalanın yerləşdiyi təpəyə qalxdıqca düşünürəm: türkün çökəklə, yactanla işi yox. İstanbul da təpələrdədir, Ankara da. O həmişə yüksəkliyə can atmış – qartal zirvəyə şığıyan kimi…

Qədim qalanın ən yüksək yerində dayanıb şəhərə baxarkən iy almış iki pişik Ahmet bəyin qabağına qaçır. O da maşınından   pişik yeməyi çıxardaraq onların qabağına tökür. Mən isə eləməyib tənbəllik bu pişiklərin şəklini şəkirəm.

Saat 11-ə  15 dəqiqə qalır. Bu Türkiyə vaxtıyla belədir. Bizim saatla  12-45-dir. Ahmet bəy təklif edir ki, qəhvəaltı  (onlar səhər yeməyinə qəhvəaltı deyirlər) edib sonra proqramımıza davam edək. Bir zamanlar Ankara xanlarından birinin mülkü olmuş qədim ikimərtəbəli binada südlü qəhvə içir və GÖZLƏMƏ  yeyirik. (Bu bizim dildə təəssüf ki, adı olmayan bilinçikə bənzəyir, amma daha dadlıdır. Elə buradaca təklif edərdim ki, biz də yazılarımızda bilinçik əvəzinə gözləmə yazaq.)

Qəhvəxana təkcə çay, qəhvə içiləsi yer deyil – istəsən buradakı rəflərdən qədim ensiklopediyalar, qədim kitablar, gündəlik qəzetlər də oxuya bilərsən. Mən də belə edirəm: gündəlik qəzetləri vərəqləyirəm. Bu vaxt xoş isti ilə bərabər, tanış bir qoxu dolur qəhvəxanaya. Və qəfil anlayıram  ki, bu sobada çarthaçartla yanan meşə odununun istisiylə yayılan qoxsuudur…

 

ATATÜRKÜN QURDUĞU MUZEYDƏ

 

Atbazarı adlanan yerdən keçib məşhur  Anadolu Mədəniyyətlər Muzeyinə baş vururuq. Bura giriş pullu olmasına baxmayaraq çoxlu ziyarətçi var. Ahmet bəy muzeyin neolit dövründən bu yana ən qədim abidələrini həvəslə mənə göstərir. Bolluq  ilahəsi Kəbələnin heykəlini təqdim edəndə isə sanki vəcdə gələrək “şu bizim ilk tanrıçamız olub” deyir. Ankaranın ən qədim emblemini göstərəndə isə təəssüflə deyir ki, baxırsanmı, bu gözəllikdə rəsm əsərini dəyişdilər bu yaxınlarda?!

Ağırlığı tonlarla ölçülən aslan, qaplan heykəlləri və  ayaqlarını  onların başlarına qoymuş əski padşahlar! Adam burada sehrlənmiş kimi olur sanki. Və bir şeyə də mat qalırsan: türk insanı özündən min illər əvvəl buralarda iz qoymuş bir kimsənin izini itirməyə çalışmayıb. Türkiyə yeganə yerdir ki, bir camedə həm xristianlığın, həm islamın izlərinə rast gələ bilərsən.

Muzeyin girişindəki sözləri olduğu kimi bura köçürürəm – tərcümə etmədən, ancaq şəklini.Şəkil2

       ÖNDƏRİN  HÜZURUNDA

 

11004428_775737089175509_427361399_nProqramımızın 2-ci hissəsi Anıt qəbirə – Atatürkün ziyarətinə getmək idi. Sonra başqa planlar vardı. Artıq dediyim kimi bizim də öndərimizin Anıt qəbirinə getmək təklifini proqrama saldırmışdım. Ahmet bəy proqramda bir düzəliş etdi – mənə belə demədən ilk olaraq maşını Müstəqil  Azərbaycanın qurucusu, böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin uyuduğu Əsri qəbiristanına sürdü. Məzarlığın qorovulçularının rəisi məqsədimizi biləndə hava telefonuyla qarşıdakı qarovulçuyla danışdı ki, bizi qarşılayıb öndərin uyuduğu yerə aparsın. Nə yazıqlar ki,  biz maşını, görünür, lazımı yerdən sürə bilmədiyimizdən bəklənən adamla rastlaşmadıq. Amma yaxşı deyiblər, niyətin hara, mənzilin ora – özümüz də bilmədən gedib Emin bəyin (onu burada belə adlandırırlar) qəbrinin üstünə  gedib çıxdıq. Bunu iki şeydən duyduq: yeganə qəbir idi ki, tər qərənfillərlə süslənmişdi, bir də məzarın başı üzərində Türkiyə bayrağı ilə yanaşı bizim üçrəngli bayrağımız da dalğalanırdı… Qırmızı mərmərdən sinə daşı olan qəbirin önündə ayaqlarımın boşaldığını hiss etdim. Bizi biz yapan bu böyük insanın önündə əyilməkdən şərəf duydum!..

Və hələ sonunun necə olacağını bilmədiyi halda 1920-ci ilin iyilunda Lahıcda gizlənərkən az zaman içərisində qələmə aldığı “Əsrimizin Səyavuşu” əsərinin sonunda vətəndaşlarına və xüsusən gənclərə üz tutaraq yazırdı:

“…Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik!..

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:

 — Bir kərə yüksələn bayraq bir daha enməz!11004920_775736925842192_411712165_n

Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba  almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gəncçiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: «irəli, irəli Azərbaycan əsgəri» —deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə  enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək.

— Ya qazi və ya şəhid olacaqsan.”

Bu böyük insan haqqında bir neçə dəfə yazmışam, mətbuatda və “Renessans həsrəti” kitabımda o esselər dərc olunub. Onlardan biri “Yarımçıq” adlanır. (http://kult.az/yeni/view/1619)

Amma düşünürəm ki,  mən bir qələm adamı kimi belə nəhəng bir şəxsiyyətin ədəbi obraza çevrilməməsində günahkaram. Tarixi hamı oxumur, bədii əsəri isə gec-tez oxuyurlar. Bu barədə düşünmək lazım. Gücüm çatarmı, bilməm…

Mən rəhbərin önündə sayqı duruşunda dayananda Ahmet bəy hiss olunmadan şəklimi şəkdi. Bu qırmızı mərmərli sinə daşına əllərimlə toxundum. İçimdə nələrsə pıçıldadım, gileyləndim ustada… Nə dediklərimi isə yazmadım bura. Gerisini arif oxucunun öhdəsinə buraxaq…

 

                 ANIT QƏBİRDƏ

 

Mən çox ziyəratgahlar görmüşəm, amma beləsini ilk dəfəydi. Burada hər millətdən adama rast gələ bilərsən. Hətta başıbağlı qadınlar da Atanın ziyarətinə gəliblər. Pilləkənlərdə dayanıb şəkil şəkdirmək istəyəndə nahaq yerə növbə gözlədiyimi anladım. Burada zatən tək şəkil şəkdirə bilməzsən. Hər hansı ziyarətşi ilə şəklini bölüşməli olursan.

Atanın saf mərmərdən olan qəbrinin önündə dostum Ahmet bəylə sayqı duruşundan sonra şəkil şəkdirmək istəsək də, icazə olmadığını görüb darıldım. Əsl məyusluğum isə Atatürkün muzeyindəki əşyalara baxanda oldu. 21-ci ildə Azərbaycan nümayəndə heyətinin bağışladığı qədim qəbzəli qəmənin şəklini çəkməkdən fərəh duyardım! Amma olmadı…

Çanaqqala savaşı, o biri savaşlar muzeydə elə canlı verilib ki, sanki bu döyüşlərin içinə düşürsən.

Atatürkün oxuduğu kitablara baxıram və düşünürəm ki, bu nəhəng şəxsiyyəti bu mərtəbəyə qaldıran şübhəsiz ki, mənsub olduğu soy, üstündə dayandığı torpaq v10994706_775736382508913_519641767_nə canından çox istədiyi Vətən olub, zira ən artığını bu kitablar edib. Yoxsa bu kəlmələri o necə söyləyə bilərdi ki:

“Türkiye’nin bugünkü mücadelesinin yalnız Türkiye’ye ait olmadığını bütün arkadaşlarımız ifade etmiş iseler de bunu bir defa daha teyit etme lüzumunu hissediyorum. Türkiye’nin bugünkü mücadelesi yalnız kendi nam ve hesabına olsaydı belki daha kısa daha az kanlı olur ve daha çabuk bitebilirdi. Türkiye azim ve mühim bir gayret sarfediyor. Çünkü müdafaa ettigi bütün mazlum milletlerin bütün şarkın davasıdır ve bunu nuhayete getirinceye kadar Türkiye, kendisiyle beraber olan şark milletlerinin beraber yürüyeceğinden emindir.” (Özüm bilərəkdən çevirmirəm – Atanın sözünün hüsnü pozulmasın deyə)

Bu bircə sətir isə böyük Türkiyəni bölmək istəyənlərə ağır bir mesajdır:

“Türk vatanı bir bütündür, parçalanamaz.”

Bunu da yalnız  könlündə  ilahi ilahi millət sevgisi olan deyə bilərdi:

“Millet sevgisi kadar büyük mükafat yoktur.”

Atatürkün ən böyük xidmətlərindən biri, bəlkə də birincisi dini dövlətdən ayırması idi. (Buna burada layiqlik deyirlər.) Yəni o kişi əslində mənsub olduğu dinə – islama hörmətini həmişə hifz etmişdi. Yəni, bu kəlmələr “layik bir millətin və layik bir dövlətin rəhbərinə” – Atatürkə məxsusdur: “Türk milleti dindar olmalıdır yani, bütün sadeliğiyle dindar olmalıdır demek istiyorum. Bizzat hakikate nasıl inanıyorsam buna da öyle inanıyorum… Din şuura muhalif, ilerlemeye engel hiçbir şey ihtiva etmiyor.”

Atatürkün məzarı önündə və muzeydə silahıyla farağat komandasında dayanmış mehmetciklərə baxıram. Onların gözlərində necə böyük bir sevgi və əmniyyət parıldadığını görməmək mümkünsüz.

 

         QALATASARAY, RAKI VƏ BİRA

 

Axşama doğru Ahmet bəyin xəstəxanaya dəyməsi lazım olur – hansısa sənəd alacaqmış. Mən də fürsətdən istifadə edib bu şəfa evinə daxil oluram. Deyim ki, son dərəcə səliqə-səhman var. Xəstələrin sayı çox olsa da, hər kəs növbəsini gözləyir. (Bu ölkədə qaldığım 10 gün ərzində bir şey daha çox xoşuma gəldi: burada hər kəs özü öz növbəsini gözləyir, heç kim heç kimin haqqına girmir.)

Həkimlər şən və gülərüzdürlər. (Bu sətirləri bizim həkimlərin oxuması lazım.  Çünki xəstəyə dərmandan çox həkimin üz cizgiləri təsir edir. Mərhum Əli Kərim necə demişdi: “…Onda həkim, salam əleyküm!”)

…Axşamdır. Narın-narın qar yağır. Harada şam edəcəyimizi götür-qoy edirik. Mən hara olmasından çox, orada Qalatasaray-Əskişəhərspor matçını izləməkçün yaxşı ekranlı bir televizorun olmasını arzuladığımı dilə gətirirəm. Dostum  “qoy Orhan abi de gelsin, bakalım” deyir.

Az keçmir Orhan abi deyilən kişi gəlir. Əski millət vəkili olan bu ortaboy adam elə ilk baxışdaca nəndə xoş təəssürat buraxır: Azərbaycan sevdalısıymış. Naxçıvanda olub, oranın yeməklərindən, əhalinin qonaqpərvərliyindən ağızdolusu danışır. Sonra elə ayaqüstü  Qars müqaviləsindən, Azərbaycanın müstəqillik mücadiləsi tarixindən və bu yoldakı itkilərdən, nəhayət hazırkı müstəqil ölkəmizdən söz açır. Bir az sonra biləcəyəm ki, bu adamın ensiklopedik biliyi, xüsusən tarixi bilgiləri var…

Bir neçə restorana baş çəkirik. Birində rakı vermirlər, o birində  oturduğumuz yer münasib olmur. Belə qərara gəlirik ki, yeməyimizi yeyəndən sonra başqa uyğun bir yerdə rakı içə-içə futbola baxaq.

Mən türk mətbəxi haqqında elə də fərəhlə danışa bilməyəcəyəm. Eynən bizim kimi tıxa-basa ət yenəkləri adamı bezdirir. Ətdən başqa bir şey yox zatən… Mənim kimi köklüyə meyilli birisi üçün bu dəhşətdir sadəcə…

Futbol başlayıb və biz rakı, Orhan abi isə bira (piyvəyə belə deyirlər) içir. Qalatasaray zəif oynasa da içkinin təsirindən hay-küy sala-sala azarkeşlil edirik. Bu lokantada (bizim kafe dediyimiz) hər cür millətdən adam var. Hətta yaponlar, koreyalılar və ruslar da gözə dəyir. Hamısı da Qalatasaraya azarkeşlik edir. Hesab 1-1-dir və Orhan abi Ahmet bəyə üz tutub deyir: “Abi, azeri kardeşimizin geldiyinde Qalatasaray bizi darıltmaz ki?” Ahmet dinməmiş, mən hansı əminlikləsə deyirəm: “Efendim, evvela azeri yok, azerbaycanlı demek lazım, ikincisi de  heç əndişə etməyin. Çox keçməz, komandamız bizi sevindirer.”

Bəli! Sözüm doğru çıxır. Qalatasaray qələbə topunu vurur və biz stadiondaymış kimi rakımızı  qışqıra-qışqıra ayaq üstə içirik…

                                   YENƏ  PİŞİK          

 

G11003916_775736172508934_1721810954_necədir. Quşbaşı yağan qarda Ahmet bəyin maşınını yaşadığı binanın həyətindəki durağa qoyub binaya qalxırıq. Evin girəcəyində Ahmet bey dayanıb harasa baxır və “qızım, hardasan?” deyə səslənir. Mən indi bir qadın, yaxud qız xeylağı ilə qarşılaşacağımı düşünüb özümü yığışdırıram. (Rakıdan əyin-başımızda dağınıqlıq ola bilər.) Bu vaxt gözəl bir pişik tullanıb Ahmet bəyin qucağına girir. O da onu tumarlaya-tumarlaya qapını açır…

Gecədən keçənə qədər ədəbiyyat söhbəti edirik. Xüsusilə rus ədəbiyyatından, Nazim Hikmətdən danışırıq. Məlum olur ki, dostum indi gercekedebiyyat.com saytını işlətsə də, qabaqlar 100 sayı çıxmış bir  edebiyyat dergisinin sahibi və baş redaktoru olub. Türkiyəni qarış-qarış gəzib, bütün yazarlarla ilişgiləri olub. Əziz Nesin haqqında yazdığı nömrəni mənə göstərərək ustada olan ehtiramını xüsusi bəlağətlə dilə gətirir. Mən də onun “Amerikada eşşək yoxmu?” hekayəsini yada salıram və gülüşürük. (Ahmet bəy sol düşüncəli, Türkiyəni layik bir dövlət kimi görmək istəyən yazıçı kəsiminə – onlar türkiyəli yazarların çoxluğuna aiddirlər – mənsubdur. Mənim rus şovinizmi və 20 yanvar qırğını haqqında söhbətlərimə ürək ağrısı ilə qulaq asır.) Sonra yenə Nazim Hikmət, onun Moskvadakı həyat yoldaşı Vera Tuiyukovanın xatirələri, Nerudayla Nazimin Moskva sərgüzəştləri, Nazimin Bakı səfəri və “Günəşi içənlərin türküsü…”  Və mənim Gülhanə parkı macəralarım (yazının 1-ci hissəsində bu barədə var) barədə danışır, qəhqəhə şəkib gülüşürük…

Ahmet bəyin zəngin kitabxanası var. Mənim kitabxanadan ayrılmadığımı görüb ürək ağrısıyla deyir:”Hocam – o mənə tanışlığımızın ilk başından belə müraciət edir – bir vahtlar işden atılmışdım ve paraya ehtiyacım vardı. İki bu boyda kitablarımdan seçib əski kitab satıcısına verdim bu ellerimle… Hala özümü bağışlaya bilmiyorum…”

İsti çay içib yatmaq qərarına gəlirik. Sabaha vacib görüşlərimiz var axı.

              

   “SİNCAN İSTASYONU” DƏRGİSİNDƏ

 

Səhərki qəhvəaltını Ahmet bəyin evindəki mətbəxdə edirik. Yağ, pendir, yumurta, zeytun, pomidor və daha bəzi şeylər… Pişiklə (Ahmet bey ona qızım kedi deyir – hə az qala unutdum, – yaşı 55 civarında olsa da o tək yaşayır) vidalaşıb birbaş “Sincan istasyonu” dərgisinə yollanırıq. Qar bərk yağır. Maşın idarə etmək çətinləşib. Üstəlik, biz Ankaradan çıxıb onun ilçəsinə (rayonuna) – Sincan İstasyonu rayonuna getməliyik. Bu “sincan” nə anlama gəlir? Uyğurustandakı “Sinziyan”  bu sözlə qohum olmasən ki? Doğru imiş. Ahmet bəy təsdiqləyir bu qədim türk sözünün Çindəki uyğur qardaşlarımızın vətəninin adı  ilə eyni kökdən olmasını. Yolboyu  uyğurların bəşəriyyətə və türk dünyasına verdiyi Mahmud Kaşqaridən, onun “Divani-lüğət-it-türk” əsərindən  danışırıq. Bu möhtəşəm kitabın giriş sözlərini xatırlamağa çalışırıq. Təbii ki, tam xatırlaya bilmirik. Zatən o cümlələr belədir:

“Esirgeyen, koruyan Tanrının adıyla

        Allah’ın, devlet güneşini Türk burçlarından doğurmuş olduğunu ve Türklerin ülkesi üzerinde göklerin bütün dairelerini döndürmüş olduğunu gördüm. Allah onlara Türk adını verdi. Ve yer yüzüne hakim kıldı. Cihan imparatorları Türk ırkından çıktı. Dünya milletlerinin yuları Türkler’in eline verildi.

 Allah tarafından bütün kavimlere üstün kılındı. Haktan ayrılmayan Türkler, Allah tarafından hak üzerine kuvvetlendirildi. Türkler ile birlikte olan kavimler aziz oldu. Böyle kavimler, Türkler tarafından her arzularına eriştirildi. Türkler, himayelerine aldıkları milletleri, kötülerin şerrinden korudular. Cihan hakimi olan Türkler’e herkes muhtaçtır, onlara derdini dinletmek, bu suretle her türlü arzuya naili olabilmek için Türkçe öğrenmek gerekir..”

Kaşğarlının kitabının əsli Ayasofiya muzeyində saxlanılır…

…Səhərdən başlayan qar lopalamağa başlayıb. Nəhayət, çətinliklə olsa da, dərginin redaksiyasını tapırıq. Abdulqadir Budak və qızı Emel xanım bizi sevinclə qarşılayırlar. Min ilin tanışları kimi görüşür, Abdulqadir bəylə hətta qucaqlaşırıq.

Hər iki dərginin çıxarılması üçün sərf etdiyimiz çabadan, dərgilərimiz arasındakı gələcək əlaqələrdən söz açırıq. Abdulqadir Əfəndi Azərbaycanda hələ də hecalı, qafiyəli şeirin üstünlük təşkil etdiyindən narahatlıqla danışır. Bu barədə mən Füzuli-Axundov qarşılaşmasından, sovet dövrü ədəbiyyatımızın bu yöndəki inkişafının yanlış istiqamətdə yönləndirilməsindən, Nazim Hikmət və Azərbaycan əbəbiyyatı ilişkilərindən, habelə  ədəbiyyatlarımızın qarşılıqlı təbliğindəki çatışmazlıqlardan (məsələn, hələ də yalnız bir neçə məmur yazarın əsərlərinin Türkiyədə yayımlanması, yeni yaranan modern Azərbaycan ədəbiyyatının türkiyəli oxuculara tanıdılmasındakı problemlərin mövcudluğundan) və digər mətləblərdən söz açıram. Elə bu vaxt Emel xanım (yazar adı Emel Güz) “Sincan istasyonu” dərgisinin son sayında (75-ci) getmiş “Müdafiəçilər” – türkcə “Savunmacılar gedib – göstərərək deyir:

961444_775736995842185_1057000575_n   -Efendim, biz başlatmışıq zaten…

Və mən də borclu qalmıram: “Yazı”nın son saylarında türkiyəli yazarların yazılarından nümunələr getmiş nömrələri çantamdan çlxardıb masaya qoyuram. Sonra kitab mübadiləsi başlanır. Və yenə  çay içə-işə qızğın söhbət.

Sonra şəkil çəkdiririk.

Söz çox, amma vaxt az. Mən axşam qatarla İstanbula dönməliyəm. Orada da görüləsi işlərim var. Xüsusilə Ulusal kanalda  “Ədəbiyyat cəbhəsi”  verilişdə 40 dəqiqə canlı yayımda olmalı, ədəbiyyatlarımızın qarşılıqlı əlaqələrindən və bu yöndəki problemlərdən danışmalıyam.

Ayrılmağa az qalmış Emel xanlm “ben size bir türk kahvesi yapayım” deyir və xoş qoxulu qəhvədən dada-dada söhbətimizi nöqtələyirik.

…Ankaradan ayrılmağa iki saat qalmış başkəndin kitab mağazalarına baş çəkirik. Mən buradan özümçün bir neçə kitab alıram (xüsusilə yenicə əməkdaşlığa başladığım nəşriyyatın sifarişi ilə Atatürk və Nazim Hikmət haqqında xatirə kitablarını, Orxan Vəli, Nazim Hikmət, Cemal Süreyya və başqa kitabları alıram; dostum isə mənə Özdəmir Asəfin kitabını hədiyyə edir). “Yazı”nın yazarı, qələminə heyran olduğum Sevinc Elsevər də bir kitab tapşırıb – ingiliscə kino bilgilərinə dair. Onu axtararkən türklər demişkən “hayal kırıklığına uğrayıram” – əfsanə bir kino ensiklopediyamı, ya bəlkə kinoya aid şox möhtəşəm şəkilləri  olan 600-700 səhifəli bir toplu! Amma qiyməti də elə əfsanəydi: tam neçə minsə lirə! Dollara, yaxud bizim pula çevirəndə məlum oldu ki, 200 manatmış! (100 yeni türk lirəsi bizim 35-36 manatımız dəyərindədir.)

Qar get-gedə sürətlə yağır və mən həyəcanlanıram. Axı artıq tanıdığınız gənc doktorlar mənə qayıtmaq üçün elektron bilet sifariş ediblər və qar yağmasına görə yola çıxa bilməsəm biletim bata bilər. (Demək, maaş kartı olanlar evdə oturub internet üzərindən elektron bilet sifariş verə bilirlər. Biletin qiyməti isə 68 tl-dir, yəni bizim pulla 24-25 manat arası.)

Günorta yeməyini (burada öylən deyirlər) sadə bir yenəkxanada başa vurub Ahmet bəyin evinə dönürük. Bir-birimizə verəcəyimiz kitabları, dərgiləri imzalayırıq, unutduğumuz mətləbləri yada salırıq və dəmiryol vağzalına yollanırıq.

Əlvida Ankara!

 

(davamı olacaq)

KÖŞƏ YAZARLARI
TOP 10