Anlar…anılar…

36 Baxış

minexanim(Bəzilərini eşitdim, gördüm, bəzisini  də oxudum)

 

****

Böyük sənətkar Hüseyn Ərəblinskini pulsuzluq yaman sıxırdı: nə vaxt idi ki, teatrdan gəlir yox, kirayə verdikləri evin pulu xərclənib qurtarmış. Belə bir vaxtda dostu, həm də səhnə yoldaşı Hüseynqulu Sarabski həmişə olduğu kimi indi də onun dadına yetişir. Qoltuğu ərzaq və s. dolu onlara gəlir. Sarabski anaya: sən bir bizə yaxşı bozbaş bişir, bir azdan mən də gələrəm, deyib işinin dalınca çıxır. Lakin bir azdan onlara qayıtdıqda Hüseyni otaqda pəjmürdəhal dolaşan, qoca ananı isə bir tərəfdə ağlayan görür. Əvvəl-əvvəl heç biri ona cavab vermək istəmir, lakin çox keçmir ki, hər şey aydın olur: sən demə əti və noxudu yuyub qazana tökən ana bilməyib mətbəx əsgisini də həmin qazana atmışdı. Gözləri zəif görən bu yaşlı qadının  vəziyyəti nə qədər acınacaqlı idisə də hamının böyük iştahla gözlədiyi bozbaşın belə zay olması çox gülməli idi. Təbiət etibarı ilə çox nikbin adam olan Sarabski tez Hüseynin qoluna girib onu çəkə-çəkə kababçıya aparır. Beləliklə, evdə yaranmış pərtliyi ortadan götürməyə çalışır.

****

1980-ci illərin ortasıdır…Şair Hüseyn Arif  yenicə yaratmağa girişdiyi “Aşıq Pəri” məclisinə üzvlər – saz çalıb oxuyan qız-gəlinləri cəlb etmək üçün bölgələri gəzirdi. Bir gün Zaqatalada bir gözəl saz çalan gəlinin olması xəbərini alır. Gəlinin həm cavan, həm də çox gözəl olması üzündən ərinin onu Bakıya buraxacağına ümidi olmasa belə bu məharətli gəlinin yoldaşını dilə tutur, sazın-sözün xalqa xidmətindən bəhs edir. Ər təslim olmaq bilmir, şair də geri çəkilmir; qədim mədəni örnəklərimizin qorunub saxlanılmasından, unudulmaqda olan saz sənətimizin yaşadılmasının gərək olmasından uzun-uzadı bəhs edir. O deyir, bu deyir… Səbri tükənmiş ər kəsə şəkildə: ay şair, ay Hüseyn Arif, bilirsən nə var, arvadı özümə almışam…

****

Tanınmış yazıçı Seyfəddin Dağlı Türkiyədə dostluq səfərində olarkən yazıçı Əziz Nesini Bakıya dəvət edir. Ə. Nesini Azərbaycanda yaxşı tanıyırdılar; onun əsərləri ardıcıl şəkildə respublikada daim nəşr olunurdu. Onun kimi S. Dağlı da yumoristik-satirik əsərlər yazırdı və o, dəvəti qəbul edib Bakıya gəlir. Qonağın öz ölkəsinə dair tənqid və ifşa  xarakterli yazılarını nəzərdə tutaraq ona Bakıda qalıb yaşayıb çalışmaq təklif edilir. Əziz Nesin isə, mən öz ölkəmdə yüzün üzərində on faiz nöqsan görüb onu tənqid atəşinə tuturam, burada isə on faiz düzlük tapıb doxsan faizə qarşı vuruşmalıyam. Bu isə mümkün deyil.

****

Bakıda 1918- ci ilin mart soyqırımında xunxar ermənilərdən canını götürüb qurtara bilən əhali yalnız gəmi və qayıqlarla İrana qaçmaqla nicat bula bilmişdi. Bir qrup Azərbaycan artisti də  İrana qaçmaqla canını qurtarmışdı. Onlar öz fəaliyyətlərini burada da davam etdirirdilər. Yerli xalq onların bir tamaşasını belə buraxmır, əllərindən gələn hər bir köməyi də onlardan əsirgəmirdilər. Sərab şəhərində tamaşa verən artistləri tamaşa bitər-bitməz şəhərin hörmətli adamları ziyafətə dəvət edirdilər. Hətta öz aralarında növbə də düzəltmişdilər. Şəhərin adlı-sanlı simalarından olan bir məruf kişi isə növbənin uzanmasından bərk rahatsız olurdu. Nəhayət gəlib sevinclə: hə, bu axşam bizə qonaqsınız, işinizin sonunda götürüb aparacağam sizi. Mirzə ağa Əliyev qonaqpərvər kişini sanki daha da həvəsləndirirmiş kimi: sən də bizə “Arzuman küftəsi” verərsən, adını eşitmişik, deyirlər xarüqə bir yeməkdir. Kişi bunu eşidib bərk fikrə gedir. Bayaqkı şadlığın yerini bir əndişə tutmaqdadır. Lakin özünü toplayıb: yaxşı, onda  bir az sonra, gələn cümə günü qonağımsınız. Gün gəlib çatır, qonaqlar yığışır, ziyafət başlayır. Mirzə ağa hər dəfə bu üzügülər kişinin o günkü müəmmalı hərəkətinin səbəbini soruşduqda kişi: sonra bilərsən, deyir. Nəhayət süfrənin ortasına böyük məcməidə dağ kimi qalaqlanmış boğça gəlir. Bu həmin tərifli küftə imiş. Bir toğlu kəsilmiş, onun bütün ətindən çəkilmiş böyük küftənin içərisinə qarnı bişirilib soyulmuş yumurtalarla doldurulmuş toyuq qoyulmuş, sonra küftə ağ parçaya bükülmüş, qoyunun kəmikləri qaynadılıb hasil olan bulyonda bişirilmişdi. Qonaqpərvər kişi: gördüyün kimi sən öz sifarişini verəndə mən onun ağırlığından elə fikrə düşdüm. Sən isə hələ yeyəcəyin yeməyin təkcə adını bilirdin…

****

Şair Əli Vəkil 60-cı illərdə Ermənistan dövlət radiosunda Azərbaycan dilindəki verilişlərin diktoru olaraq çalışmağa başlayır. Az sonra onu  təcrübə mübadiləsi məqsədilə Azərbaycana, Dövlət radiosunda ixtisas artırma ezamiyyətinə göndərirlər. Əli bəy hər gün Radioya gəlir, verilişlərin hazırlanması və efirə ötürülməsi işiylə tanış olur, öyrənir. Vaxt bitir, Əli Vəkil İrəvana dönür, işinə davam etməyə başlayır. Elə ilk iş günü səhər tezdən ilk sözü bu olur: Danışır Bakı! Erməni radiosundan türkcə bir türk oğlunun Bakı deyə səslənməsi elə belə qurtara bilməzdi. Əli bəyi yuxarılara tələb edirlər. lakin Əli müəllim Bakıdan işgüzar ezamiyyətdən yenicə gəldiyini, “Danışır Bakı”ifadəsinin dilinin, beyninin əzbəri olduğunu və s. deməklə bir təhər ötüşür.

Minaxanım Təkləli

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10