Anlaya bilmədiyimiz müasirlik, yoxsa?…

31 Baxış

Rizvan Yardımlı 2Rizvan Yardımlı

Anlaya bilmədiyimiz müasirlik, yoxsa?…

Elm, texnikanın inkişafı insanları yeni-yeni layihələrə imza atmağa vadar edir.

Vaxtikən yazarlar, şairlər və elm adamları cəmiyyətdəki savadsızlıq və cahillikdən şikayətlənirdilər. XIX-XX əsrlərdə S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi dahilər əsərlərində bu məsələyə diqqət yetirmiş, həlli yollarını axtarmağa çalışmışlar. H.Zərdabinin Azərbaycan mətbuatının əsasını qoyduğu “Əkinçi” qəzeti, C.Məmmədquluzadənin redaktorluğu ilə yaranmış “Mollla Nəsrəddin” jurnalı kimi mətbu orqanlar cəmiyyəti məhvə sürükləyən nadanlıqdan söhbət açmışdır. Onlar bunu savadsızlıqla əlaqələndirmişlər. M.F.Axundzadə komediyalarının əsasında da bu problem dayanırdı. Bununla yanaşı XIX və XX əsrin əvvəllərində insanların kortəbii şəkildə dinə bağlılığı da cəmiyyətin geridə qalmasından xəbər verirdi. Çünki həmin dövrlərdə dindən bir silah kimi istifadə edirdilər.

“Molla Nəsrəddin” jurnalı digər mətbu orqanlardan fərqli olaraq savadsızlığın tənqidi nöqteyi-nəzərdən daha da irəli gedirdi. Hətta jurnalın üz qabığında alman əsilli rəssam Oskar Şmerliqin çəkdiyi karikatura müsəlman dünyasının qəflət yuxusunda olduğunu göstərir. Tənqidi realizim ədəbi cərəyanını formalaşdıran “Molla Nəsrəddin” ədəbi jurnalı yarandığı vaxtdan süqut etdiyi vaxta qədər satira yolunu tutmuşdur. Cəmiyyətdə tüğyan edən savadsızlığa qarşı kəskin mövqedə dayanan M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Haqverdiyev, M.M.Şəbüstəri, Ə.Əzimzadə və başqaları bu ədəbi məktəbin görkəmli nümayəndələrindəndir. Cəfər Cabbarlı da “Sevil” əsərində bu həqiqətlərdən söhbət açmışdır. Burada ədib Gülüş obrazı ilə Sevili mənən ayıltmışdır. Sevil əvvəllər avam qadın olsa da, Gülüşün təsiri ilə ali təhsilli qadın səviyyəsinə yüksəlir. Əsərdə Sevilin müəllifi olduğu “Azərbaycan qadınının inkişaf yolu” kitabı avam mühitin oyuncağına çevrilmiş qadınların ayılmasına, inkişafına səbəb olmuşdur. Və ya M.Ə.Sabirin “Oxutmuram, əl çəkin” kimi satirik şeirləri keçən əsrlərin acınacaqlı vəziyyətindən xəbər verir.

O vaxtkı savadsızlıq elmin az tədris olmasından və yaxud heç tədrisin olmamasından irəli gəlirdisə, hazırda isə universitetlərdə oxuyan tələbələrin əksəriyyəti istəmədikləri ixtisaslara sahib olduqları üçün cəmiyyətdə qeyri-peşəkarların sayı artır. Bu isə birmənalı qarşılanmır.

Zəmanə dəyişib, zamanın hökmünə uyğun tələblər də dəyişib. Danılmaz bir faktdır ki, kitab oxuyan, savadla qidalanan gənclərimiz azlıq təşkil edir. Çoxusu universitetə qəbul olmaq xatirinə gözdən pərdə asmaq üçün oxuyurlar. Bu isə savadlı olmaq demək deyil. Əslində universitet təhsilin ibtidaisidir. Bu bir daha sübut edir ki, Sabir, Cəlil kimi dahilərin yazdıqları əsərlər heç də öz aktuallığın itirməmişdir.

Daim axtarışda olan, oxumaqdan və öyrənməkdən yorulmayan insanlar savadlı və uzaqgörəndirlər. Əsl peşəkarlıq budur. Məhəmməd Peyğəmbər (s.ə.ə.) belə demişdir: “Beşikdən qəbrədək elm öyrənin”. İnsanı kamilləşdirən, mənən yüksəldən tək vasitə elmdir.