Antuan de Sent-Ekzüperinin duası

14 Baxış

ekzuperi

İyunun 29-u böyük fransız ədibi Antuan de Sent Ekzüperinin doğum günüdür. Bu münasibətlə onun “dua”sını təqdim edirik:

Tanrım, mən Səndən möcuzələr və ilğımlar deyil, hər günün gücünü diləyirəm. Mənə kiçik addımların sənətini öyrət.

Məni diqqətli və fərasətli et ki, adi günlərin rəngarəngliyində məni coşduran kəşflər və təcrübələr üzərində vaxtında dayanım.

Həyatımın zamanını düzgün idarə etməyi mənə öyrət. Mənə incə duyğu bəxş et ki, əsas və ikinci dərəcəli işləri fərqləndirə bilim.

Nəfsimi saxlama və həddini bilmə gücünü diləyirəm ki, həyat boyunca ora bura uçuşub süzməyim, əksinə, günümü ağılla planlaşdırım, uzaqları və zirvələri görə bilim və heç olmasa, bəzən incəsənətdən zövq almağa vaxt tapım.

Xəyalların mənə kömək edə bilməyəcəyini anlamaqda mənə kömək et – nə keçmişlə, nə də ki, gələcəklə bağlı xəyalların. İndi və burada olmağıma və bu anı ən əhəmiyyətli an kimi dərk etməyimə kömək et.

Həyatda hər şeyin hamar olacağı barədə sadəlövh inamdan məni qoru. Çətinliklərin, uğursuzluqların və məğlubiyyətlərin həyatın təbii tərkib hissəsi olduğunu və onun sayəsində inkişaf etdiyimizi və yetişdiyimizi aydın şəkildə dərk etməyi mənə bəxş et.

Mənə xatırlat ki, ürək tez-tez ağılla mübahisə edir.

Mənə lazım olan anda kimisə göndər ki, həqiqətləri mənə sevərək desin!

Bilirəm ki, bir çox problemlər cəhd göstərmədən həll olunur, buna görə də mənə dözümlü olmağı öyrət.

Bilirsən ki, bizim dostluğa ehtiyacımız var. Taleyin bu ən gözəl və zərif hədiyyəsinə layiq olmağa mənə icazə ver.

Mənə zəngin fantaziya bəxş et ki, lazımi anda, lazımi yerdə, lazımi vaxtda, dinməzcə, yaxud danışaraq, kiməsə ehtiyacı olan istiliyi bağışlaya bilim.

Məni elə bir insan et ki, lap “aşağıda” olanlara yol tapmağı bacarım.

Həyatda nəyisə itirmək qorxusundan məni qoru.

Mənə istədiyimi yox, mənə həqiqətən də lazım olanı ver.

Mənə kiçik addımların sənətini öyrət.

Antuan de Sent-Ekzüperi (fr. Antoine de Saint-Exupéry; 29 iyun 1900 – 31 iyul 1944) — fransız yazıçısı və təyyarəçi. “Balaca şahzadə” və “İnsanlar planeti” əsərləri ilə dünya şöhrəti qazanmışdır.

Coaching.az
2019