“Apardı sellər Saranı…”

553 Baxış

sonhazir Həzi Həsənli

Hər insan ömrü xatirəyə dönmür,adı yaddaşlardan silinir. Amma elə sadə insanlar var ki, Sara Nəcəfova kimi yaddaşlarda dərin iz buraxır, xatirəsi əziz tutulur. O öz sadəliyi ilə, gözəl xasiyyəti,mehribanlığı, canıyananlığı ilə çox ürəklərdə özünə yuva qurub.

Sara Nəcəfova 1952-ci ildə Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuşdu. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdi. Dərin Özüllər Zavodunun rəhbərliyinin dəvəti ilə 1984-cü ildə rəng-boya laboratoriyasının rəisi vəzifəsinə işə qəbul olunmuşdu. On il orada çalışdıqdan sonra  sənaye-sanitar laboratoriyasının rəisi kimi əmək pensiyasına çıxanadək çalışmışdır. Pensiyaya çıxdıqdan cəmi bir neçə ay sonra qəflətən dünyasını dəyişmişdi.

Saranın vaxtilə işləmiş olduğu laboratoriyanın işçiləri tərəfindən anıldığının, ya da düşdüyünün, xatırlandığının dəfələrlə şahidi olmuşam. Bir gün  mərkəzi zavod laboratoriyasının qadınları Saranı anmaq üçün nahar fasiləsində laboratoriyanın rəisi Məzahir müəllimin otağına toplaşmışdılar. Uzun illər Sarayla çiyin-çiyinə işləmiş qadınlar onun haqqında könül göynədən xatirələr danışdılar.

…Sara taleyin zərbələrinə dözə-dözə yaşayırd. Üzüntülər içində olsa da,taleyi ilə barışmışdı,amma taleyi onunla barışmırdı. Bircə könüldaşı olsaydı nə dərdi vardı ki? Sara danışanda şən görünürdü, nikbin görünürdü. Onun şirin ləhcəsində sevinci də şiriniydi,qəmi də.Bir qədər də baməzə söhbət eləməyi vardı. Nə yazıqlar ki, o baməzəliyin içində mənim, bəlkə də yalnız  mənim sezdiyim bir kədər gizlənirdi.

Birotaqlı mənzilində dərd içində təklənən bir ada idi Sara. Tək-tənha yaşayırdı. Ailə yox,övlad yox.Elə bu tənhalıq da onu içdən üzürdü.Tənhalıq dərdini öz içində məharətlə gizlətsə də,yaşa dolduqca tək yaşamağın çətinliyini hiss edirdi. Canıyanan insanlar Saranın ailə qurmasını çox istəyirdilər.Mən də onlardan biri idim. Maraqlı və işıqlı insan kimi keyfiyyətlərinə güvəndiyimə görə,deyirdim ay Sara,nə vaxtadək tək yaşayacaqsan,evin – eşiyin də var. Bircə qulaq yoldaşın yoxdur…

Bu sözlərimi təbəssümlə qarşılayardı,heç nə deməzdi.Bir dəfə də bu haqda söhbət eləyəndə kədərli bir görkəm aldı və dedi:

– Eh, a qardaş,  dərdimi təzələmə.Ömür qurtarmamış dərd qurtarmaz,eh a qardaş…

Nə biləydik bəlkə də Sara nakam bir eşqin acısını yaşayırmış?! Həmin anda mənə elə gəldi ki ,Sara danışmırdı, yaralı bülbül kimi ötürdü. Sonra da gözlərini bir nöqtəyə zilləyib, bir anlıq sükuta daldı. Göz yaşları yanağından cığır saldı. İki damla yaş diyirlənib əlindəki vərəqi islatdı. Əlinin arxası ilə gözlərini sildi.Mən onun bu halına çox acıdım,çox ağrıdım. Bilərəkdən heç nə hiss etdirmədim. Bilgisayarda yazırdım,amma fikrim-zikrim ondaydı.Yaman kövrəlmişdi,məni də kövrəltmişdi. Kədərli oxşarlığın içində təsəlli üçün ona bircə söz də deyə bilmədim.

O mənim nəzərimdə qərib axşamlarda yuvasına sığınan sonalar kimi idi.Gündüzlər iş yerində taleyinə həyan olan yoldaşları,rəfiqələri vardı. Əslində heç rəfiqə də sonalayan deyildi.O hamıya eyni gözlə baxırdı,hamının dərdinə qalırdı.Onun haqqında yazmağı düşünəndə çox adamlarla həmsöhbət oldum.Sara haqda o qədər xoş sözlər danışdılar ki…

Minlərlə işçini özündə birləşdirən bir kollektivdə Sara çox insanlardan fərqli olaraq mənə Həzi müəllim yox,sadəcə Həzi deyirdi.Bu da doğmalıqdan və ərkdən irəli gəlirdi.İllah da adım Saranın dilində elə səslənirdi ki,elə bil,bu adı mənə o vermişdi.Hərdən mənim iş otağıma gəlirdi.Oxumaq üçün məndən kitab,qəzet-jurnal götürürdü.Kitabları aparıb oxuyar,söz verdiyi vaxtda da səliqəylə qaytarardı.Təmiz qalması üçün kitabların cildinə kağızdan,ya da qəzetdən üzlük çəkərdi.Qaytardığı kitabları əlimə alıb vərəqləyəndə görürdüm ki, oxunmuş səhifələrdən çəmən çiçəklərinin ətri gəlir.Eyni anda kitabı başdan-ayağa vərəqləyəndə arasından  qurudulmuş gül ləçəkləri tökülürdü.

Mütaliəni çox sevirdi.Müəllifi olduğum kitabların təmənnasız təbliğatçısına çevrilmişdi.Həmin kitabları rəfiqələrinə oxumaq üçün verib,deyərmiş ki,oxuyun,amma kitabın vərəqlərini cırmayın haa…Sanki bu sözləri bağça uşağına deyirmiş. Bu,onun ürəyinin təmizliyindən irəli gəlirdi. Özü də məsum uşaq kimiydi…

Bir dəfə də otağıma gələndə mənə dedi:

– A qardaş,səni görəndə ellərimiz – çöllərimiz yadıma düşör. Kəndimiz,kəsəyimiz yadıma düşəndə sənin yanına gəlerəm dana… Otağındakı güllər-çiçəklər,şəkillər maa xoş gəler. O gün otağında sazın səsini eşidəndə elə bildim Qazaxdayam. Bilerəm,sənin də ruhun sazdan ayrı qalan döyül.

Sazın-sözün vurğunuydu Sara. Hətta işlədiyi kollektivdə sazdan bir köynək aralı olanlara da sazı sevdirməyə çalışırdı. Uzun illər onunla bir yerdə işləmiş,milliyyətcə tatar olan Elmira Sirayeva deyir ki,televizordan saz səsi gələndə,Sara əlində yağı da daşsa,qulaq asırdı. Hətta istər gecəyarı olsun,istər sübh tezdən, zəng edib deyirdi,ay qız,tez televizoru aç,elə gözəl saz çalıner.

Saranın taleyində bir könüldaşı olmasa da,yoxluğu könüllər yaxır. Onunla bir kollektivdə işləyən qız-gəlinlər hər il Saranın ad gününü bir yerdə qeyd edirlər. Deyirlər ki,Sara ad günündə gözəl süfrə bəzəyərdi,dadlı,ləziz paxlava bişirərdi. Çox yüksək zövqlə və şövqlə qurutlu xəngəl yayıb bişirərdi.

Baxmayaraq ki,Saranın ailəsi,külfəti yox idi,amma evdə onun çəkdiyi qəhri hər qadın çəkə bilməzdi. Mənə dedilər ki,Sara qış üçün o qədər tədarük görərmiş,neçə növ mürəbbələr bişirərmiş, çeşid-çeşid meyvə və tərəvəzlərdən kompotlar,şirələr,turşular hazırlayarmış. Soruşan olanda da deyərmiş ki, nə olsun külfətim yoxdur,ehtiyacı olanlara verərəm.

İnsansevərlik Saranın canında-qanındaydı. Ona görə də insanları həmişə isti ürəklə dilləndirərdi. Ürək qızdırdığı hər bir evə ürəyidolu,əlidolu gedərdi.

Sara işgüzar idi.Peşəsini sevən,incəliklərinə qədər bilən,işdə özünü oda-közə vuran idi. Universitet təhsili almış bilikli, savadlı bir kənd qızıydı. İllər uzunu şəhərdə yaşamasına baxmayaraq, kənd-kəsək saflığını canında yaşadırdı. Həm universitet illərində, həm də istehsalata işləməyə gəldiyi ilk günlərdə şirin Qazax ləhcəsində danışmağı şəhərli qızlar üçün o qədər də anlaşılan deyildi.Amma sonralar Saranın gözəl keyfiyyətlərinə bələd olan şəhərli qızlar,onun həm özünə,həm də söhbətinə sözünə vuruldular. Qaynayıb-qarışandan sonra bi çoxunun dar gününün dayağı da Sara olurdu.

Sara Nəcəfova adidən adi,sadədən sadə kövrəkkönül bir insan idi.Halalca əməkhaqqı ilə dolanırdı. Amma çoxlarına əl tuturdu. Kimsəsizin,yetimin qayğısına qalırdı. Özünə həyan gərəkdiyi halda,başqalarına həyan idi. Uşaq evində böyüyüb,internat məktəbini bitirdikdən sonra sahibsiz qalan bir bacı-qardaşa uzun müddət Saranın nə boyda dayaq durduğundan çoxları xəbərdardır. Qonşuları yaxşı bilir ki,həmin bacı-qardaşa arxa-dayaq olarkən necə insan əzablarına qatlaşırmış Sara. Bu, Sara üçün şirin əzab olmaqla bərabər,həm də sonsuz səadət idi. Əzabqarışıq səadəti sözlə ifadə etmək mümkünsüzdür.

Bir müddət o uşaqlara ana əvəzi olub. Dəfələrlə əlaqədar təşkilatlara ayaq döydükdən sonra onların işlə və yataqxanada mənzillə təmin olunmasına nail olub.

O,hər kəsə həyan idi. Hər kəs üstünə diləyə gəlsə olanından qıyan idi. Mənzilinin qapısı kilid-açar tanımazdı. Qonaq-qara gərəyi olan evinin qapısını nəinki açarla bağlamırmış,çox vaxt heç qapını da örtmürmüş, gələnlərin üzünə açıq saxlayırmış. Belədə qonşular ona irad tutanda deyərmiş:

-Nəyim var ki,oğru gəlib nə apara?! Mənim mənzilimə oğru yox, doğru gələr.

Saranın məlahətli və təravətli fiziki ömrü gödək oldu. Amma öz mənəvi ömrü onu tanıyanların ürəyində yaşayır. Ürəklərdə yeri var Saranın.

Doğulub boya-başa çatdığı Qazax torpağını canı qədər sevirdi. Tez-tez doğma kəndinə gedirdi. Ömrünün sonuna bir neçə gün qalmış doğma kəndinə getmişdi. Heç bir ağrı-acısı yox idi,xəstələnməmişdi. Amma qəfildən ölüm xəbəri gəldi. Canı qədər sevdiyi Qazaxda torpağa qovuşdu.

Sara ölmədi ki…Sanki bir sona kimi yuvasından uçdu. Çeşmə üstə qonan mələklər kimi görünməz oldu. Sanki budaqdakı son yarpaq kimi yellər apardı,dağ çayından gələn sellər apardı Saranı- “apardı sellər Saranı…”

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10