Apastrof yenidən Azərbaycan dilinə əlavə edilə bilər

13 Baxış

orfoqrafiya

Apastrofun yenidən Azərbaycan əlifbasına salınması təklif edilir. Senet.az Azərbaycan Dil Qurumuna istinadən məlumat verir ki, belə bir təkliflə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov çıxış edib.

O, apostrofun ləğvinin dildəki müəyyən məsələləri çətinləşdirdiyini deyib: “Əvvəllər “sənət”, “Cəfər” sözlərində də apostrof var idi. Amma sonradan apostrofla yazılan sözlərin sayı 100-ə qədər azaldıldı. 2004-cü ilə qədər orfoqrafiya lüğətində həmin sözlər apostrofla yazılırdı”.
İ.Məmmədovun sözlərinə görə, həmin sözlərin apostrofla yazılması Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə xidmət edirdi. Lakin apostrofun götürülməsi bu gün daha çox orta məktəblərin tədris işində çətinliklər yaradır.
Dövlət Dil Komissiyasının üzvü hesab edir ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: “Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud “bəzən” (zərf – bəzi vaxtlarda) və “bəzənmək” sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxardılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir”.
İ.Məmmədov əlavə edib ki, bu gün klassik ədəbiyyatda da apostrofun saxlanılması çox lazımdır.
Əlifbada apostrofun bərpasının tərəfdarı olduğunu deyən alim bildirib ki, ölkənin bəzi tanınmış dilçi alimləri – professor Əziz Əfəndizadə, professor Yusif Seyidov və b. vaxtilə apostrofun əlifbadan çıxarılmasının əleyhinə olublar. Apostrofun yenidən bərpası üçün isə Dövlət Dil Komissiyasının üzvləri, tanınmış dilçi alimlər birlikdə müzakirələr aparmalıdırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10