Apostrof dilimizə yenidən qaytarılsınmı? – Müzakirə

238 Baxış

esasbanner

Bir müddət öncə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov apostrofun yenidən Azərbaycan əlifbasına salınması təklif etmişdi: “Əvvəllər “sənət”, “Cəfər” sözlərində də apostrof var idi. Amma sonradan apostrofla yazılan sözlərin sayı 100-ə qədər azaldıldı. 2004-cü ilə qədər orfoqrafiya lüğətində həmin sözlər apostrofla yazılırdı”.
İ.Məmmədovun sözlərinə görə, həmin sözlərin apostrofla yazılması Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə xidmət edirdi. Lakin apostrofun götürülməsi bu gün daha çox orta məktəblərin tədris işində çətinliklər yaradır.
Dövlət Dil Komissiyasının üzvü hesab edir ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: “Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud “bəzən” (zərf – bəzi vaxtlarda) və “bəzənmək” sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxardılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir”.
İ.Məmmədov əlavə edib ki, bu gün klassik ədəbiyyatda da apostrofun saxlanılması çox lazımdır.

İsmayıl Məmmədovun fikirləri heç də birmənalı qarşılanmayıb. Bir çoxları onun bu fikirləri ilə razılaşmayıb. 

 

 

shemilsadiq5F.ü.f.d.dos. Şəmil Sadiq:

Dili laboratoriyaya çevirmək böyük yanlışdır. Süni müdaxilələri sevmir dil. Hər tapıntı müzakirə edilmədən, düşünülmədən qanuna çevriləcəksə, fəsadları çox olacaq. Dilə bu cür ayaqüstü münasibət, nəinki nəsillərarası əlaqəni qırır, hətta şagirdləri də siniflər arası olaraq bir-birindən uzaqlaşdırır. Birinci sinifdə öyrənir ki, “kompyuter”, beşinci sinifdə öyrənir ki, sən demə “kompüter”, on birinci sinifdə isə məlum olur ki, “komputer” imiş. Görün nə qədər gülüncdür. Bu hər hansısa bir alimin həmin dövrdəki ictimai nüfuzunun nəticəsidir. Əlbəttə ki, bu cür hallar yanlışdır. Apostrofa gəldikdə, mən o zaman çıxarılanda da alqışlamışdım. Artıq dövrünü çoxdan başa vurub. Bir ədəbiyyatçı olaraq bu gün apostrofun varlığı və yoxluğu məni heç bir halda narahat etmir. Bəyəm Samir sözündə apostrof var idi ki, camaat onu uzun tələffüz edirdi? Əgər belə bir addım atılarsa, mən bunu düşmənçilik hesab edərəm dilə. Bundansa, bir cümləlik fikri yetkili qurumlar apostrof ləğv edildikdən bu yana hələ də rəsmi yazmayıblar. Belə ki, apostrofa görə Kən-an kimi hecalanan sözü dilin doğma tələbinə görə Kə-nan kimi hecalara bölünür. Neçə illərdi müəllimlərə bu haqda bir məlumat verməyəsən, indi də deyəsən, yenidən qaytarırıq. Gərəksiz hesab edirəm!

 

prvzPərviz Cəbrayıl:

Biz başıqapazsız yaşaya bilmirik də. Mütləq gərək nəsə düşə başımıza ki, biz də nəyisə başa düşək. Apostrof da əlifbamız üçün qapaz kimi bir şeydi. Zərrəcə gərək yoxdu ona.

 

 

 

 

 

 

 

elxan 25

Elxan Nəcəfov:

Ümumiyyətcə, qadağalar və tətbiqlər tutarlı elmi faktlarla əsaslandırılmalıdır. Çox da uzaq keçmiş deyil apostrofun yazı qaydalarından çıxarılması. Sovet dövründə orfoqrafiya normalarımıza daxil edildi və bir neçə il bundan əvvəl yığışıldı. İndi sual oluna bilər. Niyə var idi? Niyə yığışıldı? Var olsun deyənlər haqlıdır, yoxsa olmasın deyənlər? Bəlkə də, apostrof olsun deyən zehinlər zaman keçdi olmasın dedi. Belə məqamlar var və bu yaxşı hal deyil. Hər bir qərar tutarlı və uzunömürlü olmalıdır. Təssüf ki, son vaxtlar müəyyən qaydalar tutarlı şəkildə əsaslandırıla bilmir və qısamüddətli olur. Sanki yenilik xatirinə yenilik gətirlimiş olunur. Şəxsi fikrimcə apostrof bizim yazı qaydalarımız baxımından heç bir əhəmiyyət daşımır. Yazı işlərimizi çətinləşdirir. Orfoqrafiya qaydalarının sadə olması savadlı və savadsız insanların yazı işlərindəki fərqi daha çox aradan qaldırar. Bu haqda çox yazmaq olar. Qısa şəkildə onu deyim ki, yazı qaydalarımız sadələşməlidir. Ərəb dilinə məxsus sözlərin tələffüzünü saxlamaq vəzifəsini daşıyan apostrof bizim dilimizdə heç bir funksiya daşıya bilmir. Bu baxımdan apostrof lazım deyil. Məcbur deyilik ki, ərəb sözlərini ərəbcədəki kimi tələffüz edək. Lüğətdə bir çox sözlərin yazılışına yenidən baxmaq lazımdır. Baxıb mürəkkəbləşdirmək yox sadələşdirmək lazımdır.

 

 

elcinElçin Hüseynbəyli:

Yeməklərin genetikası dəyişdiyi kimi dilin də genetikası dəyişir. Bəzi zadlar yığışıb. İnsan onsuz da danışanda tələffüzü özü müəyyən edə bilir. Apostrof dilin hərəkətini məhdudlaşdırır. Ərəb dilinin qalıqlarından biri idi. Vaxtilə bunu yığışdırmışdılar. İndi guya biz ondan sonra sözü necə tələffüz etməyi bilmədik? Yəni düşünürəm ki, apostrofun qaytarılmasına ehtiyac yoxdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10