Aprelin 23-də Azərbaycanda kütləvi “Oxu Günü”  keçiriləcək

511 Baxış

oxu günü 2Mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan “Oxu Günü-2” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu Günü” layihəsi bu il Bakı şəhərində reallaşacaq.

Layihənin ideya müəllifi f.ü.f.d., dosent Şəmil Sadiqdir. Azərbaycan Respublikası Təhsli Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü-2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, Medika Hospital, Qlobal Karyera İnstitutu, ASAN Könüllüləri və Hədəf Kursları təşkilati dəstək verir.

Layihənin informasiya dəstəkçiləri Mədəniyyət kanalı, ASAN radio, Trend xəbər agentliyi və Senet.az ədəbiyyat dərgisidir.

Layihə ötən il olduğu kimi bu il də “Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunacaq. “Oxu Günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək. Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və fləşmob təşkil ediləcək. Həmçinin layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucularla görüşü və imza mərasimi olacaqdır.

Tədbir müddətində fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi layihənin əsas məqsədlərindən biridir.

Qeyd edək ki, “Oxu Günü-2” kitab aksiyası 23 aprel, saat 12:00-da Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Zorge” parkında keçiriləcək.