“Aptek” – Günel Xəzəl

30 Baxış

photo_1037

Absurd hekayə

- Özümü öldürməkçün aptekə dərman almağa gedirdim. Niyə özümü öldürmək istədiyimi soruşmayın, uzun hekayədi. Yolun kənarında yığılmış bir topa adamı görüb, marağımı yenə bilmədim, yaxınlaşıb gördüm ki, bir qoca qadının ürəyi gedib. Bunların hamısı tamaşa və təəssüf etməklə öz şücaətlərini göstərirdilər. Dizi üstə oturub qoca qadının yanaqlarını sıxdım. Əlimi ağzına salıb, qatlanmış dilini çıxardım. Yaxşı ki, dişləri protez idi. Əlimi möhkəm dişləyəmmədi. Çevrilmiş göz bəbəkləri yerinə qayıdanda ətrafda yığılan bu biveclər əl çaldı. Sonra siz gəldiniz.

Polis mənə diqqətlə baxıb, “Gəl, gedək bizimlə”  dedi. Məni xəstəxanaya gətirdilər. Ağxalatlı bir qadın bizi mehriban, amma süni təbəssümlə qarşıladı. Adımı soruşdu. Yaşımı, bütün tərcümeyi-halımı öyrənəndən sonra bu gün olanlar barədə danışmağı rica etdi. Mən də dedim ki, özümü öldürməkçün aptekə dərman almağa gedirdim. Niyə özümü öldürmək istədiyimi demirəm, uzun söhbətdi. Yolun kənarında yığılmış bir topa adamı görüb marağımı yenə bilmədim, yaxınlaşıb gördüm ki, bir qoca qadının ürəyi gedib. Ətrafdakı hər kəs tamaşa və təəssüf etməklə öz şücaətlərini göstərirdilər. Dizi üstdə oturub, qoca qadının yanaqlarını sıxdım. Əlimi ağzına salıb, qatlanmış dilini çıxardım. Allahdan dişləri protez idi. O qədər də incitmədi əlimi ağzına salanda. Çevrilmiş göz bəbəkləri yerinə qayıdanda ətrafda yığılan bir sürü bivec əl çaldı. Təcili yardımdan əvvəl polis yetirdi özünü. Polis hadisəni təfərrüatı ilə danışmağımı istəyəndə cavab verdim ki:

- Özümü öldürməkçün aptekə dərman almağa gedirdim. Niyə özümü öldürmək istədiyimi soruşmayın, uzun hekayədi. Yolun kənarında yığılmış bir topa adamı görüb, marağımı yenə bilmədim, yaxınlaşıb gördüm ki, bir qoca qadının ürəyi gedib. Ətrafdakı hər kəs tamaşa və təəssüf etməklə öz şücaətlərini göstərirdilər. Dizi üstə oturub, qoca qadının yanaqlarını sıxdım.Əlimi ağzına salıb, qatlanmış dilini çıxardım. Allahdan dişləri protez idi. O qədər də incitmədi əlimi ağzına salanda. Çevrilmiş göz bəbəkləri yerinə qayıdanda ətrafda yığılan bir sürü bivec əl çaldı. Polis mənə diqqətlə baxıb, “Gəl, gedək”, -  dedi. Məni sizin yanınıza gətirdilər.

Həkim xanım:

- Özünüzü niyə öldürmək istəyirdiniz ki?

- Dedim axı, uzun hekayədi.

-  Mənim vaxtım var. Danışa bilərsiniz.

- Mən daha özümü öldürmək istəmirəm. Həyat xilas edərkən ölmək istəmədiyimi, əslində evdə dərman olmağına baxmayaraq,  aptekə getməyimin səbəbini anladım. Mən yaşamaq üçün səbəb axtarmağa çıxmışdım və onu tapdım.

Süni təbəssümünə maraqlı bir işıq çilənmiş həkim xanım yaşama səbəbimlə maraqlandı.

- Yaşamağın bütün kədərlərə baxmayaraq, gözəl olduğunu insanlara başa salmaq üçün yaşayacağam daha.

Evə gələndə aptekə dəydim. Axşama  intihar etmiş ölü idim.