Aqibət katarsisi – Səbuhi Şahmursoy

19 Baxış

sebuhi-427x320

2011-ci ilin 18 oktyabrında nüfuzlu kitab mükafatı “Man Buker”in təqdimetmə mərasimində mükafatın hakimlər kolleqasının nümayəndəsi Stella Riminqton etiraf etdi ki, çox da iri olmayan həcminə baxmayaraq, bu roman özündə ilk oxunuşdan tamamilə dərk edilməyən nəhəng informasiya sahəsini birləşdirir. Onda “Aqibət duyğusu” həmin mükafata beşinci namizədliyində öz müəlifini sevindirə bildi…

Ən məşhur əhvalatlar əksər ədəbi qəhrəmanların hafizəsinin gücüylə şöhrət tapır. Məncə, istənilən minlərlə hadisənin naturalist şərhiylə həqiqətə çatmaq müşkül məsələdir, onun dadı-duzu elə yozumçunun improvizələrindədir. Hələ 60-cı illərin fransız ədibləri bu fikirdəydilər ki, “istənilən hadisəni həqiqətəbənzər etmək üçün bir az da uydurmaq lazımdır”. Üstəlik, bunu qoca “çərənçi” edirsə, əhvalatın həqiqətəbənzər olmasının zəmanəti tükdən də nazik hala düşür. İndi baş verənlərin sonradan tarixə çevrilməsində “Aqibət duyğusu”nun rolu nədən ibarətdir?

Barnsla tanışlığım “Floberin tutuquşusu” romanıyla olub. Bu əsəri Nabokovun “Solğun alov” romanından sonra rast gəldiyim ilk anti-roman hesab etmişdim. Barns Floberin həyatından müxtəlif məişət məlumatlarını götürərək onları elə yerləşdirir ki, təkcə böyük yazıçı haqda bioqrafik roman yox, həm də estetik traktat, onun və bizim dövrümüzdəki fransız əyalətinin mənzərəsi, amerikanların “triviya” adlandırdıqları parodiya (bu, Floberə deyil, ümumilikdə ədəbiyyata yönəlib) stilində müxtəlif maraqlı “1001 xırdavat” və yüksək həyatın elementlərini ehtiva edən incəsənətin açılışı kimi alınır. Eyni zamanda, dekonstruksiya və onun gətirdiyi irili-xırdalı kinayəli motivləri görmək olur.

Sonradan öz dilimizdə mənə dedilər ki, bu tutuquşunun, özündə məlum qəfəsin xarakterini gəzdirən, əkiz qardaşı da var. Söhbət “Aqibət duyğusu” romanından gedir. Doğrusu, nədənsə özümü inandırmışdım ki, Barnsdan azərbaycanca ilk oxuyacağım roman “İngiltərə, İngiltərə” olacaq, amma necə deyərlər, “ilin-günün bu vaxtında” qiymətini çoxdan almış romanı dilimizdə keyfiyyətli tərcüməylə oxumaq fürsətini “Aqibət duyğusu” ilə qazandım.

Əksər möhtəşəm romanda olduğu kimi, “Aqibət duyğusu”nun da süjet xətti orta-mürəkkəbdir. Yəni burda “hədəf onluğu” məğzin hadisəyə (dolayısıyla həyata) yanaşmasındadır. Romanın qəhrəmanı “passiv detektiv” Toni ömründə cəmi bircə dəfə görüşdüyü qadından qalan mirasın niyə ona verildiyinin səbəblərini axtarır. Axtarır… “İndependent”in bu roman haqqında dediyi “…əslində, cinayətsiz detektivdir!” fikrini heç də Puaronun bığlarının ucu istiqamətində anlamağa ehtiyac yoxdur. Ona qalsa, bütün məntiqi çıxarışların əsas götürüldüyü əsərləri detektiv kimi oxuyardıq. Buradakı axtarışın motivi Lao Tsze Dunun söylədiyi “Həqiqət əhəmiyyətsiz görünən şeylərdədir”ə daha yaxındır. “Aqibət duyğusu” əhəmiyyətsiz görünən hər şeyin məqamında göstərdiyi hegemonluqdan bəhs edir.

Əvvəlcədən duyduğum qədərilə, romanda ən sirli və “tutqun at” obrazlar Robson və Veronikanın anası missis Forddur. Onlar ümumi süjetin iki dayağı, ən gərgin məqamların maqnit sahələridir. Robson dinamik obrazların dünyagörüşünə ilk tezliyi verən, öz intiharıyla tarixi fəlsəfəyə, fəlsəfəni riyaziyyata, riyaziyyatı asıldığı ən ucuz kəndirə uduzduran ilk qığılcım vəzifəsini daşıyır. Onu ölümündən sonra məhşurlaşdıran “xiyarlığı” uyğun olmayan yaş dövründə, zaman və məkanda bənzər addımı atan Adrianın soyuq başla verdiyi qərardan kəskin fərqlənmir. Burda da tarix fərqli biçimdə təkrarlanır. Hərçənd, missis Ford aqibət duyğusunun yeganə zəminçisi deyil. Onun sağ əli romanda ustalıqla gizlədilən, Robsondan hamilə qalmış naməlum gənc qadındır – romanın intizar nöqtəsi, gizli əl, improvizənin dadı-duzu. Sətirlərdə gözüm sonacan onu axtardı, elə bu dəqiqə “heç nə anlamayan” Toninin qarşısına çıxaraq məsələnin “fəlsəfi nöqteyi-nəzərdən baxanda aydın” tərəfini açıqlayacağını gözlədim. Heç dəxli olmayan məqamda…

Əsərin düyün nöqtəsi ta məktəb illərindən gələn polemikadan çıxarışdır: “Tarix qaliblərin uydurmasıdır” “Tarix məğlubların təsəllisidir”lə qarşı-qarşıya qoyulub. Kimin haqlı olduğunu isə gələcək zaman – sonradan tarixə çevriləcək qeyri-müəyyən müddət göstərəcək. Zamanla bağlı məsələlər də bu cürdür: onu idarə etdiyini, hansısa çabalarla üzərində hakim olduğunu düşünsən də, nəhayətdə son sözü zaman özü deyir, əlindəki qırmızı qələmlə maşın markalarından tutmuş məktəblilərin yolda siqaret çəkməsinə qədər olan incəlikləri öz redaktəsinə çəkir. Fabulanın dolğunlaşmasına xidmət edən xırdavatlar barədə vizit kartları fransız yazıçısı Jorj Perekin yaradıcılığında daha doğma görünür, amma Barnsı da bu ədəbi fəndsiz təsəvvür etmək mümkün deyil. Toxunduğu (qarşısına çıxan) gerçəkliyin əksər nüanslarına ədəbi ekvivalent tapmaq, ona tərif vermək cəhdi məlum fənddən qaynaqlanır. Hətta bunu elə edir ki, oxucu gün ərzində dəfələrcə rastlaşdığı, dəqiq tanıdığı nəsnələr haqqındakı təsəvvürlərinin Barnsın tərifi qarşısında illüziyaya çevriləcəyindən ehtiyatlanır.

“Aqibət duyğusu”nun genezisi çox qorxunc səslənir: tapmaca elə xatirələrin özüdür. Orada nəyin təhrif, nəyin həqiqət olduğunu aydınlaşdırmaq üçün insan beyni yetərli görünmür. Bütün bunlara baxmayaraq, qəhrəman həqiqəti axtarır. Axtarır… Məhdud baxış bucağından görünənlərin kənarında digərlərinin tapmacalı xatirələri var. Qaliblər bu xatirələr labirintindən çıxardığı nəticəni gələcəyində bünövrə kimi istifadə edənlərdir. Məğlublarsa xatirələrdə vurnuxaraq saatlarını üzüaşağı çevirməklə zamana qalib gəldiklərini sanırlar.

Müəllifin ona geniş meydan verməməsinə baxmayaraq, Adrian obrazı idealist metasəviyyədə Barnsın özüylə çox yaxındır. Arada Toninin durması da bu yaxınlığı ört-basdır edə bilmir. Simvolika ilə oynamaq, intellektual “çıxış yolu” aramaq, gerçəkliyin arxasına boylanmaq Toninin başı üçün deyil, əvəzində Adrian obrazına gizli simpatiya “guya gizlətdim” anlamında manipulyasiya edilir. Bütün bu həngaməni qaldırmaqda Adriana arxalanmaq olar.

Roman boyu məni izləyən “nə olmayıb?” sualı pazlların həddindən artıq pərakəndə düzülüşü qorxusundan yaranmışdı. Bunu lap sonuncu səhifədə anladım (“Ömür əldən gedir, daha doğrusu, ömrün özü də olmasa, başqa bir şey – insanın həyatda nələrisə dəyişmək imkanı tükənir”). O cümlədən, qəhrəmanın məntiqi çıxarışlarında ötürdüyü anti-katarsis halı finalda dözülməz katarsisə çevrildi. Buna tab gətirmək hər oxucunun işi deyil.

Barnsın fransız mədəniyyətinə vurğunluğunu müxtəlif göndərmələrdə tutmaq olur. Hətta onun ingilislərə “ilişdiyinə” dair incəliklərə də bu romanın sətirlərində rast gəlinir (“Məncə, çox insafsız deyilib”). Bu mənada onun bizə sırınan mədəniyyətlərarası harmoniyanı qorumaqda qəhrəman olmadığını da vurğulamaq istərdim. Ya əringəndir, ya da vecinə deyil… Məncə, ikincisidir: axı səni özündən yaxşı kim açıqlaya bilər… Bununla yanaşı, əsərdə bütün mədəniyyətlərə xas olan “Bizim vaxtlarda…”, “Tam əlaqə”, “Başqası nə deyər…” və digər lokal ictimai çalarlar da yerində işlənilib.

Nəhayət… Bu kitab son zamanlar dilimizdə oxuduğum ən sanballı, aydın və səmimi tərcümədir. Adətən, bizdə tərcümə əsərlərin diliylə bağlı yetərincə problemlər olur. Əksər vaxt səbəb kimi dilin kasadlığı göstərilir (əlbəttə, 700 min söz ehtiyatı olan dili 70 min göstəricili dillə qarşılaşdırmaq məsələsi də var), amma əsərin daxili dili məhdud baza ilə ölçülür deyə, bura müxtəlif istisnaları yerləşdirmək mümkündür. “Aqibət duyğusu”nun məhdud dili azərbaycancada yalnız bu qədər şirin və axıcı ola bilərdi. Ancaq bircə yerdə (126-cı səhifədə) Stefan Sveyqin (ing. Stefan Zweig) soyadının baş hərfinin dəyişik yazılması ucbatından əlifba sırasıyla bağlı atmacanı dərhal tutmaq olmur. Tərcüməçinin belə bir aydın eyhamı tutmaması qətiyyən inandırıcı görünmədi. Ona görə də marağa düşərək, ərinmədən dəqiqləşdirmə apardım, Nəticədə məsələnin kökü nəşriyyat xətasına çıxdı, daha dəqiqi, bu yazıçının soyadının bizdə tanınan, qəbul olunan şəkli ilə izah edildi. Ancaq heç də hər oxucunun sezməyəcəyi bu məqamın üzstündən “replika səthi ideomatik anlam daşıyır”la da keçmək mümkündür.

Barns “Aqibət duyğusu”nda da yaşanılmışların (oxu: tarixin) yaddaşdan asılı qalması bəhanəsilə dekonstruksiyanın zəruriliyi üzərində dayanıb. Son üç min il ərzində çeynənilən anlayışların “kokteyl”indən yeni dad yaratmağa nail olub. Sözügedən pəncərə yeni üfüqlərin görünməsinə ən bariz nümunədir. “Hesab edirəm ki, mənim yaradıcılıq vəzifəm ətraf dünyanı bütün həqiqəti və ziddiyyətiylə birgə təsvir etməkdən ibarətdir” deyən Culian Barns bu işin öhdəsindən özünəməxsusluqla gəlib. Beləliklə, “Aqibət duyğusu”nun timsalında duyğuları dözülməz katarsisə sürükləyən “möhür” əsər dünyaya gətirib.

Mənbə: sim-sim.az

KÖŞƏ YAZARLARI
TOP 10