Aqil Abbas və İradə Tuncay 40 il əvvəl Ağdamda toy etdikləri evlərində

6 Baxış

hg

 

Millət vəkili, yazıçı-publisist Aqil Abbas xanımı İradə Tuncayla birgə işğaldan azad olunan Ağdam şəhərinə səfər edib. Maraqlıdır ki, bu səfər mayın 16-da – onların ailə həyatı qurmasının düz 40-cı ildönümü günündə baş verib. İradə Tuncay özünün Feysbuk səhifəsində səfərdən payladığı şəkilə bu sözləri yazıb: “Düz 40 il əvvəl, bu gün gəlin gəlmişəm bu evə…”

Qeyd edək ki, Ağdamın azadlığa qovuşmasından bir neçə gün sonra Aqil Abbas doğma evlərinə getmiş və bu barədə yazdığı yazısında aşağıdakı qeydləri etmişdi: “Mənim toyum 1981-ci ildə olub Ağdamda, mayın 16-da. İnşallah, 40 ildən sonra – 2021-ci ildə mayın 16-da Ağdamda özümə yeni bir toy edəcəm, özü də kim istəyir gəlsin, pul-zad yazdırmaq olmayacaq.

Özü də toy içkisiz olacaq, necə ki, 40 il bundan qabaq atam həyətimizə içki buraxmadığı üçün toyumuz içkisiz olmuşdu. Və qonşuda xalam oğlu, özü də uşaq idi, rəhmətə getdiyinə görə musiqisiz keçmişdi toy. Amma bu dəfə Arif Babayev başda olmaqla, Mənsum İbrahimov başda olmaqla, Rəmiş başda olmaqla, Qədirin səsi başda olmaqla, Ramiz Quliyevin də tarı öz yerində möhtəşəm bir toy edəcəm. Özü də bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!”

Məlum təhlükəsizlik məsələri səbəbindən Aqil Abbasın toyunun 40 illiyini yazısında dediyi səviyyədə qeyd edə bilməsə də, məhz həmin günü ömür-gün yoldaşı İradə xanımla Ağdama – toy etdiyi evinə gedib və istəyini qismən də olsa həyata keçirib.

Bu gün Şuşanın timsalında işğaldan azad edilən Qarabağda bərpa, quruculuq işləri həyata keçirilir. İnanırıq ki, yaxın illərdə bu işlər Azərbaycan dövlətinin və xalqının istədiyi səviyyədə başa çatacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ cənnətə çevriləcək. Və onda Aqil Abbas dünyanın ən varlı şəhəri adlandırığı Ağdamda, özünün həyət evində toyunun 50 iliyini İradə xanımla birgə qeyd edəcək, həmin gün onları sevən hər kəs həmin “qızıl toy”a qatılacaq.

525.az

Bölmə : Xəbər