Aqil Abbasın yağdırdığı “Dolu”

97 Baxış

gulnarQarabağ müharibəsi mövzusunda yazılmış, iki hissədən ibarət olan “Dolu” həm aktual problemi, həm də bədii strukturu ilə həmişə diqqət mərkəzində olan əsərlərdəndir. Elnarə Akimovanın sözləriylə desək; “Aqil Abbasın “Dolu” romanı müharibə görüntülərini sərgiləyən romandır, həm düşmənə qarşı apardığımız, həm də öz içimizdə gedən iç aləmini görk edən roman”.

Yazıçı əsərin adını həqiqi mənasıyla yanaşı rəmzi çalarlarla da işlətmişdir. Dolunu təbiət hadisəsi olaraq tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi musiqi kimi mənalandırır. Əslində sənətkarın niyyəti dolunun iç üzünü açıb göstərməkdir; “Göydən dolu yağmırdı əzrayıl yağırdı!” Cavanşir Yusifli qeyd edir ki;  “Dolu həm də ruscadan tərcümədə “qırad” sözünə uyğun gəlir…” Seçilmiş ad yazıçıya yardım edir ki, o çatdırmaq istədiyi fikirləri simvolik şəkildə göstərə bilsin. Bu, xanəndə Baratın qolunun birini evdə qoyub xəstəxanaya aparan Doludur. Evinə dolu düşmüş Kefli Çapayın sözlərində isə müəllifin ironik hiddətini görürük:

-Bunu kim göndərdi Ə?!

Yaxud jurnalistlə ev sahibinin dialoqunda isə  sənətkarın daha iztehzalı qəzəbi ilə qarşılaşırıq. “…belə dolunun çarəsi bir şüşə araqdı. Köpəkoğlunun arağı qıradın dərmanıdı”. A.Abbas bu əsər vasitəsilə əslində dolunun öz xoşuyla yağmadığını göstərmək istəyir, problemin tarixi-siyasi qatlarına nüfuz etməyə çalışır. Yazar xüsusi vurğulayır ki, bütün bunların kökündə Böyük Dövlətlərin  Böyük Saraylarında ssenaristlərin illərlə çəkdikləri zəhmətin gerçəkləşməsi dayanır. “Hollivud”un (fikirimizcə bu Qərb diplomatiysının simvolu kimi verilib) və  “Mosfilm”in (yəqin ki xristian dünyası, bir sözlə, keçmiş bizimkilər-SSRİ nəzərdə tutulur) birgə istehsalı olan bu kinoda ssenaristlər və rejissorların ermənilərin qohum-əqrabaları olması xüsusilə qabardılmışdır.

Romanda həmin “filmin” çəkiliş meydançası kimi Dünyanın Ən Varlı Şəhəri göstərilib. C.Yusiflinin simvollaşdırılmış bu ada münasibətinə nəzər salaq: “Dərhal tanınan  “rəmzin” daha gizlin qalmağa, ondan ixtiyari bir şəhər kimi bəhs etməyə ehtiyac qalmır…” Tənqidçi bu yerin hamımızın tanıdığı məkan olduğunu qeyd etsə də, yazıçı Dünyanın Ən Varlı Şəhərini orijinallığı ilə fərqləndirmişdir. Ümumiyyətlə, bu şəhərdə sovet hökuməti yoxuydu. Bunu sübut edəcək faktlar da göstərilir;  “Şəhərin bir saytal ağsaqqalını iclasda təhqir eləyən Təyinatlı Katibin qalustukunu Təyinatsız Katibin göstərişi ilə Fazil müəllimin Kinoteatırının qabağında qayçı ilə kəsib döş cibinə qoymuşdular”. Sənətkar şəhərin müəyyən tarixi dönəmlərdəki taleyini qarşılaşdırır. “Amma indi elə bir zaman gəlmişdi ki, bir pulemyota bir ovuc qızıl verirdilər… Bu bostanı uralamaq üçün hər yerdən tökülüb gəlirdilər, hətta Gürcüstandan belə”. Dolu çərxini döndərəndən sonra bura  mollası çatmayan məkana çevrilmişdi, hətta ölüm də adiləşmişdi. Müharibə çılpaqlıqlarını göstərmək üçün şəhərin acınacaqlı durumu diqqəti çəkir: “Bu şəhərin sakinləri gün ərzində o qədər nəzir-niyaz deyirdilər ki, ev-eşiklərini satsalar da, Tanrıya olan borclarını ödəyə bilməzdilər”.

Əsərdə məqsədli şəkildə “varlı” şəhərin keçmişi və hazırkı durumu müqayisə edilir. Bununla da, müharibənin insanın məişətindən tutmuş xarakterinə qədər təsir etmə gücü göstərilir. Romanda müharibə şəraitində yaşayan insanlar üç qurupda cəmləşdirilir:

-döyüşçülər

-tank belində şəkil çəkdirənlər

-müsahibə verənlər

Yazıçı həmin şəxslərin də çoxunun adını ümumi atributlarıyla vermişdir. Məsələn, döyüşənlər sırasına Vurğun Vurmuş Cavanlar  aid edilir. İki ad qazanmış bu cavanların bir adını ataları qoysa da, o biri adlarını Dədə-Qorqudsuz filansız özləri qazanmışdılar. Əsərdə onların keçmişdə özündənrazı, bir az da əhlikef insanlar olduğu, lakin mövcud şəraitdə isə müharibənin içində deyil, öz içlərində müharibə yaşadanlara çevrildiyinin şahidi oluruq. Amma onların daha səciyyəvi cəhətləri onda idi ki, yazılan ssenarini pozub, rejissorları pis vəziyyətdə qoymuşdular. Yazar məqsədli şəkildə onları türklük  kultu hesab edilən canavar sürüsünə bənzədir. O cavanları indi bir amal birləşdirsə də, danılmaz çətinliklər göz önündədir- o boyda müharibə meydanında cəmi iki tank varıydı ki, Dünyanın Ən Varlı Şəhərini qorusun. Yazıçı bu yerdə Şelli Eldarın sözlərində- bədii priyomla reallığı göstərir: “Bizimki lap Molla Nəsrəddin anekdotuna dönüb. Döyüşə əliyalın gedirik, deyirik, bəlkə, bir erməni öldürüb silahını götürdük”.

Acınacaqlı həqiqətlərə etiraz edən sənətkar, hər kəsi , hətta dolunun törətdiyi faciələrə göz yuman tanrını da başa düşə bilmir. Ona görə də,  elə bir vəziyyət yaranmışdır ki, tanrının da istədiyini tapmaq (Tanrı özü də nə istədiyini bilmirdi) mümkünsüz olmuşdur. Əvəzində Qədir Rüstəmovun səsini aparmışdılar. Bunu tutarlı fakt kimi təqdim edən müəllif Yiyəsiz Dövlətin Yiyəsiz Övladlarının taleyi üçün narahat olası insan axtarırdı. Sarsıdıcı gerçəkliklərə rəğmən müharibənin anasını ağlar qoyan “cavanlar” da varıydı. Bu cavanlardan ikisi- Drakonla Pələng əsərdə bir-birini tamamlayan obrazlardır. Əsərdə onların səciyyəvi cəhətlərini göstərən, mükəmməl obraz kimi diqqətə çəkilən xüsusiyyətləri də sadalanır. Qardaşı gözünün qabağında güllələnmiş, ağası olduğu sözünə görə gedib Maqadonda  ağ ayıları görüb gələn Təyinatsız Rəislərdən biri də Drakon idi ki, onun canını almaq olardı, amma maşınını sataraq Tiflisdən aldığı silahını yox. Vəzifəlilərin çoxu batolyona  köməyi onun qorxusundan edirdi. Hətta, komandirin UAZ-nı da kolxoz sədri ona öz xoşuyla bağışlamamışdı. Bəzən elə olurdu ki, rəisin, prokurorun  da ona işi düşürdü. Bakıdan gələn zənglər böyüklərin telefonlarını bağrıqan eyləyəndə, Pələngin Palıd ağacından düşərək oğurladığı Rəşid Behbudovun qılıncıyla xəncərini də o tapmışdı. Elə o vaxtdan zirəng uşaq olan Pələngi gözaltılamışdı. Səngərdə kürək-kürəyə yatan bu oğullar At Belində Olan Adama  görə düşmən kəsildilər. Bununla əsərdə konfilikt daha da dramatikləşir. Dəfələrlə erməni gülləsindən qoruduğu Pələngi indi özü məmnuniyyətlə güllələmək istəyirdi, güllələyəcəkdi də- söz ağzından çıxmışdı.

Qarnı otuz iki güllədən ötrü ölən, pulla hər şeyi almağa öyrənən At Belində Olan Adam Pələngə Drakonu öldürmək üçün pul təklif edir. Bu zaman yazıçı Pələngin daha dramatik və özünəməxsus cəhətlərini nümayiş etdirir: “Pələngin gözünün qabağına Musanın ayaqları kəsilmiş anası gəldi, həkimə verilməsi üçün… Komandirin barmağından çıxardığı nişan üzüyü gəldi, ətsiz yedikləri borş gəldi…  Amma bu çox şeylərin içində nə ev vardı, nə maşın, nə də toy…”  Onun kişiliyini də satın almaq istəyən At Belində Olan Adama Pələngin: -nə deyirəm ki?- cavabı nə qədər psixoloji gərginlik yaratsa da, elə həmin andaca bu razılaşmanın  hədəfinin Drakon olmayacağına insanın içində inam yaranır. Drakon-Pələng qarşıdurmasının həlli elə ustalıqla verilib ki, müharibə qanunlarının insanlıq qanunları qarşısında aciz qaldığına şübhə yaranmır.

Əsər müharibə dövrü hadisələrindən bəhs etsə də, cəmi bir günlük döyüş səhnəsi təsvir edilir. Komandir üç yerdən hücum planı hazırlayır. Drakon  buraları beş barmağı kimi tanıdığını, sovet hökümətinin onu üç il tuta bilmədiyini deyib beempeni aşırmağa yarım saatlıq icazə istəyəndə Pələng deyir:

-Komandir, mənə də icazə ver. Biz həmişə kəşfiyyata bir getmişik.

Drakon:

-Qoy gəlsin, Qorxma, mən onu bulvarda vuracam.

Bütün döyüşün taleyi Pələngin köhnə və etibarsız qumbaraatanla erməni BMP-ni vurmasından asılı idi. BMP-nin 100-150 addımlığında qumbaraatanı öpdü.

… BMP alovlandı.

Qatırın tank göndərmək xəbərinin sevincini yaşayan əsgərlər elə bildilər BMP-ni Drakon vurdu. Çünki Pələng icazəsiz gəlmişdi. Əli karabinli erməni Drakonu nişan alsa da, Pələng qabağına keçdi. Yazar həmin epizodlarda onların iç dünyasını və gerçək mükəmməl xarakterlərini sevdirə bilir.

… Pələng Şuşadaydı, yəni Pələngin arzusu orda ölmək idi. Drakon dünyanın ən gözəl ölüsünü qucaqlayıb elə hönkürdü ki, göz yaşlarından heyfini aldı. Drakon ölümsüzlüyün onu qoruyacağına əmin oldu. Eyni andaca partlayan iki qumbaranın vahiməsindən ermənilər elə bildilər səngərə mərmi düşdü… Sağ qalan ermənilər Drakonu avtomat atəşinə tutdular. Drakon qızıl qanın(yazıçı bilərəkdən qızılgülün yazmayıb) içində şirin yuxu tapmışdı.

Əsərdə bu səhnələr nə qədər gərgin təsvir edilsə də, əməliyyat uğurla başa çatmışdı. Batolyon zirvəni götürmüş, bayrağı da sancmışdı. Bu itkilərə görə Komandir həyatında ilk dəfə ağladı. Onların dəfnində gözünün ağı-qarası oğlunu itirən Pələngin anası deyir:

-Hamınıza qurban olum! Təki siz salamat olun!

Yazar birinci hissəni qeyri-adi təsvirlərlə yekunlaşdırır: “Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun köynəyiydi, Pələngin qanıyla boyanmış köynəyi”.

Əsərin ikinci hissəsində sağ qalan komandirin timsalında müharibədən sonrakı ictimai-siyasi-tarixi proseslər təhlil və təsvir edilir. Sərxoş polkovniki öldürdüyü üçün həbs edilən komandir əsl döyüşçü olub, yurduna sədaqətlə xidmət etdiyinə görə indi vətəndə baş verən hadisələrlə barışa bilmir. Döyüşlərdə öldürülməyən həmin obraz vasitəsiylə sənətkar müharibədən sonrakı Azərbaycan gerçəkliklərini göstərməyə çalışıb.

Musanın anasının timsalında  qaçqınlıq taleyi yaşayan  Azərbaycan qadınlarının əsl faciəsi qabardılıb. Musanın anası – oğlu ölmüş bir ana- neçə vaxt idi oğlunun ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı.

Komandirin yenidən demoqoqluqla məşğul olan jurnalistlə qarşılaşdırılması epizodu ilə müəllif bir daha beynəlxalq siyasi arenanın Dağlıq Qarabağ müharibəsinə ikili standartlarla  yanaşmasını qabarıq şəkildə göstərir. Əsərin qəribə və səciyyəvi cəhətlərindən biri də odur ki, komandiri doğulduğu torpağa At Belində Olan Adamın oğlu aparır. İnsanlar isə elə toy-bayramlarında, elə şou-bizneslərində idilər ki, sanki romanın birinci hissəsində göstərilən hadisələr  heç bu xalqın başına gətrilməyib. Yazıçı lap sonda komandiri balıq cildində təzahür edən Pələng və Drakonun yanına göndərir. Romanda XX əsrin sonunda millətimizin başına gətirilən faciələrin səbəbləri və nəticələri cəsarətlə bədiiləşdirilib. Yaradılmış dolğun obrazlar vasitəsilə müharibə dövrü insanlarının xarakter xüsusiyyətləri və mücadiləsi aktuallaşdırılmışdır.

Gülnar Səma

 

 

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10