Senet.az oxucularına “Ustad” jurnalından Günel Eyvazlının şeirlərini təqdim edir.
Araxna – Hörümçək qadın
Soyuq təbəssüm əks olunub dodaqlarında,
Sənin xoşbəxtliyə, sevgiyə ehtiyacın var, qadın.
Söylə,
Xəritələr üzərində dilimlənən meridianları, paralelləri,
Ölkələr, insanlar arasında ayrılıq salan sərhədləri,
Qadınların qorxduğu qocalıq cığırlarını
Sən toxudunmu, Araxna?
Bezmədinmi tor adlı həyatın, tor adlı mənzilin
üzərində tək-tənha asılmaqdan?
Bezmədinmi ipək, tül dolaşığı
həmdəm kimi qucmaqdan?
Cəsarətim olsaydı
“Qovuşuq körpüsü hör mənim üçün” deyərdim.
Lap elə o dünyanı bu dünyayla birləşdirən
Sirat körpüsü kimi.
Qitələri qovuşduran
Bosfor körpüsü kimi.
Banpo körpüsü kimi.
Dilimdə ilişib qalan “sim-sim, açıl” kəlməsini
Ləl-cəvahiri olmayan mağarada
Qovuşduğum zaman unutmaq istəyirəm.
Bağlı qapı arxasında sevgi tapmaq istəyirəm.
Xoşbəxt olmaq istəyirəm.
Araxna,
Özün kimi bir yuva hör
İsti, sevgi dolu bir evin tavanında.
Gülüş səsləri gələn,
hay-küylü uşaq bağçasında.
Və ya
Yeni yarpaqlayan bir ağacın koğuşunda.
Bərabər asılaq qollarımızdan,
Unudaq hər şeyi
Nəğmə oxuyaq, şeir yazaq, naxış toxuyaq,
Rəsm çəkək, nağıllar uyduraq,
aldadaq özümüzü, Araxna, aldadaq.
Sən Tanrısan
Özünü dərya bilib
Özünə atılmaq var.
Özünə güvənmək var.
Özünə inanmaq var.
Axil kimi ən həssas
Yerindən vurulmaq var.
Sən güclüsən.
Səhra yağışı kimi,
Qar soyuqluğu kimi
Gün aydınlığı kimi.
Nizələr dünyasında
Zeytun budağı kimi
Sülh çağırır dodaqlar.
Sən dözümsən.
Küsüb barışan oldu
Tale nağıl danışır.
Bu edam dünyasından
Neçə dillər asılır
Bəzisi susub gedir
Bəzisi deyib gedir
Sən şairsən.
İşıq gələn tərəfdə
Yaşamaq olar, olar.
İt hürüşün səs bilib
Ona aldanmaq olar.
Dünya boyda bağlanıb,
Sonra açılmaq olar
Sən çiçəksən.
Sərt közmək yara üstə.
Bir gün qopub düşmək var.
Çat-çat yarğanlar kimi
Yenidən bitişmək var.
Yenidən yaşamaq var,
Yenidən sevilmək var.
Sən qadınsan.
“Adın nədir?” soruşdu
“Heç kiməm” dedi ona.
Tapılmadı Odissey
İtib görünməz oldu.
Həyat budur, əzizim,
Gözləmək qalır sənə.
Sən sevgisən.
Bir ovuc torpaq götür
Yenidən dünya yarat
Yenidən Adəm yarat
Yenidən Həvva yarat
Hər şeyi lap əvvəldən
Hər an başlamaq olar.
Sən Tanrısan.
Səbəb
Hamının uyuyacağı yer
torpaq deyil.
Necə ki, bir buddist –
Tonqalda yandırır
atasını, anasını
dəfn edir küləklərdə.
Dağlar onları aşmaq üçün
Deyil!
Nələrisə gizlətməkdir
Arxasında!
Günəş – sənin düşündüyün
İstilik deyil,
Nə də işıq.
Bədəninin nəmini
buxarlandırmaqdan ötrüdür.
Göydə bulud olsun
yenidən yağmağa.
Bu dar yoldan
Bir-birinin ətəyindən
tutaraq keçə bilər insanlar.
Və ya
Dəniz üzmək üçün deyil!
Gəzmək olar üzərində İsa kimi,
Əgər, “onun məndən nəyi artıqdır” deyə
Düşünməsən!
Bu
Xoşbəxtlik –
Qışdan yaya qalmış paltarlarımın
Cibindəki pul kimidir.
Tapıram, sevinirəm.
Qismət –
Külək əsən kimi yerə tökülən
Kal armud kimidir.
Görürəm, məyus oluram.
Zaman –
Gözümün önündə
böyüyən övladım kimidir.
O böyüyür, qocalıram.
Həyat –
Hava kimidir
Çəkməliyəm, udmalıyam.
Mən –
Hamı kimiyəm.
Yaşamalıyam, ölməliyəm.
Mən sevəndə
Mən sevəndə ruh oluram,
Ac oluram, tox oluram.
Daş oluram, dağ oluram,
Gah doluram, boşalıram.
Mən sevəndə göz oluram,
Səhv oluram, düz oluram.
Çox oluram, az oluram,
Çoxalıram, azalıram.
Mən sevəndə bölünmürəm,
Kiminçünsə görünürəm.
Özüm üçün görünmürəm.
Mən sevəndə dərd oluram,
Sevənlərin qarşısında pərt oluram.
Bəzən coşqun dəniz kimi
Qayalara çırpılıram,
Damlalara bölünürəm,
Hissələrə bölünürəm.
Mən sevəndə tək oluram,
Yox oluram, puç oluram,
Heç oluram, heç oluram.
Mən sevəndə tapılmıram,
Yer üzündə, göy üzündə.
Heç nə vermir mənə sevgi
Əvəzində.
Mən sevəndə məni tərk et,
Yəni dərk et.
Unut, dərd ver, intizar ver,
Məhəbbəti yumaq elə
Toxumaqçün əllərə ver.
Mən sevəndə dəymə mənə
Qoy ağlayım, qoy sızlayım.
Varlığında yoxluğunu,
Yoxluğunda varlığını
Tarazlayım.
Bura bizik
Bura – bizik,
Dünyanın özəyi,
Yolların uzunu,
Ömrün qıssası –
Sözün tükəndiyi məkan.
Bura – bizik,
Vərəqlərə köçürülmüş
Cızma-qara.
Təqvimin işarə olunmuş məchul günü.
Nəyinsə açılışı,
Nəyinsə düyünü.
Bura – bizik
Gün yandıran,
Ot bitirməyən
Sarı səhra.
At çapan
bədəvi,
Suya həsrət
Bura – bizik
Yolxucu vəba –
xəstəlik.
Qədəh dolu özümüzü
birnəfəsə içirik.
Tükənirik, bitirik.
Bura – bizik,
Divarda çarpazlaşmış
Kilsə xaçı yerindəyik.
Nə müqəddəs,
Nə də kafir əlindəyik.
Bura – bizik
Soyuq divar,
Soyuq mühit.
Ya ölmüşük,
Ya da hələ öləcəyik.
Hamıya oxşar,
Hər kəsdən fərqli
Bir həyatın
Ya axırı,
Ya əvvəli.
Bir uşaq
Rəsmini çəkir xəyal
Atasını yaradır.
Qələmlə aypara qaş, qara gözlər nöqtədir.
Baxışları atanın ovcunun içindədir.
Uşaq yarada bilmir görmədiyi bir kəsi
Necə hiss edə bilsin almadığı nəfəsi.
Amma təxəyyül hələ qələmlə nəsə cızır
Yeni sözlər yaranır, bu körpə nəsə yazır.
Söz yazır, cümlə yazır.
“Gəl” yazır, “Apar” yazır.
Qoy tutum uşaqların tək əlindən, ay ata.
Çox demirəm, bircə gün yanımda görün mənim
Rəfiqələrim görsün, atam var, atam mənim.
Nə zaman gələcəksən?
Nə zaman baxacaqsan aldığım qiymətlərə?
Yarışda yer qazandım, təbrik et məni, ata.
Hər gün səni düşünmək, hər gün şəklini çəkmək,
Çox çətindir, çox çətin, səni dilə gətirmək.
Köks ötürüb dinməzcə mən yollara baxıram,
Ataların üzündə atamı axtarıram.
Səndən heç kim danışmır naməlumsan, itkinsən.
Anamın sözlərində əbədi nifrətimsən.
Sadəcə bir maraqdır səni bir dəfə görmək,
Rəsmini sonumadək beynimdə həkk etdirmək.
Hər gün eyni şəkillə mən üz-üzə qalıram,
Mən sənin əvəzinə anamı yaradıram.
Mənbə: “Ustad” jurnalının 15-ci sayı.