Artur Konan Doyl və Spiritualizm

13 Baxış

artur konan doyl 1922 emma din._496x600

Senet.az “Ustad” jurnalında yayımlanan Xəyalə Muradın “Artur Konan Doyl və Spiritualizm” məqaləsini təqdim edir:

 

Artur Konan Doyl və Spiritualizm

Bəzən möcüzəyə, namümkünün mümkünlüyünə inanmağa çalışır, özümüzü bütünlüklə bu işə həsr edirik. Bu mümkünsüzlük zamanla gözümüzdə fərqli simada canlanır, ona inanmağımızı gözləyir. Hər kəsin o mümkünsüz hesab edilən qeyri-adiliyə, sehrə, möcüzəyə ehtiyacı var.

Kədərin ən qaranlıq qatından dirçəlib aydınlığa can atan şəxslər içində spiritualizmə üz tutmuş dünyaca məşhur yazıçı Artur Konan Doyldan bəhs etmək istəyirik. Məhz oğlunun ölümündən sonra ruhlarla ünsiyyətə can atdığını bəyan edən müasirləri bunun üçün ciddi səbəbin olmadığını qeyd edirlər. Bizsə onun yaradıcılığında, həyatında spiritualizmin izlərini axtarmaqla həqiqəti üzə çıxarmağa çalışacağıq.

Əvvəlcə Artur Konan Doyl haqqında qısa, lakin çoxumuzun bildiyi standart məlumatlara nəzər salaq. O, 1859-cu ilin 22 mayında Edinburqda düyaya gəlib. İrland əsilli Konan Doyl həyatını əsl ingilis centlmeni kimi yaşayıb, yaradıb. Anası oğlunun adını Çarlz Dikkensin, Valter Skottun əsərlərindən oxuyub sevdiyi tarixi şəxsiyyət – kral Arturun şərəfinə qoyur. O, Edinburq Universitetində tibb təhsili alır (seçiminə anasının kirayənişini Brayn C.Uollerin birbaşa təsir etdiyi hesab olunur), bir müddət gəmi həkimi işləyir. Sonra isə sevimli yazıçısı Dikkensin doğulduğu Portsmutda məskunlaşır. Doyl hər zaman xəstə azlığından şikayətlənsə də sonralar yaradıcılıq yolunda irəliləməyə başlayır. A.K.Doyl avqustun 6-sı 1885-ci ildə pasientlərindən birinin bacısı Luiza Hokins ilə evlənir. Bu evlilikdən iki övladı dünyaya gəlir. Lakin çox keçmir ki, Artur Konan Doyl Cin Lekkiyə aşiq olur (1897). Ancaq Luizaya olan hörmətinə görə ondan boşanmaq haqda düşünmür. 1906-cı ilin iyunun 4-ü Luiza vərəm xəstəliyindən dünyasını dəyişir. Beləliklə, A.K.Doyl 1907-ci ildə Cin Lekki ilə evlənir. Ancaq məqsədimiz onun yaradıcılığında və şəxsi həyatında spiritualizmi araşdırmaq olduğu üçün eşq mövzusuna o qədər ətraflı nəzər salmayacağıq.

 

“Orada – “başqa yerdə” – zülümkar ər və deyingən arvad bir-birini bezdirməyəcək. Orada hər kəs sülh və əmin-amanlıq içində musiqi və gözəllik əhatəsində yaşayacaq. Nə varlı olacaq, nə də kasıb…”

(“Həyati əhəmiyyətli mesaj”, 1919. Səh 95.)

 

Bir çox tədqiqatçılar və oxucular Artur Konan Doylun yaradıcılığında ilk spiritualizmin ilk izlərini məhz 1919-cu ildə nəşr olunan “Həyati əhəmiyyətli mesaj” kitabında görürlər. Ancaq əsərlərinin süjet xəttinə diqqət etdikcə bu izin daha bir neçə il əvvələ aid olduğunu görmək olar. Belə ki, onun sayca üçüncü kitabı, 1889-cu ildə çap olunan “Klumberin sirri” adlı roman A.K.Doyl yaradıcılığında məhz spiritualizmin ilk nümunəsidir. Bu üç buddist rahibinin mistik yaşam tərzinə həsr edilmiş, tükləri ürpərdən süjetə malik kitabdır. Əsərin təhkiyəçisi Şotland əsilli hüquq fakültəsinin tələbəsi Con Fezergil Uestdir. Günlərin bir günü atası və bacısı ilə Uiqtaunşir qraflığına köçürlər. Yaşadıqları evdən bir az aralıda illərlə boş və baxımsız qalan Klumber-Holl var. Çox keçmir ki, kimsəsiz evə yeni sakin – Hindistanda döyüşmüş general Hezerstonun ailəsi köçür. Generalın qızına aşiq olan Con Fezergil Uest bacardığı qədər onlara yaxın olmağa çalışır. Hər dəfə ətraf mühitdən qorunmağa səy göstərən generalın və onunla birlikdə Hindistanda döyüşən Rufus Smitin şərqdən gələ biləcək təhlükədən qorxduğunu müşahidə edir. Zamanla bu qorxu ən yüksək həddə çatır. Tezliklə onlardan heç də uzaq olmayan sahildə bir gəmi qəzaya uğrayır. Parçalanmış gəmidən xilas olan üç buddist ekstrasens xüsusi bacarıqları sayəsində general Hezerstonun və Smitin beyninə hakim olmağı bacarırlar. İxtiyarları əllərində olmayan Hezerston və Smit bataqlıqda boğulurlar. Bu ağlasığmaz addım hər kəsi təəccübləndirsə də, generalın yazıb qoyduğu məktub bütün şübhələrə aydınlıq gətirir. Kitabın ən maraqlı hissəsi də məhz o məktubun məzmunudur. Diqqət etdinizsə, üç buddist ekstrasenslik məharətindən faydalanaraq iki insanı istəmədikləri bir işi icra etməyə məcbur edirlər və buna nail olurlar. Bu, spiritualizm deyilsə, bəs nədir? Beləliklə, Artur Konan Doyl yaradıcılığındakı ilk spiritualizmin izinə rast gəlmiş olduq.

 

Arturun həyatındakı spiritualizm

 

Atasının əyyaş olması və “şizofreniya” diaqnozu ilə ömrünü ruhi xəstələr arasında başa vurması yeni-yeni şöhrət qazanan Arturu utandırırdı. Hətta valideynləri haqqında danışmaz, onlara aid suallardan çəkinərdi. Lakin taleyin hökmündən qaçmaq mümkün deyil. Anasının xahişi ilə yenicə ölmüş (1893-cü il) atasının əşyalarını götürmək üçün ruhi xəstələr üçün nəzərdə tutlmuş dispanserə gedir. Həyatının ikinci (birincisi Luizanın sağalmaz xəstəliyidir) ağır zərbəsini də məhz burada alır. Əşyalar içindən atası Çarlz Doylun gündəliyinə rast gəlir. İki cümləni ardıcıl qura bilmədiyini zənn etdiyi atasının bu cür zəngin söz ehtiyatına malik olduğu diqqətindən yayınmır. Qeyddə xanımını (Arturun anasını) qınayır. Gözünə ruhların görünməsini dilə gətirdiyi üçün “şizofreniya” böhtanı ilə ruhi xəstələr arasına həbs edildiyindən bəhs edir. Ən qəribəsi isə Arturun nə vaxtsa bu gündəliyi oxuyacağını təxmin etməsi olub. İçki düşgünü hesab etdiyi atasının ona çatdırmaq istədiyi cümlələr Arturun gələcək həyatına birbaşa təsir edir. Atası Arturun həkim olduğunu nəzərə alıb “böyük sirri” məhz ona açmaq istədiyini yazırdı. Ölümdən sonra həyatın olduğunu öz təcrübəsindən bildiyini qeyd edirdi. Çarlz oğluna ölmüş valideynlərinin və yaxın qohumlarının ruhları ilə ünsiyyət qurduğunu yazaraq ruhları görə, eşidə bilən həssas insanların bir daha heç kim tərəfindən “dəli”, “şizofren” damğası ilə dustaq edilməmələri naminə araşdırma etməsini tapşırırdı. Deyilənə görə, Artur atasının gündəliyini bir atanın oğluna qoyduğu vəsiyyət hesab edib, övladlıq borcunu yerinə yetirəcəyinə dair söz verir. Üstəlik, yuxarıda qeyd edildiyi kimi, Artur Konan Doyl spiritualizmlə artıq ciddi şəkildə maraqlanırdı və 1889-cu ildə yazdığı “Klumberin sirri” əsəri də bunun isbatı idi. Lakin spiritualizmin ağuşuna düşməməkdən özünü maksimum uzaq tutmağa çalışırdı. Çünki bu sahənin onu nə dərəcədə cəlb etdiyini hiss edir və bir gün atası kimi “şizofreniya” xəstəsi olub ruhi dispanserə salınacağından qorxurdu. Üstəlik, bu marağın yüksələn şöhrətinə kölgə olacağını da zənn edirdi. Haqlı idimi? Bəlkə də, hə. Ancaq illər sonra (1889-1893) atasının gündəliyinə rast gəlməsi, sanki gözlərini açdı. Axı atası ondan “Ölümdən sonra həyat varmı?” sualına cavab tapmasını yox, bunu sözün əsl mənasında isbat etməsini istəyirdi. Bir yandan da qəlbini sıxan günahkarlıq hissi… Luizanın xəstəliyində özünü təqsirli bilirdi. Həkim ola-ola öskürən xanımına qayğı göstərməyib özü ilə xizək sürmək adıyla İsveçə və buz kimi Norveçə aparırdı. Nəticədə xəstəliyi müalicəyə qarşılıq verməyəcək qədər irəliləmişdi. Başqası Arturun yerində olsaydı, Luizanın öskürəyini çoxdan fərq edərdi. Gecikmişdi. Bunun üçün peşman olmuşdu. Atasına sağlığında edə bilmədiyini yoldaşına etməyə can atan Artur onu gecə-gündüz müalicə alması üçün sanatoriyaya (Davosda yerləşən) göndərir. Özü də ayda bir-iki dəfə ziyarətinə gedir. Ziyarətlərdən birində Luizanın bir dəri, bir sümük qalan əlindən tutub atasının gündəliyindən bəhs edir. Luiza isə ölüm ayağında “Söz ver ki…” deyib canını tapşırır. Bu cümlənin nə ilə nəticələnəcəyini kimsə bilmədi. Ancaq təxmin edilir ki, Luiza Arturun spiritualizm sahəsində etmək istədiklərini əvvəlcədən duyub, onu geri dönüşü olmayan yoldan çəkindirmək istəyirdi. Cini tanıyandan bəri Luizanı sevmədiyini bilirdi. Lakin ondan boşanmayacağının da fərqindəydi. Cin də lazım olduğu qədər səbr edəcəyini deyir, sevgisini məktublarda əks etdirirdi. Arturun spiritualizmə marağı Cini qətiyyən qorxutmurdu, əksinə, özündə də azdan-çoxdan mediumluq istedadı olduğunu duyurdu. Luizanın dəfnindən bir il sonra evlənən Arturla Cinin üç övladı doğulur və onlar ölənədək xoşbəxt, firavan yaşayırlar.

peri3_446x600

İngiltərənin ən bahalı, istəkli və çox oxunan yazıçısına çevrilən Artur Konan Doyl 1917-ci ildə spiritualizmə görə dinindən imtina etdiyini hər kəsə çəkinmədən bəyan edir. Bu addımı atmasına əsas səbəb yaxın dostu, dövrünün tanınmış illüziyaçısı Harri Qudini ilə dostluğunun bir gecədə pozulması olur. Altantik Sitidə yerləşən “Ambassador” hotelində Artur və Qudini izləyici, Cin isə medium qismində otururlar. Harrinin spiritualizmlə maraqlanması, medium və ekstrasenslərlə tanışlığa meyl etməsi başda Artur olmaqla hər kəsə məlum idi. Bəzi mənbələrdə Harrinin Doylla dostluq etməsinin səbəbini məhz onları ifşa etmək istəyindən yarandığını qeyd edirlər. Bəzilərisə bu istəyin Arturla dostluğu pozulduğu gecədən sonra alovlandığını düşünür. Cin medium qismində Arturun müharibədə ölmüş oğlu Kinqsli ilə danışdığını deyir. Harri Arturun yanında oturub Cinin Kinqslinin səs və danışıq tonu ilə Artura müraciət etdiyini müşahidə edir. Bir neçə dəqiqə sonra Harri Qudini Cindən öz nənəsinin ruhunu çağırmasını və niyə belə vəsiyyətnamə yazdığını soruşmasını xahiş edir. Cin onun üçün çətin olmayacağını qeyd edib, seansa davam edir. Elə ki Cin Harrinin nənəsinin ruhu adından danışmağa başlayır, Harri oturacaqdan yıxılır. Heç nə demədən hoteli tərk edir. Bir ay sonra “New York Sun” qəzetində Artur Konan Doylu hər şeyə inanan avam, Cini isə fırıldaqçı medium adlandırır. Bu davranışının səbəbini də həmin hotel otağındakı seansla əlaqələndirir. Sən demə, Cin Harrinin nənəsinin əslində ingilis dilini bilmədiyindən xəbərsiz imiş. Əgər bilmiş olsaydı, uydurma səslə Harrinin nənəsiymiş kimi danışmazdı. Artur buna baxmayaraq Cinə inanır, ona dəstək olur və beləliklə, dindən imtina edib spiritualizmi “din” olaraq qəbul etdiyini açıq bəyan etməli olur. Məsələ bundadır ki, dövrünün iki məşhur dostu (Artur və Harri) qəzetdəki qalmaqallı məqalədən sonra da bir neçə ay məktublaşaraq bir-birini tənqid edirlər. Daha sonra əlaqələri tamamilə kəsilir. Ancaq məqalə təsirsiz ötüşmür. Bir neçə məşhur şəxs də Arturla dostluğunu və əlaqəsini pozur.

 

Bəs Şerlok Holms bütün bunlara nə deyərdi?

 

Hələ 1890-91-ci illərdə məşhur xəfiyyənin adı ilkin variantda Şerrinq-Ford Houp idi. Lakin xanımı Luiza bu adın yaddaqalıcı olmayacağını, qəribə səsləndiyini nəzərə almasını və bu adı daha maraqlı adla əvəz etməyi ondan xahiş edir. Beləliklə, sevimli skripkaçı Alfred Şerlokun şərəfinə “Şerlok”, məşhur vəkili Oliver Uendell Holmsın şərəfinə isə “Holms” adlandırır. Şerlok Holms haqqında hekayələr toplusundan ilki “Bohem biabırçılığı” hekayəsi dərc olunanda (1891-ci il “Strand” jurnalı) Arturun yaradıcılığında artıq bir neçə tarixi romanlar vardı. Lakin onların şöhrəti Şerlok Holmsla müqayisə edilməz dərəcədə zəif idi. Şerlok Holmsun ünvanına sevgi məktubları, tütün, tiryək (hətta!), pul (hansısa işin üstünü açması naminə ilkin beh) və evində xadimə işləmək istəyən “fanatların” məktubları gəlirdi.

peri3_446x600

Oğlunu (Luizadan olan) Birinci Dünya Müharibəsində itirən Arturun bu itki ilə barışa bilmədiyini, onu diriltməyin yollarını axtardığını deyənlər vardı. Günahkarlıq hissi Arturun daxilində qəzəb, kin, ədavət hislərini də oyadırdı. Özünə qarşı çevrilmiş düşmənçilik onda Şerlok Holmsu “öldürmək” həvəsi yaradır və yazıçı ən məşhur obrazını 1893-cü ildə (atası ölən il) “Şerlok Holmsun son işi” əsərində öldürür. Sevimli qəhrəmanın ölümü oxucuları necə qəzəbləndirirsə, təkcə bir günə 20 min oxucu “Strand”ın abunəliyindən imtina edir. Yazıçını qəlbsiz, ürəksiz olmaqda ittiham edirlər. Yazıçı Şerlok Holmsu “öldürdükdən sonra” sevgi məktubları hədə məktublarına çevrilməyə başlayır. Oxucular sevimli qəhrəmanlarının xatirəsinə hörmət əlaməti olaraq qollarına qara bağlayırlar.

Bəs, yaxşı, niyə Artur Konan Doyl öz əli ilə “öldürdüyü” Şerlok Holmsu 1905-ci ildə yenidən diriltməli oldu? Onu diriltmək nəyinə lazım idi? Yoxsa gələn təhdid məktublarından qorxuya düşmüşdü? Qətiyyən! Şerlok Holmsu “diriltmək” İkinci Bur Müharibəsi (1899-1902) sonrası yaranmış maddi böhrandan çıxmaq üçün lazım idi. Axı əsərə görə gələn pulların xeyli hissəsini Luizanın müalicələrinə sərf etmişdi. Ölkəni bürüyən iqtisadi böhran da onun cibinə təsirsiz ötüşməmişdi. Beləliklə, məcbur qalıb Şerlok Holmsu diriltməli olur. Nəticədə əldə etdiyi pulu (hər 1000 sözə 100 funt) spiritualizmi yaymaq və onun haqqında hər kəsə məlumat vermək üçün sərf edir. Qeyd edək ki, İkinci Bur Müharibəsi Artur Konan Doyla (müharibəyə könüllü getmişdi) “Ser” titulunu bəxş edir.

1925-ci ildə Parisdə təşkil olunmuş Spiritualistlərin Beynəlxalq Konqresində Artur Konan Doyl prezident seçilir. Elə həmin il Londonda keçirilən açıq müzakirədə spiritualizm haqqında geniş çıxışı ilə (deyilənə görə) hər kəsi heyran edir. O, mediumları açıq-aşkar dəstəkləyir. 1926-cı ilin yanvarında Artur Konan Doylun “Spiritualizmin tarixi” adlı kitabı nəşr olunur. Beləliklə, 1926-30-cu illər ərzində spiritualizmi Avropa və Amerikanın müxtəlif şəhərlərində yaymağa, bununla bağlı geniş kütlələrə xitab etməyə başlayır. Qeyd edilir ki, yazıçının bu dörd illik təbliğ üçün ən azı 200 min funt xərci çıxır.

Artur eyni zamanda, spiritualist fotoqrafları da dəstəkləyirdi. Misal üçün Emma Dinin 1922-ci ildə çəkdiyi şəkli nümünə göstərə bilərik. Burada Artur Konan Doyl əyləşib, ancaq başının üstündə bir qadının dumanlı təsviri görünür. Bunu ilk xanımının ruhu olaraq düşünənlər var. Artur həmin şəkli spiritualist fotoqrafların müdafiəsi naminə əsas sübutlardan biri kimi göstərirdi. Artur spiritualist fotoqraflara o qədər inanırdı ki, onları hər addımbaşı müdafiə etməkdən çəkinmirdi. Məsələn, fotoqraf Uillyam Houpu yazıçı, tədqiqatçı Harri Praysa qarşı müdafiə etmişdi. Artur bununla da kifayətlənməyərək 1925-ci ildə spiritualist fotoqrafların çəkdiyi “ruh”lu şəkillərin qorunduğu kiçik muzey açır. Bu problemi ciddi hesab edən Artur 1926-cı ildə dərc etdiyi “Spiritualizmin tarixi” kitabının XIX başlığında (sonrakı nəşrlərdə II kitabın V başlığı) geniş təsvir etmişdi:

doyle_04_441x600

“Əlbəttə ki, bəzi fırıldaqçıların təsirini inkar edə bilmərik. Lakin cəmiyyətə açıq nümayiş etdirdiyimiz şəkillərin həqiqiliyinə əminəm. Şəkillərin müəllifi hesab edir ki, elm inkişaf etdikcə bu sahədə hələ çox yeniliklər olacaq. Biz də bu yenilikləri qəbul etməyə, dərk etməyə hazır olmalıyıq”.

(“Spiritualizmin tarixi”, A.K.Doyl)

 

Kottinqli pərilər və Artur Konan Doyl

 

1920-ci ilin iyununda “Strand” jurnalı üçün spiritualizmə aid məqalə mövzusu axtaran A.K.Doyl ölkədə yenicə səs-küy yaradan hadisə ilə maraqlanır. On altı və on yaşlı qızın nəinki gördüyü, hətta şəkillərini çəkdikləri pərilər spiritualist yazıçının diqqətindən yayına bilməzdi. Elə həmin ilin yayında Qardnerdən birinci şəklin surətini alıb ekspertizaya, Böyük Britaniyanın aparıcı fiziklərindən olan Oliver Lodja göndərir. Lodjun cavabı qısa və kəsə olur. O, şəkillərin qondarma, pərilərinsə rəqs qrupunun təsviri olduğunu qeyd edir. Lodj eyni zamanda, pərilərin saç düzümünə diqqət edərək Paris modalar evinin təqdim etdiyi son saç modelləri ilə üst-üstə düşdüyünü vurğulayır. Həqiqətin üstünü açmaq istəyənlərə nisbətdə Artur Konan Doyl qızların, həqiqətən, pəriləri gördüklərinə inanırdı. O, 1922-ci ildə Elsi və Frensisin pərilər haqqında nəql etdikləri əhvalatlarla bağlı “Pərilərin zühuru” adlı kitab yazır. Kitabda qeyd edilir:

İnsan irqinə bənzəyən, çoxsaylı əhalisi olan, onun kimi yaşayan və fəaliyyətdə olan, hərəkət tezliyi ilə fərqlənən kiçik xalqlar mövcuddur”.

Artur Konan Doyl bu mövzunu dərinliklərinə kimi araşdırdığını bəyan edərək spiritualizmə dair fikirlər səsləndirir. O şəkillərdə pərilərin ətrafa saçdığı “maqnit işiğını” gördüyünü, bununla “həyat enerjilərini” bərpa etdiklərini deyir. O, pərilərin meydana çıxmasını izah edən xüsusi nəzəriyyə də yaratmağa cəhd edir. 1923-cü ildə Elsidən növbəti şəkil alır. Şəkli göndərdiyi məktubda qeyd edilir:

“Mən əmin deyiləm, ancaq deyəsən, bütün bunlar musiqidən yaranan titrəyişdir və hafizəm onu pəri kimi canlandırır. Düzünü desəm, pərilər haqqında nə demək lazım olduğunu bilmirəm. Ancaq o nədisə titrəyişlidir, səslidir, onun rəngi var və sevinc hiss bəxş edir”.

Bu məktubdan sonra Artur Konan Doyl qızların çox böyük mediumluq gücünə sahib olduqlarını düşünür. Həmçinin, digər qızın – Frensisin də hansısa “ektoplazma” adlı mistik enerji xaric edə bildiyini zənn edir. O, pərilərin “bədən”lərini məhz həmin mistik enerjinin sayəsində formalaşdırdıqlarını düşünür. Hətta 1921-ci ildən sonra heç bir pəri şəklinin olmamasına dair də öz fərziyyəsini irəli sürür. Artur pəri şəklini ala bilməmələrinin səbəbini qızların cinsi yetişkənlik dövrünə qədəm qoyması ilə əlaqələndirir. Cinsi yetişkənliyin psixoloji enerjini boğduğunu, buna görə də Frensisin ektoplazmasının tükəndiyini və nəticədə heç bir pəri görmədiyini nəinki düşünür, hətta bu fərziyyəsinə inanırdı. Hətta Artur Konan Doylun da üzvü olduğu (1891)”Psixikanı öyrənən cəmiyyət”in idarə heyəti şəkillərin həqiqi olmadığını, bütün fərziyyələrin məhz Arturun şəxsi fikirləri olduğunu qeyd edirdilər.

Qardner isə bu mövzuda gözləmə mövqeyini tutur. Pərilərin mövcud olub-olmadığı müzakirə olunan zaman o, “Həmin varlıqların hüceyrələri istənilən formaya düşə bilər. Onlar insan cildinə girməyi bacarırlarsa, demək, eybəcər və ya zərif, qalın və ya incə də ola bilərlər. İnsan görkəmini isə məhz qızlarla ünsiyət qurmaq naminə edirlər” – deyə fikir bildirir. Əleyhdarlar bu fikri inkar edirlər: necə ola bilir, pərilər həmişə eyni yerdə və eyni insanların gözlərinə görünür və başqa yerlərdə peyda olmurlar, teosofiyaya görə, müxtəlif vaxtlarda və həmin tipli varlıqlar görünə bilərlər. Qəribədir.

Həqiqətsə Arturun ölümündən uzun illər sonra, 1983-cü ildə üzə çıxır. Elsi və Frensis 80 yaşdan sonra artıq həqiqəti hər kəsə açacaq qədər “böyüdüklərini” deyib hər şeyi etiraf edirlər:

peri5_600x462

“Həqiqəti deməmək səbəbimiz valideynlərimizin qəzəbindən qorxmağımızla bağlı idi. Bir də ki, həvəslə kitablarını oxuduğumuz sevimli yazıçımız Artur Konan Doylun ümidlərini puç etmək istəmirdik. Pərilərlə oynadığımızı deyib çay kənarındakı meşəlikdə daha çox vaxt keçirmək istəyirdik. Valideynlərimizə pərilərin var olduğunu sübut etmək üçün şəkillərini çəkəcəyimizə söz verdik. Kağızlardan kəsdiyimiz pəri fiqurlarını papaq üçün istifadə etdiyimiz sancaqla kol-kosa bərkidirdik ki, şəkil çəkdirəndə aşmasınlar. Biz fırıldaqçı deyilik, onda sadəcə, oyun oynayırdıq. İnsanlar möcüzələrə inanmaq istəyirdilər. Biz də bu yalanı uzatmaq qərarına gəldik. Əlli ildən çoxdur ki, susurduq, ancaq yetişkən insanların iki uşağın çəkdiyi şəkillərə görə bu qədər söz-söhbət çıxardıqlarına hələ də inana bilmirik”.

Onlar bu etirafı ölümlərindən bir neçə il əvvəl etdilər, lakin Artur Konan Doyl onlara həqiqətən inanmışdı. Yazdığı “Pərilərin zühuru” kitabını bütünlüklə bu iki qızın “oyun”larına həsr etmişdi. O kitabdan sonra Arturu ciddi qəbul etmir, dediklərini məsxərəyə qoyurdular. Çıxışlarının birində yazıçını fitə basıb, təhqir etmişdilər. Lakin o, öz fikrindən dönmür, “İki sadəlövh kənd qızı yalan deyə bilməz” deyərək tənqid və təhqirlərin qarşısında şux dayanırdı.

 

Mənsə öz növbəmdə (araşdırmam sayəsində baş qaldıran marağımı öldürmək üçün) Yorkşir qraflığında yaşayan ingiltərəli kitab blogeri Hannadan Kottinqli pərilər haqqında yerli əhalinin hansı fikirdə olduğunu soruşdum. Sən demə, özü bir neçə il əvvəl (2014) Kottinq kəndinə səfər edərək adı çəkilən əraziləri öz gözləri ilə görmək fürsəti əldə edib. Gördükləri, oxuduqları haqqında yazdığı həmin qeydləri notbukunun arxivindən tapıb mənə göndərdi. Oxuduqlarım sətirlər içində qeyri-adi nələrəsə rast gəlmədiyimdən təkcə yerli sakinlərdən ikisinin dediklərini dilimizə çevirib sizə təqdim edirəm:

“Bu pəri şayiələrinin yeganə xeyri turistlərin marağını çəkmək oldu. İl ərzində o qədər turist gəlir ki, saylarını belə unuduruq. Amma onlar təkcə pərilərə görə gəlmirlər, həm də Yorkşir haqqında “Uğultulu təpələr”dən oxuduqları o dumanlı əraziləri görmək üçün gəlirlər. Xoşbəxtlikdən pərilərin olduğu yer (ehtimal olunan yer) şəxsi mülkə daxildir və hər ürəyi istəyən bura daxil ola bilməz. Əksini düşünməyə belə qorxuram. Səksəninci illərdə çoxlu jurnalist gəlirdi. Otları, kol-kosları diqqətlə müşahidə edirdilər. Gecələyənlər belə vardı, amma nə fayda? İki qızın uydurduğu yalanla möcüzə baş verən deyil ki! Doğulandan bəri bu torpaqdayam. Pərilər mövcud olsaydı, onları həyatımda heç olmasa, bir dəfə görərdim. Elə deyil?”

Hannanın müşahidəsinə əsasən qeyd edim ki, adı çəkilən pəriləri daha bir neçə fərqli insanlar “görüblər”. Onlardan biri haqqında başqa sakin danışıb:

“Hə, pərilərə inanıram. Kaş mən də onları görə biləydim. Deyirlər, müharibə vaxtı bir əsgər təsadüfən Kottinq meşəliyində, elə o çayın şəlalə olan yerində yatıb qalıb. Ayılanda onları görüb. Qanadları çox şəffaf imiş. Ancaq ona heç kim inanmayıb. Müharibədən gələnlərin çoxu qəribə davranırdı, yəqin, buna görə onun sözünə inanan olmayıb.”

Hanna deyir ki, həmin ərazinin sahibindən də pəriləri görüb-görmədiyini soruşub, o, əvvəlcə bu sorğu-sualdan bezdiyini desə də, nəticədə gənc qızı cavabsız qoymayıb:

“Pəncərəmdən hər gün boylanıram, yüz dəfə bağçaya girib-çıxıram, amma bircə dəfə də olsa pəriyə, ya da onlara bənzər qəribə məxluqlara rast gəlməmişəm”.

Əslində, Kottinqli pərilərdən ayrıca geniş məqalə yaza bilərdim, lakin Artur Konan Doylun bu məsələyə birbaşa təsiri olduğundan məhz burada bir neçə səhifəyə sığdırmaq istədim. O, “Pərilərin zühuru” kitabında şəkillər haqqında əldə etdiyi bütün mətnlərə (özünün və ya başqasının yazdığı fikirlərə, məktublara) yer verib. Özü də pərilərin varlığını həm uydurma, həm də real olaraq araşdırıb. Lakin nəticədə real olduğuna inandığını vurğulayıb. Kitabı oxumaq istəyən hər kəs ingilis və rus dilində (istənilən formatda) asanlıqla tapa bilər. Pərilərə inanıb-inanmamaqsa sizin ixtiyarınızdadır.

 

Artur Konan Doylun spiritualistik mesajı

 

Yetmiş bir yaşlı Artur Konan Doyl xanımı Cinə “kənar qüvvələr” tərəfindən aldğı xəbəri çatdırır. Ona “7 iyulda öləcəksən” deyilmişdi. Cin bu tarixin qaçılmaz olduğunu bilirdi. Son günlərini yataqda keçirən Artur 7 iyul səhər saatlarında ayağa qalxıb üzü mənzərəyə açılan pəncərə önündə oturmaq istəyir. Cinlə son saatlarını hüzur içində yaşayıb, gözlərini əbədi yumur. Həkimlərin dediyinə görə, Artur Konan Doyl 1930-cu ilin 7 iyulunda səhər saat 8-də ürək tutmasından vəfat edir, ya da yazıçının ölüm haqqında dediyi kimi ifadə edək: o, yaşamın sərhəddini keçir.

13 iyul 1930-cu ildə “Albert-Holl”da bir neçə gün əvvəl ölmüş Ser Artur Konan Doylla vida mərasimi keçirilirdi. Səkkiz min insanın iştirak etdiyi mərasimdəki ön cərgədəki üç qoltuqlardan birində Cin, digərində oğlu Denis oturmuşdu. Ana və oğul arasındakı üçüncü yer isə boş idi. İzləyənlər həmin qoltuğun Artur Konan Doyl üçün nəzərdə tutulduğunu qeyd edirlər.

Xanımlar və cənablar! Zəhmət olmasa, ayağa qalxın! Bu dəqiqə Ser Artur Konan Doylun gəldiyini görürəm!” – Estell Roberte adlı mediumun səsi zalda əks-səda verir. İnsanlar candərdi əl çalırlar. Estell əlini sərt şəkildə havaya qaldırıb alqış səsini kəsmək işarəsi verir: “Budur, Ser Artur xanımı Cinin yanındakı boş yerdə əyləşir. Oh! Xanımına bir mesaj çatdırmağımı istəyir.” Estell ehtiyatla Cinə yaxınlaşıb qulağına nəsə pıçıldayır. O da gülümsünüb ayağa qalxır, asta addımlarla “səhnəyə” çıxır. İnsanlar onu ayaq üstdə alqışlayırlar. Matəm libasında, qara vüallı şlyapada olan 58 yaşlı Cin özündən əmin duruşu ilə hər kəsi valeh edir. “Xanımlar və cənablar! Ser Artur kiçik eksperiment nümayiş etməyi xahiş edir. Ölümündən əvvəl o, mənə əlimdə tutduğum zərfi verdi. Zərf Ser Artur Konan Doylun öz möhürü ilə damğalanıb”. Zərfi qaldırıb qırmızı möhürün qırılmadığını və zərfin hələ də açılmadığını zalda oturanlara nümayiş etdirir: “Və indi sizin hüzurunuzda Ser Artur Konan Doylun ruhu xanım Estell Roberteyə zərfdə nə yazdığını diqtə edəcək. Biz də bunun düz və ya səhv olduğunu öyrənmiş olacağıq”. Estellboş yerin qarşısında ayaq üstdə dayanıb, arabir başını razılıq əlaməti olaraq yelləyir. Sonra Cinə yaxınlaşıb zalda əyləşənlərə baxaraq deyir: “Zərfdə yazılıb: İnamsız cənablar, mən sizə qalib gəldim! Dediyim kimi, ölüm mövcud deyil. Tezliklə görüşənədək!”

Cin əlindəki zərfin möhrünü qırıb açır və orada həmin sözlərin yazıldığını görür…

 

* * *

 

Bu vida səhnəsi sizə kiçik tamaşa təsiri bağışlamadı ki? Şəxsən mən bunu tamaşa adlandırıram. Səkkiz minlik izləyicinin qarşısında nümayiş olunan kiçik tamaşa… Əvvəla Konan Doylun ölümündən mediumlar istifadə edir. Onun ruhunun zala gəldiyini deyir, sağ ikən yazıb xanımına verdiyi zərfdəki cümləni guya mediuma diqtə edir. Axı, Cin onun xanım idi və əlindəki zərfi hələ evində ikən ehtiyatla açıb oxuyub, sonra da yazıçının şəxsi möhürü ilə yenidən bağlaya bilərdi. Kim özü ilə qəbrə möhür aparır ki?

Əvəzedilməz Şerlok Holmsun yaradıcısı, həkim, analitik, altı hissəli “Fransadakı Britaniya şirkəti”nin, saysız-hesabsız məqalələrin, kitabların müəllifi, darvinist, pozitivist, hər şeyə hakim zəka sahibi Artur Konan Doyl həyatının son illərini məhz spiritualizmə sərf etdi. Bəlkə də, o, sadəcə möcüzəyə inanmaq istəmişdi… Kim bilir?! Onun haqqında yüzlərlə məqalələr, onlarla kitablar dərc olunub. Məşhur tədqiqatçı Riçard Koksun Artur Konan Doyl haqqında yazdığı kitabdan istehzalı cümləni xatırladım: “Şerlok Holms bütün bunlara nə deyərdi?” Əlbəttə ki, yaxşı heç nə deməzdi. Başqalarını bilmirəm, lakin mən spiritualist olmasam belə, yazıçıya məhz əsərlərinə görə dəyər verir, rəğbət bəsləyirəm. Yox, kimsə məqaləmdən sonra spiritualizm haqqında daha dərin (ən azından, Arturun qəbul etdiyi kimi) araşdırmaq, oxumaq istəyərsə, Artur Konan Doylun 1926-cı ildə çap olunan “Dumanlı torpaq” romanını məsləhət görərdim. Əsər “Professor Çellencer” seriyasına daxildir. Həmin seriyada “İtmiş dünya”(1912), “Zəhərlənmiş zolaq” (1913), “Dünya qışqıranda” (1928), “Dezinteqrasiya maşını” (1929), “Dumanlı torpaq” (1926) daxildir. Yazılma tarixlərinə əsasən spiritualizmin daha geniş yer alacağı kitabları asanlıqla seçə bilərsiniz. Bu kitab seriyasında elmi-fantastikaya geniş yer verilib. Spiritualizmə aid araşdırma edəndə bu qədər kitabla qarşılaşacağımı bilmirdim. Qeyd edim ki, yazıçının imzası ilə kiçik oğlu Adrian Konan Doyl 1940-cı ildən etibarən (anası Cin öləndən sonra) Şerlok Holmsun növbəti fəaliyyətlərindən yazmaqla atasının yolunu davam etdirir. Təbii ki, atası qədər şöhrət qazanmır. Artur etiraf edirdi ki, spiritualist olduğunu hər kəsə etiraf edəndən sonra bədii ədəbiyyat ona bir o qədər cəlbedici görünmür. Sonda Artur Konan Doylun səs-küy yaradan, spiritualizmə aid zəngin məlumat bazası hesab edilən kitabından seçdiyim vacib cümlələri ixtiyarınıza verirəm:

“İnamdan daha güclü şey var – bilik! Mən bütün bunları onlar haqqında biliyim olduğu üçün dilə gətirirəm. Mən inanmıram, mən bilirəm!”

(“Həyati əhəmiyyətli mesaj”, 1919)

Bölmə : Araşdırma, Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10