Arzu Nehrəmli: Ağlayıb islatma sinə daşımı

34 Baxış

1497709828_nehrm

Arzu Kazım qızı Nehrəmli- şair, tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk “Əbədi sevgi” adlı şeirlər kitabı 1997-ci ildə, “Tənha qu nəğməsi” şeirlər kitabı  2001-ci ildə nəşr olunmuşdur. Bu il Arzu Nehrəmlinin  “Unutmağı öyrənirəm” adlı yeni kitabı “Elm və təhsil” nəştiyyatı tərəfindən çap edilib. Elmi kitabı isə 2008-ci ildə çapdan çıxıb. Onlarla elmi və publisist məqalələrin müəllifidir. Sözlərinə 50-yə yaxın musiqi bəstələnmişdir.

Senet.az Arzu Nehrəmlinin yeni şeirlərini oxuculara təqdim edir.

 

 

Yoluna davam et, uğur, ürəyim

 

Elədən beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

Nə bir üsyan etdin, nə də ki, çaşdın,

Sındın, əyilmədin, məğrur ürəyim.

 

Hər gələn nə varsa, çəkdin üstünə,

Buna tab gətirməz nə köks, nə sinə,

Axı, sən ürəksən, səs ver səsimə,

Bir dillən, bir danış, bağır, ürəyim.

 

Bir dəvə yükünlə karvan gəzirəm,

Axıdıb sellərə, saman gəzirəm,

Təzdən peşman olub aman gəzirəm,

Qorxuram çatlayar, yığır ürəyim.

 

Sən kökü dərində məzhəb imişsən,

Oxuna bilməyən sənəd imişsən,

A mənim güvəncim, sən nə imişsən?

Özü dünya boyda yumruq ürəyim.

 

Məndən çəkdiyini ud qram-qram,

Nə aldın, alırsan, bac alammıram,

Onsuz da səninlə bacarammıram,

Yoluna davam et, uğur, ürəyim.

 

Bəxtim, uduzmuşam səni

 

Bəxtim, hələ cocuk ikən,

Oynayıb cızmışam səni.

Alnımdaca açıq ikən,

Karıxıb pozmuşam səni.

 

Nə ağlayım, nə hönkürüm,

Sabaha nə güman, kərim,

Hələ dünənki günlərin,

İçində azmışam səni.

 

Qınamışam çoxu kimi,

Varmı kimi, yoxmu kimi,

Bir gecəlik yuxu kimi

Görməmiş yozmuşam səni.

 

Haqqı-sayın da boynumda,

Böyümədi heç boyun da,

Bəxtim, taleh oyununda

Artıq uduzmuşam səni.

 

Dərd gəlib dərdinin üstünə, Vətən.

 

Sənə dəyən mənə dəyib keçibdir,

Qəddimi, belimi əyib keçibdir,

Bu nə ağrı-acı, bu nə biçimdir,

Yüz ildir, min ildir xəstənəm, Vətən.

 

Bağın, bağçaların dad gəzən yerdə,

Necə çiçək açsın yad gəzən yerdə?

Kül altda ocağın od gəzən yerdə

Boğulum, kor olum tüstünə, Vətən

 

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən.

 

Ömrün qışa dönüb,  yazı neyləsin,

Qismətin beləymiş yazı neyləsin.

Səni belə görən Arzu neyləsin?!

Dərd gəlib dərdinin üstünə, Vətən.

 

Bir də sən gəlmə

Çox erkən tələsdin nağıl olmağa,

Ay mənim qanadlı, ağ atlı gülüm.

Hələ gün görməmiş məsum üzümü,

Günaha batmamış ağartdın, gülüm.

 

Səni yola saldım yaz səhərində,

Müqəddəs naməyə döndün sonunda.

Dədəm qopuzunda, şah əsərində,

Xan Qazan, Dəli Domrul, Basatdın, gülüm.

 

Səni uçurtduğum yerdə qalmışam,

Burada özümə məskən salmışam,

Həsrət yuxusuna elə dalmışam,

Bəlkə bir gün gəlib oyatdın, gülüm?!

 

Hər kəs üz tutduğu yerdəsən, gəlmə!

İnam yeri də sən, Pir də sən, gəlmə!

Harayla mən gəlim, bir də sən gəlmə,

Burası beş günlük həyatdır, gülüm.

Buraxdın taleyə küskün Arzunu

 

Nə işə yaradı, nəyinə vardı?

Çəkərdin yaxanı, əlim qopardı.

Həyatla hesabın, qəsdinmi vardı.

Buraxdın taleyə küskün Arzunu?

 

Sən mələk donunda gəldin, ay fələk,

Nəyinə gərəkdim, nəyinə gərək,

Min il dərd dinləmiş qoca palıdtək

İkiyə qatlayıb bükdün Arzunu.

 

Demişdim könlümdən köç, məsləhətdir,

Gözünü üstümdən çək, məsləhətdir,

Dünyada başına qızmı qəhətdir,

Sonunda israrla seçdin Arzunu.

 

Ana məzarıdır, od tutar, bala

Gənc ananın məzardan körpəsinə fəryadı

 

Gəlib məzarımı boyama aha,

Yolum açıq deyil, mən durum gəlim.

Bağrın göynəyəndə sığın Allaha,

Qoy rahat uyuyum, rahat dincəlim.

 

Gəlib məzarıma düzmə gül-çiçək,

Ömrünü, gününü bürümə yasa.

Mən gələn yollardan gözlərini çək,

Körpə ürəyinə daş basa-basa.

 

Ağlayıb islatma sinə daşımı,

Nəm çəkər otağım, yaşına dönüm.

Əlimdə deyil ki, hər ah çəkəndə

Durum milyon dəfə başına dönüm.

 

Torpaq nalə çəkər, açar bağrını,

Burda doğma yatar, yad yatar, bala!

Gəlib qızışdırma buz yatağımı,

Ana məzarıdır, od tutar, bala!

Ana məzarıdır, od tutar, bala!!!

 

Ehtiyatla tumar çəkin

 

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz!

Bu vərdişə alışın siz!

Yan- yörəyə nəzər salın,

balanızın qadasını, bəlasını…

Gündə bir yox,

gündə milyon dəfə alın.

Bir az ölçün, bir az biçin,

Balanızın saçlarına

ehtiyatla tumar çəkin.

Ətrafdakı tumarsızlar,

bu tumara gümansızlar,

görə bilər bu səhnəni.

Sınıq-sınıq, düyün-düyün,

param-parça o telləri sızlatmayın,

O tellərin yiyəsini için-için ağlatmayın!

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz.

İsrar edin, cəhd göstərin,

bu vərdişə alışın siz!

Daşlaşmış heykəldir mərdliyin sonu

 

Bəri gəl, can bala, öp bu heykəli,

O sənin atandır, daşlaşıb burda.

Daş olub gözlərdə, qəlblərdə isə

Yüksəlib yenilməz ulu dağ boyda.

 

Öp, qızım, heykəli, sarıl boynuna,

Qızdırsın qoy səni soyuq daş qoynu.

İsin bu soyuqdan və bil ki, bala,

Daşlaşmış heykəldir mərdliyin sonu!

 

Qorxuram gözdən düşərəm

 

Qənimdir duman yollara,

Qəsdimə duran yollara.

Xəyalım gedən yollara,

Obaşdan, tezdən düşərəm.

 

Hardayam, hardan gəlirəm,

Yerim yox, göydən gəlirəm.

Açıb-ağarda bilmirəm,

Qorxuram gözdən düşərəm.

 

Arzu gəzər məzar-məzar,

Ümid tapar, gün qazanar.

Ümidsiz yollar uzanar,

Taqətdən, dizdən düşərəm.

KÖŞƏ YAZARLARI
TOP 10