Arzunun Azərbaycanı… Və arzularımızın Azərbaycanı – Nizami Cəfərov

17 Baxış

author_33

Hələ çox gənc yaşlarından tanıdığım Arzu Əsədovun gah vulkan kimi püskürən, gah da bir müddət öz içinə çəkilib enerji yığan yaradıcılıq eşqi, heç kimi təkrarlamayan özünüifadə (və özünütəsdiq) axtarışları həmişə məndə böyük maraq doğurub. İlk növbədə ona görə ki, Arzu nə qədər zəngin intellekt sahibi olsa da, hisslərində, düşüncələrində heç cür gizlədilməsi mümkün olmayan təbii bir uşaq səmimiliyi, saflığı var ki,  bu onun poetik yaradıcılığında özünü daha aydın göstərir. Müasir şeir texnologiyalarına dərindən bələd olan, mükəmməl (və çevik) ideya-estetik təfəkkürü ilə ədəbi-ictimai mühitdə yaxşı tanınan şairin adətən daha həssas olduğu “iç dünya”sından ayrılıb bugünkü müstəqil ölkənin taleyilə bağlı mövzulara müraciəti (və həcmcə kiçik olsa da, kifayət qədər dəyərli “Ver, ver bizə zəfəri” siyasi lirik poemasını çap etdirməsi) məni sevindirdi…

 Biz illərlə gözlədik,
çıxmadıq qınımızdan,
Zəkanla, əməyinlə
dirçəldi Azərbaycan.
Gəldi o müqəddəs an,
sən Ali Baş Komandan!
Əmrindədir bu yurdun,
bu torpağın ərləri,
Ver, ver bizə zəfəri!

Ali Baş Komandana (dövlət başçısına və dünya azərbaycanlılarının liderinə!) bu cür munis (və qürurlu) müraciət nə qədər vətənpərvər olsa da yalnız bir şairin deyil, bütöv bir xalqın hisslərinin, duyğularının, düşüncələrinin ifadəsidir…
Dünyanın iki üzü -
ikili standartlar!
Yolumuza daş kimi
dikili standartlar!

Neçə ki bu sevdası,
bu ruhu, bu haqqı var,
Bu xalqın əlindədir
bu torpağın qədəri!
Ver, ver bizə zəfəri!

Şeirin intonasiyasında üsyankar-emosional ruhla yanaşı, dərin fəlsəfi-idraki inam mövcuddur. Və bu  inamın əsasında Azərbaycan Prezidentinin (və xalqının) haqq- ədalətə əsaslanan iradəsi dayanır…
İdrakın ən dərini,
sözlərin ən sadəsi
Haqq və xalq – bir varlığın
və ruhun ifadəsi!

Önündə haqq, arxanda
bu xalqın iradəsi;
Kim durduracaq səni,
haqq yolunda, irəli!
Ver, ver bizə zəfəri!

Arzunun poetik vətənpərvərliyi siyasi poeziya üçün  səciyyəvi olan bədii pafosla bitmir. Və həmin vətənpərvərlik  duyuğlarının lirik “pıçıltılar”ı da olduqca təsirlidir…
Sinəmdə
ilk məhəbbətdən, sözlərdən, ağrıdan başqa
bir yer saxlamışam -
güllə yeri…
O yer sənindir, Vətən.

Sinəndə
çiçəklərin, otların, daşların arasında
bir yer saxlamısan -
məzar yeri…
O yer mənimdir, Vətən.

Əlbəttə, zahirən belə görünə bilər ki, burada bədbinlik, pessimist əhvali-ruhiyyə aparıcıdır, ancaq mahiyyət etibarilə, belə deyil… Şair özündə Vətənin, Vətəndə  özünün yerinin, mövqeyinin nə qədər “dərin” (və yüksək!) olduğunu deyir.  Və heç  bir pessimizmə, bədbinliyə yer qalmayacaq bir ruhi- mənəvi məsuliyyətlə deyir…

Arzunun “Lələtəpə dastanı” neçə illərin “nəticə” gözləntilərindən sonra heç bir  “məsul” və ya “həlledici” beynəlxalq qüvvəyə ümid etmədən, öz gücümüzə, tükənmək üzrə olan səbrimizə dayanıb bir həmlə ilə qazandığımız qələbənin, bəlkə də, daha çox bu qələbənin doğurduğu ovqatın dastanıdır. Və ona görə şeir yox, dastandır ki, təsvir (və tərənnüm)  edilən ovqat fərdi deyil. Elə bir ümummilli miqyasa malikdir ki, 300 illik tarixi, 300 illik gələcəyi var…
300 ildi qüvvədəydi imperator vəsiyyəti,
Qüvvədədi bu millətin müsibəti, əziyyəti.
300 ildi gözləri kor, dili laldır həqiqətin,
Buxovunda çırpınırdıq
kor düyümlü bir lənətin.

…Azğınlaşır məlum şeytan
məsum mələk görkəmində.
Qırır, kəsir körpələri, qadınları, ahılları,
Əməli bu, dilindəsə soyqırımı nağılları.
Bu qurbanlıq ədasıyla şöhrət tapır,
dövlət qurur,
Evlər yıxır, canlar alır,
yurdlar-yuvalar uçurur
300 ildir davam edir bu xəyanət, bu cinayət!

Arzu Əsədovun, demək olar ki, siyasi mövzulu şeirlərinin hamısı üçün səciyyəvi olan bir əlamət “Lələtəpə dastanı”nda da var ki, bu da güclü tarixilik, daha doğrusu, tarixə fəlsəfi yanaşmaq ehtirası, onun ziddiyyətlərinin simmetriya və ya harmoniyasını kəşf etmək marağıdır. Həmin maraq nə qədər zəngin emosional spektrə malik olsa da, mahiyyət  etibarilə tamamilə rassionaldır:
Qəzəbinə, nifrətinə yığılan xalq,
Bir sevdaya düyümlənən,
Bir yumruğa sıxılan xalq,
- Dayan! – dedi.
Varlığında tarixlərdən
daşıb gələn bir həyəcan,
Əməlində haqdan, xalqdan
qaynaqlanan təmkin, iman,
Qətiyyəti, cəsarəti nəsillərdən miras alan
Ulu öndər yadigarı bir sərkərdə,
Baş Komandan:
- Dayan! – dedi.

“Lələtəpə dastanı”nın müəllifi rassional olduğu qədər də analitikdir. Və bu analitizm  təkcə keçmişi yox, gələcəyi də ehtiva (və izah!) etdiyinə görə  ideoloji məzmun- mündəricəyə malikdir…
…Lazım idi bu qələbə,
Lazım idi bu Vətənə.
Həyat verən qan kimiydi
Qan itirmiş bir bədənə.
Lazım idi bu qələbə-
Lazım idi Lələtəpə.

Lələtəpə bir qayıdış, bir qurtuluş dastanıdır,
300 illik savaşın, bəlkə də, baş dastanıdır!
…Lələtəpə – tariximin sınan,
dönən nöqtəsidir!
Azərbaycan varlığının Yer üzünə diktəsidir.
…Bundan sonra düz 300 il
Zaman bizə işləyəcək,
Tarix bizə çalışacaq!

Azadlıq haqqında çox yazılıb. Arzu Əsədov isə öz “Azadlığ”ını  yazır… “Azadlıq hava deyil, su deyil, çörək deyil” deyən şair əlavə edir ki, “bir körpədir azadlıq – doğular qan dolu ana bətnindən, bələnər  qanına… Bir dəli sevdadır azadlıq – nə  vüsal gərəkməz, nə hicran… Ən böyük günahdır azadlıq – çağırmaz tövbəyə  nə İncil, nə Quran…” Və Arzu, bir tərəfdən,
Daşacaq xatirələr məhşəri milyon-milyon,
Qoyarmı bunca şəhid haqları
sonsuzluğa son?!
İztirablarda donan baxtına göz yaşları yon,
Kədərindən bu şəhid ruhlara nur daşları yon.

…Qorxma! Qorxdunmu,
ölüm qəlbini gizlində sarır,
Topların partlayışından darılırsan, hayqır!
Bərkimiş daş kimi ruhunda ətalətləri qır,
Səni torpaq, səni tarix, səni Allah çağırır!  
- deyə klassik standartlara tamamilə uyğun “İntiqam marşı” yazırsa, digər tərəfdən, xalqa illərlə vurulan yaraların, çəkdirilən məşəqqətlərin, bayatı ağrılarını yaşayır:
Sinəm açıqdı, dağlar,
Sinən… ha çıxdım, dağlar.
Sinəndən düşən kimi,
Sinəmə çıxdın, dağlar.

Dərələr dərindədilər,
Dərələr, dərin dərələr.
Dərd açıb köksümdə
Dərələrdən dərin dərələr.

Gələ sel silə gedə,
Dərdim sel silə gedə.
Sinəm xarabalıqdı,
Dəyə sel selə, gedə. 

Əlbəttə, Arzu janrın – bayatının adət etdiyimiz etnoqrafik intonasiyasını “sərtləşdirir”, alliterasiya – cinasın elə təzahür imkanlarını gerçəkləşdirir, elə fonopoetik təəssürat yaradır ki, həssas təfəkkür buradakı “ağrı”nı bütün xaotik dərinliyi ilə öz üzərində hiss etməyə bilməz.
“Azadlıq qurban tələb edir” aforizmi ilə ifadə olunmuş fəlsəfənin nə demək olduğunu Azərbaycan xalqı bir yanvar günü (daha doğrusu, gecəsi!) gördü. Və dərk etdi ki, on illər boyu imperiya hikkəsinə göstərilmiş itaət bir gecənin müqavimətinə, üsyanına (və şəhidliyinə!) dəyməzmiş…
Mərmər kimi yonulurdu o gecə.
Bir keçmişə, bir tarixə başdaşı,
Bir həsrətə son olurdu o gecə.
Düyünüydü, bayramıydı ruhların,
Süzülürdü şəhadətin şərbəti.

Şəbi- ərus məqamıydı ruhların,
Açılırdı qapıları cənnətin.
Arzuların, sevdaların əyninə
Kəsilirdi, biçilirdi o gecə.

Bürünürdü əbədiyyət sehrinə,
Gecələrdən seçilirdi o gecə.
Qan tutmuşdu, sərxoşuydu, xumardı,
Azadlığın təşnəsiydi o gecə.

Sevdamızdan nə gedər, nə qalardı
Bəxtimizdən keçməsəydi o gecə…
Qan içində boğulurdu o gecə,
Azadlığım doğulurdu o gecə!

Arzu Əsədov poetik təfəkkürünün mənşəyi (və xarakteri)  etibarilə modernist şairdir. Lakin onun istifadə etdiyi poetexnoloji material əsasən klassik şeir standartlarından ibarətdir… Və şair həmin  klassik standartların elə potensial imkanlarını hərəkətə  gətirir ki, onun sözü ilk növbədə  artıq deyilmiş kimi görünür; sonra  təhtəlşüur bir duyğuyla anlamağa başlayırsan ki, yox, bu, yeni hiss, yeni ovqatdır; sonra isə ənənəvi janr texnologiyası gözlərinin qarşısında “neytrallaşır”… Və əmin olursan ki, istedadlı  şairin ixtiyarına keçəndə sona qədər motivlənib gücdən düşmüş poetik model  yoxdur. Hər şey ondan asılıdır ki, janrı hansı hisslər, duyğular, düşüncələr  işığında “yonursan”.
Və bu da bir həqiqətdir ki, “şəhidlər ölmür”…
Sən, tale məhkumu, anladınmı sən,
Bu elə sadə bir “təbiət” deyil.
Şəhid ruhlarıdır torpağı döyən,
Torpağın altından ” intiqam” – deyir!

Arzu Əsədov dahi sələfi Səməd Vurğun kimi “Azərbaycan” sözünü ürəklə, qürurla deyir. Hətta bir az da kövrək, hissiyyatlı… Ancaq bu kövrəkliyin, hissiyyatlılığın  içində,  gizlədilməsi mümkün olmayan bir üsyan, bir savaş var ki, şeirin (və şairin) bütün ruhuna hopub…
Hər adın çəkiləndə gözlərim yaşla dolur,
Bağrım təlaşla dolur, ürəyim daşla dolur,
Könlüm, hissim, xəyalım,
ruhum savaşla dolur,
Savaş Azərbaycanım, savaş, Azərbaycanım!

…Sevdanın ən gözəli, ölümün ən şirini,
Tarixin ən ulusu, idrakın ən dərini,
Qaldır dalğa və dalğa insan kütlələrini,
Çağla, çırpın, çalxalan, coş, daş, Azərbaycanım!

…Sən əcdadın uyuyan hər qarış məkandasan,
Uğruna can  verməli bir müqəddəs andasan,
Əbədiyyət sevdalı əlli milyon candasan,
Birləş, Azərbaycanım, birləş, Azərbaycanım!

Arzunun “Azərbaycanlılar”ı ideya- məzmunca “Azərbaycanım”ın davamıdır…
Bu yurd, bu torpaq sizin, siz bu torpağınsız,
Sonsuzluğa yürüyən müqəddəs axınsınız.
Siz elə yaranışdan Allaha yaxınsınız,
Azərbaycanlılar, azərbaycanlılar.

Arzunun azərbaycanlıları qürurludur, ancaq eqoist deyil; millətpərvərdir, ancaq şovinist deyil; düşmənə qarşı amansızdır, ancaq kiməsə qarşı düşmənçilik  eləyən, kin saxlayan deyil…
Arzu Əsədovun son illərdə qələmə aldığı şeirlər nə üçün bu qədər təsirlidir?  Çünki ürəkdən, həqiqi yaradıcılıq eşqindən gəlir!.. Çünki övladı olduğu millətin duyğuları, düşüncələrilə səmimi həmahənglikdən doğulur!.. Çünki şairin vətəndaşlıq məsuliyyətinin məhsuludur!..
…Yığılın, ey zərrələr, bir işığa yığılın,
Bir ürəyə boşalın, bir yumruğa sıxılın.
Bitməsin bu dünyanın Azərbaycan nağılı,
Azərbaycanlılar, azərbaycanlılar.

Arzu dəyişən, yeniləşən (və yüksələn!)  Azərbaycanı tərənnüm edir…
Zaman axır, durulur, hər şey əslinə varır,
Varlığından süstlüyü, ətaləti qoparır,
Qəlbləri, beyinləri bir istək, bir hiss sarır,
Ruhunda bir çırpınış, bir həyəcan, dəyişir,
Azərbaycan dəyişir!

...Sönməz, haqdan yanırsa, o işıq bir də sönməz,
Dönməz, qəlbdən gəlirsə, qəlb o sevdadan dönməz,
Bir kərə yüksəlirsə o bayraq bir də enməz,
Nə o sevda dəyişir, nə o peyman dəyişir,
Azərbaycan dəyişir!

Və  ən əsası da odur ki, Arzunun Azərbaycanı hər bir azərbaycanılının arzularının Azərbaycanıdır…