Ata və oğulun söhbəti – Yusif Alıyev (Afşar)

147 Baxış

28235991_10214356392720248_1076050659_n

Oğul, sən kökü dərindən gələn bir xalqın oğlusan. Sənin babaların at minib, qılınc oynadıb, dövlət quranda qonşu coğrafiyada yaşayan millətlər onlara baş əyirdilər.

-Ata, coğrafiya nədir?

-Oğul, coğrafiya yunan sözü olub, mənası Yerin təsviri deməkdir. Oğul bunları bilmək üçün elm öyrənmək lazımdır.

-Ata, elm nə deməkdir?

-Mənim ağıllı balam, elm ərəb sözü olub, mənası təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi kimi başa düşülür. Bax oğul, böyüyəndə elmli olmaq üçün təhsilinə fikir verməlisən. – Ata, təhsil nə deməkdir?

-Dərdin alım, təhsil ərəb sözü olub, mənası oxumaq nəticəsində əldə edilən biliklərin məcmusudur. Atam, anam savadın olmasa təhsildə uğur əldə edə bilməyəcəksən.

-Ay ata, savad nə deməkdir?

-Atan qurban, savad ərəb sözü olub yazıb-oxumağı bacarma; yazı-pozu deməkdir. Oğul savadlı olmaq üçün səriştən olmalıdır.

-Canım atam, səriştə nə deməkdir?

-Noğul balam, səriştə fars sözü olub, mənası bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq deməkdir. Səriştəli olmaq üçün də çoxlu mütaliə etmək lazımdır.

-Ay ata, sən heç eşitmədiyim sözlər deyirsən mənə. Mütaliə nədir ki?

-Atasının kişi balası, mütaliə sözü ərəb sözü olub, mənası oxuma, qiraət və ətraflı düşünmə, götür-qoy etmə, fikirləşmə kimi yozulur.

-Ata, bəs qiraət nədir?

-Mənim türk balam, qiraət də ərəb dilində işlənən söz olub, mənası da müəyyən üsul və qayda ilə oxuma deməkdir.

-Ay ata, bəs mənim qılınc tutub, at minib, ordular basıb dövlət quran babalarım heç bir-biri ilə danışmayıblarmı? Niyə bu sözlər mənim öz doğma dilimdə deyilməyib ki?…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10