“Ata vəsiyyəti, oğul sözü” – Təranə Arifqızı

106 Baxış

175260_g25oqivenc

Senet.az oxucularına tanınmış şairə, Azərbaycan ədəbiyyatında “Mən şair olsaydım” (2010) , “Nə qədər ki, insan var” (2011) və “Sözün bayatı rəngi” (2020)-adlı  əsərlərin müəllifi Təranə Arifqızının “Ata vəsiyyəti, oğul sözü” şeirini təqdim edir.

 

ATA VƏSİYYƏTİ, OĞUL SÖZÜ

- 44 gün -44 sətir-

Sən güclü dövlətimin Qalib Sərkərdəsisən!

İnandırdın özünə bu dünyanı, bizi SƏN!

 

Geyib əsgər paltarın yola düşdün bir səhər,

İçində həyəcan var, boğazında bir qəhər.

 

Gözündəki yaş nədir, Ali Baş Komandanım!

Müqəddəs Fəxri məkan, Xiyabandır ünvanın.

 

Gəlib Ulu Öndərin abidəsi önünə.

Baş əyib, salam verdin, dik baxdın gözlərinə.

 

Dodağında sevincdən doğan ilıq təbəssüm.

Qürur dolu sinəndə dilə gəlir xoş sözün:

 

- ATA, vəsiyyətini yetirmişəm yerinə.

Otuz ilin həsrəti yenildi qırx dörd günə.

 

Gətirmişəm mən sənə şanlı Zəfər xəbərin,

Almışam yağılardan yurdun vuran ürəyin!

 

Axı sən demiş idin, hər şeyin öz vaxtı var.

Qarabağda ordumun qurulacaq taxtı var.

 

Zamanla ordumuzu biz müzəffər eylədik.

Son sözü həm savaşda, həm masada söylədik.

 

İgid –igid oğllar dəmir yumruğa döndü.

Bir ölüb, min dirildi, düşməni oda gömdü.

 

Gözlərin aydın olsun, ruhun şad olsun, ATA!

Qarabağı yenidən biz qaytardıq həyata.

 

Vətənin dar günündə dostlar bizimlə oldu,

Nə iş gördüm, ay ATA, Sənin izinlə oldu.

 

Qırx dörd gündə tanındı həm doğmamız, yadımız.

Tarixə imza atdıq, yenilməzdir adımız!

 

Zəfər günü paradda “Qalib Bizik!”-oxuduq,

Qürurla öyünməyə səbəbimiz çoxudu.

 

Narahat ruhlarımız dərindən nəfəs aldı,

Şükür! Azərbaycanım Böyük Qələbə çaldı.

 

Əsgərlər yallı gedir doğma Cıdır düzündə,

Sevinc yaşları doğur xalqımızın üzündə.

 

Rahat yatsın şəhidlər, qisasları alındı,

Adlarına ürəkdə əbədi yer salındı.

 

Şəhidlərin qanıyla bütövləşdi yurdumuz,

Aslan kimi dağlarda adın yazdı Ordumuz!

 

Atdıq torpağımızdan qansoranı, illəti,

Qabaqda böyük işlər gözləyir bu milləti.

 

Oğuz yurdu, Türk yurdu Azərbaycan var olsun!

QARABAĞ AZƏRBAYCANDIR! -nidası şüar olsun!

 

Bu bir oğul sözüydü, göyərdib bitirdim mən!

Ata vəsiyyətini yerinə yetirdim mən!

 

Mənim ATAM, ÖNDƏRİM, ruhuna salam olsun!

Öyüdün, vəsiyyətin qəlbimdə qalam olsun!