Atamın hekayəti

216 Baxış

Lətif Şüküroğlu 2Lətif Şüküroğlu

Senet.az avtobioqrafik xarakter daşıyan, müəllifin uşaqlıq və gənclik xatirələri əsasında yazılan “Taleyin izləri” kitabından bir hissəni təqdim edir. 

İlk hissə- Yurd yeri

İkinci hissə- Mən necə şair olmadım

Atamın hekayəti

Bəzən sadə insanların hekayətləri qəlblərə daha yaxın, daha doğma olur. Hər kəs bunlarda öz taleyindən, yaşantılarından nəsə tapdığından, onlar daha çox maraq doğurur, həm də sevilir. Eyni duyğuları paylaşmaq, eyni hissləri yaşamaq ömrün istənilən çağında xoşdur. Bizi tanımadığımız kimsələrlə yaxınlaşdıran, doğmalaşdıran insani dəyərlərə bu gün heç vaxt olmadığı qədər ehtiyacımız var. Danışmaq istədiyim hekayəti təkcə buna görə yazmağa dəyər. Minlərin, on minlərin həyat hekayətlərindən fərqlənməsə də…

Körpəliyində anadan, 15 yaşında atadan yetim qalmış, böyük bacısına, onun qızına, kiçik qardaşına və əmisinin yeganə yadigarı olan qızına  baxmalı olmuş  atam əzab-əziyyətli  bir ömür yaşamışdı. İlk gəncliyindən çiyinlərinə düşən ağır yük atamı vaxtından əvvəl qocaltmışdı. Öhdəsində olan külfəti dolandırmaqdan ötrü atam heç bir işdən çəkinməmişdi. Onun zəhmət yolu dağlarda çobanlıqdan başlamışdı. Səhərdən axşama qədər qoyun-quzu dalınca qaçıb yorulmasına baxmayaraq, həftədə azı bir dəfə dağdan enib uşaqlara baş çəkərdi.  Özü demiş, südündən, qatığından, hərdən də kəsilmiş qoyun ətindən onların payını çatdırıb, elə ala-torandaca 20 kilometrə  yaxın yolu geri qayıdırdı. Sovetlər dönəmində ermənilər tərəfindən zəbt edilmiş və indi Ermənistan ərazisi sayılan həmin dağlarda çobanlıq etdiyi vaxtlarda bəzən günlərlə yuxusunu ayaqüstü mürgüləyərək almış, yarıac-yarıtox yaşamışdı. Ancaq doğmalarını ac qoymamış, kimsəyə möhtac etməmişdi.

Az qala hər qarışına bələd olduğu həmin dağları bizə də sevdirmişdi. Hər il məktəb bağlananda biz o dağlara, daha doğrusu, yaylaqlara qalxardıq. Ətəyində təkəm-seyrək ağaclar bitən o dağların otu-pencəri, gül-çiçəyi qurşağa çıxırdı. Min cür ətrin bir-birinə qarışdığı, bal arılarının, novbənöv böcəklərin, alabəzək kəpənəklərin çiçəkdən-çiçəyə qonduğu o yerləri ömür boyu unutmadı. Bizim də qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları qıy vuran, dağ keçiləri dolaşan, daşlarında kəklikləri ötən, başından qarı, sinəsindən dumanı-çəni əksik olmayan o dağlar onun ata-anası, dədə-babasıydı desəm, daha doğru olar. Ürəyi onlarla döyünür, köksü o yerlərdə qabarırdı.

Dədə-babamız bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi, Yağlıdərə, Müşülan düzü, Daş başı, Qanlı yurd, Aşağı məhlə yurdu, Erkək qoyun yatağı, Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər yurd yerlərinin adını indi də xatırlayıram. Bütün bulaqların adları da bizə məxsusdu və ermənilər də işğala qədər həmin adları dəyişmədən bizim kimi deyirdilər. Torpaqlarımızı işğal etdikdən sonra isə rayonlarımız kimi o dağlardakı yer adlarını da dəyişdilər və erməniləşdirərək qondarma xəritələrə saldılar.

Ağsu, Sarıbulaq, Qanlı yurdun kəhrizi, Dolayı çeşmə, Ayı bulağı, Benyamin bulağı, Kölgə daşın bulağı… Hər yüz addımdan bir çağlayan bu bulaqların suyu can dərmanı idi. Kölgə daşın altından çıxan, buz kimi suyu olan bulaqda hər ozündən deyən oğul barmağını 10 sayınca saxlaya bilməzdi. Yadımdadır, bir dəfə böyük qardaşım Vaqif əlini 12 sayana qədər bulaqda saxlamış, sonra da barmaqları keyidiyindən ona uzadılan qoyun şaqqasını saxlaya bilməyərək yerə salmışdı. Ya Xustubun qayasına çıxmaq üstündə cavanların mübahisəsi. Adam bu daşın yanından aşağı baxanda dərin uçurumun doğurduğu həyəcandan başı gicəllənirdi. Böyüklərin dediyinə görə, neçəsi bu qayadan həmin uçuruma düşmüşdü. Ancaq böyük əmioğlum Vidadi və bir nəfər başqa cavan gözümüzün qabağında neçə dəfə qaçaraq o qayaya çıxmış, orada dayanıb aşağıya da baxmışdılar. Belə vaxtlarda onlardan daha çox biz həyəcan keçirirdik. Ən kiçik ehtiyatsızlığın belə böyük faciəyə  səbəb ola biləcəyini düşünüb qorxurduq. Ancaq bizim keçirdiklərimiz onlara zərrə qədər təsir etmirdi. 4-5 yaş böyük olmalarının verdiyi bu üstünlükdən həzz alaraq lovğalanırdılar. Bizlərdən kimsə qayaya yaxınlaşanda isə üstümüzə qışqırır: “Ay uşaq, düşüb cəhənnəmə vasil olarsan, geri qayıt”,- deyirdilər.

Belə məqamlardan birində daşların arasındakı göy otda ayağım sürüşüb yıxılmışdım. Deyim ki, o vaxta qədər belə qorxduğum yadıma gəlmirdi. Az qala uçuruma düşəcəkdim ki, həmyaşıd əmioğlum Mehman: “Yekə daşdan yapış” deyə qışqırdı. İkiəlli qarşıdakı daşdan bacardıqca bərk yapışdım. Uşaqların “aşağıya baxma” bağırtıları altında sürünə-sürünə güclə geri çəkilə bildim. O vaxtdan mən də yüksəklikdən ehtiyatlanıram. Hansısa yüksəklikdə dayanıb aşağı baxan adamlara həsəd aparıram. Etitaf edim ki, o vaxt uşaqların  bağırtılarına baxmayaraq, gözucu da olsa aşağı, uçuruma tərəf baxmışdım. Daha doğrusu, gözlərim bir anlığa dibsiz uçuruma dikilib qalmışdı. Bəlkə yüksəklik fobiyam da o bir anlıq baxışın nəticəsi idi. Ölümün bir addımlığından dönməyimə hamımız sevinirdik. Ancaq mənim içimdə elə bil nəsə qırılmışdı. Bədənim əsirdi. Bunu nə qədər gizlətməyə çalışsam da, ətrafdakıların açıq-aydın sezdiklərinin fərqində idim. Mehmanın rəngi mənimkindən də bərk ağarmışdı. Yolboyu hey eyni şeyi təkrarlayırdı: “Başın xarabdır, uçuruma yıxılsaydın, əmimə nə cavab verərdim?”

Onun uşuruma düşüb ölməyimdən daha çox, atama nə cavab verəcəyindən narahatlıq keçirməsi mənə qəribə görünmürdü. Əksinə, onun qorxusunu yaxşı anlayırdım. Çünki atam bu hadisəni eşitsə məni də, onu da döyməkdən betər edəcəkdi. Atam, ümumiyyətlə, heç vaxt bizi vurmazdı. Ancaq elə danlayır, elə tənbeh edirdi ki, döyülmək ondan yaxşı idi. Ən çox sevdiyi danlaqlardan biri belə idi: “Camaatın uşaqları böyüdükcə ağlı-kamalı atır, bunlar da,  sar quşu kimi get-gedə geri gedirlər”. El arasında deyirdilər ki, sar quşu böyüdükcə, daha ağılsız hərəkətlər  edir.

Həmyaş olsaq da, nədənsə Mehman özünü mənim qəyyumum kimi hiss edir, imkan düşdükcə bunu büruzə verirdi. Bəlkə də bunun bir səbəbi məndən canlı, güclü olması idi. Ancaq mən də o qədər zəif deyildim və heç məndən güclülərin qarşısından da qorxub  çəkilmirdim. Əksər yaşıdlarımdan cəld idim. Buna görə də nə o, nə də başqa güclü yaşıdlarım güləşdə kürəyimi yerə vura bimirdilər.

Atamın bir dəfə də bizə əl qaldırmamasının səbəbinə gəlincə, bu əslində əmimlə bağlı olmuşdu. Onun ən son əl qaldırdığı doğması olan yeganə qardaşı. Mən bu əhvalatı bir neçə dəfə eşitmişdim. Atam bir neçə il sonra çobanlıqda ona kömək etmək üçün əmimi yanına aparıbmış. Bir-iki həftə onu dağda-daşda gəzdirdikdən sonra işin öhdəsindən gələcəyinə əmin olur. Yarım gunlüyə kəndə gedib-qayıdana qədər onu öz yerinə qoyur. Başqa çobanlara da göz-qulaq olmağı tapşırır. Əmim artıq qoyunları harada otaracağını, haraya suya aparacağını dəqiq bilirmiş. Amma atam gedəndən sonra qoyunların bir neçəsini gözdən itirir. Bunu anlayanda əl-ayağa düşür, qalan qoyunları çobanlara tapşırıb, o yal sənin, bu yal mənim itikləri axtarmağa başlayır. Ancaq atam qayıdana qədər qoyunları tapa bilməyib, kor-peşman alaçıqlara dönür. Səhəri gün həmin qoyunlar tapılsa da, qəzəbindən gozü yeri-göyü görməyən atam əmimə ömrüboyu unutmayacaği bir cəza verir. Onun ayaqlarını qoltuğuna sıxıb kürəyi üstə o qədər sürüyür ki, əynindəki paltarın tiftik getməsi bir yana, beli neçə yerdən sıyrılıb, dərisi soyulur. Bu hadisə  atama necə pis təsir etmişdisə, illər sonra da yada salanda səsi titrəyir, gözləri dolurdu.

“Mən heç atam öləndə ağlamadım, “yetim qaldınız, bala, sizin axırınız necə olacaq?  deyənlərə “atam ölüb, yerində mən varam” cavabını verdim. Gözümdən bir gilə də yaş axıtmayıb, özümü bizə acıyanların  qarşısında tox tutdum, ancaq əminizi o halda görəndə az qaldı ürəyim yerindən çıxa. Boynunu qucaqlayıb onunla birlikdə zülüm-zülüm ağladım”, deyirdi.

Bu hadisədən sonra atam uşaq döyməyi tövbə etmişdi. Ancaq bunu dilinə gətirməyib, ürəyində qərar vermiş və bu qərarını  ömrünün sonunadək pozmamışdı. Sonralar atam, özünün dediyi kimi, yazıq əmimi kürəyi üstə insafsızcasına sürüdüyü o yeri də, çobanlıq edəndə çadır qurduqları yaylaq ərazilərini də mənə göstərmişdi. Üstəlik, hər biri ilə bağlı xatirələrini yada salmış, mənim uşaq marağımdan doğan sualları da cavabsız qoymamışdı. Mən də o yerləri kiçik qardaşlarıma, tələbə dostlarıma tanıtmışdım.

Elə bil, atam bu xatirələri nə vaxtsa qələmə alacağımı duymuşdu. Bəlkə də ömrünün unudulmaz illərini, ən ağır dövrünü keçirdiyi bu yerlərə – qədim yurd yelərinə öz borcunu verirdi. Torpağı vətənləşdirən, onu insana doğmadan-doğma edən həm də bu xatirələr, illərin yaddaşı, saldığı izlərdir. Atamın surəti də mənim yaddaşımda elə bu dağlarla bağlı qalıb.

Tələbəliyin son yay tətilində iki dostum və kiçik qardaşımla bir aylığa dağlara qalxmışdıq. Hər həftəsonu atam bizə baş çəkir, bizimlə birgə gəzib dolanırdı. Növbəti gəzintilərdən birində şəlaləyə çimməyə getmişdik. O qədər də hündürdən tökülməyən bu dağ şəlaləsinin suyu az deyildi. Özü də elə soyuq idi ki, yarım dəqiqə altında durandan sonra gərək yaxşıca qurulanıb, özünü günə verəydin. Dağ günəşi adamı o qədər qızdırmasa da, üz-gözünü qarsır, qabıqdan çıxarırdı.

Biz bir neçə dəqiqə sonra titrəyə-titrəyə çıxıb günəşin qızdırdığı iri bir daşın üstündə oturduq. Bizdən sonra şəlalənin altında atam dayandı. Bəlkə də tam 10 dəqiqə orada qaldı desəm, yanılmaram. Əvvəl onun axın yuxarı getdiyini zənn edib şəlaləyə tərəf boylandım. Atam daşların arasından süzülən dumduru suyun altında dayanıb gözlərini yummuşdu. Su şırnağı onun ağ saçlarından üzüaşağı axıb burnuna, üzünə, sinəsinə tökülürdü. Hərdən dodaqlarını tərpədir, hərdən su ağzına dolmasın deyə bərk-bərk sıxırdı. Girdə sifəti, qarayanız çöhrəsi suda əks olunan günəş səfəqlərinə boyandıqca elə bil canlanır, sudan güc alırdı. Bütün  varlığı ilə suyun şırıltısına, onunçün doğma olan nəğməsinə qulaq kəsilmişdi. Başından ayağınadək tökülərək köpüklənən su, onu sanki nura qərq etmişdi. Bəlkə də atam həmin dəqiqələrdə həyatının ən xoşbəxt dəqiqələrini yaşayırdı.

Həmin il dağlara gəlişi onun ömrünün son yayı oldu. Görünür, uşaqlığının, gəncliyinin ən əzablı, eyni zamanda, ən xoş anları ilə vidalaşırmış. Ancaq onda nə mən, nə də gələcəyin jurnalistləri olacaq dostlarım bunu duya bilməmişdik. İndi başa düşürəm ki, son günlərini yaşadığı bu dünyada yaddaşından süzülüb gələn xatirələri təkrar yaşamaq üçün doğma yerlərə gəlmişdi. Həmin il bəlkə min dəfə gördüyü, addım-addım gəzdiyi, hər daşına, qayasına, suyuna, torpağına yaxından bələd olduğu dağlar özü onu çəkib gətirmişdi. Əğər daşın, qayanın yaddaşını vərəqləmək mümkün olsaydı, bəlkə onların da insanlarla vidalaşdıqlarını, öz dillərində halallaşdıqlarını görərdik. Bir neçə dəfə özünü arxası üstə gül-çiçəyin, adamı qurşaqlayan yaşıllığın içərisinə atması da bəlkə bu duyğulardan doğmuşdu. İndi bunların başqa nə iləsə bağlı olduğunu ağlıma sığışdıra bilmirəm. Kaş həmin vaxt ondan soruşaydım. Axı atam duyğularını, düşüncələrini aydın ifadə etməyi bacaran adam idi. Cəmi səkkiz sinif oxusa da, bizim eyni yaşda keçdiyimiz riyaziyyatı, fizikanı, tarixi, coğrafiyanı yaxşı bilirdi. Bunu orta məktəbdə ona həmin fənləri tədris etmiş, sonralar texniki institutlardan birində dərs deyən müəllimindən eşitmişdim. İkinci dəfə imtahana gəldiyim il atamla bilikdə onlara baş çəkib söhbət etmişdik. Həmin ağsaqqal müəllim deyirdi ki, həm boy-buxununa, həm fərasətinə və uşaqlar arasında nüfuzuna, həm də yaxşı oxuduğuna görə ozü olmayanda dərsi aparmağı atama tapşırırmış. Sonralar o, atamla qarşılaşanda: “Mən elə bilirdim, sən hansısa institutda dərs deyirsən, ya da yüksək bir vəzifədə işləyirsən. Axı sən sinifdə ən yaxşı oxuyanlardan biri idin, nə baş verdi ki, sürücü oldun?”, soruşmuşdu. Atam da başına gələnləri ona danışmış,  təhsil ala bilməməsinin səbəbini demişdi.

O qocaman müəllim mənə də sınayıcı nəzərlərlə baxıb: “sən də atan kimi yaxşı oxuyursanmı?” soruşdu. Mən cavab verməmiş atam: “hə, əlaçıdır” dedi.

Atamın sürücü olmasının da öz tarixçəsi var. Sürücülük məktəbini Ermənistanın Qafan rayonunda, yaxşı bildiyi erməni dilində oxumuşdu. Sonra da Qacaran qəsəbəsindəki mis-molibden zavodunda iritonnajlı maşında sürücü işləmişdi. Həmin vaxt atam da, 2-3 il qabaq ailə həyatı qurmuş əmim də bu qəsəbəyə köçmüşdülər.  Atamın aldığı yüksək maaş hər iki ailəni dolandırırdı. Ancaq burada əmidostum (biz onu “nənə” deyə çağırardıq) demiş, “qırılmışlarla” bir yerdə uzun müddət yaşaya bilməmişdilər.

Dili yaxşı bildiyindən və təşkilatçılıq qabiliyyətinə görə atamı sürücülərin briqadiri qoyubmuşlar. Ancaq bir türkün gəlib burada onlara briqadirlik etməsinə dözməyən ermənilər bir müddət sonra onu zəhərləmişdilər. Yeməyinə qatılmış bu zəhərin təsirindən atam düz altı ay xəstəxanaları gəzmiş, yatağa düşmüşdü. Onun qulaqlarından və gözündən sarı su gəlirmiş. Uzun müddət müalicə almışdı. Bir həkim hətta «belə sağlam bədənin, polad kimi ürəyin olmasaydı, sən çoxdan ölmüşdün» demişdi. O hadisənin atamın sağlamlığına vurduğu agır zərbənin izləri özünü illər sonra da göstərdi.

Bu hadisəyə qədər də erməni sürücülər bir neçə dəfə atama xətər yetirməyə çalışmışdılar. Hətta bir dəfə onun sürdüyü yüklə dolu iritonnajlı maşının arxa təkərlərindən birinin qaykalarından 4-nü boşaldıblarmış ki, yolda qəzaya uğrasın. Ancaq təcrübəli sürücü olan atam maşını hərəkətə gətirdikdən bir qədər sonra nəsə dəyişiklik hiss edib onu saxlamış, sonuncu qaykanın da az qala açılıb düşməkdə olduğunu görmüşdü. Çox keçməmiş ona qarşı növbəti təxribata əl atılmışdı. Bu dəfə qarajda saxlanılan maşınının mühərrikini sıradan çıxarmaq üçün yağını boşaldıblarmış. Maşını işə salan kimi onun səsindən şübhələnən atam dərhal mühərriki söndürüb, yağını  yoxlamış və ermənilərin ona qarşı bu planını da puça çıxarmışdı. Ancaq təəssüf ki, ermənilərin sonuncu hiyləsindən qurtula bilməmiş, onların qara niyyyətindən duyuq düşməmişdi.  Atamın zəhərlənməsi onun briqadirlikdən getməsi və nəticədə eyni işi görən azərbaycanlıların əmək haqlarının ermənilərlə müqayisədə xeyli aşağı düşməsinə gətirib çıxarmışdı.

Elə o xəstəliklə də atamın sağlamlığında problemlər yarandı. Polad kimi ürəyi iki dəfə ona vəfasızlıq etdi. Hər ikisində tez ayağa qalxmış, ailəsinin dolanışığı naminə xəstəliyini içində çəkmişdi.

Sirr deyil ki, əksər uşaqlar dünyada öz atasından güclü, fədakar insan tanımırlar. Əslində təbii və zərərsiz olan bu hiss bəzilərində ilk gənclik, bəzilərində gənclik, çox azında isə hətta orta yaş dövrünə qədər davam edir. Eyni duyğuları mən də keçirmişəm.  Ancaq onunla bağlı xatirələrimdə nəyisə dəyişməyi, yaxud əlavələr etməyi ağlıma da gətirməmişəm.  Əslində buna ehtiyac da duymamışam. Hər şeyin olduğu kimi, necə var elə də qələmə alınması atamın da ürəyincə olardı…

Atam təmkinli və dözümlü idi. Heç bir hadisə onu sarsıda bilməzdi. Bu keyfiyyətlərinin yaşadığı ağır həyatın nəticəsi olduğunu desəm, yanılmaram. Ünsiyyətə meyilli adam idi, amma çox danışmaz, sözünün çəkisini bilərdi. Alnında adi vəziyyətdə kənardan az seçilən qırışlar vardı. Gözlərindəki qüssəni görəndə adama elə gəlirdi ki, o heç vaxt ürəkdən gülməyib. Ancaq sevindiyi, ovqatının yaxşı vaxtlarında, bu qüssəli gözlərdə işıqlı bir təbəssüm sezilərdi. Belə vaxtlarda astadan zümzümə etməyi də vardı. Dağlarda neçə dəfə bunun şahidi olmuşdum. Ancaq yanında tanımadığı, yaxud ürək qızdırmadığı kimsə olanda oxumazdı. Onu oxumağa sövq edən daha çox ömrünü onlarsız təsəvvür edə bilmədiyi dağlar idi. O dağlarla bağlı çoxlarımızın yaddaşına əbədi yazılmış xatirələr var. Bu xatirələr yaşadığımız itkilərdən sonra bizə daha doğma, daha əzizdir. Yadımda qalan həmin xatirələrdən biri də böyük bacımla bağlıdır.

Bir dəfə dağda olanda bacım ağladı ki, mən evimizə (rayon mərkəzini nəzərdə tuturdu) qayıtmaq istəyirəm. Böyüklər nə qədər çalışsalar da, onu ovundura bilmədilər. Elə hey ağlayır: «mən burada darıxıram, öz məhləmizi istəyirəm, nə olar, evimizə qayıdaq», deyirdi. Bacımın kirimədiyini, ağlamaqdan gözlərinin şişdiyini görən atam onun başını qucağına sıxdı. Onların dialoqu indi də qulağımda səslənir: “Axı, belə istidə rayona qayıdıb neyləyəcəksən?. Adam orada evdən çölə çıxa bilmir, gedib xəstələnərsən. Məhlədə nə var ki, burada yoxdur”, soruşdu.

Bacımın cavabı özünü gözlətmədi:

- Orada qızlarla “klas-klas” oynayacam.

- Burda həmin oyunu oynamaq olmaz?

- Yox burda düz yer yoxdur ki, hər yer dərə-təpədir.

- Yaxşı, qardaşlarına deyərəm, alaçıqlardan aşağıda sənə 5-10 metrlik düz yer hazırlayarlar. Oğlanların top qovduğu təpənin üstündə də oynaya bilərsiniz.

- Yox ora uzaqdır. Həm də oğlanlar bizi orada oynamağa qoymurlar.

- Mən deyərəm, qoyarlar.

- Axı orda da asfalt yoxdur. Torpaq yerdə necə oynayaq?

Bacımın sonuncu arqumentinə atamqarışıq bütün böyüklər ürəkdən güldülər. Atam məğlubiyyətini boynuna alırmış kimi:

- Asfalt məsələsi çətindir. Bu dağın başında 5-10 metrlik düz yer tapmaq müşküldür, o ki qalsın asfalt ola, – dedi.

Daha bacım da ağlamağını kəsib böyüklərin onun problemini necə həll edəcəklərini gözləyirdi. Bəyim nənənin atama:

“Heç nə olmaz, özün arana qayıdanda bir-iki günlüyə onu da apar, qoy o asfaltın üstündə istidən bişsin, sonra özü geri qaytmaq üçün yalvaracaq. Burda gül kimi havanı qoyub o asfaltı əridən istidə nə görüb, bilmirəm?”, deməsi isə onu tamam toxtatdı.

Bacım kimi bəzi əmiuşaqları da 3 ay yaylaqda qalmaqdan darıxır, hərdən rayon mərkəzinə qayıtmaq istəyirdilər. Ancaq böyük qardaşımla böyük əmioğlum və mən heç vaxt belə fikrə düşmürdük. Biz tətil başa çatana qədər dağlarda qalmaqdan  ləzzət alırdıq…

Çoxlarına atam sərt, bir az da qapalı adam təsiri bağışlayırdı. Ancaq ona yaxından bələd olanlar nə qədər həssas, hətta kövrək qəlbli olduğunu yaxşı bilirdilər. Kiməsə əl tutmağı, yardım etməyi xoşlayırdı. Bəzi qohumlardan yaşca kiçik, yaxud həmyaşıd olmasına baxmayaraq, hamı onu özünə məsləhət, güman yeri bilirdi. Sağlığında çox nadir günlər olardı ki, hansısa qohum, ya qonşu nə işləsə bağlı evimizə gəlməsin. Ağlım kəsəndən kimi isə naümid yola saldığını görmədim. İllər sonra qohumlardan birinin mənə dediyi:

“Rəhmətlik atan bizim hər işimizə əl tutardı. Heç biriniz ona oxşamadınız. Ümidimiz sənə idi. Sən də bir-iki dəfə kömək etməklə işini bitmiş sayırsan”, sözləri bunu təsdiq edir.

Ardı var….